Məhkəmə qərarları › İş №1(060)-26/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-26/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-26/2025 13.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, X8, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Dövlət ittihamçısı, X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Zərdab rayonu, Alıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Xızı rayonu, Giləzi qəsəbəsi, ev 64 ünvanında yaşayan Zərərçəkmiş şəxs həyat yoldaşı X6 Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən Mikayıl Müşfiq adına olan orta məktəbdə psixoloq vəzifəsinə düzəldəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldatma yolu ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu prospektində yerləşən “Ən ucuz” marketdə quraşdırılmış ödəniş terminalı vasitəsi ilə istifadəsində olan “Unibank ASC”-yə aid 4098 5844 5000 7867 nömrəli kart hesabına 3500 manat, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Qarabağ” marketdə quraşdırılmış ödəniş terminalı vasitəsi ilə istifadəsində olan həmin kart hesabına 4000 manat, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu prospektində yerləşən “Ən ucuz” marketdə quraşdırılmış ödəniş terminalı vasitəsi ilə həmin kart hesabına 500 manat pulun köçürülməsinə nail olmaqla ümumilikdə 8000 manat məbləğində pul alaraq verdiyi vədi yerinə yetirməyib həmin pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 8000 (səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, əvvəllər məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli İş № 1(011)- 227/2023 nömrəli hökmü ilə CM-nın 178.1 -ci maddəsi ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs əvvələr tanımamışdır. O, Ülfəti ilk dəfə ortaq tanışları Şahid vasitəsi ilə tanımışdır. Belə ki, 2023-cü ilin aprel ayı ərəfəsində Natiq ona Ülfətin arvadı və bacısını işə düzəltmək istədiyini bildirmişdir. O, Natiqə bu işdə Ülfətə köməklik edə biləcəyini deyib onun nömrəsini Ülfətə verməsini təklif etmişdir. Ülfət onunla telefonla əlaqə saxladıqdan bir müddət sonra sonuncu onun Sumayıt şəhəri 17-ci mikrorayonda yerləşən meyvə-tərəvəz mağazasına gəlib bu barədə onunla danışmış, danışıq əsnasında o, Naqitə Təhsil Nazirliyində tanışı olduğunu, sonuncunun arvadını yaşadığı Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən Mikayıl Müşviq adına olan tam orta məktəbə psilxoloq vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Bunun müqabilində o, Ülfətdən 8.000 manat pul istəmişdir. Ülfət onunla razılaşmış, ilk dəfə Ülfət ona 2023-cü ilin aprel ayının 8-də Ülfətə göndərdiyi kart hesabına 3500 manat, növbəti gün, yəni aprel ayının 9-da həmin karta 4.000 manat pul göndərmişdir. O, Ülfətdən həyat yoldaşına məxsus şəxsiyyət, diplom və digər sənədləri istəmiş, Ülfət də həmin sənədləri ona təqdim etmişdir. O, Ülfətdən sonuncu dəfə 2023-cü ilin iyul ayının 4-də qalan 500 manat pulu istədikdə Ülfət həmin məbləği onun həmin kart hesabına göndərmişdir. O, Ülfətdən onun arvadını Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən Mikayıl Müşviq adına olan tam orta məktəbə psilxoloq vəzifəsinə düzəlmək adı ilə ümumilikdə 8.000 manat pul alsa da, verdiyi vədinə əməl etməmişdir. Zərəçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş, barışmışlar, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Xızı rayonu, Giləzi qəsəbəsi, ev 64 ünvanında yaşayır. Şahid adlı şəxs onun iş yoldaşıdır, Təqsirləndirilən şəxs sonuncunun vasitəsi ilə tanımışdır. Belə ki, 2023-cü ilin aprel ayında o, işdə olan zaman Natiqlə söhbət edərkən həyat yoldaşı Aytən Rüstəmovanı yaşadığı Xızı rayonunda işə düzəltmək istədiyini demişdir. Natiq isə ona tanışı Rövşən adlı şəxsin olduğunu, həmin şəxsin bu kimi işlərdə köməklik edə biləcəyini bildirmişdir. O, Natiqdən Rövşənin mobil nömrəsini alıb sonuncuya zəng edib nömrəni Natiqdən aldığını, sonuncu ilə işlə bağlı görüşmək istədiyini demişdir. Rövşən onu işlədiyi Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən meyvə tərəvəz mağazasına dəvət etmiş, növbəti gün o, Rövşənin işlədiyi yerə gedib Rövşənlə görüşən zaman sonuncu özünü ona tanınmış şəxs kimi təqdim edərək hər yerdə, hətta Təhsil Nazirliyində də tanışlarının olduğunu bildirmişdir. O, Rövşənə inanıb həyat yoldaşı Aytənin ali təhsilli, lakin işsiz olduğunu, psixoloq ixtisasını bitirdiyini, onu işə düzəltmək istədiyini dedikdə, Rövşən ona həyat yoldaşını yaşadıqları Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən Mikayıl Müşfiq adına orta məktəbdə psixoloq ixtisası üzrə işə düzəldə biləcəyini, buna görə 8.000 manat pul lazım olduğunu bildirmişdir. O, Rövşənlə razılaşıb 2023-cü ilin aprel ayının 8-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən marketdə olan ödəmə terminalından Rövşənə məxsus bank kartına 3500 manat, növbəti gün həmin karta 4.000 manat pul göndərmişdir. O, həyat yoldaşına məxsus şəxsiyyət vəsiqəsi, diplom və digər sənədləri də Rövşənə vermişdir. Bir müddət sonra Rövşəndən iş barədə soruşduqda sonuncu ona səbrli olmasını, tezliklə həll olunacağını desə də, hər dəfə müxtəlif bəhanələr gətirərək işi yubatmışdır. Rövşən həmin ilin iyul ayının 4-də ondan qalan 500 manat pulu istəmiş, o, həmin pulu Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Ən Ucuz marketdə olan ödəmə terminalından ona məxsus yuxarıda qeyd olunan bank kartına göndərmişdir. Rövşən sonradan müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, Rövşənin onu aldatdığını anlayıb sonuncudan vermiş olduğum pulu və həyat yoldaşına məxsus sənədləri istəyən zaman həmin şəxs sənədləri qaytarsa da, pulu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş, onunla barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi qalmamışdır. Odur ki, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın tam ödənildiyini, onunla barışdığını, şikayət və tələbinin olmadığını, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri X10 İdarəsinin 34 nömrəli X3 növbə rəisinin köməkçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun iş yoldaşıdır, aralarında normal münasibət olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Onun Eyvaz adlı tanışı olmuş, Eyvazı çoxdan tanımış, belə ki, o, hazırkı işindən qabaq Bakı şəhəri, Şamaxinka deyilən ərazidə “Mərd Petrol” yanacaq doldurma məntəqəsində Eyvazla birlikdə operator işləmişdir. Bir dəfə o, Eyvazın tanışı olan Təqsirləndirilən şəxs və iş yoldaşı Zərərçəkmiş şəxs birlikdə oturub çay içən zaman aralarında tanışlıq yaranmışdır. O, Rövşəni Eyvaz adlı tanışı vasitəsi ilə tanımışdır. Lakin sonradan Ülfətlə Rövşən daha yaxından tanış olmuşdular. Belə ki, Ülfət təxminən 2023-cü ilin aprel ayının əvvəllərində Rövşənə həyat yoldaşı Aytən Rüstəmovanı işə düzəltmək istədiyini, lakin tanışının olmadığını deyən zaman Rövşən Ülfətə sonuncunun arvadını işə düzəltməkdə köməklik edə biləcəyini demişdir. Bunu ona Ülfət özü demişdir. Rövşən Ülfəti inandırıb sonuncuya həyat yoldaşı Aytəni Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən Mikayıl Müşviq adına olan orta məktəbə psixoloq ixtisası üzrə işə düzəldə biləcəyini, bunun üçün tanışının olduğunu deyib buna görə Ülfətdən 8.000 manat pul istəmişdir. O, sonradan Ülfətin Rövşənə 8.000 manat məbləğində pul verdiyini, lakin sonuncunun verdiyi vədinə əməl etməyərək Ülfətin arvadı Aytəni işə düzəltmədiyini bilmişdir. Lakin Rövşən pulu qaytarmamışdır. O, bu barədə xəbər tutanda özü dəfələrlə Rövşənə Ülfətin pulunu qaytarmasını demiş, lakin heç bir nəticəsi olmamışdır. Rövşən ona heç bir məbləğdə pul verməmişdir. Onların arasında bu barədə danışıq belə olmamışdır. O, Ülfətlə Təqsirləndirilən şəxs arasında olan danışıqdan xəbərsiz olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanılması haqqında” 13 yanvar 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.4-cü maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır. (i.v.1); “Təqdim etmə və götürmə haqqında” 29 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs özündə olan 03 ədəd vəsait köçürmə qəbzlərinin və 01 ədəd bank kartının foto şəkillərini təqdim etmiş, həmin qəbzlər Təqsirləndirilən şəxs adına olan LEO Bank ASC-nə aid **********007867 saylı bank kartına köçürdüyü pul vəsaitlərinin qəbzləri və sonuncuya aid bank kartıdır. (i.v. 28-32); “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 18 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nomrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.50); Təqsirləndirilən şəxs 20 mart 2024-cü il tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 63-64); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v. 110-112); “Qətimkan tədbiri seçmə haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 113-114); DİN-nin BƏSİİ-dən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 32.4, 312.1, 66.3-cü maddələri ilə 6.000 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin 1-1(104)-11/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı həmin hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali məhkəməsinin 1-1(102)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə apellyasiya məhkəməsinin sözügedən qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində 4500 manat cərimə cəzası saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək CM-nin 178.1, 69.3-cü maddələri ilə 05 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Beyləqan RPŞ tərəfindən xx.xx.2022-ci il tarixdə CPM-nin 40.3 CM-nin 73.2-ci maddəsinə əsasən “Cinayət işinin başlanması rədd edilmiş”-dir. Sumqayıt ŞPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla CM-nin 73-1.1-ci maddəyə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xtam verilmişdir. (i.v.120- 123); Sumqayıt şəhər Probasiya şöbəsinin 21-2/3 1049 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 1(011)-227/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü təyin edilmiş 05 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığı üçün barəsində olan şəxsi iş xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Həmin məktubda eyni zamanda Azərbaycan Respublikası Ali məhkəməsinin 1- 1(102)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 4500 manat cərimə cəzasını ödəmədiyi göstərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Lakin onun əməli CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmır. “Sübutların qiymətləndirilməsi haqqında” 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.2, 32.4, 312.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahidn barəsində CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Kapital Bank”-a aid kartına ümumilikdə 8.000 manat pul göndərilməsi barədə ödəniş qəbzləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsində kömək etdiyindən iş üzrə maddi sübut hesab edilərək cinayət işi materiallarına əlavə edilmişdir. (i.v.124-137); Sumqayıt şəhər məhkəməsinin 1(060)-623/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulduqda Sumqayıt şəhər məhkəməsinə gətirilməsi qərara alınmış, cinayət işi üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PBnə gətirilmişdir. Sumqayıt şəhər məhkəməsinin 1(060)-623/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “Həbs” qətimkan tədbiri seçilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhfil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (AR Konstitusiya Məhkəməsi Plenumunun “CM-nin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “CM-nin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin məhz ittiham aktından qeyd olunan qaydada törədilməsi özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədilməni nəzərdə tutur. Həmin məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli” miqdar dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərara əsasən şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin Qərara əsasən dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 67.1-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tam ödəməsini, zərəçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları xüsusən dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, CMin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Ali məhkəməsinin 1-1(102)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 4500 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılmalı (CM-nin 67.1), məhkəmə istintaq zamanı 15 avqust 2024-cü il tarixdə tutulduğu bir gün və 06 sentyabr 2024-cü il tarixdən 13 fevral 2025-ci il tarixədək həbsdə olduğu 05 ay 07 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), 02 il 01 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 4, mənzil 32 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi1 60 (altmış) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və ödənilməmiş 4500 (dörd min beş yüz) manat cərimə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tam toplanılmaqla ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması və 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdən 13 fevral 2025-ci il tarixədək həbsdə olduğu 05 ay 07 gün və 15 avqust 2024-cü il tarixdə tutulduğu bir gün cəmi 05 ay 08 gün müddət 1 günə 2 gün hesabı ilə hesablanaraq 10 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzasının müddəti qəti olaraq 02 (iki) il 14 (on dörd) gün müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 4500 manat cərimə cəzası müstəqi icra edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 4, mənzil 32 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunlarının hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun İş üzrə maddi sübut 03 ədəd ödəniş qəbzi cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar