Məhkəmə qərarları › İş №1(060)-265/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-265/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-265/2024 01.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 18 dekabr 2023-cü il tarixdə saat 18:07-də, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 1-ci məhəllə ərazisində yerləşən “Nehrəm” marketin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli köynəyinin sol iç tərəfindən 01 ədəd rəngli sellofan bağlamada təmiz çəkisi 415,0 qram olan bitki mənşəli, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri 1-ci məhəllədə yerləşən «Nehrəm» marketin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin qəbulunda şübhələndiklərinə görə onu polis bölməsinə dəvət etmişlər. Sumqayıt şəhər Polis İdarəsində hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən o, əynində olan qara rəngli köynəyin sol tərəfdən iç hissəsinə qoyduğu qarşıq rəngli sellofan bağlamanı çıxardıb təqdim etmişdir və bağlamada olan kütlənin «nəşə» adlandırdığı narkotik vasitə olan marixuana olduğunu, həmin maddəni tutulduğu gün səhər saatlarında Sumqayıt şəhəri M.Hüseynzadə küçəsində yerləşən stadionun yaxınlığında tanış olduğu, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 200 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin tərəziyə qoyulub çəkilən zaman, həmin bitki kütləsinin çəkisinin 450,0 qram olduğu müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən hər hansı təyziqə məruz qalmamışdır. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, yalnız istifadəçisi olmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu, üzərində gəzdirməsi və saxlaması ilə bağlı qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında 18 dekabr 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış, qrupda onunla bərabər, Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 da daxil edilmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 16 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər və Zakirin Sumqayıt şəhəri 1-ci məhəllədə yerləşən “Nehrəm” marketin qarşısında piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb üzərində narkotik vasitə olmasından şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis Bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilmiş aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı Zakirə üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü sürətdə verməsini təklif etmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyin sol tərəfdən iç hissəsinə qoyduğu qırımızı-ağ qarşıq rəngli sellofan bağlamanı və əynində olan boz rəngli gödəkçənin sağ yan cibində orlan özünə məxsus Samsung markalı mobil telefonu təqdim etmişdir. Həmin bükümün içərisindən şəffaf rəngli sellofananın içərisində olan narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli bitki mənşəli ot kütləsinin olduğu müəyyən olunmuş, həmin kütlə sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və çəkisi 450,0 qram təşkil etmişdir. Sonradan həmin narkotik vasitəyə bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini Sumqayıt şəhəri M.Hüseynzadə küçəsində yerləşən stadionun yaxınlığında tanış olduğu, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 200 manata alıb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, iş üçün əhəmiyyət kəsb edəcək yeni bir hal göstərməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən “Nehrəm” marketin qarşısında xx.xx.2023-cü il tarixdə, saat 18:07-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili Müdafiəçi təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs sol qolunun alt hissəsində əynində olan qara rəngli köynəyin sol iç tərəfində saxlamış olduğu bir ədəd qırmızı-ağ qarşışıq rəngli sellofan bağlamanı və əynində olan boz rəngli gödəkcənin sağ yan cibində olan bir ədəd «Samsung» markalı mobil teleofnu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqdim edilmiş üzərində qırmızı-ağ qarşıq rəngli sellofan bağlama açıldıqda içərisində şəffav rəngli sellofana bükülmüş bir ədəd bağalamanın içərsində narkotik vasitə marixuanya bənzər yaşıl rəngli bitki mənşəli ot kütləsinin olduğu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin «nəşə» olduğunu, həmin maddəni bu gün Sumqayıt şəhəri M.Hüseynzadə adına stadionun yaxınlığında tanış olduğu lakin adını bilmədiyi şəxsdən özünün şəxsi istifadəsi üçün 200 manata aldığını və üzərində gəzdirdiyini bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə asma tərəzidə çəkilən zaman həmin maddənin büküldüyü sellofanla birlikdə çəkisinin 450 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. Bundan sonra təqdim edilmiş «Samsung» markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürləndikdən sonra götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmədi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/1710 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bağlamada...” yazı və imzalar olan bir ədəd şəffaf sellofanda təmiz çəkisi 415,0 qram bitki mənşəli kütlə çətə (kannabis) bitkisindən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 414,95 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntüyə baxdıqda müəyyən edilir ki, 18 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhərində Zakir adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 18:07-də Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən “Nehrəm” marketin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və idarənin xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Zaur Cəfərov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparilarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da sol qolunun alt hissəsində əynində olan qara rəngli köynəyin sol iç tərəfində saxlamış olduğu bir ədəd qırmızı-ağ qarışıq rəngli kağızda bükümü və əynində olan boz rəngli gödəkcənin sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim edir. Həmin bükümün içərisindən narkotik vasitə marixuanaya bənzər kütlənin olduğu müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitələrin istifadəçisidir, ondan aşkar olunan kütlə narkotik vasitə “nəşə”dir. Həmin narkotik vasitəni Sumqayıt şəhəri M. Hüseynzadə adına stadionun yaxınlığında tanış olduğu lakin adını bilmədiyi şəxsdən 200 manata şəxsi istifadəsi əldə edibdir və üzərində saxlayıbdır. Həmin vaxt üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə tərəzidə çəkilərək qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “telefona baxış keçirlməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən 01 ədəd “Samsung” markalı mobil telefon aparatıdır. Həmin mobil telefon aparataına baxış keçirilərkən iş üçün sübut əhəmiyyətli telefon danışıqları, sms-lər, səs yazıları, fotoşəkillər, videoçəkilişlər müəyyən edilməmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefonu müstəntiqdən təhvil almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi təmiz çəkisi 415 (qalıq 414,95) qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı MKS tərəfindən verilmiş 896 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və qeydiyyatdadır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 102 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı İSMAYİLOV ZAKİR CANBALA oğlunda OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AZ. SSR-nin Ali məhkəməsinin xx.xx.1980-ci il tarixli hökmünə əsasən Azərbaycan SSR-in 109.3, 215-ci maddələri ilə təqsirli bilinib 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1990-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə təqsirli bilinib 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2003-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, şəxs əvvəllər dəfələrlə azadlıqdan məhrumetmə yerlərində cəza çəkmiş, sonuncu dəfə məhz narkotik vasitələrinin istifadəsi ilə bağlı məhkum edilmiş, lakin bütün bunlara baxmayaraq yenidən eyni xarakterli cinayət törətməkdə davam etdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və bioloji ekspertizalar nəticəsində qalıq qalmış 414,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-265/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 174 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və bioloji ekspertizalar nəticəsində qalıq qalmış 414,95 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar