Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-260/2020 15.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2 və Məmmədov X7, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi- Bakı şəhər 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 2 yetkinlik yaşına çatmayan uçağı olan, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, 2A nömrəli fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cümaddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məmmədov X7 etibarından sui istifadə edərək sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında nəzarətçi işləyən oğlu X4 və Azərbaycan Respublikası FHN-nin Binəqədi rayonu 1 saylı Yanğından Mühafizə İdarəsində yanğınsöndürən işləyən digər oğlu X6 zabit rütbəsinin veriləsinə köməklik edəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanında 11000 (on bir min) manat, 15 gündən sonra Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən «Simurq» şadlıq sarayının qarşısında 4500 (dörd min beş yüz) manat, 15 gündən sonra Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 1000 (bir min) manat, 2017-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs1 tanışı Tamara adlı qadından onun yaşadığı Sumqayıt şəhəri, 16-cı məhəllə, 1 saylı baxçanın inzibati binasında 3500 (üç min beş yüz) manat, xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 2300 (iki min üç yüz) manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 22300 (iyirmi iki min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək sonuncunun oğlu Şahid1 Süleyman oğlunu Azərbaycan Respublikası DTX-nə işə düzəltmək adı ilə yalan vəd verib aldadaraq 2017-ci ilin avqust ayının əvvəllərində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Sumqayıt şəhəri Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin yaxınlığında 10000 (on min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 10000 (on min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qimsində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2016-cı ilin axırlarından Məmmədov X11 tanıyır. Qonşusu Tamaranın vasitəsi ilə təsadüfən tanış olmuşdur. Belə ki, Tamara bazarda ticarətlə məşğul olmuş, Məmmədi isə həmişə onun yanında görmüşdür. Oradan hər dəfə keçən zaman onlarla salamlaşmış və tədricən münasibətləri yaranmışdır. 2016-cı ilin oktyabr ayında Tamaranın qızının toyunda o, Məmmədlə qonşu masada oturmuş və həmin məclisdə onların yaxın münasibətləri yaranmışdır. 2017-ci ilin əvvəllərində Tamaranın digər qızının xeyir iş mərasimi ilə əlaqədər sonuncu ondan 300 manat borc pul istəmişdir. Təxminən 10 gündən sonra Tamara yenidən onun yaşadığı evə gəlib arvadından 450 manat borc pul almışdır. Arvadı isə onun növbədən gəlib yatdığını bildirmiş, həmin vaxt qayınatası ona 150 manat borc pul vermişdir. O, yuxudan durandan sonra bunu bilib narazılıq etmişdir. Həmin axşam Tarama yenidən onlara gələrək ondan 300 manat da borc almışdır. Bundan sonra, Tamara 2017-ci ilin may ayına qədər ondan ümumilikdə 1800 manat pul borc almışdır. Tamara ona qızının toyundan sonra borcunu qaytaracağını, qaytara bilməsə Saraq qəsəbəsində onunla Məmmədə məxsus olan torpaq sahəsini satıb onun pulunu verəcəyini bildirmiş, o da razılaşmışdır. Toy ərəfəsində o, işi ilə əlaqədar Turkiyə Respublikasına getmiş, qayıtdıqdan sonra Tamaradan pulunu tələb etmiş, lakin Tamara ona pulu tezliklə verə bilməyəcəyini demişdir. O, ikinci dəfə Turkiyə Respublikasına getmiş, orada olduğu müddətdə Tamara Məmmədlə birlikdə onun yaşadığı ünvana gedərək onun atası ilə görüşüb onun 18000 manat pul aldığını demişdirlər. Atası Tamaraya və Məmmədə onun işdən çıxdığını, onlara aldığı pulu qaytararması üçün özünə müraciət etməsini demişdir. İkinci dəfə onlar yenidən onun yaşadığı ünvana gələrək onun 28000 manat borcu olduğunu bildirmişlər. Atası isə onlara "əgər Xəyalın onlara borcu varsa bunu sübut etsələr o, evini satıb Xəyalın borcunu" ödəyəcəyini demişdir. Bu söhbətlərdən sonra atası onunla əlaqə saxlayıb bu məsələni danışmışdır. Bundan sonra o, Məmmədə zəng edib Tamaranın ona borcu olduğu halda gəlib onun borclu olduğunu bildirmələrinə görə iradını bildirmiş və Məmmədi telefonda danlamış, Məmməd isə cavab verməmişdir. Sonradan Məmmədin ondan şikayət etdiyi məlum olmuşdur. O, Məmməd və Tamaraya özünü Ədliyyə Nazirliyinin təchizat idarəsinin işçisi kimi təqdim etməmiş, o, 2012-ci ildən 2017-ci ilin avqust ayına qədər «Socar» neft şirkətinin mühafizə idarəsində işləmiş, işə gedib gələn zaman Məmməd onu formada gördüyündən onun Ədliyyə Nazirliyində işləmədiyini bilmişdir. O, Məmmədə heç bir vəd verməmiş və ondan heç bir məbləğdə pul almamış, həmçinin, Məmmədin sözü ilə Tamaradan 3500 manat pul almamışdır. Bundan başqa o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində dəniz qırağında yerləşən yeməkxanada olarkən Məmməd orada bir neçə nəfərlə olmuş, ancaq onlar bir yerdə çörək yeyən zaman yanlarında üçüncü bir şəxs olmamış və orada Zərərçəkmiş şəxs2 adlı şəxslə tanış olmamışdır. O, həmin şəxslə sonradan 3-cü polis bölməsində qarşılaşmışdır. Salam Məmmədlə birlikdə polis bölməsinə gəlmiş, orada da Salamı tanımadığını bildirmişdir. O, Salamın oğlunu işə düzəltmək adı ilə ondan 10000 manat pul almamış, onların arasında belə bir söhbət olmamışdır. O, ümumiyyətlə əvvəllər Salamı tanımamış və onunla heç bir münasibəti olmamışdır. 055 213-14-31 mobil telefon nömrəsi həmin dövrdə onun istifadəsində olmuşdur. O, həmin dövrdə bu nömrə ilə Məmmədlə əlaqə saxlamışdır. Çünki bir neçə dəfə Məmməd onu yemək yeməyə çağırdığından bir neçə dəfə onlar birlikdə çörək yemişlər. Tamaranın ona 1800 manat borcu olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Tamara ilə Məmməd arasında qeyri rəsmi ər arvad münasibətləri olduğundan ondan şikayət etməklə Tamaranın ona olan borcunu batırmaq istəmişlər. Bundan başqa, Məmməd Tamaranın hər iki qızının cehiz xərclərini qarşılamış, yəni pul xərcləmişdir. Yəqin ki, Məmməd bunu öz ailəsində gizlətmək üçün ondan şikayət edərək pulu ona verdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Məmmədov X12 ifadəsində göstərdi ki, o, 2018-ci ilin əvvəllərinə kimi Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən bazarın yaxınlığında icarəyə dükan götürüb meyvə-tərəvəz alveri ilə məşğul olmuşdur. Təxminən 2017-ci ilin fevral ayından başlayaraq işlədiyi dükana 30-35 yaşlarında cavan bir oğlan gəlib getməyə başlamışdır. O, dükana bir neçə dəfə gəlib getdikdən sonra onların münasibəti yaranmışdır. Sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Söhbət əsnasında o, Xəyaldan harada yaşadığını, işlədiyini və nə işlə məşğul olduğunu soruşmuş, sonuncu da Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən bağçada məskunlaşıb qaynatasının evində yaşadığını, Ədliyyə Nazirliyinin Təchizat idarəsində işlədiyini və mayor rütbəsində olduğunu demişdir. Söhbət zamanı Xəyal bildirmişdir ki, Ədliyyə Nazirliyi sistemində yüksək rütbəli qohumları vardır. Bir dəfə onlar söhbətləşən zaman Xəyala oğlanları barədə məlumat verib iki oğlu olduğunu, böyük oğlu X2 nəzarətçi işlədiyini və serjant rütbəsində olduğunu, kiçik oğlunun isə FHN-nin 1 saylı Binəqədi rayonu, Yanğından Mühafizə idarəsində yanğınsöndürən işlədiyini və serjant rütbəsində olduğunu bildirmişdir. Xəyal ona Ədliyyə Nazirliyində yüksək rütbəli qohumlarının olduğunu dediyi üçün o, Xəyaldan oğlanları üçün zabit rütbəsi almağın mümkün olub-olmadığını soruşmuşdur. Xəyal ona bunun mümkün olduğunu və hər iki oğlu üçün zabit rütbəsi almaq üçün köməklik edə biləcəyini demişdir. O da buna görə ona hörmət, yəni pul da verə biləcəyini demiş, Xəyal ona konkret məbləğ deməmişdir. Bu söhbətdən təxminən 2-3 gün keçdikdən sonra Xəyal onun işlədiyi dükana gəlib, Ədliyyə Nazirliyində zabit almaq üçün 11000 manat, FHN-də isə 9000 manat pul lazım olduğunu, əgər istəsən bu pulu avqust ayına kimi hissə-hissə verə biləcəyini demiş, o da razılaşmışdır. 2017-ci ilin mart ayının ortalarında Xəyal onun işlədiyi dükana gəlmiş, onlar birlikdə Xəyalın «Nissan Xtrail» markalı avtomobili ilə onun yaşadığı evə gəlmişlər. O, evdən 11000 manat pul götürüb yaşadığı evin qarşısında ona vermişdir. Xəyal pulu sayıb qəbul etmiş və bu pulu hər iki oğlunun işinin düzəlməsinə verəcəyini demişdir. Ancaq pulu konkret olaraq kimə verəcəyini deməmiş və ad çəkməmişdir. Bu görüşdən təxminən 15 gün sonra onlar Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən «Simurq» şadlıq sarayının qarşısında görüşüb Xəyala yenidən 4500 manat pul vermişdir. Təxminən 15-20 gün sonra Xəyal onun işlədiyi dükana gəlmiş və o sonuncuya 1000 manat pul vermişdir. 2017-ci ilin iyul ayının əvvəllərində Xəyal yenə də ona zəng edib 3500 manat pul lazım olduğunu bildirmiş, o da Xəyala rayonda olduğunu, pulu ona iş yoldaşının verəcəyini bildirmişdir. Sonra o, birlikdə işlədiyi iş yoldaşı Tamaraya zəng edib Xəyala 3500 manat verməsini xahiş etmişdir. Xəyal Tamara ilə qonşu olmuşdur. Xəyal 3500 manat pulu Tamaranın evindən götürmüşdür. O, Xəyala pul verdiyi müddətdə bir neçə dəfə onunla birlikdə çörək yemişlər. Onlar hər dəfə görüşəndə Xəyal oğlanlarının işi düzələcəyini demişdir. O, Xəyala tam inanmış, iyul ayının ortalarında o, dostu Zərərçəkmiş şəxs2la görüşəndə oğlanlarının zabit rütbəsi alması üçün Xəyalın ona köməklik edəcəyini demişdir. O, dostuna əgər istəyirsə Xəyal onun da oğlunun işini danışıb həll etməsinə köməklik etməsini demişdir. Bu söhbətdən sonra Salam Xəyalla tanış olmaq istədiyini bildirmiş, bir neçə gün sonra o, Salamla görüşüb Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə gedən yolda dəniz qırağında yerləşən yeməkxanaların birinə gedib Xəyalla görüşmüş, dostu Salamla Xəyalı tanış etmişdir. Söhbət əsnasında Xəyala, Salam oğlunu DTX-nə işə düzəltmək istədiyini və ona kömək etməsini və buna görə ona hörmət də edəcəyini demişdir. Xəyal ona konkret məbləğ deməmişdir. Bu söhbətdən bir-iki gün keçdikdən sonra Xəyal ona zəng etmiş və general rütbəsində olan yaxın qohumunun işini MTN-nə dəyişdiyini və Salamın oğlunun işini düzəldə biləcəyini bildirib görüşmək istədiyini demişdir. O, Xəyalın dediklərini Salama çatdırmış və onlar birlikdə Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən «Simurq» şadlıq sarayının qarşısındakı kafedə görüşmüşlər. Xəyal Salama oğlunun işə düzəlməsi üçün 18000 manat pul lazım olduğunu bildirmişdir. Salam isə pulun bir hissəsini əvvəlcədən verəcəyini, qalan hissəsini isə iş düzəldikdən sonra verəcəyini bildirmişdir. Xəyal Salamın təklifi ilə razılaşmış və ondan 10000 manat pul istəmiş, Salam da Xəyalın təklifi ilə razılaşmışdır. xx.xx.2017-ci il tarixdə o, Xəyalla görüşən zaman sonuncu ona "Nurlanla Kənanın işləri düzəlir və onları tibbi müayinədən keçirmək lazımdır" demişdir .Xəyal uşaqların həkim komissiyasından keçmələri üçün 300 manat və hər biri üçün şirinlik olaraq 1000 manat pul istəmişdir. O, Xəyalın bu xəbərinə sevinmiş və işlədiyi dükandan 2300 manat pul götürüb Xəyala vermişdir. O, Xəyala pulu verdikdən sonra Salama zəng edib Xəyalın oğlanlarının işini düzəltdiyini bildirmişdir. xx.xx.2017-ci il tarixdə Salam ona zəng edib oğlunun işini düzəltməsi üçün Xəyala 10000 manat pul verdiyini demişdir. Bu söhbətdən iki-üç gün keçdikdən sonra Xəyalın telefon nömrəsinə zəng çatmamışdır. Onlar 10-15 gün gözləsələr də Xəyalla əlaqə saxlaya bilməmiş, buna görə də Salamla birlikdə Xəyalın Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən atası evinə getmişlər. Onlar yuxarıda qeyd edilənlərin hamısını Xəyalın atasına danışmış, Xəyalın atası onlara oğlunun maşınını satıb Rusiya Federasiyasına getdiyini, Xəyalın zəng edəcəyi halda onlarla əlaqə saxlamasını deyəcəyini bildirmişdir. Həmin gün Xəyal ona zəng edib işi ilə əlaqədar İsveçrəyə getdiyini, avqustun axırına qədər Azərbaycana qayıdacağını bildirmişdir. Bir neçə gün sonra onlar telefonla danışan zaman Xəyal ona pul verdiyini sübut edə bilməyəcəyini demişdir. Bu söhbətdən sonra o, Salamla görüşüb onunla məsləhətləşmiş və onlar Xəyalın barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmək qərarına gəlmişlər. O, bu pulları Təqsirləndirilən şəxs verərkən yanlarında heç kim olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs 055 213-14-31 mobil telefon nömrəsindən istifadə etmişdir. Onlar Xəyalla bu nömrə ilə əlaqə saxlamış, həmin vaxt 070 318-38-00 mobil telefon nömrəsindən istifadə etmişdir. Salamla Xəyalı tanış etməkdə hər hansı bir maddi gözləntisi olmamış, Salamın Xəyala verdiyi puldan ona hər hansı bir məbləğ çatmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Məmmədov X12 dostudur və sonuncu vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, bir dəfə Məmməd ona Xəyalın vasitəsi ilə öz oğlanlarının rütbə almaq məsələsini həll etdiyini, əgər istəyirsə Xəyal onun da oğlunun işə düzəlmək məsələsini həll edə biləcəyini bildirmişdir. Məmməd də ona bir neçə günə onun oğlanlarının işi tam düzələcəyini, bundan sonra, Xəyalla görüşüb onun da oğlunun işə düzəlmə məsələsini danışmağın mümkünlüyünü demişdir. Bir neçə gün sonra o, Məmmədlə görüşüb Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə gedən yolda dəniz qırağında yerləşən yeməkxanaların birinə getmiş və orada Xəyalla görüşüb tanış olmuşdur. Söhbət əsnasında Xəyala oğlunun DTX-da işə düzəlməsini xahiş edib buna görə hörmət, yəni pul da verəcəyini demiş, sonuncu da oğlunu FHN və ya Ədliyyə Nazirliyinə işə düzəldə biləcəyini demişdir. Bu söhbətdən təxminən 10 gün sonra Məmməd ona zəng edib Xəyalın oğlunun iş məsələsini həll edə biləcəyini dediyini ona bildirmişdir. Bu söhbətdən sonra Xəyal o, və Məmməd 26cı məhəllə ərazisində “Simurq” restoranının qarşısında yerləşən kafedə görüşmüşlər. Orada Xəyal bir tanışının DTX-nə yüksək vəzifəyə getdiyini demiş, lakin konkret olaraq ad çəkməmişdir. Buna görə də oğlunu həmin quruma işə düzəldə biləcəyini demişdir. Xəyal onun oğlunu DTX-nə işə düzəltmək üçün ondan 18000 manat istəmiş, lakin oğlunu hansı yolla və kimin vasitəsi ilə işə düzəldəcəyi barədə dəqiq bir söz deməmiş, həmin pulu kimsə verəcəyini də bildirməmişdir. O da Xəyalın özündən əmin danışmasına inandığı üçün razılaşmışdır. Onların bu söhbətləri 2017-ci ilin avqust ayının əvvəllərində olmuşdur. Bir neçə gündən sonra Xəyal ona zəng edib “iş düzəlir pulu gətirmək lazımdır” demişdir. Həmin gün Xəyal, ona bir neçə dəfə zəng etmiş, Xəyal ona zəng etdikdən sonra o, Məmmədə zəng edib Xəyalın ondan pul istədiyini bildirmişdir. Onunla təxminən 2017-ci ilin avqust ayının əvvəllərində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Vergilər İdarəsinin yaxınlığında görüşmüş və orada ona oğlunu işə düzəltməsi üçün 10000 manat vermişdir. Həmin vaxt oğlu İlham da onun yanında olmuşdur. Xəyal oraya “Mercedes” markalı maşınla gəlmişdir. Onlar maşında oturmuş və pulu Xəyala vermiş, sonuncu da pulu sayıb qəbul etmişdir. Xəyal oğlunun həkim komissiyasından keçməsinə köməklik edəcəyini demişdir. O isə oğlunun həkim komissiyasından keçdikdən sonra qalan 8000 manatı da verəcəyini demişdir. Xəyal ona oğlunu DTX-nin Xətai rayon şöbəsinə işə düzəldəcəyini demiş, onlar da razılaşmışlar. Bu söhbətdən iki gün keçdikdən sonra o, Məmmədlə görüşmüş, söhbət əsnasında Məmməd ona Xəyalın telefonuna zəng çatmadığını demişdir. Xəyal bundan əvvəl Məmmədə Gürcüstan Respublikasına gedəcəyini bildirdiyi üçün onlar yenə də Xəyalın ölkə xaricində olduğunu fikirləşmişlər. Onlar bir müddət gözləsələr də Xəyalla əlaqə saxlaya bilməmişlər. Buna görə də Məmmədlə birlikdə Xəyalın Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən atası evinə getmişlər. Onlar yuxarıda qeyd edilənləri Xəyalın atasına danışmış, Xəyalın atası oğlunun maşınını satıb Rusiya Federasiyasına getdiyini bildirmişdir. Xəyalın zəng edəcəyi halda onlara əlaqə saxlamasını deyəcəyini bildirmişdir. Sonradan o, Xəyalın Məmmədə zəng etdiyini və onlardan pul almadığını bildirdiyini eşitmişdir. Bu söhbətdən sonra o, Məmmədlə görüşüb onunla məsləhətləşmiş və Xəyalın barəsində şikayət etmək qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs pul verərkən oğlu İlham yanlarında olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs 055 213-14-31 mobil telefon nömrəsindən istifadə etmişdir. O, Xəyalla bu nömrə ilə əlaqə saxlamışdır. Lakin ona pul verdikdən bir neçə gün sonra Xəyalın bu nömrəsinə zəng çatmamışdır. Verdiyi puldan Məmmədə hər hansı bir məbləğ çatmamış, sonuncu onu yalnız Xəyalla tanış etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 atasıdır. O, Təqsirləndirilən şəxs atası və atasının dostu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olmuşdur. Məmməd atası ilə söhbət edən zaman oğlanlarının rütbə alması üçün Xəyal adlı tanışının ona kömək edəcəyini demişdir. Həmin ərəfədə o, güc strukturlarından birində işə düzəlmək istəmiş və bu barədə evdə atasına bildirmişdir. Atası Məmmədlə söhbət edərkən sonuncuya bu istəyini demiş, Məmməd ona “əgər istəyirsə Xəyalın bu işlə məşğul ola biləcəyini” bildirmiş, atası isə buna razılıq vermişdir. 2017-ci ilin avqust ayının əvvəllərində o, atası, Zərərçəkmiş şəxs1 və Xəyal Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində “Simurq” restoranının qarşısında yerləşən kafedə görüşmüş, orada Xəyalla tanış olmuşdur. Söhbət əsnasında Xəyala DTX-nə işə düzəlmək istədiyini, buna görə də pul da verə biləcəyini demiş, sonuncu da onu FHN-nə işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra, Xəyal DTX-nə işə düzəltmək üçün 18000 manat istəmiş, atası bununla razılaşmışdır. Bir neçə gündən sonra Xəyal onun atasına zəng edib işin düzəldiyini və pulu gətirmək lazım olduğunu bildirmişdir. O, atasıyla birlikdə Xəyalla görüşmək üçün Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Vergilər İdarəsinin yaxınlığına gəlmişdir. Xəyal oraya “Mercedes” markalı maşınla gəlmişdir. Onlar Xəyalın idarə etdiyi avtomobilə əyləşmiş, onlar Xəyala 10000 manat pul vermişdirlər. Xəyal pulu onlardan qəbul etdikdən sonra getmiş və pulu konkret olaraq kiməsə verəcəyini deməmişdir. Lakin bir müddətdən sonra Xəyalın telefonuna zəng çatmamış, buna görə də o, Məmmədlə birlikdə Xəyalın Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən atası evinə getmişdir. Onlar yuxarıda qeyd edilənlərin hamısını Xəyalın atasına danışmış, sonuncu da “əgər sizi aldadıbsa nə istəyirsinizsə edin” demişdir. Bu söhbətdən sonra atası Xəyaldan şikayət etmişdir. Verilən puldan Məmmədə hər hansı bir məbləğ çatmamış, sonuncu onu və atasını yalnız Xəyalla tanış etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Məmmədov X11 tanıyır. O, Məmmədin Sumqayıt şəhəri, 20 yanvar küçəsində yerləşən mağazasında işləyir. O, Təqsirləndirilən şəxs da tanımış, sonuncu işlədikləri dükana gəlib alver etmişdir. Müəyyən müddətdən sonra o, Məmmədin Xəyalla yaxın münasibətinin yarandığını görmüş, dəfələrlə onların birlikdə yemək yeməyə getdiklərinin şahidi olmuşdur. 2017-ci ilin iyul ayının əvəllərində o, evdə olan zaman Məmməd ona zəng edib kənarda olduğunu və Xəyala 3000 manat pul vermək lazım olduğunu bildirmiş, o da Məmmədə etiraz etməmişdir. Təxminən bir saatdan sonra Xəyal onun yaşadığı evə gəlmiş və ona yaşadığı evdə 3000 manat vermişdir. Xəyal onun yanında Məmmədə zəng edib pulu ondan aldığını bildirmişdir. Təxminən 10-15 gündən sonra Məmməd rayonda olarkən yenə ona zəng edib Xəyala 1000 manat pul verməsini demişdir. O, yenə də etiraz etməmiş, bu dəfə Xəyal onun iş yerinə gəlmiş, ona 1000 manat pul vermişdir. Məmməd ona gəlib pulunu qaytaracağını demişdir. Buna görə də o, Xəyala pul vermiş, sonradan Məmməd ona Xəyala əlavə də pul verdiyini demişdir. Müəyyən müddətdən sonra ona məlum olmuşdur ki, Xəyal Məmməddən aldığı pulu qaytarmamış və sonuncunu aldatmışdır. Məmməd ona bildirmişdir ki, Xəyal oğlanlarının rütbə almaq məsələsini həll edəcəyi barədə söz verdiyi üçün sonuncuya pul vermiş, lakin Xəyalın onu aldadaraq pullarını ələ keçirdiyini bildirmişdir. Xəyal ifadəsində ondan borc pul aldığını bildirsə də o, nə Xəyaldan, nə də onun ailə üzvlərindən heç bir məbləğdə borc pul almamış, Xəyalın dedikləri şər və böhtandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X3 onun əridir. 2017-ci ilin təxminən mart ayında əri ona bildirmişdir ki, bir nəfər Xəyal adlı şəxs onların övladlarının rütbə məsələsini həll edə bilər. O, Məmmədə bildirmişdir ki, onlar həmin şəxsi tanımırlar, ona necə ehtibar etmək olar. Məmməd ona bildirmişdir ki, Xəyal orqanda işləyir və o, Xəyala inanır. Bundan sonra 2017-ci ilin mart ayından iyul ayına qədər əri Xəyal adlı şəxsə övladlarının rütbə alması məsələsini həll etmək üçün hissəhissə 22300 manat pul vermişdir. Lakin sonradan Xəyal telefonunu söndürüb onlarla əlaqəni tam kəsmişdir. Buna görə də Məmməd ondan şikayət etmək qərarına gəlmişdir. O, Xəyalı tanıyır. Belə ki, Xəyal onların həyətinə üç dəfə gəlmiş və hər dəfə də onu görmüşdür. Hər üç gəlişində əri ona pul vermişdir. O, evdən pul götürüb ərinə verəndə sonuncu pulu Xəyala verdiyini demişdir. Əri isə onun yanında həmin pulları Xəyala vermiş, bunun şahidi olmuşdur. Axırıncı dəfə Xəyal onların həyətinə gəlib oğlanlarının həkim komissiyasından keçirmək üçün 300 manat pul istəyəndə həmin pulu ona şəxsən özü yaşadıqları evin pəncərəsindən vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Xəyal onun kürəkənidir. 2017-ci ilin təxminən iyun-iyul aylarında Tamara, Məmməd və Salam adlı şəxslər onun yaşadığı ünvana gələrək ondan Xəyalı soruşmuşlar. O, həmin şəxslərdən Tamaranı tanımışdır. Digər şəxsləri isə tanımamışdır. Onalrdan Xəyalı axtarmaqlarının səbəbini soruşmuş, onlar da bildirmişlər ki, Xəyal onlardan pul alıb qaytarmamış və onlara qarşı dələduzluq etmişdir. O, bu barədə telefonla zəng edərək Xəyaldan soruşmuşdur. Lakin Xəyal ona bildirmişdir ki, o, həmin şəxslərdən pul almamış və onları aldatmamışdır. Xəyal ona demişdir ki, qayıdıb gələndən sonra onlarla söhbət edəcək. Həmin vaxt Xəyalın özünün deməsinə görə o, Respublikadan kənarda yəni İsveçrədə olmuşdur. Xəyalla danışdıqdan sonra o, Məmmədə demişdir ki, bu məsələ ilə bağlı bir də onu narahat etməsinlər. Sonradan ona məlum olmuşdur ki, Məmməd və Salam Xəyaldan şikayət etmişlər. Bir dəfə o, evdə olan zaman bir nəfər tanımadığı qadın onlara gəlmişdir. Həmin vaxt Xəyal uzanmışdır. O, Xəyala qapıya bir qadın gəldiyini bildirmişdir. Xəyal durub qapıya çıxmış və təxminən 15 dəqiqədən sonra qayıdıb ondan 450 manat pul istəmişdir. O, Xəyaldan pulu nə üçün istədiyini soruşmuşdur. Xəyal ona bildirmişdir ki, bu qadın qonşuluqda yaşayır və adı Tamaradır. Ona borc pul lazım olduğu üçün Xəyal ondan aldığı pulu ona verdiyini bildirmişdir. Əlavə olaraq Xəyal ona demişdir ki, o, qızına toy etdikdən sonra pulu qaytaracaq. Xəyal ona bildirmişdir ki, o, bundan əvvəl də Tamaraya 150 manat borc pul vermişdir. Sonradan Xəyal ona demişdir ki, Tamaraya ümumilikdə 1700 və ya 2000 manat borc pul vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Bəhmən oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs oğludur. 2017-ci ilin təxminən yay aylarında yaşadığı ünvana tanımadığı bir qadın və bir kişi gəlib Xəyalı soruşmuşlar. O, Xəyalın evdə olmadığını bildirmiş və onu nə üçün axtardıqlarını soruşmuşdur. Həmin kişi ona Xəyalın onu aldadıb 18000 manat pulunu aldığını bildirmişdir. O, həmin şəxsə bildirmişdir ki, Xəyalla əlaqə saxlayıb bu barədə ondan soruşacaqdır. Onlar getdikdən təxminən bir neçə gün sonra yenə də tanımadığı həmin qadın və iki nəfər kişi onun yaşadığı ünvana gəlmişdir. Onlardan biri cavan oğlan olmuşdur. Bu dəfə həmin cavan oğlan da bildirmişdir ki, Xəyal ondan da işə düzəltmək adı ilə 10000 manat pul almışdır. O, onlardan Xəyala pul vermələri ilə bağlı hər hansı bir sənədlərinin və sübutlarının olub-olmadığını soruşmuşdur. Əlavə olaraq onlara bildirmişdir ki, əgər Xəyal onlardan pul alıbsa və bunu sübut etsələr evini satıb onların pulunu qaytarar. Bu sözdən sonra onlar çıxıb getmişlər. O, Xəyalla telefonla danışdıqda və görüşdükdə bu barədə ondan sooruşmuşdur. Lakin Xəyal ona bildirmişdir ki, onlar yalan danışırlar və onlardan heç bir adla pul almamışdır. Əlavə olaraq Xəyal ona demişdir ki, onların evinə gələn qadına 1800 manat pul borc vermişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Məmmədov X12 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə ona qarşı dələduzluq etdiyini və hər iki oğlunun rütbə almasında köməklik edəcəyini bildirib ondan ümumilikdə 22300 manat pul aldığını və heç bir iş görməyərək pulunu qaytarmadığını demişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə ona qarşı dələduzluq etdiyini və oğlunu DTX-nə işə düzəltmək adı ilə ondan 10000 manat pul aldığını və heç bir iş görməyərək pulunu qaytarmadığını demişdir. İş materiallarında olan Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncuya Məmmədin istəyi ilə pul verdiyini, daha sonra həmin pulu Məmmədin Xəyala vermə səbəbi kimi Məmmədin oğlanlarına Xəyalın rütbə alacağına vədini verməsini olduğunu öyrəndiyini, özünün isə Xəyala heç bir borcunun olmadığını demişdir. İş materiallarına əlavə edilmiş Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid2 əri Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verdiyini gördüyünü, həmin pulu Məmmədin Xəyala vermə səbəbi kimi Məmmədin oğlanlarına Xəyalın rütbə alacağına vədini verməsini olduğunu demişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılmasına dair istintaq hərəkəti prtokolundan görünür ki, hər iki şəxs ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. İstintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 tanımadığını və ondan heç vaxt pul almadığını bildirsə də "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli, BKC/LGL-5290/20 saylı məktubla daxil olmuş 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 istifadəsində olmuş mobil telefon nömrələrindən bir birlərinə zənglər olunduğu və xx.xx.2017-ci il tarixdə saat 23:30 dəqiqədə isə bir-birlərinə yaxın anten dairəsində olduqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx xxxxx 1986-cı ildə Sumqayıt şəhərində anadan olması, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olması, məhkum olunmaması, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, 2A nömrəli fərdi evdə yaşaması səciyyələndirilən hallardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğu üçün xx.xx.2020-ci il tarixdə barəsində axtarış elan olunaraq cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmış, 13 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqa gəldiyi üçün tutulmuş və cinayət işi üzrə icraat təzələnərək istintaqı aparılmışdır. xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonuna kimi həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, lakin Sumqayıt şəhər məhkəməsinin hakimi Pərviz Hacıyevin xx.xx.2020-ci il tarixli qərarı ilə vəsatət, təmin edilməmiş və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. Həmin tarixdə təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək heç bir dələduzluq cinayəti törətməməsinə dair göstərdiyi xüsusatlara tənqidi yanaşaraq həmin halların özünü müdafiə xarakteri daşıması, törətdiyi cinayətdən yaxa qurtarmaq məqsədi güdməsi kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi iş üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, habelə istintaq zamanı toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd 1 ədəd "xxxx" MMC-dən daxil olmuş diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinsin və ona, 3 (üç) il müddətinə azadlıqdan məhrum cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin, o məhkəmə zalından həbs edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbs olunduğu 15 oktyabr 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş disk cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-260/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-260/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver