Məhkəmə qərarları › İş №1(060)-259/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-259/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-259/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X1, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il saat 20:00 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən mebel sexində iş yoldaşları Zərərçəkmiş şəxs ilə Şahid3 arasında baş vermiş mübahisəni sakitləşdirmək məqsədilə Zərərçəkmiş şəxs mübahisənin hansı səbəbdən baş verməsinin səbəbini öyrənən zaman sonuncunun “yaxşı etmişəm” deyib onun üzərinə gələrək vuracağından ehtiyat edib, zərərçəkmişi özündən uzaqlaşdırmaq məqsədilə öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək sağ əli ilə zərərçəkənin sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq Zərərçəkmiş şəxs arxası üstə yerə yıxılıb başının arxa nahiyəsinin beton döşəməyə dəyib qapalı kəllə beyin travması, baş beyinin ağır əzilməsi, beyin maddəsinə və mədəciklərinə qansızma, hər iki beyin yarım kürəsinin alın payında subdural hematoma, ənsə nahiyəsinin hematoması, beyin yarım kürələrinin ənsə payına qansızma sahələri, ənsə sümüyünün sınığı, ənsə nahiyəsinin yarası, sağ körpücük altı nahiyənin 03 (üç) ədəd sıyrığı xəsarəti ilə müşayiət olunan və ümumilikdə yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət almasından sonra Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi məqsədilə onu Sumqayıt TTYX-ya yerləşdirsə də, sonuncunun almış olduğu xəsarətlər nəticəsində beyin maddəsinə və mədəciklərinə qansızma, hər iki beyin yarım kürəsinin alın payının subdural hematoması səbəbindən 30 oktyabr 2023-cü il tarixdə saat 23:00 radələrində ölümünə səbəb olmaqla ehtiyatsızlıqdan adam öldürmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək göstərmişdir ki, bir ildən artıq müddətdir mebel ustası kimi tanıdığı bir neçə şəxslərlə birlikdə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən mebel sexini icarəyə götürməklə fərdi əməklə məşğul olur. Belə ki, həmin yerdə ondan başqa tanışları Samir, Amid, Telman, Rüfət, Tahir, Cavidan və Xəzər (rəsmi adı Səlim) usta kimi onlara verilmiş sifarişləri icra etmiş və özlərinin gündəlik dolanışıqlarını təmin etmişlər. 19 oktyabr 2023-cü il tarixdə saat 10:00 radələrində iş yerinə gəlib ona verilmiş sifarişləri icra etməyə başlamışdır. Onun iş masası sexə daxil olduqda sağ tərəfdə dib hissədə yerləşmişdir. Onun sağ tərəfində Telmanın və Amidin iş masası olmuşdur. Günorta saat 14:00 radələrində Amid və Telmanın arasında söz mübahisəsi düşmüşdür. Belə ki, Amid Telmanla iş masasının arasına üzərinə xırda iş avadanlıqlarını qoyduqları dairəvi masanı qoymuşdur. Telman isə həmin vaxt yük daşımış və həmin yüklər Amidin qoyduğu masaya dəymiş və masanın üzərindəki avadanlıqlar dağılmışdır. Bundan sonra Amid və Telman arasında söz mübahisəsi düşmüşdür. Amid Telmana axşam işdən çıxanda görüşüb söhbət edəcəklərini bildirmişdir. O, onlara yaxınlaşıb mehriban olmağı və mübahisə etməməyi məsləhət görmüşdür. Daha sonra hər kəs öz işi ilə məşğul olmağa davam etmişdir. Axşam saat 20:00 radələrində şam etmək və çay içmək üçün yemək masasına yaxınlaşıb oturmuşlar. Həmin vaxt Amid onlardan bir neçə metr aralıda oturub “GO” içkisi içmişdir. Bir neçə dəqiqə sonra Amid Telmanla sexin həyətinə çıxmışdır. Onlardan nə etdiklərini soruşduqda Amid Telmanla söhbət etdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra o və Xəzər (rəsmi adı Səlim) qapıdan Telman və Amidə baxmış və onların söhbət etdiklərini görüb gəlib masada oturmuşlar. Bu zaman Rüfət ona və Xəzərə yenidən Telman və Amidə baxmaqlarını bildirmişdir. Onlar qapıya yaxınlaşanda Amid və Telmanın artıq dalaşdığını və Telmanın Amidə “haqqı salamı” bitirdiklərini dediyini eşitmiş, tez həyətə çıxmışdır. Bu zaman Telmanın qaşından qan gəldiyini və gözünün altının göyərdiyini görmüşdür. Onlar Amid ilə Telmanı sexə çağırıb hər ikisini danlamış və mübahisəyə son qoymalarını demişlər. Rüfət usta çay dəmləmək üçün aralaşmış, həmin vaxt Telman yemək masasının olduğu yerdə oturacaqda yanakı oturmuş və qaşında olan qanı təmizləmişdir. Amid isə həmin masa ilə üzbəüz yerləşən Tahir ustanın iş masasının qarşısında onunla üzbəüz dayanmışdır. O, Amidə Telmanı niyə vurduğunu dedikdə Amid “yaxşı eləmişəm” deyib onun üstünə gəlmişdir. O isə Amidin onu vuracağını düşünmüşdür. Belə ki, Amid boyda və bədən quruluşunda ondan böyük olmuş və fiziki cəhətdən güclü olmuşdur. Bu zaman Amidi özündən uzaqlaşdırmaq üçün istəmədən sağ əli ilə Amidin sol çənə nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Zərbə Amidə dəyən kimi yerə yıxılmış və başının arxa hissəsi yerə dəymişdir. Amidin yerə yıxıldığını görüb tez ayağa qaldırmaq istəsə də, Amidin hərəkətsiz qaldığını, lakin nəfəs aldığını görmüşdür. Tez Amidin üzünə su vursalar da, hərəkət etməmiş, yalnız nəfəs almışdır. Bundan sonra onlar təcili tibbi yardıma müraciət etmiş, təcili tibbi yardım briqadası gəlib Amidi xəstəxanaya aparmışdır. Amid 30 oktyabr 2023-cü il tarixdə müalicə aldığı xəstəxanada ölmüşdür. O, Amidi öldürmək və ya ona xəsarət yetirmək fikrinin olmadığını bildirmişdir. Belə ki, Amidlə həmişə mehriban olmuş və bir-birinə işlərini tapşırmışlar. Sadəcə olaraq hadisə baş verən günü, yəni 19 oktyabr 2023cü il tarixdə saat 20:00 radələrində o, Amiddən Telmanla niyə dalaşmasının səbəbini soruşduqda Amid “yaxşı eləmişəm” deyib üstünə gəldikdə bir anlıq düşünmüşdür ki, onu vuracaq, bu səbəbdən Amidi özündən uzaqlaşdırmaq üçün istəmədən sağ əli ilə Amidin sol çənə nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Zərbə Amidə dəyən kimi yerə yıxılmış, başının arxa hissəsi beton döşəməyə dəymişdir. Amidə yumruq zərbəsi vuran zaman zərbənin Amidə təsir edəcəyini düşünməmişdir. Belə ki, çalışdığı yerdə Amid ən hündür boylu və fiziki cəhətdən ən güclüləri olmuşdur. Zərərçəkmiş şəxs hüquqi varisi X3 ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını və əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə baxışı zamanı Zərərçəkmiş şəxs hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, atası Həmid və anası Gülnaz təxminən 1980-ci illərdə ailə həyatı qurmuşdur. Bu nikahdan onların Mirnəhmət və Amid adlı iki övladı doğulmuşdur. 1991-ci ilədək atasının işi ilə əlaqədar olaraq Türkmənistan Respublikası, Aşqabad şəhərində yaşamışdırlar. 1991-2000-ci illərdə isə Azərbaycan Respublikası, Masallı rayonu, Boradigah qəsəbəsində yaşamışlar. 2001-ci ildə anası, qardaşı və o, Bakı şəhərinə köçərək burada kirayədə yaşamağa və işləməyə başlamışdırlar. Anası mütəmadi olaraq Masallı rayonuna gedib-gəlmişdir. Hazırda anası Masallı rayonunda yaşayır. 2006cı ildə Amid Əfsanə adlı qadınla ailə həyatı qurmuş və onun bu nikahdan iki uşağı doğulsa da, o atalıqdan imtina etmiş və onlar ayrılmışlar. Amid təxminən iki il bundan öncə Məsumə adlı qadınla dini nikaha girmişdir. Onların bu nikahdan Ayla adlı bir qız övladları doğulmuşdur. Amid özü mebel ustası olmuş və Sumqayıt şəhərində yerləşən mebel sexlərinin birində fəaliyyət göstərmişdir. Qardaşı ilə münasibətləri yaxşı olmuşdur. Belə ki, o özü də bir neçə il bundan öncəyə qədər qardaşı ilə həmin sexdə, yəni Sumqayıt şəhərində yerləşən mebel sexində birlikdə işləmişdir. Daha sonra ona hər gün Bakıdan Sumqayıta gəlib-getmək problem yaratdığından həmin sexdən ayrılmış, Amid isə Sumqayıt şəhərində yaşadığından həmin sexdə qalıb işləməyə davam etmişdir. 19 oktyabr 2023-cü il tarixdə saat axşam 23:00 radələrində iş yerində olan zaman qardaşının çalışdığı mebel sexində işləyən Samir ona zəng edərək Amidin sexdə çalışan Kənan adlı şəxslə mübahisə etdiyini və yerə yıxılaraq xəsarət aldığını bildirib, Amidi Sumqayıt TTYXya apardığını demişdir. O tez bir zamanda Sumqayıt TTYX-ya gəlmişdir. Orada olan zaman həkimlər ona qardaşının başının arxa nahiyəsindən xəsarət aldığını və səhər tezdən onu KT (kompüter tomoqrafı) edəcəklərini bildirmişlər. Səhər saatlarında həkimlər qardaşını müayinə etdikdən sonra onun komada olduğunu və vəziyyətinin ağır olduğunu bildirmişlər. O öz tanışları vasitəsilə bir neçə xəstəxanaya müraciət etmiş və həkimlər ona qardaşını tərpətməməyi məsləhət görmüşlər. Daha sonra tanışları və həkimlərin məsləhəti ilə qardaşını Sumqayıt şəhərində yerləşən “Sumqayıt Hospitala” aparmışdır. Orada olan zaman qardaşının beyninə qan sızdığı və 2-3 gün müddətində reanimasiaya şöbəsində qalmağı və dərmanlar qəbul etməsini, dərmanlara reaksiya verməyəcəyi halda əməliyyat olunmalı olduğunu bildirmişlər. Təxminən 2-3 gün sonra həkimlər qardaşını yenidən müayinə edərək əməliyyat olunmalı olduğunu və beyin-qapaq sümüyünün götürülməli olduğunu bildirmişlər. Əməliyyatı həmin xəstəxananın həkimim Emin həkim etmişdir. Həkim ona əməliyyata girməzdən əvvəl və çıxdıqdan sonra qardaşının yaşama şansının çox aşağı olduğunu bildirmişdir. Əməliyyatdan sonra qardaşının vəziyyəti daha da ağırlaşmışdır. Qardaşı süni nəfəs aparatına qoşulmuşdur. O, bir neçə həkimə qardaşının nəticələrini göstərsə də, onlar hər şeyin gec olduğunu bildirmişlər. Eyni zamanda Sumqayıt Hospitalda qadaşının süni nəfəs aparatına qoşulu qalması üçün günə 1000 (bir min) manat pul istədiklərindən onun maddi imkanı olmadığı üçün 29 oktyabr 2023-cü il tarixdə qardaşını yenidən Sumqayıt TTYX-ya aparmışdır. Qardaşı orada bir gün qaldıqdan sonra 30 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. O, hadisədən sonra qardaşının işlədiyi mebel sexinə getmiş və orada çalışan şəxslərdən hadisənin necə baş verdiyini öyrənmişdir. Orada çalışan şəxslər bildirmişlər ki, əvvəllər Kənanla Amidin münasibətinin çox yaxşı olmuşdur. Hadisə baş verən günü, yəni 19 oktyabr 2023-cü il tarixdə axşam saatlarında sexdə işləyən zaman Amidlə Kənanın arasında bir anlıq söz mübahisəsi düşmüş, bu zaman Kənan Amidin çənə nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Qardaşı çənəsindən almış olduğu xəsarətin təsirindən arxası üstə yerə yıxılmış və başının arxa nahiyəsi beton örtüyə dəymişdir. Kənan bundan sonra Amidə heç bir xəsarət yetirməmişdir. Bundan sonra Amid özündən getmiş və iş yoldaşlarının iştirakı ilə xəstəxanaya yerləşdirilmişdir. Daha sonra o, qardaşının mobil telefonunda Amidin Kənanla olan mesajlarına baxmış və aralarında çox yaxşı münasibətin olduğunu, hətta bir-birinin işinin digərinə tapşırdığının şahidi olmuşdur. Eyni zamanda həmin yazışmalarda qardaşının Kənanla arasında əvvəllər hər hansı bir ədavətin və düşmənçiliyin olmadığının şahidi olmuşdur. Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiklərini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmağını məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs hüquqi varisi X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2012-ci ildən etibarən fərdi qaydada müxtəlif ərazilərdə mebel ustası kimi fəaliyyət göstərir. Təxminən 3-4 ildir Sumqayıt şəhərində yerləşən mebel sexində fərdi qaydada mebel ustası kimi çalışır. Həmin sexdə ondan başqa Samir, Kənan, Rüfət, Xəzər, Cavidan və Amid işləmişdir. 19 oktyabr 2023-cü il tarixdə saat 10:00 radələrində iş yerinə gəlmişdir. Ondan bir neçə dəqiqə sonra Amid də iş yerinə gəlmişdir. Amidlə mehriban görüşüb hal-əhval tutmuşlar. Daha sonra hər kəs öz işini görməyə getmişdir. Onun iş masası sexdə ortada yerləmişdir. Bir tərəfində Amidin iş masası, digər tərəfdə isə Kənanın iş masası olmuşdur. O saat 11:00 radələrində işə başlamışdır. Həmin gün işi çox olduğundan masasının ətrafına hazırlayacağı mebelin materiallarını yığmışdır. Həmin vaxt Amid üstünə xırda detalları qoyduqları kiçik ağ masanı ortalığa qoymuşdur. Həmin ağ masa ona materialları gətirməyə mane olmuşdur. Bu səbəbdən o, Amidə həmin masanı bir neçə dəqiqəlik kənara qoymasını bildirmişdir. Amid isə onun dediklərinə önəm verməmişdir. O daha bir detal götürəndə həmin masanın yenə də ortalıqda olduğunu görüb onu kənara çəkib qoymuşdur. Gedib yenidən mebel detalları götürəndə həmin ağ masanın ortalıqda olduğunu görmüş və əlində olan detallar həmin masaya dəyib üstündə olan əşyaları yerə dağıtmışdır. Buna görə o, Amidə etirazını bildirib, nəyə görə belə etdiyini soruşdur. Amid isə ona heç bir cavab verməmişdir. Bir müddət sonra oturub yemək yemişlər. Daha sonra saat 20:00 radələrində iş gördüyü sexdən kəsim sexinə keçən zaman Amidin əlində spirtli “yaquar” içkisi olduğunu və oturacaqda oturaraq ondan içdiyini görmüşdür. O, həmin yerdən keçən zaman Amid ona işinin olduğunu və çöldə söhbət etmək istədiyini bildirmişdir. O isə heç bir problemin olmadığını demişdir. Amid ona paltarlarını da dəyişməyi demişdir. O isə Amidə hələ işi olduğunu və bu səbəbdən iş paltarında olduğunu demişdir. Onlar birlikdə sexin həyətinə çıxmışlar. Həyətdə olan zaman Amid ona içəridə hansı səbəbdən onun masasını qəsdən dağıtdığını soruşmuşdur. O isə Amidə heç nəyi qəsdən etmədiyini, əksinə ondan masanın oradan götürülməsini xahiş etdiyini, eyni zamanda Amidin onunla prinsip apardığını bildirmişdir. Bundan sonra Amid “kim ki, onunla prinsip aparır” barəsində pis söyüş söymüşdür. O isə Amidə söyüş söyməməyi və özünü düzgün aparmasını irad tutmuşdur. Bundan sonra Amid onun sağ qaşından bir yumruq zərbəsi vurmuş və onu tutaraq hər ikisi yerə yıxılmışdır. Amid yerdə onun üstünə çıxmış və onunla boğuşmağa başlamışdır. O, Amidin sağ qolunu itələsə də, Amid ayağı ilə qolunun üstünə çıxıb gözündən də bir yumruq zərbəsi vurmuşdur. Daha sonra Amid birdən onu qucaqlayaraq onunla dost, qardaş olduğunu və birlikdə çörək kəsdiyini bildirmişdir. O isə Amidə bütün yedikləri çörəyin üstündən xətt çəkdiyini deyib, ayağa durub oradan uzaqlaşmış və bu zaman digər iş yoldaşlarının da həyətə çıxdığını görmüşdür. O, güzgüyə baxan zaman sağ qaşının qanadığını görüb üstbaşını təmizləməyə başlamışdır. Elə bu vaxt Kənanın Amidə utanmırsan birlikdə çörək kəsmisiniz niyə belə edirsən dediyini və Amidin yerə yıxıldığını eşitmişdir. Dərhal Amidə tərəf yaxınlaşıb onun halsız olduğunu görmüşdür. Başını qaldırdıqda başının arxa hissəsindən qan gəldiyini görmüşdür. Amidin üzünə su vursa da, Amid ayılmamış və onlar təcili yardıma zəng etmişlər. Həkimlər gəlib Amidi xəstəxanaya aparmışdır. Kənan Amidin çənə nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra Amid yerə yıxılmış və başı beton örtüyə dəymişdir. Həmin vaxt o üstbaşını təmizlədiyindən Kənanla Amidin arasında nə baş verməsindən xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs ilə mərhum Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir dava-dalaş və ya düşmənçilik, yaxud ədavətin olmadığını, mehriban dost kimi çalışdıqlarını və həmişə bir-birlərinə kömək etdiklərini bildirmişdir. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci il tarixdən etibarən bir neçə mebel sahəsində usta kimi tanıdığı şəxslərlə birlikdə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sexi icarə götürməklə fərdi əməklə məşğuldur. Belə ki, həmin yerdə tanışları Amid, Telman, Rüfət, Tahir, Cavidan və Xəzər (Səlim) usta onlara verilmiş sifarişləri icra edir və özlərinin gündəlik dolanışıqlarını təmin edirlər. 19 oktyabr 2023-cü il tarixdə günorta saat 13:00 radələrində çalışdığı yerə gəlmişdir. Həmin vaxt sexdə Amid, Telman, Kənan, Rüfət, Xəzər (Səlim) olmuş və hər kəs öz işi ilə məşğul olmuşdur. O bir müddət sonra öz işləri ilə bağlı oradan çıxıb getmiş və yarım saat sonra yenidən sexə qayıtmışdır. Orada olan zaman hər şey öz qaydasında olmuşdur. Saat 19:00 radələrində sexdən çıxıb dostu ilə yaxınlıqda yerləşən çayxanada oturub çay içmişdir. Saat 21:00 radələrində eşitmişdir ki, sexin həyətində təcili tibbi yardım avtomobili var. Tez bir zamanda sexə getmişdir. Sexə çatanda təcili tibbi yardım avtomobilinin çıxdığını görmüşdür. Dərhal sexə daxil olub nə baş verdiyini soruşmuşdur. Uşaqlar ona Amidin yıxıldığını bildirmişlər. O iş yoldaşları ilə birlikdə Sumqayıt TTYX-ya gəlmişdir. Xəstəxanaya çatanda Kənanın artıq orada olduğunu görmüş və Amidin hara aparıldığını soruşmuşdur. Kənan ona Amidin rentgenə aparıldığını bildirmişdir. Hadisədən bir gün sonra Amidin qardaşı Mirnəhmət ona zəng edərək Amidin Kənan tərəfindən vurulduğunu demişdir. O gedib Kənanla görüşmüşdür. Görüş zamanı Kənan ona bildirmişdir ki, həmin gün Amid və Telman dalaşmış və bu səbəbdən Amidə irad tutmuşdur. Cavabında isə Amidin Kənana yaxşı eləmişəm deyib üstünə gəlmiş, Kənan isə Amidin çənə nahiyəsindən bir yumruq zərbəsi vurmuş, Amidin zərbənin təsirindən yerə yıxılaraq başı beton döşəməyə dəymiş və özündən getmişdir. Kənan ona Amidi vurmaq istəmədiyini bildirmiş, hadisə baş verən gün xəstəxanada Amidin qardaşı olduğu üçün Amidi vurmasını deməmişdir. Amidin əvvəllər nə Kənan, nə Telman, nə də ki, sexdə çalışan heç kimlə ədavəti və ya düşmənçiliyi olmamışdır. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən iki aydır Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən mebel sexində Rüfət ustaya işlərin görülməsində kömək edir. 19 oktyabr 2023-cü il tarixdə saat 10:00 radələrində çalışdığı yerə gəlmişdir. Həmin vaxt sexdə Amid, Telman, Kənan, Rüfət olmuş və hər kəs öz işi ilə məşğul olmuşdur. Günorta saat 14:00 radələrində Amid və Telmanın arasında söz mübahisəsi düşmüşdür. Belə ki, Amid Telmanla iş masasının arasına üzərinə xırda iş avadanlıqları qoyduqları dairəvi masanı qoymuşdur. Telman isə həmin vaxt yük daşımış və həmin yüklər Amidin qoyduğu masaya dəymiş və masanın üzərindəki avadanlıqlar dağılmışdır. Bundan sonra Amid və Telman arasında söz mübahisəsi düşmüşdür. Amid və Telmanı sakitləşdirib öz işlərinə davam etmişlər. Axşam saat 20:00 radələrində yemək yemək və çay içmək üçün yemək masasına yaxınlaşıb oturmuşlar. Həmin vaxt Amid onlardan bir neçə metr aralıda oturub “go” içkisi içmişdir. Bir neçə dəqiqə sonra Amid Telmanla sexin həyətinə çıxmışdır. Amid və Telmandan nə etdiklərini soruşduqda Amid Telmanla söhbət etdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra o və Kənan qapıdan onlara baxdıqda Amidlə Telmanın söhbət etdiklərini görmüşdür. Bu zaman Rüfət ona və Kənana yenidən Telman və Amidə baxmaqlarını bildirmişdir. Onlar qapıya yaxınlaşanda Amid və Telmanın artıq dalaşdığını və Telmanın Amidə “haqqı salamı” bitirdiklərini dediyini eşitmiş, tez həyətə çıxmışdır. Bu zaman Telmanın qaşından qan gəldiyini və gözünün altının göyərdiyini görmüşdür. Onlar Amid ilə Telmanı sexə çağırıb hər ikisini danlamış və mübahisəyə son qoymalarını demişlər. Rüfət usta çay dəmləmək üçün aralaşmış, həmin vaxt Telman yemək masasının olduğu yerdə oturacaqda yanakı oturmuş və qaşında olan qanı təmizləmişdir. Amid isə həmin masa ilə üzbəüz yerləşən Tahir ustanın iş masasının qarşısında Kənanla üzbəüz dayanmış, o isə yemək masasının qarşısında dayanmışdır. X8 niyə vurduğunu dedikdə Amid “dalaşmışam yaxşı etmişəm” deyib Kənanın üstünə gəlmişdir. Kənan isə sağ əli ilə Amidin çənə nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən Amid yerə yıxılmış və başının arxa nahiyəsi beton örtüyə dəyib özündən getmişdir. O, Rüfət, Telman və Kənan Amidə tez yardım göstərmiş və onu təcili tibbi yarımla xəstəxanaya aparmışlar. Amid 30 oktyabr 2023-cü il tarixdə müalicə aldığı xəstəxanada ölmüşdür. Amidin əvvəllər nə Kənan, nə Telman, nə də ki, sexdə çalışan heç kimlə ədavəti və ya düşmənçiliyinin olmadığını ifadəsinə əlavə etmişdir. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci il tarixdən etibarən bir neçə mebel sahəsində usta kimi tanıdığı şəxslərlə birlikdə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən sexi icarə götürməklə fərdi əməklə məşğul olur. Belə ki, həmin yerdə tanışları Samir, Amid, Telman, Tahir, Cavidan və Xəzər (rəsmi adı Səlim) usta onlara verilmiş sifarişləri icra edir və özlərinin gündəlik dolanışıqlarını təmin edirlər. 19 oktyabr 2023-cü il tarixdə saat 11:00 radələrində çalışdığı yerə gəlmişdir. Həmin vaxt sexdə Amid, Telman, Kənan, Xəzər (Səlim) olmuş və hər kəs öz işi ilə məşğul olmuşdur. O, sexdə olan zaman Amidin kefsiz olduğunu görmüşdür. Axşam üstü aralarında zarafat olduğundan Amidlə zarafatlaşmışdır. Saat 20:00 radələrində hamı yemək yeməyə yığışmışdır. Bu zaman Amid kənarda oturub “go” içkisi içmişdir. Amid Telmana onunla işinin olduğunu və təklikdə söhbət etmək istədiyini bildirmişdir. O Amidə bir yerdə işlədiklərini və təklikdə söhbət etməmələrini dedikdə Amid ona Telmanla tək söhbət etmək istədiyini bildirmişdir. Telman sexdən çıxmış, Amid onun arxasınca getmişdir. O, Xəzərə (rəsmi adı Səlim) onlara baxmasını demişdir. Xəzər gəlib onların söhbət etdiyini demişdir. O Xəzərə onları tək qoymamasını və yanlarına getməsini yenidən demişdir. Xəzər çölə çıxmış və dərhal geri qayıdıb Amidlə Telmanın dalaşdığını bildirmişdir. Onlar tez çölə çıxmışlar. Telmanın qaşından qan gəldiyini görmüşdür. Hər ikisini içəri salıb danlamış və bir yerdə işlədiklərini demişdir. Bundan sonra Amid və Telmana oturmalarını və çay dəmləyəcəyini bildirmişdir. Üzünü çevirib gedən zaman Kənanın Amidə niyə belə etdiyini soruşduğunu eşitmişdir. Bir neçə metr aralandıqdan sonra Telmanın Kənana nə etdiyini dediyini eşitmiş və arxaya çönəndə Amidin yerə yıxıldığını və başının beton döşəməyə dəydiyini görmüşdür. Dərhal Amidə su və naşatr spirti vursalar da, Amid ayılmamışdır. Onlar təcili yardım çağırmış və həkimlər gəlib Amidi xəstəxanaya aparmışlar. Amid 30 oktyabr 2023-cü il tarixdə müalicə aldığı xəstəxanada vəfat etmişdir. Amidin əvvəllər nə Kənan, nə Telman, nə də ki, sexdə çalışan heç kimlə ədavəti və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxsla arasında əvvəllər hər hansı mübahisə və ya dava-dalaş olmadığını, X7 niyə görə vurmasını irad tutduğunu, bundan sonra Kənanın Amidin çənə nahiyəsindən bir yumruq zərbəsi vurduğunu və Amidin yerə yıxılaraq başının arxa nahiyəsinin beton döşəməyə dəydiyini, ümumiyyətlə Kənanın Amidi öldürmək fikrinin olmadığını, belə ki, Amid yerə yıxıldıqdan sonra Kənanın ona heç bir zərbə vurmadığını, həmçinin Amidin Kənandan boyca və bədən quruluşuna görə böyük olduğunu, əvvəllər aralarında heç bir problem olmadığını bildirmişdir. Məhkəmədə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 və Babayev X2 Rüfət Əliyar oğlu ilə eyni məzmunlu ifadə verərək sonuncunun dediklərini öz ifadələrində bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan “MTE və PA Birliyi” X9n Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 122 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Qapalı kəllə beyin travması. Baş beynin ağır əzilməsi, beyin maddəsinə və mədəciklərinə qansızma. Hər iki beyin yarım kürəsinin alın payında subdural hematoma. Ənsə nahiyəsinin hematoması. Beyin yarım kürələrinin ənsə payına qansızma sahələri. Ənsə sümüyünün sınığı, Ənsə nahiyəsinin yarası. Sağ körpücük altı nahiyənin 03 (üç) ədəd sıyrıgı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa Ağır zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarət nəticəsində beyin maddəsinə və mədəciklərinə qansızma, hər iki beyin yarım kürəsinin alın payına subdural hematoması olmuşdur. Ölüm Sumqayıt şəhər TTYXda xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs ənsə nahiyəsində olan dərialtı hematoma, yara və beyin yarım kürələrinin ənsə və alın paylarına subdural qansızma-burun nahiyəsinə vurulmuş zərbənin təsirindən öz boyu hündürlüyündən arxası üstə yerə yıxılaraq ənsə nahiyəsinin beton örtüyə dəyməsi nəticəsində əmələ gəlməsi inkar olunmur. Xəsarətlərin mərhumun özü tərəfindən özünə yetirə bilməsi inkar olunur. Xəsarət yetirilən vaxt zərərçəkən və xəsarət yetirən müxtəlif vəziyyətində, o cumlədən üzbəüz qarşılıqlı vəziyyətdə ola bilərdi. Xəsarətlər eyni vaxtda törənmişdir. Mərhum Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən ağzından spirtli içki qoxusu gəlmişdir. Xəsarət aldıqdan ölüm vaxtına qədər 01 (bir) sutkadan artıq (11 gün) keçdiyindən məhkəmə kimyəvi müayinə üçün qan götürülməmişdir. İş materiallarında olan Sumqayıt şəhəri MTE və PA şöbəsinin 1717 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Şahid3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol gözətrafını əhatə edən dərialtı hematoma, alının sağ hissəsinin yarası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sol gözətrafını əhatə edən dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL, digər xəsarət, yəni - alının sağ hissəsinin yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir, zərərvurmaya aiddir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş mateiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən mebel sexidir. Mebel sexinin həyətinə giriş boz rəngli paslanmış dəmir qapıdandır. Həyətin ümumi ölçüsü 50x25 metrdir. Darvazadan həyətə daxil olduqda sağ tərəfdə 3x3 metr ölçüdə yardımçı tikili vardır, sol tərəfdə 6x3.5 metr ölçüdə yarı tikili və tualet vardır. Baxış iştirakçısı Şahid5 giriş qapısından 35 metr irəlidə sağ tərəfdən 19 oktyabr 2023-cü il tarixdə mərhum Zərərçəkmiş şəxs və Şahid3 dalaşdığı yeri göstərmişdir. Həmin yerdən 10 (on) metr irəlidə mebel sexi vardır, həmin sexə qara rəngli dəmir qapıdan daxil olduqda hər birinin ölçüsü 18x6 metr ölçüdə bir-birinə bitişik iki iş sahəsinin olduğu müəyyən edilmişdir. İkinci sexə daxil olduqda iş masalarının olduğu və döşəmənin beton örtükdən olduğu müəyyən edilmişdir. Baxış iştirakçısı Şahid5 Zərərçəkmiş şəxs, Şahid3, o cümlədən Təqsirləndirilən şəxs iş masasını, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vurduğu yeri göstərmişdir. İş mateiallarında olan xx.xx.2023-cü il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih masası üzərində kişi cinsli meyit uzadılmışdır. Meyit xəstəxandan gətirilmişdir. Əynində paltar yoxdur. Meyitin boyu 173 sm-dır. Meyit qacıması bütün əzələ qruplarında əmələ gəlmişdir. Meyit ləkəsi göyümtül-bənövşəyi rəngdədir. Təzyiq etdikdə avazayır. 2 dəqiqə sonra əvvəlki rəngini bərpa edir. Başın alın təpə nahiyəsində alına paralel 23 sm uzunluqda cərrahi müdaxilədən sonrakı müdaxilə vardır. 16 ədəd tikiş qoyulmuşdur. Tikişlər arasından beyin maddəsi bayıra çıxaraq dağılmış vəziyyətdədir. Gözləri göz qapaqları ilə örtülüdür. Qansızmasızdır. Ağız və burun dəliklərinin ətrafı təmizdir. Dişləri özününküdür. Döş qəfəsi silindirik formadadır. Qabırğalarda patoloji hərəkət yoxdur. Qarnı döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvləri kişi cinslidir. Ətraf sümükləri tamdır. Sağ körpücükaltı nahiyədə 03 ədəd birbinə yaxınsıyrıq olub üzəri qəhvəyi qartmaqla örtülüdür. Ölçüləri 0,6x0,3, 0,7x0,5 və 0,5x0,2 sm-dır. Bədəni üzərində digər xəsarət və ya xəsarət izi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs qardaşı X3 zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. İş mateiallarında olan cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X4 xx.xx.2023-cü il tarixdə 4 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs tərəfindən ailə üzvlərinə dəymiş maddi və mənəvi ziyanın ödənildiyini, həmin şəxslə barışdığını, heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə eyni məzmunlu ərizə zərərçəkmiş mərhum Zərərçəkmiş şəxs dini nikah bağladığı Şahid1 tərəfindən də verilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd “Redmi 10C” markalı telefonda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs və Şahid3 arasında “whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərilmiş səs yazılarının köçürüldüyü 01 (bir) ədəd CD disk maddi sübut qismində tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Redmi 10C” markalı telefonda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs və Şahid3 arasında “whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərilmiş səs yazılarına 18 noyabr 2023-cü il tarixli keçirilmiş baxış zamanı aşağıdakı hallar müəyyən edilmişdir: -Axşamın xeyir Kənan necəsən? Nə var nə yox, bu tərəflərdən keçmiyəcəksən? Məndə açar yoxdur. Araz da çıxıb gedib qalmışam belə (11 saniyəlik səs yazısı). -Qardaşım bu tərəflərdən keçəcəysənsə, keçmiyəcəksənsə əziyyət çəkmə, de mən harasa gəlim götürüm (15 saniyəlik səs yazısı). - Kənan imkan olsa sabah bir az tez gəl. Elxan gəlincə onu həll eliyib sora şey eleməsin deməsin ki, da qaldı bu ay biri 2-ci günə (17 saniyəlik səs yazısı). - Kənan səni gözlüyürəm mən (3 saniyəlik səs yazısı). - Kənan səndən iki dənə tamdəvə götürürəm. Düz qoyuram yerinə sən onu dəyişdirə bilərsən yoxsa mən dəyişdirim? (11 saniyəlik səs yazısı). Zərərçəkmiş şəxs və Şahid3 arasında olan səs yazıları aşağıdakı məzmundadır: -Temi Muxtardan bidənə soruşub qapılardan petlə yeri açarsan zəhmət olmasa, çünki mən səhv eləmirəmsə demişdi olmayacaq fıksator olmayacaq əqin ki, yana açılacaq tamdəvəynən (17 saniyəlik səs yazısı Zərərçəkmiş şəxs Şahid3 göndərib). -Ay Amid qardaş özün soruş özün maraqlan gör nə di nə deyil ondan sonra mənə deki belə olacaq sən işini yarı-yarımçıq qoymusan deyirsən ki, bunu elə onu elə. Elə olmur qardaş. Mənim də işim gücüm varda tökülüb qalıb məndə işlərimi görməliyəm. Soruş elə maraqlan mən orda 3 saat durub Muxtar axtarası deyiləm. Muxtardan heç nə soruşası deyiləm. Maraqlan nə olacaq nə olmayacaq ondan sonra denənki filan şey (32 saniyəlik səs yazısı Şahid3 Zərərçəkmiş şəxs göndərib). - A mən zəng vururam zəng çatmır, şeyi yoxdur Whatsappı yoxdur, işləmir, yanında olacaqda yəni mən soruşdum sənə dedim, ya bir kəlmə sən soruşdun nə olacaq ki (17 saniyəlik səs yazısı Zərərçəkmiş şəxs Şahid3 göndərib). - Nə oldu bir dənə petlə açmaq bu qədər vaxt aparan şey oldu (7 saniyəlik səs yazısı Zərərçəkmiş şəxs Şahid3 göndərib). - Eybi yox özüm gəlib açaraq, narahat olma (3 saniyəlik səs yazısı Zərərçəkmiş şəxs Şahid3 göndərib). İş materiallarında olan 14 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi X9” 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 25 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsinin psixiatr, dəri-zöhrəvi, onkoloji kabinetlərində dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 246 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 120.1, 126.3 və 221.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsini Azərbaycan Respublikası CMnin 59.1.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X3 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına, cəzanı yüngülləşdirən halları və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 124.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 04 (dörd) saat sərf etmişdir. Ona görə də, 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə müsadirə olunmalı əmlak, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 77, mənzil 20 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar