Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-265/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respblikasının vətəndaşı, subay, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 09 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Nizami küçəsi 111-də qeydiyyatda olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında Zərərçəkmiş şəxs itirdiyi içərisində 20 manat nağd pulu, 40 qəpik dəyərində olan 01 ədəd salfetkanı, tələbə kartını, 2330 manat dəyərində olan titanium rəngli 256 GB yaddaşlı, 01 ədəd “İphone 15 pro max” markalı mobil telefonu, 10 manat dəyərində olan 01 ədəd əl çantasını yerdən tapıb gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 2360 manat 40 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlin törədilməsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 16:30 radələrində o, evdən çıxaraq Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısına gəlmiş, saat 17 radələri olarkən, o marketin qarşısında dayanan avtomobillərin yanında yerdə qadın əl çantasının olduğunu görüb onu yerdən qaldırıb oradan uzaqlaşaraq yaxınlıqda olan binanın blokuna daxil olmuş və orada əl çantasını açmış, çantanın içərisində 1 ədəd “İphone 15 pro max” markalı mobil telefonu, 20 manat pul, 01 ədəd tələbə kartı və 01 ədəd əl salfetkası olmasını görmüş, daha sonra çantanın ağzını bağlayıb Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən evlərinin həyətində gizlətmiş, evə aparmamışdır. 20 manat pulu isə cibinə qoyub öz şəxsi ehtiyaclarına sərf etmiş, heç kimə verməmişdir. Mobil telefona açıb baxmamış, telefonu söndürmüşdür. O, pul lazım olduğu üçün telefonu elə həmin gün də satdığını, telefonu götürərkən orada kamera olmasından xəbəri olmadığını, polis idarəsinə özü getdiyini, polisə telefonu satması barədə məlumat verdiyini, ona telefonu tapmaq üçün iki gün vaxt verilməsini xahiş etdiyini, lakin telefonu tapa bilmədiyini bildirmişdir. Həmçinin, bildirmişdir ki, telefonu satarkən həmin mobil telefonun özünə məxsus olduğunu demiş, həmin şəxs də ona inanaraq ondan mobil telefonu almışdır. Oğurladığı çanta onda olduğu üçün həmin çantanı, çantanın içində olan tələbə kartını və salfetkanı polis əməkdaşlarına təqdim etmişdir. O, əməlindən peşman olmasını, 2024-cü ilin may ayında həbsdən çıxdığını, işləmədiyi üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə bilmədiyini, ehtiyacı olduğu üçün həmin əməli törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün verdiyi, işdə olan digər sübutlarla təsdiq edilən ifadələrlə yanaşı, dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, tədqiq edilmiş iş materialları ilə də tam təsdiq olunur. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə o qardaşının ad günü üçün Sumqayıt şəhərində yaşayan atasının evinə getmişdir. Bu zaman o, mağazaya getmək üçün evdən çıxıb Sumqayıt şəhəri 11-ci mikrorayonda yerləşən “Araz” marketə gedərkən özünə məxsus əl çantası orada hardasa düşüb itmişdir. Bunu aşkar etdikdən sonra o marketin qarşısını axtarmağa başlamış və əl çantasını tapa bilməmişdir. Çantanın oğurlandığını başa düşüb polisə müraciət etmişdir. Polisə məlumat verildikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. “Araz” marketdə quraşdırılmış videogörüntüyə baxış keçirərkən məlum olmuşdur ki, marketlə üzbəüz dayanmış avtomaşının yanında bir nəfər oğlan əyilərək ona məxsus çantanı yerdən götürüb oradan uzaqlaşmışdır. 10 manat dəyərində olan əl çantasının içərisində 20 manat nağd pul, 01 ədəd tələbə kartı, 40 qəpik dəyərində olan üzərində “SUN” sözləri yazılmış 01 ədəd salfetka, 3000 manat dəyərində olan 256 GB yaddaşlı titanium rəngli “İphone 15 pro max” markalı mobil telefon olmuşdur. Əl çantası, tələbə kartı və 01 ədəd salfetka ona qaytarılmış, lakin, telefonla bağlı vurulmuş ziyan ona ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v.1) Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə həmin tarixdə saat 18:10-dan saat 18:45-dək Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində, işıqlı havada, aydın şəkildə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, küçənin solunda “Araz” marketin yerləşməsi, marketin qarşısında müxtəlif avtomobillərin dayanması müəyyən olunmuş, marketin sağında “kənd məhsulları” mağazasının olduğu müəyyən edilmiş, baxış zamanı marketdə olan video-görüntülərə baxılmış, həmin görüntülərdə avtomaşının yaxınlığında bir nəfər kişi cinsli şəxsin yerdən əyilərək çanta götürməsi əks olunduğu müəyyən edilmişdir. Hadisə yerinin foto şəkilləri çəkilərək protokola əlavə edilmiş, kamera görüntüsü diskə köçürülərək materiala əlavə edilmişdir. (i.v. 6-7) “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində bir nəfər kişi cinsli şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “Araz” marketin qarşısında dayanmış avtomaşının yanında əyilib yerdən əl çantasını götürüb, oradan uzaqlaşır. (i.v. 8) “Təqdim etmə və götürmə” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qadın əl çantasını Sumqayıt ŞPİ-nin 1-ci PB-yə təqdim etmişdir. (i.v. 17) “Əşyaya baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasına baxış keçirilmiş, həmin çantanın “PUUL BEAR” yazısının olması, rənginin çəhrayı rəngdə olması, açılan zaman içərisində 1 ədəd əl salfetkası, 1 ədəd X3 məxsus təhsil kartının, 1 ədəd sim kartın və saç yığılmasında istifadə edilən bir neçə əşyanın olması müəyyən edildi. Əşyaların foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i.v. 18-20) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:05-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.40-41) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə, saat 09:00-da Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.44-45) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.52-53) Təqsirləndirilən şəxsin X4 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X4 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.54-55) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə də zərərçəkmiş şəxs qismində dindirilmişdir. (i.v. 58) Zərərçəkmiş şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə zərərçəkmiş şəxs kimi ifadəsi alınmışdır.(i.v.62-63) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/8211 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd titanium rəngli «İphone 15 pro max» markalı 256 GB yaddaş tutumuna malik mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar müddəti nəzərə alınmaqla 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2330 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində müəyyən edilmişdir. (i.v.76-78) Yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v.83-84) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.90-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.92-93) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-293/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək tutulduğu müddət nəzərə alınaraq qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. (i.v.94-100) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyi və zərərçəkmiş şəxsin ifadəsi əsas götürülərək, baş vermiş oğurluq nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ziyanın ümumi məbləği 2360 manat 40 qəpik olması nəzərə alınmış, Təqsirləndirilən şəxs sözügedən oğurluq cinayətini gizli olaraq, tək törətdiyini nəzərə alaraq, onun əməlində CM-in 177.2.1 və 180-cı maddələrinin tərkibi olmadığından, barəsində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd olunmuş, 01 ədəd əl çantası, 01 ədəd tələbə kartı və 01 ədəd salfetka maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v.101-104) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 09 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş və hazırda məhkumluğu ödənilməmişdir. Lakin, onun hazırki əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan əməlinə münasibətdə cinayətin residivi yaranmır. Bununla da, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut - Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 01 (bir) ədəd əl çantası, 01 (bir) ədəd tələbə kartı, 01 (bir) ədəd salfetin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, həmçinin, cinayət işinin materiallarına əlavə edilmiş “Araz” marketdə quraşdırılmış videomüşahidə kameralarından götürülmüş, xx.xx.2024-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin video-görüntüsünü özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd əl çantası, 01 (bir) ədəd tələbə kartı, 01 (bir) ədəd salfetin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs izah edilsin ki, dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq ümumi məhkəməyə müraciət etmək hüququ var. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-265/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-265/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver