Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-260/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı İlqar oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarında olan rol bölgüsünə əsasən Zərərçəkmiş şəxs qızı Şahid4 Sumqayıt şəhəri, 15 saylı tam orta məktəbə ingilis dili müəlliməsi kimi işə düzəldəcəyi barədə danşıqları Təqsirləndirilən şəxs2 aparmaqla özünü nüfuzlu şəxs kimi tanıtdıraraq yalan vəd verib aldatmaqla 14 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən Sumqayıt Tibb Kollecinin yanında 5000 (beş min) manat məbləğində pulu özü alaraq sonuncuya verməklə ələ keçirib zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq elmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında aralarında olan rol bölgüsünə əsasən Zərərçəkmiş şəxs qızı Şahid4 Sumqayıt şəhəri, 15 saylı tam orta məktəbə ingilis dili müəlliməsi kimi işə düzəldəcəyi barədə danşıqları özü aparmaqla özünü nüfuzlu şəxs kimi tanıtdıraraq yalan vəd verib aldatmaqla 14 iyul 2022-ci il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən Sumqayıt Tibb Kollecinin yanında 5000 (beş min) manat məbləğində pulu Təqsirləndirilən şəxs1 alaraq ona verməklə ələ keçirib zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Pərviz adı ilə tanıdığı Təqsirləndirilən şəxs2 tanışıdır, Zərərçəkmiş şəxs isə qohumudur, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. Mərhum atası Bəbirin ildönümü zamanı Rafiq də onlara gəlmiş, həmin vaxt onlar söhbət edəndə Rafiq ona demişdir ki, qızı Aydanı Sumqayıt şəhərindəki məktəblərin birinə ingilis dili müəlliməsi kimi işə düzəltmək istəyir. 14 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 20 Yanvar küçəsində yerləşən “Kolxoz” bazarının yanında yerləşən adını bilmədiyi çay evində Hüseynlə birlikdə oturub çay içdikləri zaman Rafiq onu görüb onların yanına gəlmişdir. Onlar birlikdə oturub çay içən zaman Rafiqi tanışı Hüseynlə tanış etmişdir. Sonra isə Rafiqlə birlikdə başqa masada oturub söhbət etməyə başlamışlar. Söhbət zamanı Rafiq yenə də ona qızı Aydanı işə düzəltmək istədiyini, lakin hələlik düzəldə bilmədiyini demişdir. Sonra isə Hüseyn, o və Rafiq birlikdə eyni masada əyləşmişlər. O, Hüseynin tanışlarının olduğunu, özünün iş bacaran olduğunu düşündüyündən söhbət zamanı Hüseynə, Rafiqin qızını məktəbdə müəllimə kimi işə düzəltmək istədiyini demişdir. Hüseyn isə bildirmişdir ki, arvadı Quba rayonunda işləyirdi, onu Sumqayıt şəhər İcra Hakimiyyətində işləyən yaxın qohumu Teymur müəllimin vasitəsi ilə Sumqayıt şəhərinə gətizdirmiş, həmin Teymur müəllimin vasitəsi ilə Rafiqin qızını da Sumqayıt şəhərində 15 saylı orta məktəbdə ingilis dili müəlliməsi kimi işə düzəltməkdə köməklik göstərə bilər. Rafiq də Hüseyndən ona köməklik göstərməsini xahiş etmişdir. Hüseyn isə mobil telefonunu götürüb onlardan bir qədər aralanmış və kiminləsə danışmış, lakin kiminlə danışdığını o, bilməmişdir. Hüseyn telefonla danışıb gəldikdən sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymurla danışdığını, bu işin düzəlməsi üçün 10000 (on min) manat pul lazım olduğunu demişdir. Rafiq isə Hüseynlə razılaşdığını, lakin həmin məbləğdə pulu hazırda verməyə imkanının olmadığını, 5000 (beş min) manat pul verə biləcəyini qalan 5000 (beş min) manat pulu isə iş düzələndən sonra verəcəyini demişdir. Rafiq və Hüseyn bir-birlərinin mobil nömrələrini götürmüşlər ki, əlaqə saxlasınlar. Sonra Rafiq onların yanından çıxıb getmişdir. O da Hüseynlə birlikdə oradan çıxıb dərziyə verdiyi şalvarını götürmək üçün "Karvan Ticarət Mərkəzi'‘nə getmişdir. Hüseyn şalvarını götürəndən sonra onlar təsadüfən orada tanışları Fuadla rastlaşmışlar və birlikdə Sumqayıt şəhərində yerləşən “Simurq” restoranına getmişlər. Orada birlikdə oturub çörək yemişlər. Hüseyn mobil telefonla Rafiqə zəng vurub onunla görüşmək istədiyini bildirmişdir. Fuad restoranda qalmış, o və Hüseyn isə restorandan çıxıb təxminən saat 15:00 radələrində qohumu Rafiqlə Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən Tibb Kollecinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Rafiq orada 5000 (beş min) manat pulu Hüseynə verməsi üçün sayıb ona vermişdir. O isə Rafiqə pulu Hüseynə verməmiş sonuncuya kağıza pulu alması barədə yazdırıb imzalatdırmasını demişdir. Rafiq də Hüseynə pulu alması barədə kağıza yazdırıb imzalatdırmışdır. O da pulu sayıb Hüseynə vermiş, sonuncu isə pulu cibinə qoymuşdur. Rafiq çıxıb gedəndən sonra o, Rafiqdən aldığı puldan ona da verməsini Hüseynə demişdir. Hüseyn isə ona demişdir ki, həmin pulu bütövlükdə Teymura verəcək, Rafiqdən daha sonra alacağı 5000 manat puldan isə 2500 manatını ona verəcəkdir. O, da Hüseynlə razılaşıb daha heçnə deməmişdir. Onlar yenidən oradan “Simurq” restoranına gəlib Fuadla birlikdə oturmuşlar. Bir neçə dəqiqədən sonra isə Hüseyn tanışları Ceyhuna zəng vurub onu da oturduqları restorana dəvət etmişdir. Bir neçə saatdan sonra isə Ceyhun da onların yanına gəlmiş və onlar bir qədər də orada oturduqdan sonra oradan çıxıb getmişdir. Bir müddətdən sonra isə ona məlum olmuşdur ki, Hüseyn onun qohumu Rafiqin qızını işə düzəldəcəyi ilə aldatmışdır. O, Rafiqdən qızını işə düzəldəcəyi adı ilə pul almamış, həmin pulu Hüseyn özü almışdır. Ceyhuna borcu olan 1000 (bir min) manat pulu isə 13 iyul 2022-ci il tarixdə sonuncuya qaytarmışdır. O, ümumiyyətlə Hüseyndən 4000 (dörd min) manat və ya hər hansı məbləğdə pul almamışdır. Hüseyn Rafiqdən 5000 (beş min) manat pulu aldıqdan sonra o, Hüseyndən həmin puldan ona verməsini istəmiş, lakin Hüseyn pulun hamısının Teymura çatacağını, Rafiqdən qalan 5000 (beş) manat pulu alandan sonra ona 2500 (iki min beş yüz) manat verəcəyini demişdir. O, Rafiqi aldatmamış və sonuncudan qızını işə düzəldəcəyi adı ilə hər hansı məbləğdə pul almamışdır. Hüseyn ona Rafiqdən 10000 (on min) manatı aldıqdan sonra 2500 (iki min beş yüz) manat verəcəyini dedikdən sonra o, həmin gün Rafiqlə əlaqə saxlayıb bu barədə sonuncuya bildirmişdir ki, ona çatacaq 2500 (iki min beş yüz) manat pulu Rafiqin özünə qaytaracaqdır. Rafiq də ona demişdir ki, “lazım deyil, halal xoşun olsun”. İlkin olaraq Rafiqin ona “lazım deyil, halal xoşun olsun” deməsinə baxmayaraq hazırda sonuncunun elə bir söz demədiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam ödəmiş, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında pulu dövlət büdcəsinə ödəmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onu tanışları Pərviz adı ilə tanısalar da şəxsiyyətini təsdiq edən sənədində adı Hüseyndir. Təqsirləndirilən şəxs1 təxminən 3-4 ildir tanımış, onunla həmişə yaxşı münasibəti olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs da təxminən 2022-ci ilin iyul ayından etibarən İsgəndərin vasitəsi ilə tanımış, onunla heç bir münasibəti olmamışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 10:00 radələrində tanışı İsgəndərlə Sumqayıt şəhəri, 20 Yanvar küçəsində yerləşən “Kolxoz” bazarının yaxınlığındakı adını bilmədiyi çay evlərinin birində oturub çay içdikləri zaman İsgəndərin mobil telefonuna zəng gəlmiş və İsgəndər bir qədər kənara çəkilib telefonla danışmağa başlamışdır. İsgəndər telefonla danışıb qurtardıqdan sonra gəlib onun yanında əyləşmiş və o İsgəndərdən zəng vuranın kim olduğunu soruşmuş, İsgəndər isə zəng vuranın qohumu olduğunu və həmin şəxsi onların yanına çağırdığını demişdir. Təxminən saat 11:00 radələrində Rafiqin, sonuncunun sonradan adını bildiyi qızı Türkan və adını bilmədiyi nəvəsi ilə birlikdə onların oturduqları çay evinə gəldiklərini görmüşdür. Rafiq və digərləri onlardan təxminən 10 masa aralıda əyləşmişlər və İsgəndər də onların yanına getmişdir. Onlar təxminən 40 dəqiqə söhbət etmişlər. Sonra isə İsgəndər onun oturduğu masaya yaxınlaşaraq onu da Rafıqgilin oturduğu masaya dəvət etmişdir. O, onlarla birlikdə oturduqdan sonra Rafiq və İsgəndərin arasında olan söhbətdən başa düşmüşdür ki, Rafiq qızını məktəbə müəllimə kimi işə düzəltdirmək istəyir. Rafiq söhbət zamanı İsgəndərdən soruşmuşdur ki, “sənin qardaşın hələdə Təhsil Nazirliyində işləyir”, İsgəndər isə qardaşının təhsil nazirliyindən çıxdığını bildirmişdir. Sonra isə İsgəndər Rafiqə işini düzəltmək üçün bəzi şəxslərlə danışacağını deyib mobil telefonunu götürərək onlardan bir qədər aralıda telefonla danışmağa başlamışdır. İsgəndər bir neçə dəqiqə telefonla danışdıqdan sonra Rafiqə yaxınlaşaraq qızını işə düzəltmək üçün 10000 (on min) manat pul lazım olduğunu, 5000 (beş min) manatını əvvəlcədən, qalan hissəsini isə iş düzələndən sonra verməli olduğunu demişdir. Rafiq isə İsgəndərə 5000 (beş min) manat pulu verəcəyini demişdir. Sonra isə o, İsgəndərlə birlikdə oradan çıxıb Karvan Ticarət Mərkəzinə girmişlər, orada o, almış olduğu şalvarı götürmüşdür. Həmin vaxt İsgəndərə zəng gəlmiş və sonuncu telefonla danışanda bilmişdir ki, tanışları Fuadla danışır. İsgəndər Fuadı onların yanına çağırmış və Fuad gələndən sonra İsgəndər onlara təklif etmişdir ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Simurq” restoranına gedib orada çörək yesinlər. O, Fuad və İsgəndər birlikdə “Simurq” restoranına gedərək orada oturub çörək yemişlər. Təxminən saat 15:00 radələrində İsgəndərə zəng gəlmiş və sonuncu telefonla danışandan sonra ona zəng vuranın Rafiq olduğunu deyib sonuncu ilə birlikdə gedərək Rafiqlə görüşməyi xahiş etmişdir. O, da İsgəndərlə birlikdə restorandan çıxaraq Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən Sumqayıt Tibb Kollecinin yanına gəlmişlər. Rafiq də onların olduğu yerə qızı Türkanla birlikdə gəlmişdir. Onlar görüşəndən sonra Rafiq ağ rəngli kağızın arasında pul çıxararaq İsgəndərə vermişdir. İsgəndər pulu saydıqdan sonra ondan həmin pulu əlində tutduğu qara rəngli pul qabına qoymağı xahiş etmiş, o da İsgəndərin dediyi kimi edib pulu sonuncudan alaraq pul qabına qoymuşdur. Sonra isə İsgəndər ondan xahiş etmişdir ki, pul bükülmüş kağıza Rafiqdən həmin pulu alması ilə bağlı qeyd apararaq Rafiqə versin ki, sonuncu narahat olmasın. O, da İsgəndərin xahişi ilə kağıza pulu alması barədə yazı yazaraq həmin kağızı Rafiqə vermişdir. Rafiq isə oradan çıxıb getmiş və o İsgəndərlə birlikdə oradan yenidən “Simurq” restoranına gələrək Fuadın yanında əyləşmişlər. Restorana çatanda İsgəndər ondan Rafiqin vermiş olduğu 5000 (beş min) manat puldan 1000 (bir min) manat pulu ona verməsini istəmişdir. O, da pul qabını İsgəndərə vermiş və sonuncu həmin puldan 1000 (bir min) manatını sayaraq götürmüş, yenidən pul qabının ağzını bağlayıb ona qaytarmışdır. O, İsgəndərə pulun hamısını götürməsini deyəndə isə İsgəndər sonra götürəcəyini bildirmişdir. Həmin vaxt İsgəndər ondan tanışı Ceyhunu onların yanına çağırmasını xahiş edib Ceyhuna borclu olduğu 1000 (bir min) manat pulu qaytarmaq istədiyini bildirmişdir. O da tanışı Ceyhuna zəng vurub sonuncunu “Simurq” restoranına dəvət etmişdir. Təxminən 01 (bir) saat sonra Ceyhun onların yanına gəlmişdir. Həmin vaxt İsgəndər 1000 (bir min) manat pulu onun və Fuadın yanında Ceyhuna verərək sonuncuya daha borcunun olmadığını bildirmişdir. Onlar bir qədər də həmin restoranda oturduqdan sonra oradan çıxıb Sumqayıt şəhəri ərazisində gəzməyə başlamışlar. Gəzə-gəzə Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən “Möhtəşəm” şadlıq sarayının yanına çatanda o, İsgəndərə evə getmək istədiyini demiş və pul qabında olan İsgəndərin Rafiqdən almış olduğu 4000 (dörd min) manat pulu sayaraq Fuad və Ceyhunun yanında İsgəndərə vermişdir. Sonra isə oradan çıxıb evinə getmişdir. O, Rafiqə qızını işə düzəldəcəyi barədə vəd verməmiş və sonuncudan 5000 (beş min) manat məbləğində pul almamışdır. Çay evində söhbət zamanı Rafiqə qızını işə düzəldəcəyinə İsgəndər söz vermiş və Tibb Kollecinin yanında da Rafiqdən 5000 (beş min) manat pulu İsgəndər özü alaraq saxlaması üçün ona vermişdir. “Möhtəşəm” şadlıq sarayının yanında isə o, həmin pulu İsgəndərin özünə qaytarıb vermişdir. Arvadı hazırda da Sumqayıt şəhərində deyil, Şabran rayonunda işləyir. Rafiqin vermiş olduğu pul 50 (əlli) manatlıq və 100 (bir yüz) manatlıq pul əskinaslarından ibarət olmuş, lakin o hansı miqdarda 50 (əlli) və 100 (bir yüz) manatlıq olmasını xatırlamamışdır. O, zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Pərviz adı ilə tanıdığı Təqsirləndirilən şəxs2 tanıyır, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Qızı Şahid4 hazırda ali təhsil alır, Bakı şəhərində Xarici Dillər Universitetinin 4-cü kurs tələbəsidir. O, qızı Aydanı Sumqayıt şəhərində məktəblərdən birinə ingilis dili müəlliməsi kimi işə düzəltmək istəmiş və bu barədə də təxminən 2022-ci ilin aprel-may aylarında tanışı Təqsirləndirilən şəxs1 demişdir. İsgəndər bilmişdir ki, onun maddi vəziyyəti çox çətindir, bu məqsədlə də qızı Aydanı müəlimə kimi işə düzəltmək istəyir. Beləliklə 14 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində o, Sumqayıt şəhəri, 20 Yanvar küçəsində yerləşən “Kolxoz“ bazarında olarkən görmüşdür ki, tanışı İsgəndər tanımadığı bir şəxslə adını bilmədiyi çayxanada oturub çay içirlər. O, İsgənədərə görə həmin masaya yaxınlaşıb onlarla oturmuşdur. Həmin vaxt İsgəndərin yanında oturan şəxs özünü ona Pərviz kimi təqdim etmişdir. İsgəndər onun yanında özünü ona Pərviz kimi təqdim edən şəxsə demişdir ki. “dayının maddi vəziyyəti yaxşı deyil, rəhmətlik atamın dostu olub, qızını məktəbdə müəllimə kimi işə düzəltmək istəyir, tanışın varsa buna bir köməklik etmək lazımdır”. Həmin vaxt özünü ona Pərviz kimi təqdim edən Hüseyn demişdir ki, “mənim arvadım Quba rayonunda işləyirdi, onu Sumqayıt şəhər İcra Hakimiyyətində işləyən yaxın qohumum Teymur müəllimin vasitəsi ilə Sumqayıt şəhərinə gətizdirmiş, həmin Teymur müəllimin vasitəsi ilə onun qızı Aydanı da Sumqayıt şəhərində 15 saylı orta məktəbdə ingilis dili müəlliməsi kimi işə düzəltdirə bilər”. Hüseyn onu inandırmaqdan ötrü mobil telefonu ilə işin düzəlməsi üçün kiminləsə danışmış, lakin o, Hüseynin kiminlə danışdığını bilməmiş, Hüseynin özünün deməsinə görə guya Teymur müəllimlə danışmışdır. Hüseyn ondan bu işin düzəlməsi üçün 10000 (on min) manat pul istəmişdir. O, isə həmin pula gücü çatmayacağını demişdir. Belə olmuşdur ki, o Hüseynlə razılaşmışdır ki, pulun yarısı işin düzəlməsi üçün veriləcək, yarısı da iş düzəldikdən sonra veriləcəkdir. Hüseyn onun mobil nömrəsini almış, o da öz mobil nömrəsini Hüseynə vermişdir. Həmin vaxt bütün söhbətləri İsgəndər də eşitmişdir. Sonra o, Hüseyn və İsgəndərdən ayrılaraq evinə getmişdir. Hüseynin bu işi həll edəcəyinə inanmazdı, sadəcə sonuncu mobil telefonunu götürüb danışarkən Sumqayıt şəhər İcra Hakimiyyətində işləyən Teymur müəllimin adından istifadə etdiyi üçün Hüseynə inanmışdır. Bundan sonra o, Sumqayıt şəhərində yerləşən yaşadığı evdə olarkən Hüseyn həmin gün, yəni 14 iyul 2022ci il tarixdə saat 15:00 radələrində onun mobil nömrəsinə zəng edərək demişdir ki, “Sumqayıt şəhər 15 saylı orta məktəbdə vakant yer saxlatdırmışam, təcili pul çatmalıdır, gəl Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən Tibb Kollecinin yaxınlığında görüşək”. O, Hüseynlə razılaşaraq evdən 5000 (beş min) manat pul götürüb Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən Tibb Kollecinin yanına qızı Türkanla birlikdə gedərək orada Hüseynlə görüşmüşdür. Həmin vaxt İsgəndər də Hüseynin yanında olmuşdur. O. pulu Hüseynə verməzdən əvvəl İsgəndər demişdir ki, gələcəkdə narazılıq yarandığı halda 5000 (beş min) manat pulun Hüseynə verilməsini sübut etmək üçün bu barədə Hüseyn yazılı qeydiyyat aparıb ona təqdim etsin. O, da 5000 (beş min) manat pulu saxlamaq üçün İsgəndərə verib həmin ərazidə yerləşən çayxanaya daxil olub oradan kağız almış və İsgəndərlə birlikdə Hüseynə yaxınlaşmışdır. Hüseynə kağızı və üzərində olan qələmi vermiş, sonuncu da 5000 (beş min) manat pulu 14 iyul 2022-ci il tarixdə ondan alması ilə bağlı yazılı qeydiyyat aparıb imza edərək ona təqdim etmişdir. Sonra İsgəndər onun yanında saxlamaq üçün verdiyi 5000 (beş min) manat pulu sayaraq Hüseynə vermiş, sonuncu da pulu sayaraq cibinə qoymuşdur. Hüseyn ona demişdir ki, “mən səninlə əlaqə saxlayacağam, məni narahat etmə, özüm sizə məlumat verəcəyəm”. O, da Hüseyn və İsgəndərdən ayrılıb getmişdir. Bir neçə gün sonra o, Hüseynə zəng edib iş barədə soruşmaq istəmiş, lakin Hüseyn onun telefon zənglərinə cavab verməmişdir. Bundan sonra Hüseynin onu aldadaraq 5000 (beş min) manat pulunu ələ keçirməsindən şübhələnmiş, lakin buna baxmayaraq Hüseynə dəfələrlə zəng etmiş, Hüseyn onun telefonlarına cavab verməmiş, o da artıq əmin olmuşdur ki, sonuncu onu aldadaraq ona qarşı dələduzluq etmişdir. Bundan sonra Hüseyn ona hədə-qorxu gələrək demişdir ki, “sən İsgəndərlə birləşib məni həbs etdirmək istəyirsiniz, sənin başına oyun açacağam”. Hüseyn ondan əvvəl də bir neçə şəxsi aldadaraq onlara qarşı dələduzluq etmiş və bununla bağlı məhkum olunmuşdur. Baş vermiş hadisəni İsgəndər görmüşdür, yəni İsgəndər hadisəinin şahidi olmuşdur. Hüseyn qızı Aydanın Sumqayıt şəhər 15 saylı orta məktəbə ingilis dili müəlliməsi kimi işə düzəlməsində köməklik göstərəcəyi adı ilə 14 iyul 2022-ci il tarixdə təxminən saat 16:00 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən Sumqayıt Tibb Kollecinin yanında ondan 5000 (beş min) manat məbləğində pulu almışdır. Hüseyn pulu ondan alanda həmin pulun dövlət rüsumlarına və bəzi sənədlərin toplanması üçün lazım olduğunu demişdir. Hüseynə verdiyi 5000 (beş min) manat məbləğində pul iki ədəd 200 (iki yüz) manatlıq, qalan hissəsi isə 100 (bir yüz) manatlıq əskinaslardan ibarət olmuşdur. Həmçinin İsgəndər və Hüseynə qızı Türkanı yox Aydanı işə düzəltmək istədiyini demişdir. Pulu ona görə əvvəlcədən İsgəndərə vermişdir ki, kağız gətirmək üçün yaxınlıqdakı çayxanaya getsin. Kağız tapıb gəldikdən sonra isə İsgəndərə pulu Hüseynə verməsini bildirmiş, İsgəndər də pulu Hüseynə vermişdir. Çünki o, həmin pulu Hüseynə işini düzəltməsi üçün vermək məqsədi ilə gətirmişdir. Həmin vaxt ona zəng vuran Hüseyn olmuş, onunla telefon danışığı aparan Hüseyn olmuş, lakin konkret olaraq kimin nömrəsi ilə zəng vurmasını xatırlamamışdır, ola bilsin Hüseyn ya öz nömrəsi, ya İsgəndərin, yaxud da başqa bir nömrə ilə zəng vurmuşdur. Əlavə ifadəsində bildirmişdir ki, İsgəndər ona Hüseynlə aralarında gedən söhbət barəsində danışmamışdır. Belə ki, İsgəndər ona Hüseynə qalan 5000 (beş min) manat pulu verdikdən sonra həmin pulu öz aralarında böləcəklərini, həmin pulun 2500 (iki min beş yüz) manatının İsgəndərə çatacağını ona deməmiş, eləcədə o, İsgəndərə “lazım deyil, halal xoşun olsun" və ya buna bənzər hər hansı bir söz deməmişdir. İsgəndər və Hüseyn qızı Aydanı Sumqayıt şəhəri 15 saylı tam orta məktəbinə ingilis dili müəlliməsi kimi işə düzəldəcəklərini deyib onu aldadaraq 5000 (beş min) manat məbləğində pulunu alıb ələ keçirmişlər. İsgəndər bilmişdir ki, Hüseyn dəfələrlə dələduzluq cinayətlərinə görə məhkum olunmuşdur, yəni onların yaxın münasibəti olmuş, İsgəndər Hüseynin uşaqlarının kirvəsidir. İsgəndər onu Hüseynlə tanış etmişdir. O, İsgəndərə görə Hüseynə inanmış, onlar hər ikisi onu inandırıb aldadaraq pulunu ələ keçirmişlər. Hal-hazırda təqsirləndirilən şəxslər ilə barışmışdır, onlar tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir. Ona görə də, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Ona dəymiş 5000 (beş min) manat məbləğində maddi ziyan tam şəkildə təqsirləndirilən şəxslər tərəfindən ödənildiyi üçün onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla həmişə yaxşı münasibəti olmuş, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təxminən 2022-ci ilin may ayında İsgəndər ondan 1000 (bir min) manat borc pul istəmişdir. O da İsgəndəri tanıdığından və normal münasibətləri olduğuna görə sonuncuya həmin pulu borc olaraq vermişdir. İsgəndər ona pulu qısa zamanda qaytaracağına vəd versə də pulunu qaytarmamışdır. 14 iyul 2022-ci il tarixdə təxminən saat 16:30 radələrində tanışı Hüseyn onun mobil telefon nömrəsinə zəng vuraraq harada olduğunu soruşmuş, o da Hüseynə işdən çıxıb yaşadığı Sumqayıt şəhərinə gəldiyini demişdir. Hüseyn isə İsgəndər və tanışları Fuadla birlikdə Sumqayıt şəhərində yerləşən “Simurq" restoranında oturduqlarını deyib onu ora dəvət etmiş, həmçinin bildirmişdir ki, İsgəndər ona olan borcunu vermək istəyir. O da təxminən saat 17:30 radələrində Hüseynin dediyi yerə gəlmişdir. Orada Fuad, İsgəndər və Hüseynlə görüşdükdən sonra İsgəndər onların yanında cibindən ona borclu olduğu 1000 (bir min) manat pulu çıxarıb ona vermişdir. Sonra isə o, oradan çıxıb yaşadığı evə getmiş və xidməti geyimi dəyişdikdən sonra yenidən onların yanına qayıtmışdır. Onlar restoranda bir neçə dəqiqə oturduqdan sonra piyada Sumqayıt şəhərində gəzməyə başlamışlar. Yolda Fuad onlardan aralanıb çıxıb getmişdir. “Möhtəşəm” şadlıq sarayının yanında çatanda Hüseyn əlində tutduğu pul qabından pul çıxarıb sayaraq 4000 (dörd min) manat pulu İsgəndərə vermişdir. İsgəndər də həmin pulu sayıb cibinə qoymuşdur. Sonra isə onlar ayrılmışlar və o yaşadığı evə getmişdir. Hüseynin 14 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs aldadaraq ondan 5000 (beş min) manat pul almasından heç bir məlumatı olmamışdır. İsgəndərin ona verdiyi 1000 (bir min) manat pulu hansı yolla əldə etməsindən məlumatı olmamışdır. O, İsgəndərdən bu barədə soruşmamış, sonuncu da ona pulu haradan əldə etməsi barədə heç bir söz deməmişdir. İsgəndərin ona verdiyi 1000 (bir min) manat pul 06 (altı) ədəd 50 (əlli) manatlıq və 07 (yeddi) ədəd 100 (bir yüz) manatlıq əskinaslardan ibarət olmuşdur. Səhv etmirsə Hüseynin də həmin vaxt İsgəndərə verdiyi 4000 (dörd min) manat pul 50 (əlli) manatlıq və 100 (bir yüz) manatlıq əskinaslardan ibarət olmuş, lakin hansı miqdarda 50 (əlli) manatlıq və 100 (bir yüz) manatlıq əskinas olmasını bilməmişdir. İsgəndər yalan demiş, ona borclu olduğu 1000 (bir min) manat pulu 14 iyul 2022-ci il tarixdə Hüseyn və Fuadın yanında vermişdir. 13 iyul 2022-ci il tarixdə İsgəndər onunla əlaqə saxlamamış və sonuncu ilə görüşməmişdir. 14 iyul 2022-ci il tarixdə o, Hüseyn, İsgəndər və Fuad birlikdə “Simurq” restoranından çıxıb piyada gəzməyə başlamışlar. Bir qədər gəzəndən sonra Fuad onlardan ayrılıb getmişdir. O, Hüseyn və İsgəndərlə birlikdə “Möhtəşəm” şadlıq sarayının yanında isə Hüseyn pul qabından 4000 (dörd min) manat pulu çıxarıb onun yanında İsgəndərə vermişdir. Hüseyn 4000 (dörd min) manat pulu İsgəndərə verən zaman orada o, olmuş, Fuad orada olmamışdır. İş materiallarında olan “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 (bir) ədəd CD diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində AUD-20220716-WA0004 kimi qeyd olunmuş 1965 KB həcmində səs yazısının, İMG-20220828-WA0000 kimi qeyd olunmuş 162 KB həcmində, İMG-20220828- WA0001 kimi qeyd olunmuş 163 KB həcmində, 1MG- 20220828-WA0003 kimi qeyd olunmuş 169 KB həcmində, İMG-20220828-WA0004 kimi qeyd olunmuş 159 KB həcmində və İMG-20220828-WA0005 kimi qeyd olunmuş 142 KB həcmində fotoşəkillərin olması müəyyən olundu. Fotoşəkillərə baxdıqda həmin fotoşəkillərdə 02 (iki) ədəd 200 (iki yüz) manatlıq, 46 (qırx altı) ədəd isə 100 (bir yüz) manatlıq, cəmi 5000 (beş min) manat məbləğində pul əskinaslarının əks olunduğu müəyyən olundu. Zərərçəkmiş şəxs bildirdi ki, qızını məktəbə müəllimə kimi işə düzəltməkdə köməklik göstərməsi üçün həmin pulları Təqsirləndirilən şəxs2 vermişdir. Səs yazısını dinlədikdə isə Zərərçəkmiş şəxs və digər şəxsin aralarında söhbət aparıldığı müəyyən olundu. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, digər səs Pərviz adı ilə tanıdığı Təqsirləndirilən şəxs2 məxsusdur. Səs yazısını dinlədikdə müəyyən edilir ki, Zərərçəkmiş şəxs “alo”, digər şəxs “bəli, salam ağsaqqal”, Zərərçəkmiş şəxs “Salam, nətərsən ay Pərviz müəllim, nə var nə yox”, Təqsirləndirilən şəxs2 (bundan sonra Pərviz) “şükür Allaha, Allah razı olsun”, Zərərçəkmiş şəxs “yaxşı olun”, “nə xəbəbr var, vəziyyət nə yerdədir”, Pərviz “şükür Allaha, o biri tərəflə danışdıq, birinci gün inşallah düzələcək”, Zərərçəkmiş şəxs “Pərviz müəllim o, gün siz dediniz ki, mən gedəcəm müəllimin yanına, Teymur müəllimin”, Pərviz “zəngə görə deyirsiz?”, Zərərçəkmiş şəxs “əmanəti aparıb vermisən, verməmisən”, Pərviz “onu verdik, İsgəndərlə birlikdə getdik, çəkildi durdu kənarda, evində verdim. Elə şey ola bilməz verməyim”, Zərərçəkmiş şəxs “dedim görüm Pərviz müəllim bir xəbər demədi, narahat oldum”, Pərviz “yox narahat olmayın mənim əzizim, İsgəndərlə danışıb görüşürük, gözləyirik ağsaqqal zəng vursun mənə, inşallah birinci gün imtahanda”, Zərərçəkmiş şəxs “hə birinci gün imtahandır. Pərviz müəllim yadımdan çıxdı sizə deyim qızımın bibisi oğlu dedi ki, gedəcəm soruşacam görüm həqiqətən də 15 nömrəli məktəbdə yer var yoxsa yox, qoy ürəyi arxayınlaşsın, görüm adı düşüb ora ya yox”, Pərviz “o, hələ imtahandan keçməyib axı necə düşə bilər ora", Zərərçəkmiş şəxs “Teymur müəllim görüm siyahı”, Pərviz “mənim əzizim bu gərək imtahanda iştirak etməlidi, bəs mən danışanda bacıya vəziyyəti başa saldım dedim ki, o adam orda iştirak etməlidir, imtahandan keçməlidir, bal bilinməlidir, ondan sonra prosseslər davamlı gələcək. Bu dəqiqə dursun getsin məktəbə istəyir müdriyyətlə görüşsün nə kim nə deyə bilərki, imtahanda iştirak etməlidi”, Zərərçəkmiş şəxs “o, deyir ki, görək müəllim siyahıya alıbmı, yəni orada yer olması barədə", Pərviz “onu qoy ağsaqqalla məsləhətləşib sizə davamını deyim, yəni bilirsiz nəyə görə, sizi başa düşdüm, biz orada danışanda bu mövzuda heç kim heç nə bilmədi, mən onun özü ilə məsləhətləşim, onun başının üstündən iş görməyim, səhər siz belə diyərsiz, oradan məktəbdən direktor yığar belə deyər”, Zərərçəkmiş şəxs “direktorun yanına heç kim gedən deyil, Teymurun özü ilə arası yaxındır, deyir gedəcəm özündən maraqlanım görüm bu adamı siyahıya alıb ya-yox, bu adam ortada qalmasın”, Pərviz “əgər belə bir adam var idisə onda İsgəndəri neynirdiz, məni neynirdiz, iş görülüb, deyildi axı heç kimə heç nə deyilməsin, burda heç bir problem yoxdur, əgər belə narahatçılıq varsa mən zəng vurum verilni dala qaytarsınlar, qaytaraq”, Zərərçəkmiş şəxs “yox bu adam tam arxayın olsun”, Pərviz “qoy İsgəndərlə danışım mən, ağsaqqalla da danışım” kimi ifadələr bilririrlər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 (bir) ədəd CD disk və xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs2 məxsus əlyazma maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-478/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində xx.xx.2023-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 22359 №li, xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 1250 (bir min iki yüz əlli) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan Sumqayıt Mənzil Kommunal X1 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Mənzil Kommunal X1 17 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4). İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarrixdə Zərərçəkmiş şəxs qızını məktəbə müəllimə kimi düzəltməkdə köməklik göstərməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini X2 5000 (beş min) manat məbləğində pul vermələri istintaq materialları ilə sübuta yetmədiyindən Teymur Səmədovun barəsində Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 32.4 və 312-ci maddələri ilə və Zərərçəkmiş şəxs barəsində isə Azərbaycan Respublikası CM-nin 32.4 və 312-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxslər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən edildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbayan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlini etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən edildi. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-260/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-260/2023
07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver