Məhkəmə qərarları › İş №1(060)-258/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-258/2025

28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-258/2025 28.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixində Ermənistan Respublikası, Krasnoselo rayonu, Çaykənd kəndinə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində qeydiyyatda olan və ünvan 1 qəsəbəsi, yeni Xəzri yaşayış massivi, fərdi ev ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 18:30 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, fərdi evdə yaşayan qohumu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncunu qəsdən döyərək ona sol gözətrafını əhatə edən dərialtı hematoması, burun belinin sol hissəsinin sıyrığı xəsarətlərindən ibarət xx.xx.2025-ci il tarixdə əmələ gələn və dərəcəsinə görə sağlamlığa YÜNGÜL xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən «Su Sonası» şadlıq sarayında kababçı vəzifəsində işləyir, 2025-ci ilin yanvar ayının 21-də günorta saatlarında öz evində yemək yeyib spirtli içki qəbul etmiş, daha sonra evinin yaxınlığındakı kafeyə pivə içmək üçün getmişdir. Həmin kafedə pivə içdikdən sonra təxminən saat 19.00 radələrində anası X2 evinə gedərkən dayısının nəvəsi Zərərçəkmiş şəxs anasıgilin qapısının ağzında dayandığını görmüşdür. O, Rahiddən nə üçün qapının önündə durduğunu deyib onu içəri həyətə dəvət etmişdir. Rahid ona bildirdi ki, Göyçək xalaya baş çəkmək üçün gəlmiş indi çıxıb gedir. Hər ikisi sərxoş olduğu üçün sözləri çəpləşdi və bu səbəbdən aralarında mübahisə baş verdi. Mübahisə zamanı o, sərxoş vəziyyətdə olduğu üçün yumruqla bir dəfə Rahidin burun nahiyyəsindən vurdu. Onun vurduğu zərbə nəticəsində Rahid yerə yıxıldı. Bu vaxt bacısı oğlu Ramil onları araladı. Bundan sonra Rahid öz evlərinə o da öz evinə getmişdir. Aradan təxminən bir saat keçdikdən sonra Rahidin onun barəsində şikayət etdiyini eşitmişdir. Daha sonra 2-ci PBnin əməkdaşları onaları Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. Hər ikisi sərxoş vəziyyətdə olduğu üçün onları Sumqayıt şəhər Narkoloji Dispanserə müayinə olunmağa aparmışar. Hal-hazırda etdiyi hərəkətdən peşmandır. O Rahidi yumruqla anasının yaşadığı evin həyətində vurmuş və həmin vaxt orada ancaq bacısı oğlu Ramil olubdur. Rahidi döyməsi və onunla arasındakı mübahisə evin həyətində təxminən 5-6 dəqiqə davam etdi. Hazırda əməlindən peşmandır, aralarında barışıq olmuş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, 2025-ci ilin yanvar ayının 21də günorta saatlarında öz evində yemək yeyib spirtli içki qəbul etmiş, saat təxminən 17.00da evdən çıxıb Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzri yaşayış massivinə atasının bibisi Göyçək xalaya baş çəkmək üçün getmişdir. Təxminən 1 saat onlarda oturmuş, saat təxminən 18.30 radələrində Göyçək xala gildən çıxıb evə getmək istəyərkən qapının önündə Göyçək xalanın oğlu Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Hafiz həmin zaman sərxoş vəziyyətdə idi, özünü idarə edə bilmirdi. Hafiz onu anası Göyçəyin həyətinə qaytardı ki, sən burda neynirsən. O, Hafizə demişdir ki, anasına dəyməyə gəlmiş, indi çıxıb evə gedəcəkdir. Lakin, Hafiz ondan əl çəkməmiş və hər ikisi sərxoş olduğu üçün sözləri çəpləşmişdir və bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Hafiz anası Göyçək xalanın evinin həyətində yumruqla bir dəfə onun burun nahiyyəsindən vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmışdır. Bu vaxt Hafizin bacısı oğlu Ramil onları aralamış və o, oradan çıxıb evə getmişdir. Məhkəmənin hazırlıq iclasında ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, nənəsi Göyçək 2-3 ay əvvəl yıxılaraq ayağı sındığı üçün onda 2025-ci ilin yanvar ayının 21-də nənəsinə baş çəkmək üçün getmişdir. Axşam saat təxminən 18:30 radələrində nənəsi Göyçəyin yaşadığı evin həyətində mübahisə səsi eşidib bayıra çıxdıqda dayısə Hafizlə nənəsinin uzaq qohumu Rahidin mübahisə etdiklərini görmüşdür. Onlara yaxınlaşdıqda dayısı Hafizin bir dəfə yumruqla Rahidin burun nahiyyəsindən vurduğunu görmüşdür. X4 vurduğu yumruq zərbəsindən sonra Rahid yerə yıxıldı və o, dərhal onların arasına keçərək onları sakitləşdirib hərəsini öz evlərinə yola salmışdır. Bildirir ki, həm dayısı Hafiz həm də qohumumu Rahid sərxoş vəziyyətdə idilər. Onların dalaşmasına səbəb hər ikisinin sərxoş vəziyyətdə bir-birlərinə atmacalı sözlər deməsi olmuşdur. Həmin vaxt orada üçündən başqa heç kim yox idi. Rahidin mübahisə və dava-dalaşı təxminən 4-5 dəqiqə davam etdi. O, sonradan eşitmişdir ki, Rahid dayısı Hafizdən şikayət edibdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5in xx.xx.2025-ci il tarixli, 79 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol gözətrafını əhatə edən dərialtı hematoması, burun belinin sol hissəsinin sıyrığı. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Həmçinin, iş materiallarına əlavə edilmiş DİN-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış və bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 337 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X5 Sumqayıt 3 nömrəli şəhər xəstəxanası tərəfindən verilmiş 14 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. - Sumqayıt şəhər 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. - Sumqayıt şəhər 21 saylı MKS tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 03 övladı var (2001-ci il təvəllüdlü Qəfər Pirverdiyev, 2003-cü il təvəllüdlü Qərib Pirverdiyev və 2005-ci il təvəllüdlü Vüsal Pirverdiyev). İş materiallarında olan xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs alkoqolda orta dərəcə sərşoş olduqları aşkar edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinun məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 08 saata görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar