Məhkəmə qərarları › İş №1(060)-261/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-261/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-261/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10 ünvanında qeydiyyatda olan və ünvan 2annıda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09 noyabr 2020-ci il tarixdə saat 08:30 radələrində, texniki cəhətdən saz vəziyyətdə olan “Haojue HJ” markalı, 99 A 497 dövlət qeydiyyat nişanlı motosikletlə Sumqayıt şəhəri, Niyazi küçəsi ilə 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tədbirləri görməmiş, yolun hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi motosikletin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs “Sol incik sümüyünün distal metafizinin yerdəyişən sınığı, döş qəfəsinin sağ yarısının, sol budun yumşaq toxumalarının əziyi, sağ baldırın, sağ kürəkaltı nahiyənin, sağ bel nahiyəsinin qançırı” kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, “Haojue HJ” markalı, 99 A 497 dövlət qeydiyyat nişanlı motosiklet ona məxsusdur, həmin motosikleti Şahid2 1000 manata almış, lakin bununla bağlı heç bir sənədləşdirmə aparmamış, buna görə də Şahid2 ona etibarnamə verməmişdir. 09.11.2020-ci il tarixdə saat 08:30 radələrində o “Haojue HJ” markalı, 99 A 497 dövlət qeydiyyat nişanlı motosikletlə Sumqayıt şəhəri, Niyazi küçəsi ilə üzü Oba market istiqamətində 50 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxtı qarşı tərəfdən bir nəfər kişinin bir nəfər qız və balaca uşaqla yolun sağ tərəfindən sol tərəfinə keçdiyini görmüşdür. Onlar yolun xeyli hissəsini keçib dayanmışlar. O, həmin şəxslərin yolun ortasında dayandığını görüb hərəkətini davam etdirmişdir. Həmin şəxslərə az məsafə qalmış qızla uşaq dayandığı yerdə durmuşlar. Lakin, kişi buna baxmayaraq hərəkətini davam etdirərək motosikletin qarşısında dayanmışdır. O, bunu görüb məsafənin az olmasına baxmayaraq motosikletin ön və arxa əyləcini basmış, motosikletin sürətini azaltmışdır. Lakin, buna baxmayaraq idarə etdiyi motosiklet sürüşərək həmin kişiyə dəymişdir. Həmin kişi yerə yıxılmışdır. O, özü də motosikletdən yerə yıxılmışdır. Həmin vaxtı o, müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Sonra o, ayağa qalxarkən həmin kişinin qızı onu təhqir edərək motisikletin qabaq farasını təpikləyərək sındırmışdır. Sonra həmin qız onun üstünə gələrək onu vurmaq istəyərkən ətrafda olan şəxslər onları ayırmışlar. Hadisə vaxtı motosikleti təxminən 50 km/saat sürətlə idarə etmiş, təxminən 15- 20 metr məsafədən Zərərçəkmiş şəxs, sonradan bildiyi qızının və nəvəsinin yolun sağ tərəfindən sol tərəfinə keçdiyini görmüş, avtomobilləri idarə etmək hüququ verən heç bir sənədi olmamış, belə ki, onun sürücülük vəsiqəsi və “Haojue HJ” markalı, 99 A 497 dövlət qeydiyyat nişanlı motosikleti idarə etmək üçün heç bir sənədi, vəsiqəsi və etibarnaməsi olmamış, Şahid2 həmin motosikleti alarkən həmin motosikletin alqı satqısını yaxın vaxtlarda sənədləşdirəcəkləri barədə razılaşmış, lakin sonradan vaxt olmadığı üçün bunu edə bilməmiş, hadisə vaxtı spirtli içki qəbul etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə maddi imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 09 noyabr 2020-ci il tarixdə saat 09:00 radələrində o, qızı Türkan və azyaşlı nəvəsi Rizvanla birlikdə yaşadığı evdən çıxıb 13-cü mikrorayon ərazisinə getməyə başlamışdır. O, həmin vaxtı avtomobil yolunu keçməyə başlamış, qızı Türkan və nəvəsi Rizvan isə yolun kənarında gözləməyə başlamışlar ki, yolu sonradan keçsinlər. Həmin vaxtı o, yolun sonuna çatdıqda qəflətən sol tərəfdən qara rəngli “Haojue HJ” markalı, 99 A 497 dövlət qeydiyyat nişanlı motosikletin sürətlə ona tərəf gəldiyini görmüşdür. O, dərhal qabağa tərəf tullanmışdır ki, həmin motosiklet onu vurmasın. Lakin həmin motosiklet onu vurmuş və o, yerə yıxılmışdır. Həmin vaxtı qızı Türkan ona yaxınlaşmış və Türkan təcili tibbi yardım xidmətinə zəng vurmuşdur. Həmin vaxtı onu vuran motosikletin sürücüsü sonradan adını bildiyi Təqsirləndirilən şəxs da ona yaxınlaşıb “özünü tülkülüyə vurma, sənə heç nə olmayıb” demişdir. Az sonra təcili tibbi yardım maşını hadisə yerinə gəlmişdir. O, təcili tibbi yardım xəstəxanasının həkimləri ilə birlikdə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına gəlmişdir. Xəstəxanada həkimlər ona tibbi yardım göstərmişlər. Hadisə vaxtı ona məxsus “Huawey” markalı mobil telefonu sınaraq zədələnmiş, təxminən 10 metr məsafədən “Haojue HJ” markalı, 99 A 497 dövlət qeydiyyat nişanlı motosikletin sol tərəfdən gəldiyini görmüş, hadisə vaxtı “Haojue HJ” markalı, 99 A 497 dövlət qeydiyyat nişanlı motosiklet təxminən 60 km/saat sürətlə hərəkət etmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, “Haojue HJ” markalı, 99 A 497 dövlət qeydiyyat nişanlı motosiklet əvvəllər ona məxsus olmuşdur. Təxminən bir il bundan əvvəl o, həmin motosikleti satmaq istəmiş, bu barədə o, bir neçə tanışına demişdir. Həmin ərəfələrdə adını xatırlamadığı tanışlarından biri ona demişdir ki, Hikmət adlı tanışı həmin motosikleti almaq istəyir. O, razılıq vermişdir. Sonra həmin tanşının vasitəsi ilə o, Hikmət adlı şəxslə Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində görüşmüşlər. Onlar razılaşmışlar ki, 3-4 ay ərzində Hikmət ona hissə-hissə 1000 manat pul ödəyəcək. İlkin olaraq Hikmət ona 20 manat beh vermişdir. Həmin günü axşam o, Hikmətlə yenə də Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində görüşmüşdür. Hikmət həmin vaxtı ona 480 manat pul vermişdir. Qalan pulları isə 3-4 ay ərzində hissə-hissə ona ödəyəcəyini bildirmişdir. O, həmin vaxtı “Haojue HJ” markalı, 99 A 497 dövlət qeydiyyat nişanlı motosikleti Hikmətə satmışdır. “Haojue HJ” markalı, 99 A 497 dövlət qeydiyyat nişanlı motosikleti Təqsirləndirilən şəxs satarkən heç bir sənədləşdirmə aparmamış, Təqsirləndirilən şəxs “Haojue HJ” markalı, 99 A 497 dövlət qeydiyyat nişanlı motosikleti alarkən ona sənədləşdirmə aparmaq üçün pulunun olmadığını bildirmiş, ona görə də o, həmin motsikleti ona satarkən sənədləşdirmə aparmamışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 13.11.2020-ci il tarixli 1411 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol incik sümüyünün distal metafizinin yerdəyişən sınığı, döş qəfəsinin sağ yarısının, sol budun yumşaq toxumalarının əziyi, sağ baldırın, sağ kürəkaltı nahiyyənin, sağ bel nahiyyəsinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsində müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 09.11.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 03.02.2021-ci il tarixli, 8/81 saylı rəyindən görünür ki, Haojue HJ” markalı, 99A497 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 19.12.2020-ci il tarixli 302-5096-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına kompyuter bazasına əsasən sürücülük vəsiqəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş 25.01.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-13.01.2017-ci il təvəllüdlü X1 vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi əməli səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 209 (iki yüz doqquz) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli (iş № 1(060)-261/2021) qərarını icra edərək, 219 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 209 (iki yüz doqquz) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Təqsirləndirilən şəxs göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar