Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-264/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs nümayəndəsi X2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin avqust ayının əvvəllərində internet şəbəkəsi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs ona məxsus pul əskinazlarını bankda saxta olub-olmamasını yoxlatdırmaq adi ilə aldadaraq vahid niyyətlə 06.08.2020-ci il tarixdə Sumqayıt şəhəri, N. Nərimanov küçəsində yerləşən “Bazarstore” mağazanın yanında 200 (iki yüz) ABŞ dolları 340 (üç yüz qırx) manat ekvivalentində və 07.08.2020-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən “Murad Market” mağazasının yaxınlığında 1100 (bir min yüz) ABŞ dolları 1870 (bir min səkkiz yüz) manat ekvivalentində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1300 (bir min üç yüz) ABŞ dolları yəni, 2210 (iki min iki yüz on) manat ekvivalentində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 03.08.2020-ci il tarixdə “Onlar.az” saytında Zəhra adlı qızla tanış olmuş, onunla tanışlıqdan sonra 06 avqust 2020-ci tarixdə Sumqayıt şəhəri, 14-cü məhəllənin yaxınlığında görüşmüşlər. Orada olan bir rahat yerdə oturacaqda oturmuşlar və təxminən bir saat ərazində söhbət etmişlər. Onun əsil adının Gültəkin olduğunu bilmişdir. Gültəkin həmin vaxt Nihad adlı şəxsin ondan pul alıb qaytarmadığını demiş, daha sonra Sumqayıt şəhəri ərazisində “Bazarstore” adlı mağazanın yanında görüşəndə Gültəkinin əlində 200 (iki yüz) ABŞ dolları pulun olduğunu görmüş, ona həmin dolların saxta olduğunu demiş, Gültəkin isə evdə bundan başqa 100 dollar pulu da olduğunu bildirmiş, ona ümumilikdə 300 ABŞ dollar pulu saxta olub-olmadığını yoxlamaq imkanında olduğunu qeyd etmişdir. Ona görə də Gültəkin ona inanaraq həmin 200 ABŞ dollarını vermiş və digər 100 ABŞ dolarını isə sonradan gətirəcəyini bildirmiş, həmin pulu Gültəkindən götürərək yoxlatdırdıqdan sonra ona qaytaracağına söz vermişdir. 2020-ci ilin avqust ayının təxminən ortalarında Gültəkinlə Sumqayıt şəhəri ərazisində “Murad” adlı marketin yaxınlığında görüşmüş, həmin vaxt Gültəkin ona 100 ABŞ dollarını gətirmiş və orada ondan həmin pulları almış və söz vermişdir ki, həmin pulu aldıqdan sonra onları yoxlatdırıb özünə qaytararaqdır. Daha sonra münasibətləri korlanmış və heç bir yerdə işləmədiyi üçün Gültəkindən aldığı pulları qaytara bilməmiş və öz ehtiyaclarına xərcləmişdir. Gültəkindən ümumilikdə 300 ABŞ dollar məbləğində pulu yoxlatdırmaq adı ilə, yəni həmin pul əsginaslarının saxta olub-olmadığını müəyyən etmək adı ilə aldadaraq almışdır. O, zərərçəkmiş şəxsdən 1300 ABŞ doları məbləğində deyil, yalnız 300 ABŞ dolları məbləğində pul almışdır. Dəqiq tarixi xatırlamır, Gültəkin ona qardaşının xəstə olduğunu, ona baxdığını və evdən ancaq gecə saatlarında çıxa bildiyini göstərib onu gecə yaşadığı həyət evinə gəlməsini istəmiş, o da bundan sonra onun dəvəti əsasında Gültəkinin yaşadığı həyətə gəlmiş və onunla görüşüb söhbət etmişdir. Lakin, Gültəkinə heç bir formada hədə-qorxu gəlməmiş, o, cümlədən Gültəkinin intim (açıq) şəkilləri onda olmamış və buna görə onu hədələməmiş və sonuncudan pul tələb etməmişdir və onun telefonunda Gültəkinə aid heç bir intim şəkil olmamışdır. Gültəkinin bu barədə göstərdikləri yalan və uydurma olmuş, sonuncu valideynlərinin təsiri altında olmuş və onlardan qorxduğu və hərəkətləri ortaya çıxdığı üçün hər dəfə fərqli danışmışdır. Gültəkin ona qardaşının xəstə olduğunu, gündüzlər ona qulluq etdiyini, buna görə onunla yalnız gecələr görüşə biləcəyini bildirmişdir. Buna görə də Gültəkinlə gecə vaxtı küçədə gəzişərkən kameraya düşmüşlər. Təqsirləndirilən şəxs vurmuş olduğu maddi zərəri ödəməyə imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs 12.04.2021-ci il tarixdə məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 22.07.2020-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mkr ərazisində 7 saylı marşrut avtobusu ilə evə qayıtdığı zaman marşrutda bir nəfər şəxs onun yanında oturacaqda əyləşmiş və onunla söhbətə başlamış, ailəsinin olmadığını özünün polis işlədiyini bildirmiş, söhbət zamanı o, dost kimi tanışlıq təklif etmiş, ona razılıq vermiş, həmin şəxs özünü Nihat kimi təqdim etmiş və ***-***-**-** saylı mobil nömrəsini vermiş, o da həmin şəxsə ***-***-**-** mobil nömrəsini vermişdir. Nihatla telefon vasitəsi ilə bir neçə dəfə, sonra da vatsap vasitəsi ilə danışmışlar. Nihatla Sumqayıt şəhəri ərazisində 3 dəfə görüşmüş, avqust ayının əvvəllərində Nihatla danışdıqları zamanı, Nihat pula ehtiyacı olduğunu demiş və ona pul verib-verə bilməyəcəyini soruşmuşdur. O Nihata qaytara biləcəyi halda evdən pul götürüb ona verə biləcəyini demişdir. Nihat isə maaşını alacağı gün pulunu qaytaracağına söz vermiş və ondan 300-400 manat civarında pul istəmiş, o, isə Nihata 200 ABŞ dolları verə biləcəyini demişdir. Danışığa əsasən 06.08.2020-ci il tarixdə 15:00 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Bazastore” mağazasının qarşısında görüşməli olmuşlar. 06.08.2020-ci il tarixdə o, qeyd edilən yerə gəlmiş, mağazanın qarşısında Nihatı gözləmiş, bir necə dəqiqə sonra Nihat gəlmiş və əli ilə ona işarə edərək mağazaya daxil olmasını bildirmiş, o, mağazaya daxil olduqdan sonra Nihat ona kiminsə onları izlədiyini deyib, mağazadan çölə çıxmasını işarə etmişdir. Mağazadan çölə ilkin olaraq Nihat çıxmış, sonra isə o, Nihatın arxasınca mağazadan çölə çıxmış, lakin Nihatı görməmiş, həmin vaxt ona bir nəfər oğlan yaxınlaşaraq adının Cavid olduğunu bildirərək kimi gözləməsini ondan soruşmuş, o, da Nihat adlı tanışını gözlədiyini və ona 200 ABŞ dolları məbləğində pul borc verəcəyini demiş, həmin vaxt Cavid ona Nihatın yalançı, fırıldaq olduğunu və bir neçə qızı bu yolla aldatdığını ona demiş, bundan sonra ona öz telefonunda olan çılpaq şəkillər göstərərək, həmin şəkillərin ona məxsus olduğunu və həmin şəkilləri onun bütün ailə üzvlərinə göstərəcəyini demiş və əvəzində ondan pul tələb etmiş, o, həmin 200 ABŞ dollarını Cavidə vermiş və evində də 1100 ABŞ dolları olduğunu, həmin pulları da ona verəcəyinə söz vermişdir. Bundan sonra, Cavid gecə saatlarında ona zəng edərək məhəllərinə gəlmiş və ona zəng vuraraq görüşməsini bildirmiş, o, yaşadığı mənzildən çıxaraq Murad marketin yaxınlığında onunla görüşmüş və həmin yerdən bir az kənarlaşdıqdan sonra özü ilə gətirdiyi 1100 ABŞ dolları məbləğində pulu ona vermişdir. Bundan sonra, o evə qayıtmış, anası və atası onun harada olması ilə maraqlanan zaman o məcbur qalaraq onlara Cavid adlı şəxsin hədə qorxu gələrək ondan pul tələb etdiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hazırki vaxtadək ona vurulmuş maddi zərəri ödəmədiyi üçün onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ibtidai istintaqdakı ifadəsindən görünür ki, o, ibdiadi istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 22.07.2020-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci mkr əsrisizində 7 saylı marşrut avtobusu ilə evə qayıtdığı zaman marşrutda bir nəfər şəxs onun yanında oturacaqda əyləşmiş və onunla söhbətə başlamış, ailəsinin olmadığını, polis işlədiyini bildirmiş, söhbət zamanı o, dost kimi tanışlıq təklif etmiş, ona razılıq vermiş, həmin şəxs özünü Nihat kimi təqdim etmiş və ***-***-**-** saylı mobil nömrəsini vermiş, o da Nihata ***-***-**-** mobil nömrəsini vermişdir. Nihatla telefon vasitəsi ilə bir neçə dəfə, sonra da votsap vasitəsi ilə danışmışlar. Nihatla Sumqayıt şəhəri ərazisində 3 dəfə görüşmüş avqust ayının əvvəllərində Nihatla danışdıqları zamanı, Nihat pula ehtiyacı olduğunu demiş və ona pul verib-verə bilməyəcəyini soruşmuş, onun qaytara biləcəyi halda evdən pul götürüb ona verəcəyini demişdir. Nihat isə maaşını alacağı gün pulunu qaytaracağına söz vermiş və ondan 300- 400 manat civarında pul istəmiş, o, isə Nihata 200 ABŞ dolları verə biləcəyini demişdir. Danışığa əsasən 06.08.2020-ci il tarixdə 15:00 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Bazastore” mağazasının qarşısında görüşməli olmuşlar. 06.08.2020-ci il tarixdə o, qeyd edilən yerə qəlmiş, mağazanın qarşısında Nihatı gözləmiş, bir necə dəqiqə sonra Nihat gəlmiş və əli ilə ona mağazaya girməyi işarə etmiş, o da mağazanın içərisinə keçmiş, mağazanın içərisində Nihat ona mağazanın sağ tərəfində görüşməyi bildirmiş, ilk olaraq Nihat mağazadan çıxmış, sonra isə ora bir nəfər arıq bədəni, boyu təxminən 170 sm olan, 25-30 yaşlarında, keçəl şəxs yaxınlaşmış, onun orada nə etdiyini soruşmuş, ona Nihat adlı dostunu gözlədiyini bildirmiş, söhbət zamanı Nihata 200 ABŞ dolları borc verəcəyini bildirmiş, o da Nihatın ona yalan danışdığını, aldatdığını, başqa neçə qızı da belə aldatdığını bilirmiş, daha sonra onlar tanış olduqdan sonra ona inanmış və həmçinin o özünü Cavid kimi təqdim etmiş və ondan xoşu gəlmiş, bundan sonra da əlində olan 200 ABŞ dollarının saxta olub-olmadığını soruşmuş, o da saxta olmadığını ona deyəndə həmin pulları bank vasitəsi ilə yoxlamaq üçün ondan istəmiş, daha sonra ona inanaraq 200 ABŞ dollarını ona vermiş, o da pulları sabah qaytaracağına söz vermiş, həmçinin ona həmin vaxt əlavə 1100 ABŞ dolları pulu evdə olduğunu demiş, o da həmin pulları öz tanışları vasitəsi ilə yoxlatmağa imkanı olduğunu demiş, ona görə də ona inanmış və 200 ABŞ dolları verdikdən sonra evdə olan 1100 ABŞ dollarını da ona verəcəyinə söz vermiş, daha sonra Cavidlə 07.08.2020-ci il tarixdə gecə saat 01.27-də görüşdükdə Sumqayıt şəhəri, Murad marketin yaxınlığında ona 1100 ABŞ dollarını vermişdir. Cavidin təklifinə əsasən həmin pulların saxta olub-olmadığını yoxlatdırmaq üçün Cavidə vermiş, Cavid isə ona verdiyi dolları yoxlatdırdıqdan sonra qaytaracağına vəd vermişdir. Həmin vaxt onlar yaxın münasibət qurmaq istəsələr də buna şərait və yer olmamışdır. O yola çıxıb taksiyə minərək evə qayıtmışdır. Sonradan Cavid ona heç bir pul qaytarmamış və ona məlum olmuşdur ki, Cavid onu aldatmışdır. Cavidin əslində adının Taleh olduğunu polisdə bilmişdir. Caviddən pulunu istədikdə o kobud cavab verdiyindən bu hərəkəti hədə-qorxu kimi hesab etdiyi, Cavidi qorxutmaq üçün onun hədəqorxu ilə pulu aldığı barədə bildirmişdir. Özünü Cavid kimi təqdim edən şəxslə cinsi əlaqədə olmamış və ona qarşı heç bir zor hərəkətləri edilməmiş, yalnız onu aldadaraq 1300 ABŞ doları məbləğində pulunu Cavid almışdır. Daha sonra istintaq zamanı özünü ona Cavid kimi təqdim edən şəxsin əsil adı Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, 07 avqust 2020-ci il tarixdə gecə saat 02 radələrində yaşadığı evdə yuxudan oyandığı vaxt qızı Zərərçəkmiş şəxs yatdığı otaqda olmadığını görmüş, buna görə də həyat yoldaşı Rəşid Sadıqovu oyatmış, ona bu barədə məlumat vermiş, evi və evin həyətini birlikdə axtarsalar da qızı Gültəkini tapa bilməmişlər. Bundan sonra, həyat yoldaşı X5 Sadıqov ilə birlikdə yaşadığı ünvandan çıxaraq Gültəkini axtarmaq üçün evdən çıxıb getmiş, evdən çıxmamış həyat yoldaşı Rəşid evdə pulu saxladığı yerə baxmış, həmin yerdə 1300 ABŞ dollar pulun olmadığını görmüş, bir müddət sonra qızı Gültəkin evə qayıtmış və ondan harada olduğunu soruşduqda o müxtəlif bəhanələr gətirərək həqiqəti deməmişdir. Lakin sonra Rəşid evdə saxladığı yerdə 1300 ABŞ dollar pulun olmadığını deyəndən sonra Gültəkin həmin pulları tanımadığı şəxsə qorxduğu üçün verdiyini demişdir. Həmin 1300 ABŞ dolları məbləğində pullar Gültəkinə məxsus olmuşdur. Həmin pul Gültəkinə gələcəkdə öz təhsilinlin artırılması məqsədi ilə verilmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qızı Gültəkini şantaj edib, aldadıb 1300 dollarını ələ keçirib. Bir valideyn kimi, onda şübhə var ki, Taleh bu işi tək etməyib, onlar 3 nəfər olublar. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər görməmiş və tanımamışdır. Zərərçəkmiş şəxs əvvəllər taksiyə əyləşən müştəri kimi tanımış, zərərçəkmiş şəxsin nümayəndəsi X3 isə polis bölməsində görmüşdür. O, şəxsi avtomobili ilə taksı fəaliyyəti ilə məşğul olur. Tarixini xatırlamadığı vaxtda avtomobili ilə hərəkət edərkən Zərərçəkmiş şəxs onun avtomobilinə əl etmiş və o, avtomobili saxlamış Gültəkini getdiyi yerə qədər aparmış və xidmət haqqını almış, həmin vaxt Gültəkin onun mobil nömrəsini istəmiş və bildirmişdir ki, ona tez-tez taksi lazım olur, o, da etiraz etməyərək telefon nömrəsini Gültəkinə vermiş və bundan sonra Gültəkin ona bir neçə dəfə zənglər vurmuş, o, Gültəkinin niyyətini anladıqdan sonra ondan uzaqlaşmış və ona ailəli olduğunu bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra onu polis bölməsinə dəvət etmişlər, orada ona bildirmişlər ki, Gültəkinin əlindən pul almışlar, həmin şəxsi tanıyıb tanımamasını ondan soruşmuşlar, o, isə həmin şəxsi tanımadığını bildirmişdir. O, nə Taleh nə də ki, Rəmzi adlı şəxsi tanımamış və görməmişdir. Taleh adlı şəxsin Gültəkini aldadaraq pulunu ələ keçirməsi niyyətindən xəbərsiz olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər Polis İdarəsinin 4cü PB-də təhqiqatçı vəzifəsində işlədiyi vaxt Zərərçəkmiş şəxs ərizəsi icraatına daxil olmuş, Zərərçəkmiş şəxs izahatında bir nəfər şəxsin onun əlindən pulunu almasını bildirmiş, həmin şəxsi müəyyən etmək üçün zərərçəkmiş şəxs ona telefon nömrələri vermiş, o, da həmin telefon nömrələri ilə əlaqə saxlayaraq həmin şəxsi polis bölməsinə dəvət etmiş, lakin həmin şəxs polis bölməsinə gəlməmişdir. O, zərərçəkmiş şəxsin izahatını alarkən zərərçəkmiş şəxs həmin şəxslə “Bazastore” mağazasının içərisində görüşdüyünü bildirmiş, bundan sonra o, “Bazastore” mağazasına getmiş və orada olan video kameralara baxış keçirmiş, baxış zamanı zərərçəkmiş şəxsin mağazaya girməsini görmüş, lakin zərərçəkmiş şəxsin mağazada kiməsə pul verməsi və ya kiminsə ondan pul alması aşkar olunmadığından videogörüntünü götürməmişdir. İlkin araşdırma zamanı onda Zərərçəkmiş şəxs pulunun bir neçə nəfərin əlbir olub mənimsəməsi fikri formalaşmamış, belə bir fikrin onda formalaşmasını Zərərçəkmiş şəxs atası Rəşidə deməmişdir. Bundan sonra o, “COVİD-19” virusuna yoluxduğu üçün təhqiqat materialı onun icraatından alınaraq başqa təhqiqatçının icraatına verilmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, hazırkı cinayət işi onun icraatına daxil olduqdan sonra o, cinayət işin üzrə istintaq hərəkətləri aparmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini almış, o, zərərçəkmiş şəxsin izahatını alarkən zərərçəkmişin atası tərəfindən zərərçəkmişə yönəldici və fərqli-fərqli ifadələr verməsi barədə təsirlər göstərilmiş, zərərçəkmiş atasının təsiri altında olduğundan, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin üzləşməsini kənar şəxslərin iştirakı olmadan video çəkilişlə həyata keçirmiş, bunu rəsmiləşdirmiş, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf edərək zərərçəkmiş şəxsdən 300 ABŞ dolları pulu bankda yoxlatdırmaq adı ilə aldığını bildirmişdir. Zərərçəkmiş şəxs sərbəst ifadəsini verərkən təqsirləndirilən şəxsə 1300 ABŞ dolları məbləğində pul verdiyini və həmin pulu tək Talehə verdiyini bildirmişdir. İstintaq araşdırması zamanı Təqsirləndirilən şəxs tərətdiyi dələduzluq cinayətini digər şəxslərlə əlbir törətməsi müəyyən olunmamış, zərərçəkmiş şəxsin atası Rəşid Sadıqov dəfələrlə qızının 3-4 nəfərin əlbirliyi ilə aldadıldığını şifahi bildirsə də, bu barədə istintaqa nə bir valideyn kimi özü, nə də ki Zərərçəkmiş şəxs rəsmi hər hansı sübut təqdim etməmişlər. Həmçinin zərərçəkmiş şəxs istintaqda ona təqsirləndirilən şəxs tərəfindən hər hansı hədə qorxu gəlinməsi barədə məlumat verməmişdir. Həmin əməldə kənar şəxslərin iştirakını müəyyən etməmişdir. İş materiallarında olan (iş vərəqi 2) Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin rəisinə etdiyi ilkin müraciət ərizəsindən görünür ki, o ərizəsində 06.08 2020-ci ildə yaşadığı ünvanın yaxınlığında Cavid adlı şəxsə cəmi 1300 ABŞ dollarının saxta olub–olmamasını yoxlamaq məqsədi ilə versə də həmin şəxs sonradan ondan almış olduğu pulu qaytarmayaraq ona qarşı dələduzluq hərəkəti etməsi barədə məlumat vermişdir. İş materiallarında olan zərərçəkmişlə təqsirləndirilən şəxs arasındakı üzləşmə protokolundan da görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs üzləşmədəki ifadəsində məhkəmə istintaqında elan olunmuş ibtidai istintaqdakı ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.1 və 182-ci maddələrin, həmçinin Zərərçəkmiş şəxs əməlində CM-nin 177.2.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında zərərçəkmiş şəxsdən yalnız 300 ABŞ dolları məbləğində pulu saxta olub-olmamasını yoxlatdırmaq adı ilə aldığını bildirsə də iş materiallarından görünür ki, 300 ABŞ dolları deyil, 1300 ABŞ dolları yəni, 2210 manat pulu saxta olub-olmamasını yoxlatdırmaq adı ilə almışdır. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə baxışında zərərçəkmiş şəxsdən 300 ABŞ dolları almasına dair göstərdikləri məhkəmə tərəfindən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli verilmiş ifadəsi kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Zərərçəkmiş şəxs izah olunmalıdır ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2021-ci il tarixli (iş № 1(060)-264/2021) qərarını icra edərək, 217 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 6 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, məhəllə 21, ev 280/2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs izah olunsun ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 6 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regionla Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-264/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-264/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver