Məhkəmə qərarları › İş №1(060)-264/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-264/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-264/2023 11.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində danadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında Sumqayıt şəhərində satış məqsədi ilə qanunsuz olaraq 1 bükümdə təmiz çəkisi 42,954 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 02 ədəd metadon həbini əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gətirdikdən sonra tiryəki elektron tərəzi vasitəsilə bölmüş, bir hissəsini məhlul halında hazırlayaraq 2 ədəd şprislərə doldurmuş, bir bükülüdə tiryəki evində qonaq otağında olan divanın alt hissəsində saxlamış, digər bir bükümdə tiryəki isə üzərində saxlamaqla daşımış və 27 oktyabr 2022-ci il tarixdə saat 01:20-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsində yerləşən 3 saylı bağçanın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB gətirildikdən sonra xidməti otaqların birində onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,260 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 04:05-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə sonuncunun iştirakı ilə keçirilən baxış zamanı qonaq otağında olan divanın alt hissəsindən 01 ədəd bükülüdə təmiz çəkisi 38,567 qram narkotik vasitə tiryək, evin digər otağında olan masanın üzərindən 01 ədəd 5 ml həcmli şprisdə 2,5 ml həcmində, quru maddəsinin çəkisi 1,425 qram və 01 ədəd 2 ml həcmli şprisdə 1,3 ml həcmində, quru maddəsinin çəkisi 0,702 qram narkotik vasitə olan asetilə edilən tiryək məhlulu, 02 ədəd həbdə təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram narkotik vasitə metadon və üzərində tiryəkə məxsus izlər olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 23 radələrində yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən ünvanda olarkən bayırdan səs gəlmişdir. Həmin vaxt evdən bayıra çıxarkən onu bir neçə mülki geyimdə olan şəxslər tutaraq döyməyə başlamışlar. Daha sonra onu evə gətirib əl-qolunu bağlamışlar. Həmin vaxt yaşadığı evdə stolun üzərində narkotik vasitə olan tiryək olmuşdur. Həmin şəxslər tiryəki götürdükdən sonra onu Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə aparmışlar. Orada bir az saxladıqdan sonra onu yenidən yaşadığı ünvana gətirmişlər. Həmin vaxt evində ona aid olmayan narkotik vasitələr olduğunu görmüşdür. Məcbur olduğundan həmin narkotik vasitələrin ona aid olmasını qeyd etmişdir. 20 gün olar ki, narkotik vasitəni yenidən istifadə etməyə başlamışdır. Üzərindəki tiryəki telefonla tanış olduğu İranlı şəxsdən almışdır. Həmin maddələrin qramına 6 manat verməli imiş. Həmin şəxsdən əlaqəni kəsərək pulu vermədən narkotik vasitəni götürmüşdür.Narkotik vasitə olan tiryəki gündəlik atmaqla istifadə etmişdir. Tutulduğu günə qədər günə 2-3 qram olmaqla istifadə etmişdir. Heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Həmin gün Pərvizi bağçanın yaxınlığında görmüşdür. O Pərvizə çay içməyi təklif etmişdir, Pərvizin onda narkotik vasitə olmasından xəbəri olmamışdır. Onda nə metadon, nə də şpris olmamışdır. Bölmədə olarkən ona demişlər ki, “gedək evə”, o isə demişdir ki, “evdən indi gəlmişik təzədən evə nəyə gedək?”. O evə gedərkən görmüşdür ki, evdəki süfrəni açıblar. Ona demişdirlər ki, çəkiliş olmalıdır, o da evə gələrkən görmüşdür ki, süfrənin üstündə ona aid olmayan narkotik vasitələr də vardır. Narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır, satmaq niyyəti olmamışdır, bir daha belə hallara yol verməyəcəkdir, əməlindən peşmandır. Buna görə də barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ona təsir edilməsi, döyülməsi, narkotik vasitəni satmaq niyyətinin olmaması və s. barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Onun göstərdiyi hallar arşdırılsa da təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini qismən etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, 1994cü ildən etibarən fasilələrlə narkotik maddələr qəbul edir. 2007-ci ildə Azərbaycan Respublikası CM-nin 234.2-ci, sonuncu dəfə isə 2011-ci ildə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə azadlığa çıxmışdır. Həbsdən çıxdıqdan bir müddət sonra yenə də narkotik vasitələr qəbul etməyə başlamışdır. Narkotik vasitə tiryəki iynə vasitəsilə damarlarına vurur, həmçinin daxilə udmaqla da qəbul edir, arabir metadon həbləri də qəbul edlir. Narkotik vasitə olan tiryəki Sumqayıt şəhərində təsadüfən rastlaşdığı tanımadığı şəxslərdən əldə etmişdir. Təxminən 1 ay əvvəl 2022-ci ilin oktyabr ayının əvvəllərində dəqiq xatırlamadığı gün Sumqayıt şəhərində olan zaman təsadüfən rastlaşdığı tanımadığı şəxslə söhbət zamanı həmin şəxsə narkotik maddələr qəbul etdiyini demiş və həmin şəxs ona İran vətəndaşı olan Əli adlı adlı şəxsin mobil nömrəsini verərək onun üçün narkotik maddələr təşkil edə biləcəyini demişdir. O da İran vətəndaşı Əliyə votsapla zəng edərək pul müqabilində ona özünə qəbul etmək üçün narkotik vasitə təşkil etməsini demiş, Əli etiraz etməmiş və bir neçə gündən sonra ona votsapla zəng edərək 90 qram narkotik vasitə tiryəki Sumqayıt şəhəri, Corat qəbristalığında hazırda xatırlamadığı qəbirin yanında qoydurduğunu, tiryəki götürdükdən sonra pulunu ona deyəcəyi hesaba köçürməyini deyərək həmin yerin fotoşəklini ona göndərmişdir. O da dəqiq xatırlamadığı gün günorta saatlarında həmin yerə gedərək 1 sellofan bükülüdə olan tiryəkin yerini taparaq götürmüş, lakin Əliyə tiryəkin pulunu verməmək üçün onunla aralarında olan zəngləri, göndərdiyi fotoşəkili və nömrəsini silmiş və həmin gündən sonra Əli ilə əlaqəni kəsmişdir. Sonra əldə etdiyi tiryəki yaşadığı evə aparmış, yolda Sumqayıt Karvan bazarından tiryəki dəqiq çəki ilə bölmək üçün özünə elektron tərəzi almışdır. Evdə əldə etdiyi tiryəki elektron tərəzidə çəkmiş, təxminən 90 qram olmuşdur. Bundan sonra evdə hər gün təxminən 3 qram çəkidə tiryək qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində evdən çölə gəzməyə çıxan zaman tiryəkin bir hissəsini öz dozası miqdarında elektron tərəzi ilə bölüb 1 ədəd gümüşü rəngli kağıza bükərək əynində olan boz rəngli şalvarının sol yan cibinə qoyub saxlamışdır ki, çöldə olanda udmaqla daxilə qəbul edər, həmçinin tiryəkin bir hissəsini elektron tərəzi ilə bölüb kiçik qazanda məhlul halında hazırlayıb 1 ədəd 5 ml və 1 ədəd 2 ml həcmli şprislərə dolduraraq hazır vəziyyətdə evdə stolun üzərində qoymuş, həmçinin bir müddət əvvəl Sumqayıt şəhərində tanımadığı şəxsdən əldə etdiyi 2 ədəd metadon həbini də stolun üzərində qoyub saxlamışdır. Qalan 1 sarı rəngli sellofan bükülüdə olan tiryəki isə evdə qonaq otağında olan divanın alt hissəsinə qoyub saxlamış və evdən çıxmışdır. Bir qədər sonra yaşadığı H.Z.Tağıyev qəsəbəsində yerləşən 3 saylı uşaq baxçasının yanından keçəndə əvvəllər tanıdığı Abşeron rayonu Ceyranbatan qəsəbə sakini Pərvizlə rastlaşmış, Pərviz demişdir ki, H.Z.Tağıyev qəsəbəsinə işi olduğu üçün gəlmişdir və onun həbsdən çıxmağını eşidib ona baş çəkməyə gəlirmiş. Onlar hal əhval tutub söhbət etmiş, bir qədər sonra saat 01:20 radələrində baxçanın yaxınlığında olan zaman onlara bir neçə nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib Sumqayıt polis şöbəsinin 2-ci polis bölməsinin polis işçiləri olduqlarını bildirərək onları saxlamışlar və onların narkotik vasitələrin qəbulu və üzərlərində gəzdirməkdə şübhəli olduqlarını bildirib üzərlərində şəxsi axtarış keçirilməsi məqsədilə onları polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etməmiş və birlikdə bölməyə getmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq ona Sumqayıt şəhər 1 Saylı Vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X3 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o da əynində olan boz rəngli şalvarının sol yan cibində saxladığı 1 ədəd gümüşü rəngli kağızı bükümündə olan tiryəki çıxardıb təqdim etmiş və verilən suallara cavab olaraq həmin bükümün içərisində tiryək olduğunu, həmin tiryəki haradan əldə etdiyini, bundan başqa da yaşadığı ünvanda da tiryək saxladığını, bununla bağlı yaşadığı ünvana polis işçiləri tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Üzərindən aşkar olunmuş bükümün içərisinə baxılanda narkotik vasitə tiryək aşkar olunmuşdur. Həmin 1 bükümdə tiryək iştirakı ilə elektron tərəzidə çəkilmiş, olduğu kağız bükümlə birlikdə çəkisi 2,63 qram olmuşdur. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş ümumilikdə 56 manat pul, alışqan və ev açarı əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmış, bundan başqa üzərindən başqa heç bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra ondan evinə baxış keçirilməsinə etirazı olmaması barədə müdafiəçinin iştirakı ilə ərizə alındıqdan sonra yaşadığı ünvana getmişlər. Həyətin dəmir darvazasını açarla açıb həyətə daxil olmuşlar, yaşadığı ünvana videoçəkilişlə baxış keçirməzdən əvvəl ona evində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o, da evində qonaq otağında olan divanın alt hissəsində saxladığı 1 sarı rəngli selofan bükülüdə olan tiryəki təqdim etmiş, həmin bükülünün içərisinə baxan zaman narkotik vasitə tiryək aşkar olunmuşdur. Həmin maddə olduğu sellofanla birlikdə elektron tərəzidə çəkilərək çəkisi 44,82 qram, sellofansız isə 38,81 qram olmuş, bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. Bundan sonra evin digər otağına baxış keçirilən zaman həmin otaqla stolun üzərində içərisində məhlul halda tiryək olan 1 ədəd 5 ml və 1 ədəd 2 ml həcmli şpris, 2 ədəd metadon həbi, 1 ədəd gümüşü rəngli elektron tərəzi, tiryəki məhlul halda hazırlamaq üçün 9 ədəd ağ rəngli asetilsalisil dərman həbləri və 1 ədəd içərisində tiryəkin qalıqları olan kiçik qazan aşkar edilmiş və ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. Üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik maddələr və yuxarıda göstərilən əşyalar özünə məxsusdur. Əli adlı şəxs ilə tanış olanda ona İran vətəndaşı olduğunu demiş, Əlinin harada olması və yaşaması barədə məlumatı yoxdur. Əlidən ilk dəfə idi ki, tiryək əldə etmişdir. Əli ilə hazırda xatırlamadığı nömrəsi ilə votsapla zəng edərək əlaqə saxlamış və tiryəki əldə etdikdən sonra Əlinin nömrəsini, ona göndərdiyi fotoşəkili və zənglərini silərək əlaqəni kəsmiş və həmin gündən sonra Əli ilə heç bir əlaqəsi olmamışdır. Əli adlı şəxsin narkotik maddələri haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur və bu barədə Əlidən heçnə soruşmamışdır. Əliyə narkotik maddələri istifadə etmək üçün aldığını bildirmiş, istifadəsində ***-***-**-** nömrəli Samsung markalı mobil telefonu olmuşdur, həmin mobil telefon nasaz olduğu üçün bir müddət əvvəl tullamış və hazırda heç bir mobil telefon istifadə etmir. Evdə tək yaşadığından narkotik vasitə istifadə etməyi və evdə saxlamağı barədə heç kimin məlumatı olmamışdır. Heç kimə narkotik vasitə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamış, özünə qəbul etmək məqsədilə əldə etmişdir. Elektron tərəzini Əlidən tiryəki əldə etdikdən sonra Sumqayıt Karvan bazarından almış, həmin elektron tərəzi ilə əldə etdiyi tiryəki öz dozası miqdarında dəqiq çəkərək bölürmüş ki, artıq dozada qəbul elməsin. O, öz dozasını bilmək üçün elektron tərəzidən istifadə elmiş, çox dozada narkotik vasitə tiryək qəbul edəndə pis olur, az dozada qəbul edəndə isə ona bəs etmir. Tiryəki əldə edən zaman 1 sellofan bükülüdə olmuş, həmin tiryəki öz dozasında qəbul etmək üçün hisəslərə bölmüş, həmçinin məhlul halında da hazırldayıb şprislərə doldurmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. İcraatına Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsi ev 59-da yaşayan Təqsirləndirilən şəxs və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nizami küçəsində yaşayan Şahid5 qanunsuz olaraq narkotik maddələr əldə etməsi, qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olması, Pərvizin Cabirlə H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsi 3 saylı bağçanın yaxınlığında görüşməsi, həmçinin Təqsirləndirilən şəxs yaşadığı mənzilində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Şahid5 və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, CA üzrə kiçik əməliyat müvəkkilləri, polis baş serjantı Şahid3 və polis baş serjantı X7 da daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Şahid5 və Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 27 oktyabr 2022-ci il tarixdə onların ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 01:20 radələrində Şahid5 və Təqsirləndirilən şəxs H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsində 3 saylı bağçanın yaxınlığında olmalarını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onları saxlamışlar, onlara üzərlərində qanunsuz olaraq narkotik maddələr gəzdirmələrində şübhələr olduğundan üzərlərində şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onları bölməyə dəvət etmişlər. Şahid5 və Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişlər. Bölmədə Şahid5 və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt 1 saylı Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Şahid5 siyahıdan özünə vəkil X4, Təqsirləndirilən şəxs isə X3 müdafiəçi kimi seçmişlər. Müdafiəçinin iştirakı təmin edildikdən sonra ilk olaraq videoçəkilişlə Şahid5 üzərində şəxsi axtarış keçirilmiş və üzərindən 1 bükümdə 1,80 qram çəkidə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş və bu barədə sənədləşmə aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, həmin videoçəkilişi də Sumqayıt ŞPİ-nin KTB-nin ekspert-kriminalisti, polis kapitanı Fərid Nəsimiyev çəkmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxardıb təqdim etmiş və verilən suallara cavab olaraq həmin bükümün içərisində tiryək olduğunu, həmin tiryəki İran vətəndaşından alsa da qarşılığında pul ödəmədiyini, həmin tiryəki İran vətəndaşının Corat qəsəbəsində yerləşən qəbristanlığa qoydurduğunu, həmin tiryəki oradan götürdüyünü, bundan başqa da yaşadığı ünvanda da həmin tiryəkdən saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün içərisinə baxılanda narkotik vasitə tiryək aşkar olunmuşdur. Həmin 1 bükümdə tiryək elektron tərəzidə çəkilmiş, olduğu kağız bükülü ilə birlikdə çəkisi 2,63 qram olmuşdur. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə 56 manat pul, alışqan və ev açarı özünə qaytarılmış, bundan sonra Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli başqa heç bir əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş və doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda polis işçiləri tərəfindən baxış keçirilməsinə etirazı olmadığı barədə müdafiəçinin iştirakı ilə ərizəsi alındıqdan sonra onun yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı həyətin dəmir darvazasını açarla açıb həyətə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evinə videoçəkilişlə baxış keçirməzdən əvvəl evində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs qonaq otağında olan divanın alt hissəsində saxladığı 1 ədəd sarı rəngli sellofan bükülünü təqdim edərək içərisində tiryək olduğunu bildirmiş, həmin bükülünün içərisinə baxan zaman narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunmuşdur. Həmin maddə olduğu sellofanla birlikdə elektron tərəzidə çəkilərək çəkisi 44,82 qram, sellofansız isə 38,81 qram olmuş, bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otağına baxış keçirilən zaman həmin otaqda stolun üzərində içərisində məhlul halda tiryəkə bənzər maddə olan 2 ədəd tibbi şpris, 2 ədəd üzərində M-40 yazısı olan metadon həbinə bənzər həblər, 1 ədəd gümüşü rəngli elektron tərəzi, üzərində "Acetysalicylic" yazısı olan 9 ədəd ağ rəngli həblər və 1 ədəd içərisində qara rəngli ləkələr olan ağ rəngli kiçik ölçülü qazan aşkar edilmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərində M-40 yazısı olan həblərin ağrıkəsici, tibbi şprislərdə olan mayelərin hazır vəziyyətdə olan ağrıkəsici, ağ rəngli həbləri narkotik maddəni bişirmək üçün istifadə etdiyini, elektron tərəzi ilə istifadə etdiyi narkotik maddənin çəkisinin müəyyən etdiyini bildirmişdir. Aşkar olunmuş həmin maddələr və əşyalar ekspertizaya göndərilməsindən ötrü qablaşdırılıb möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. İlkin sənədləşmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri İran vətəndaşının vasitəsilə əldə etdiyini göstərsə də, onun konkret olaraq kimdən və haradan narkotik vasitələri əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Alınmış məlumatlara əsasən Təqsirləndirilən şəxs Şahid5lə aralarında sadəcə tanışlıq münasibətləri olmuş, onların birgə narkotik vasitələr qəbul etmələri və ya birgə narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, CA üzrə kiçik əməliyat müvəkkilləri, polis baş serjantı Şahid3 və polis baş serjantı X7 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardığı üçün azadlığa çıxmış, ona görə də xx.xx.2022-ci il tarixdə Cabirlə görüşməyə gəlmişdir. Həmin gün Cabirlə görüşdükləri zaman onu da Cabirlə birlikdə tutmuşlar. 2-ci PB-nin 4 nəfər əməkdaşı onları tutmuşlar. Cabirin evindən nəsə çıxıb-çıxmadığını bilməmişdir. Yarım saat sonra onu bölməyə aparmışlar. Həmin vaxt onlar dərman atmışlar. O Cabirdən onda dərman olduğunu soruşmuş, Cabir də ona evdə metadon həbi olduğunu demişdir. Hərəsi 1 ədəd M40 metadon həbi atmışdır. O Cabirə bunun üçün heç bir pul verməmişdir. Onun özünün üzərindən isə narkotik vasitə kokos çıxmışdır. Cabir narkotik vasitəni ona pay olaraq pul qarşılığı olmadan vermişdir. O bundan başqa Cabirin evində heç nə görməmişdir. Onun Cabirin evində olan tərəzidən xəbəri olmamışdır. Orada tərəzi olduğunu görməmişdir. Orada olan şprislərdən istifadə etməmişlər, tiryəkdən isə xəbəri olmamışdır. Polislər onları Cabirin evinin içində gəlib aparmışlar. Onu da Cabirlə birlikdə evdə aparmışlar, lakin sonradan ona məlum olmuşdur ki, aktlaşdırarkən polislər yazmışlar ki, guya onları bağçanın yaxınlığından tutub aparmışlar. Məhkəmə Şahid5 onları polislərin Cabirin evinin içində tutmaları barədə göstərdiklərini inandırıcı saymır və hesab edir ki, onlar yaxın münasibətdə olduqlarından Əliyev X6 Cabir Zakir oğlunu müdafiə edir. Çünki onun göstərdikləri işdəki mötəbər sübutlarla təsdiq edilmir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:20-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşviq küçəsi, 3 saylı bağçanın yaxınlığında tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və 1 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, ünvan 6 ünvanında yerləşən evinə təhqiqatçı, polis kapitanı Taleh Abdullayev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt 1 Saylı Vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının iştirakı ilə baxış keçirildiyi, baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduğu, sonra isə yaşadığı ünvanda qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, həmin fərdi yaşayış evinin darvazasının Təqsirləndirilən şəxs tərəfindən açılaraq həyətə və oradan da evə daxil olduqları, qonaq otağının işığını Təqsirləndirilən şəxs tərəfindən yandırıldığı,Təqsirləndirilən şəxs qonaq otağında olan divanın alt hissəsində saxladığı 1 ədəd sarı rəngli selofan bükülünü təqdim edərək içərisində tiryək olduğunu bildirdiyi, həmin bükülünün içərisinə baxan zaman narkotik vasitə tiryəkə bənzər maddə aşkar olunduğu, həmin maddə olduğu selofanla birlikdə elektron tərəzidə çəkilərək çəkisi 44,82 qram, selofansız isə 38,81 qram olduğu, bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər otağına baxış keçirilən zaman həmin otaqda stolun üzərində içərisində məhlul halda tiryəkə bənzər maddə olan 2 ədəd tibbi şpris, 2 ədəd üzərində M-40 yazısı olan metadon həbinə bənzər həblər, 1 ədəd gümüşü rəngli elektron tərəzi, üzərində "Acetysalicylic" yazısı olan 9 ədəd ağ rəngli həblər və 1 ədəd içərisində qara rəngli ləkələr olan ağ rəngli kiçik ölçülü qazan aşkar edildiyi, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərində M-40 yazısı olan həblərin ağrıkəsici, tibbi şprislərdə olan mayelərin hazır vəziyyətdə olan ağrıkəsici, ağ rəngli həbləri narkotik maddəni bişirmək üçün istifadə etdiyini, elektron tərəzi ilə istifadə etdiyi narkotik maddənin çəkisinin müəyyən etdiyini bildirdiyi, baxış və götürmənin keçirilməsi 27 oktyabr 2022-ci il tarixdə saat 03:40-da başladığı və həmin tarixdə saat 03:50-də bitdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 6/6228 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 126" dairəvi möhür əksi və "...Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddə.. Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza; təhqiqatçı: T.Abdullayev-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi-2,260 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 126" dairəvi möhür əksi və "... Vət Təqsirləndirilən şəxs yaşadığı ünvanından aşkar edilən maddə.. Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza; təhqiqatçı: T.Abdullayev-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi-38,567 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 126" dairəvi möhür əksi və "... Vət. Ofkarov Cabir Zakir oğlunun yaşadığı mənzildən aşkar edilmiş ....iki ədəd şpris, elektron tərəzi, dərman kanvalyutları....; Təqsirləndirilən şəxs-imza; təhqiqatçı: T.Abdullayev-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd üzərində "Methadone 40" əmtəə göstəriciləri olan konvalyutda içərisində qəhvəyi rəngli dairəvi formalı 2 ədəd həblər metadon tərkibi dərman preparatıdır və 2 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı-0,08 qramdır; 01 (bir) ədəd 5 ml həcmli şprisdə 2,5 ml həcmində məhlul narkotik vasitə asetilə edilən tiryək məhluludur, asetilə edilən tiryəkin quru maddəsinin çəkisi-1,425 qramdır; 01 (bir) ədəd 2 ml həcmində içərisində 1,3 ml həcmində məhlul narkotik vasitə asetilə edilən tiryək məhluludur, asetilə edilən tiryəkin quru maddəsinin çəkisi- 0,702 qramdır. 01 ədəd elektron tərəzinin üzərində və 01 ədəd kiçik ölçülü qazanın içərisində tiryəkə məxsus izlər vardır. İz şəklində olduğu üçün tiryəkin çəkisini və bükümlərdəki tiryəklərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. 01 ədəd "Acetilsaliçilovaya kislota"əmtəə göstəriciləri olan konvalyutun içərisində ümumilkdə 09 ədəd ag rəngli dairəvi formalı həblər narkotik vasitələrə, psixotrop maddələrə, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, tiryəklər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub, ümumi təmiz çəkisi-40,827 qramdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək narkomaniyadan məcburi müalicə olunmaqla 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə CM-nin 234.4.2-ci maddəsi hökmdən xaric edilmiş, cəzası 10 il 06 aya endirilmişdir. 06.2022-ci il tarixdə azad olunmuşdur. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri İran vətəndaşının vasitəsilə əldə etdiyini göstərsə də, onun konkret olaraq kimdən və haradan narkotik vasitələri əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs kim və ya kimlərə narkotik satmasının müəyyən olunması istiqamətində əməliyyat tədbirlərimiz davam etdirilir. Həmçinin alınmış məlumatlara əsasən Təqsirləndirilən şəxs Şahid5lə aralarında sadəcə tanışlıq münasibətləri olmuş, onların birgə narkotik vasitələr qəbul etmələri və ya birgə narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə hər hansı bir məlumat daxil olmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 1671 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı faktları araşdırmış, bu barədə məhkəmə tərəfindən qərar qəbul edilərək onun döyülməsi ilə bağlı məlumat verilməsi üçün Sumqayıt şəhər prokuroruna göndərilmiş, Sumqayıt şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X5 xx.xx.2023-cü il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 6527 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Əfkarov Zakir Cabir oğlunda opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibi rədd edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın və yaşadığı ünvanda keçirilən baxışın videotəsvirlərini əks etdirən 1 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş üzərlərində tiryəkə məxsus izlər olan 1 ədəd elektron tərəzi və 01 ədəd kiçik ğlçülü qazan, həmçinin üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş, ümumi təmiz çəkisi 40,827 qram narkotik vasitə tiryək və 02 ədəd həb narkotik vasitə metadon maddi sübut kimi tanınmış, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 40,627 qram tiryək, 1 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 01 ədəd kiçik ölçülü qazan saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibinə görə eyni olan ümumi çəkisi 44,82 qram olan narkotik vasitə olan tiryək və təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan 2 ədəd narkotik vasitə metadon həbini qanunsuz əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs narkotik vasitəni bölməsi, üzərində onların çəkilməsi və hazırlanması üçün avadanlığın olması, vasitənin növünün ayrı-ayrı olması onun satış məqsədini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satış üçün deyil özü istifadə etməsi üçün əldə edib saxlaması, polis əməkdaşlarının tutulmazdan əvvəl onun evində axtarış aparmaları, polislərin saxlanılan zaman onu döymələri barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək və məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Həmin hallar məhkəmə iclasında araşdırılsa da təsdiq olunmadı. Məhkəmə istintaqı zamanı bu halların tədqiqi ilə bağlı prokurora məlumat verilmiş, Sumqayıt şəhər prokurorluğundan əldə edilmiş cavabla onun polis əməkdaşları tərəfindən döyülməsi öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, narkotik vasitəni özü əldə etmiş, üzərində gəzdirmiş, tərəzi ilə istehlak etdiyi narkotik vasitəni çəkmiş, narkotik vasitəni heç kimə satmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 40,627 qram tiryək, 1 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 01 ədəd kiçik ölçülü qazan məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 40,627 qram tiryək, 1 ədəd metadon həbi, 1 ədəd elektron tərəzi və 01 ədəd kiçik ölçülü qazan məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar