Məhkəmə qərarları › İş №1(060)-260/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-260/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-260/2024 27.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,226 qram ağ kristallik maddə olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlamaqla daşımış, 16 noyabr 2023-cü il tarixdə, saat 17:45 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəh, 13-cü mikr. ərazisində yerləşən 43 saylı binanın önündə keçirilmiş əməliyyat tədbiri zamanı saxlamaqla 3-cü PB-nə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin maddə əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, 2 ilə yaxındır ki, psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 17:45 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmiş, o, etiraz etməmişdir. 3-cü PB-də olan zaman onu xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmiş, o, buna etiraz etməmiş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edildikdə əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd qızılı rəngli kağız bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində şəffaf rəngli, kristal formada “metamfetamin” ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş şəffaf rəngli, kristal formada olan psixotrop maddənin “şüşə” olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddə tərəzidə çəkilmiş, çəkisinin 0,32 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə kütləsi xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş və o, da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Eləcə də, o, ifadəsində heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmadığını və polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Əməlindən peşmandır. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və saxlaması barədə məlumat daxil olmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, o cümlədən 3-cü PB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil etmiş, həmin gün, Təqsirləndirilən şəxs ünvan 3-ün qarşısında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-ci il tarixdə, saat 17:45-də əməliyyat qrupu ilə birlikdə ünvan 3-ün qarşısında olan zaman əlamətləri sonuncunun əlamətlərinə uyğun gələn şəxsin olduğunu görüb onu saxlamış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin qəbulu, üzərində gəzdirilməsi və saxlanılmasında şübhəli olduğunu bildirmiş, üzərində şəxsi axtarış aparılması üçün Quliyevi 3-cü PB-na dəvət etmiş, birlikdə PB-na getmişlər. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra İsmayıla hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi vəkil təqdim olunmuş, sonuncuya üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan şalvarının cibində saxlamış olduğu 1 ədəd kağız bükülünü təqdim etmiş, açılan zaman içərisində şəffaf rəngli, kristal formada psixotrop maddə “metamfetamin”-ə bənzər kütlənin olduğunu görüldü. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin şüşə olduğunu, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını və şəxsi istfadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra aşkar olunmuş həmin maddə tərəzidə çəkildi, müvafiq qaydada qablaşdırıldı. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 13:55) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 16 noyabr 2023-cü il tarixdə, saat 17:45 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); 18 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 50-51) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 18 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 58-60); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” 18 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 61-64); “şəxsi axtarışın keçirilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar video kamera vasitəsi ilə qeydə alınaraq diskə köçürülmüş video disk kompüter vasitəsi ilə açılaraq içərisində olan video görüntüyə baxış keçirilmiş. baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 17:45 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş, xidməti otaqların birində videoçəkiliş aparılmaqla həmin bölmənin təqiqatçısı, polis baş leytenantı Emin Alışov sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs özünü təqdim etməklə, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim edir, daha sonra polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər Regional Vəkil bürosunun vəkili X3 təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz etmir, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O özü əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd qızılı rəngli kağız bükümü təqdim edir, həmin büküm açılan zaman içərisində şəffaf rəngli, kristal formada “metamfetamin” ə bənzər maddənin olduğu aşkar olunur və həmin maddə elektron tərəzidə çəkilir, ümumi çəkisi 0,32 qram olduğu müəyyən edilir. Ondan bükülüdə nə olduğu soruşulduqda o, həmin maddənin “şüşə” olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirilir. Həmin maddə zərfə qoyulub qablaşdırılır və iştirakçılar tərəfindən zərf imzalanır, sonra DİN-nin 127 saylı möhürü ilə möhürlənir və bundan sonra videoçəkiliş dayandırılmışdır.(i.v 29-30) AR ƏN MEM 6/6041 nömrəli 17 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, tədqiqata təqdim edilmiş üzərində ‘'Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərfəlr üçün 127" dairəvi möhür əksləri olan “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,226 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metmafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Syahı İ) daxildir. ( i.v. 38-42) Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 7810 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələr və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi mülaicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi mülaicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 71-72). AR DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 77-78); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və ya yazılı heç bir şikayət daxil olmamışdır. (i.v.66) “sübutların qiymətləndirilməsi haqqında” 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/6041 nömrəli 17 noyabr 2023-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7810 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0.226 qram psixotrop maddə olan metamfetamin sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.176 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 85-91); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin miqdarının şəxsi istehlak miqdarına çox yaxın olmasını, bundan başqa sonuncunun cəzasını yüngülləşdirən halı, əməlini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 16 noyabr 2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 0.176 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərini, Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Günay Cəfərovaya 60 (altmış) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on ay) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 5 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.176 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar