Məhkəmə qərarları › İş №1(060)-266/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-266/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-266/2022 03.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 11 avqust 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işləyməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs anket məlumatları istintaqa məlum olmayan Rauf adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,319 qram, 0, 241 qram, ümumi təmiz çəkisi 0,560 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 21 oktyabr 2021-ci il tarixdə, saat 09:50 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cu mikrorayon, 29/4 nömrəli evin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,319 qram, 0,241 qram, ümumi təmiz çəkisi 0,560 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, 21 oktyabr 2021-ci il tarixdə səhər saatlarında yaşadığı binanın qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Sumqayıt ŞPİ- nə dəvət etmişlər. O, etiraz etməmiş və polislərlə birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, o, polis əməkdaşlarına əynindəki şalvarının sağ yan cibindəki 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Polis əməkdaşları bükümlərdəki maddənin nə olduğunu soruşduqda o, qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə heroini əvvəldən tanıdığı Rauf adlı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin ayrı-ayrılıqda tərəzidə çəkilmiş və bükümlərdən birinin çəkisi 0,36 qram, digərinin çəkisi isə 0,61 qram müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılaraq üstü yazılmış və ona imza etdirildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuşdur. Hazırda o, etdiyi əməldən peşman olmasını, həmçinin idmançı olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, 21.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və istintaq-əməliyyat qrupu yaradılmışdır. O, qrup üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 4-cu mikrorayon, 29/4 nömrəli evin qarşısına getmiş və həmin gün saat 09:50 radələrində bir nəfər şəxsin Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun gəldiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsə özünü təqdim etməsini xahiş olunmuş və o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün xidməti avtomobillə onu Sumqayıt ŞPİ-nə aparmışlar. Sumqayıt ŞPİdə xidməti otaqlarının birində təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini xahiş etmiş və saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və Sumqayıt ŞPİ-nə gətirildiyini demişdir. Daha sonra təhqiqatçının göstərişi ilə o, və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunduğunu və şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumat verildi. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindəki 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Bükümlərdəki qəhvəyi rəngli, spesifik iyə malik kütləni gördükdə Təqsirləndirilən şəxs qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu və onu əvvəldən tanıdığı Rauf adlı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirdi. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş bükümlər onun iştirakı ilə ayrı-ayrılıqda tərəzidə çəkilmiş və bükümlərdən birinin çəkisi 0,36 qram, digərinin çəkisi isə 0,61 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, həmçinin məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2021-ci il tarixli 6/4707 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki iki ədəd gümüşü rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,319 qram, 0,241 qram, ümumi təmiz çəkisi 0,560 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2021-ci il tarixli 4667 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixatrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş 16.11.2021-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs anket məlumatları istintaqa məlum olmayan Rauf adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,319 qram, 0, 241 qram, ümumi təmiz çəkisi 0,560 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 21 oktyabr 2021-ci il tarixdə, saat 09:50 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cu mikrorayon, 29/4 nömrəli evin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,319 qram, 0,241 qram, ümumi təmiz çəkisi 0,560 qram olan qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini etiraf etməsini və törətdiyi əməldən peşman olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,460 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müaliə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) saat, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına, həmçinin 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,460 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar