Məhkəmə qərarları › İş №1(060)-262/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-262/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-262/2021 21.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9V, mənzil 9-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 26.11.2020-ci il tarixdə saat 14:35 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində, Koroğlu prospektində hərəkətdə olan 523 nömrəli sərnişin avtobusunda vət. Zərərçəkmiş şəxs yaxınlaşıb, sonuncunun çiynində olan çantasına əlini salaraq oradan 1 (bir) ədəd 1000 (min) manat dəyərində “İphone” markalı, 11 modelli mobil telefonu üzərində olan 1 (bir) ədəd 4 (dörd) manat dəyərində (070) ***-**- ** nar mobil nömrə kartı ilə birlikdə gizli talayaraq Zərərçəkmiş şəxs ümümilikdə 1004 (min dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur, sonuncu dəfə CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2019-cu ilin noyabr ayında cəzasını çəkib qurtarmışdır. 26 noyabr 2020-ci il tarixdə şəxsi işləri ilə bağlı qardaşı Şahid1 ilə birlikdə Sumqayıt şəhəri “Mərkəzi bazar”a getmişlər, təxminən saat 14 radələrində yaşadıqları evə getmək üçün 523 saylı sərnişin avtobusuna əyləşmişlər, həmin gün saat 14:30 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində avtobusdan düşən zaman qarşısında avtobusda ayaq üstə dayanan bir nəfər qızın telefonla danışdıqdan sonra telefonu çantasına qoyduğunu görmüş və həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. Kənradan onun əməlini heç kimin görməyəcəyini dəqiqləşdirdikdən sonra avtobusdan düşən zaman həmin qızı avtobusdan düşməyə tələsdirib fikirini yayındıraraq çantasından 1 ədəd “İphone 11” markalı qırmızı rəngli mobil telefonu oğurlamışdır. Sonra o, avtobusdan düşüb yaşadığı ünvana tərəf getmiş, evə gedən zaman yolda qardaşı Şahid1 avtobusdan düşən zaman qızın çantasından “İphone 11” markalı mobil telefonunu oğurladığını bildirmişdir. Sonra o, həmin mobil telefonun üzərində olan nar kart nömrəni çıxarıb sındıraraq xatırlamadığı yerə atmış və həmin gün saat 16 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayonda “Billur” şadlıq sarayının yaxınlığında yerləşən telefon mağazasına şəxsiyyət vəsiqəsinin sürətini təqdim edərək həmin mobil telefonu satmışdır. Həmçinin Təqsirləndirilən şəxs “İphone 11” markalı mobil telefonu oğurlayarkən ona başqa şəxslərin köməklik etmədiyini, o, həmin cinayəti tək törətdiyini, oğurluq edən zaman onun əməlini heç kimin görmədiyini, qardaşı Şahid1 həmin “İphone 11” markalı mobil telefonu oğurlayan zaman ona heç bir köməklik göstərmədiyini, qardaşı Rahibin onun oğurluq etməyini sonradan o, bu barədə Rahibə deyəndən sonra bildiyini, oğurladığı “İphone 11” markalı mobil telefonu 180 manata sataraq əldə etdiyi həmin pulu öz şəxsi ehtiyaclarına xərclədiyini, mobil telefonu satan zaman telefonun oğurluq olduğunu onu alan şəxsin bilmədiyini, o telefonu satan zaman alan şəxsə telefonu parkda gəzən zaman bloka düşmüş vəziyyətdə tapdığını bildirdiyini, həmin mobil telefonu satdığı şəxsi əvvələr tanımadığını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənildiyini bu səbəbdən də ona yüngül cəza təyin edilmə\sini Məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, atası rəhmətə getmiş, anası isə xaricdə oldubundan hazırda dayısı Ağammədov Əlövsətin himayəsində yaşayır. 26.11.2020-ci il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri “Mərkəzi bazar”ın yanında Sumqayıt şəhəri 10-cu mikrorayona müəlliməsinin yaşadığı ünvana məşğələyə getmək üçün 523 saylı sərnişin avtobusuna əyləşmişdir. O, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində düşəcəyi avtobus dayanacağına çatmağa az qalmış əyləşdiyi oturacaqdan ayağa qalxıb düşməyə hazırlaşan zaman əl çantasında olan mobil telefonuna zəng gəlmiş, o, çantasından telefonu götürüb danışdıqdan sonra yenidən çantaya qoymuş və avtobusdan düşərək yolu 10-cu mikrorayon istiqamətinə keçib piyada həmin mikrorayonda 3 saylı binada yaşayan müəlliməsinin yaşadığı ünvana getmişdir. O, müəlliməsinin mənzilində olan zaman çantasından mobil telefonunu götürmək istədikdə telefonunun çantasında olmadığını aşkar etmişdir. O, həmin vaxt DİN-in “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və bu barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə ərizə və izahat vermişdir. O, əvvəlcə mobil telefonun itirdiyimi zənn etdiyi üçün ərizəsində mobil telefonu itirdiyimi qeyd etmiş, lakin, sonrdan avtobusdan düşən zaman ona zəng gəldiyi üçün telefonla danışıb çantasına qoymağını və avtobusdan düşəndə bir nəfər orta yaşlı oğlanın onun ardınca düşərək onu düşməyə tələsdirdiyini xatırlamış və telefonun çantasından düşməsi və ya itirməsinin mümkü olmadığı ona məlum olduğu üçün “İPHONE 11” markalı mobil telefonunun avtobusdan düşən zaman çantasından oğurlanması barədə təkrar ərizə yazmışdır. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində ona verilən suallara cavab olaraq hadisənin 26.11.2020-ci il tarixdə saat 14:35 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində avtobus dayanacağında 523 saylı sərnişin avtobusundan düşən zaman baş verdiyini, “İPHONE 11” markalı **********46486 imei kodlu, qırmızı rəngli mobil telefonu 2020-ci ilin yanvar ayında 2400 manata aldığını, həmin mobil telefonun üzərində olan 070 812-22-10 nar kart mobil nömərəsini isə 2019-cu ilin may ayında 12 manata aldığını, “İPHONE 11” markalı mobil telefonun hazırki dəyəri 1600 manat olmasını nəzrə alaraq baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1612 (min altı yüz on iki) manat məbləğində maddi ziyan dəydiyini, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmədə şahid qisimində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 26.11.2020-ci il tarixdə günorta saatlarında qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhəri Mərkəzi bazara getmiş, orada şəxsi işlərini gördükdən sonra yaşadıqları evə getmək üçün 523 saylı sərnişin avtobusuna əyləşmişlər, həmin gün saat 14 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində qardaşı Təqsirləndirilən şəxsla birlikdə 523 saylı avtobusdan düşdüb evə gedən zaman qardaşı Rəşad ona avtobusdan düşən zaman qızın çantasından “İphone” markalı mobil telefon oğurladığını bildirmiş, sonra onlar yaşadıqları ünvana getmişlər. Həmçinin, Şahid1 ifadəsində qardaşı Rəşadın oğurladığı həmin mobil telefonun nə etdiyini bilmədiyini, Rəşad həmin “İphone” markalı mobil telefonu oğurlayan zaman ona heç bir köməklik göstərmədiyini, Rəşad mobil telefonu oğurlayan zaman ona heç nə demədiyini, həmin zaman onun oğurluq etməsini görmədiyini, avtobusadan düşdükdən sonra Rəşad qızın çantasından “İphone” markalı mobil telefon telefon oğurladığını ona dediyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, o, mobil telefon ustasıdır və Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən telefon təmiri və alqı-satqısı mağazası işlədir. 26.11.2020-ci il tarixdə saat 16 radələrində işlədiyi mağazaya bir nəfər 36-37 yaşlarında olan oğlan yaxınlaşıb “İcloud”a düşmüş “İPHONE 11” markalı qırmızı rəngli mobil telefon gətirərək satmaq istədiyini bildirmiş, o, həmin şəxsə “İcloud”a düşmüş “İPHONE” markalı mobil telefonu blokdan çıxarmaq mümkün olmadığından telefonu ucuz alacağını ona bildirmiş, həmin şəxs onunla razılaşmışdır. O, həmin şəxsdən telefonun özünün olub-olmamasını soruşmüş, o həmin telefonu “İcloud”a düşmüş vəziyyətdə parkdan tapdığını ona bildirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin surətini alaraq həmin şəxslə razılaşıb 180 manata “İPHONE 11” markalı qırmızı rəngli qeyd olunan mobil telefonu almışdır. Sonra həmin telefonu ehtiyyat hissələrə ayıraraq təxminən 2020-ci ilin dekabr ayının sonlarınadək tanımadığı müştərilərə satmışdır. Həmçinin, Şahid2 ifadəsində şəxsiyyət vəsiqəsinin surətini aldıqdan sonra Təqsirləndirilən şəxs olduğu bildiyi həmin şəxsin “İPHONE 11” markalı mobil telefonu cinayət yolu ilə əldə etməsini bilmədiyini, həmin şəxsdən mobil telefonu alan zaman oğurluq olub-olmamasını soruşduqda o, parkda gəzən zaman “İcloud”a düşmüş vəziyyətdə parkdan tapdığını ona bildirdiyini, həmin telefonu blokdan çıxarmaq mümkün olmadığından dəyərindən aşağı qiymətə aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizanın 22.01.2021-ci il tarixli, 9/5871 saylı rəyindən görünür ki, bir ədəd istifadədə olmuş, aksesuarsız “İphone” markalı 11 modelli mobil telefonun 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə dəyəri nəzəri hesablama yolu ilə təxminən 1000 (min) manat, bir ədəd (070) ***-**-** nar mobil nömrə kartı isə 4 (dörd) manat müəyyən olunur. Həmçinin iş materiallarından görünür ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının 22.01.2021-ci il tarixli, 9/5871 saylı rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və Sumqayıt şəhəri Məhkəməsinin 15.03.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28.11.2019-cu ildə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsindən görünür ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Ona görə də Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs hesab olunur və onun əməli Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs 12.01.2021-ci il tarixində CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 14.01.2021-xi il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi Bayram Əsgərovun vəsatəti və Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanovun təqdimatı təmin edilməmişdir. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən çıxarılmış 14.01.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. 9 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə törədilən cinayət əməlində təqsirinin olması özünün, zərərçəkmiş şəxsin, şahidin ifadələri, eksepertin rəyi və digər sübutlarla da təsdiq olunur. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi və ona dəymiş ziyanı tamamilə ödəməsidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, həmçinin təqsirləndirilən şəxsin əvvəllər də məhkumluğunun olması və məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətməsi sonuncunun islah olunmadığını göstərir. Bu səbəbdən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2021ci il tarixindən hesablanmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalından həbs olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 02 gün ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti cəza təyin olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 09.03.2021-ci il tarixli (iş № 1(060)-2620/2021) qərarını icra edərək, 16 mart 2021-ci il tarixli 256 saylı orderə əsasən vəkil X4 onun vəkili təyin etmişdir. Müdafiəçi X4 Məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “xxxx” Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Məhkəmə iclas zalından həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2021-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “xxxx” Sumqayıt şəhər filialı, hesab AZ03TURA ******************** VÖEN ********** Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar