Məhkəmə qərarları › İş №1(060)-27/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-27/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-27/2023 07.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1968-ci ildə Qəbələ rayonu, Vəndam kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə X10 şəxs Sumqayıt şəhər Tibb Mərkəzi 1 nömrəli Sumqayıt şəhər Xəstəxanası X11 Poliklinika şöbəsinin həkim-travmatoloqu vəzifəsində çalışan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 3 oktyabr 1995-ci il tarixdən Sumqayıt şəhər 3 nömrəli poliklinikasının, 2020-ci ilin aprel ayından hazırkı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə X10 şəxs Sumqayıt Şəhər Tibb Mərkəzi 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası X11 Poliklinika şöbəsinin həkim-travmatoloqu vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını, öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri, tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial ekspertizanın aparılması qaydasını bilmək, həkim etikası və deontologiyası prinsiplərinə riayət etmək, xəstələrin qəbulu, müayinəsi, diaqnoz qoyulması və rəsmiləşdirilməsini həyata keçirmək, habelə “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında Əsasnaməyə” əsasən, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin artırılması), əlilliyin səbəbinin dəyişdirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi ilə əlaqədar müəyyən olunan digər xüsusi səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Həkim Məsləhət Komissiyasına əlillik dərəcəsi almaq üçün xx.xx.2019-cu il tarixdə göndəriş verən müəssisədə qeydiyyatda olmuş, 31 avqust 2020-ci il tarixdə müraciət etmiş, xx xxxxxxxx 1989-cu il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şahid4 müayinələrində “Digər xroniki osteomielit, Sol qamış sümüyünün keçirilmiş “hematogen osteomieliti” əməliyyatdan sonrakı vəziyyət, Qamış sümüyünün kirəçlənməsi, Sol aşağı ətrafın funksiyasının kəskin dərəcədə pozulması (əl ağacının köməyi ilə gəzir)” kimi diaqnozlarının müəyyən edilməsinə baxmayaraq, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına ona əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə sonuncunun barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan onun qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 31 avqust 2020-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə X10 şəxs Sumqayıt Şəhər Tibb Mərkəzi 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası X11 inzibati binasında rəsmi sənəd olan ambulator xəstənin tibbi kartasında Şahid4 əsas diaqnozunun ağırlaşması qismində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin 30 dekabr tarixli 413 nömrəli qərarının 2.5.10-cu bəndinə əsasən 3-cü dərəcə müddətsiz əlillik təyin edilməsinə əsas verən “sol aşağı ətrafın 7 sm qısalığı” kimi düzgün olmayan diaqnoza dair bilə-bilə yalan məlumatları diyircəkli qələm vasitəsilə əlyazma formasında daxil edərək öz imzası ilə təsdiq edib, həmçinin X2 Komissiyasının sədri tərəfindən imzalanıb ştampla təsdiq edilməsinə nail olmaqla, habelə həmin xəstəxanada kompüter otağında quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə daxil olaraq düzgün olmayan həmin diaqnozlara dair bilə-bilə yalan məlumatları özünün diqtəsi əsasında Şahid3 sistemə daxil edərək xəstəlik və diaqnoz bilərəkdən ağırlaşdırılıb təhrif edilmiş formada X2 Komissiyasına təqdim edilməklə elektron imzalarla informasiya resursu sayılan 19 oktyabr 2020-ci il tarixli, 0329003AAKBY nömrəli elektron göndərişdə təsdiq edilib Şahid3 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə nail olub, həmin hərəkətləri ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə X10 şəxsin Sumqayıt Şəhər Tibb Mərkəzi 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası X11 Poliklinika şöbəsinin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzif səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1995-cı ildən Sumqayıt şəhər 3 nömrəli Poliklinikasında həkim-travmatoloq, 2021-ci ilin aprel ayında Sumqayıt şəhər 3 saylı Poliklinikası Sumqayıt şəhər 1 saylı Xəstəxananın tərkibinə verilmiş, həmin vaxtdan da Şumqayıt şəhər 1 nömrəli Xəstəxananın poliklinika şöbəsinin həkim-travmatoloqu vəzifəsində işləyir. Fəaliyyəti ixtisası üzrə müasir profilaktika, diaqnoztika, müalicə və reabilitasiya üsullarından istifadə etməklə əhaliyə tibbi yardım göstərmək, təcili və təxirəsalınmaz tibbi yardım göstərmək, həkim etikası və deontologiyası prinsiplərinə riayət etməkdən ibarət olmuşdur. Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə Həkim məsləhət komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim məsləhət komissiyasının tərkibinə daimi üzv kimi həkim-əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Xəstələr HMK-na şöbə müdiri, müalicə həkimi tərəfindən təqdim olunurlar. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına yazılır. Həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir. Xəstəyə müəyyən olunmuş diaqnozun aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfindən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması, aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi : - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, TSEK-sı tərəfindən təyin edilmiş əlillik müddətinin başa çatması ilə əlaqədar xəstələrin təkrar müayinə edilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin işi ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və s. Həkim məsləhət komissiyası yuxarıda qeyd olunduğu kimi komissiyaya müraciət edən şəxslərin xəstəliyinin müayinə və müalicə metodları ilə dəqiqləşdirilərək əlillik dərəcələrinin təyinatı üzrə forma- 88-lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərilməsini həyata keçirir. Əvvəllər Tibbi Sosial Ekspert komissiyaları rayon ərazində yerləşsə də sonradan həmin mərkəzlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə tabe edilmişdir. 2017-ci ildən isə həkim məsləhət komissiyaları tərəfindən müvafiq elektron forma 88 tərtib edərək elektron imza ilə təsdiq etməklə həmin xidmətə göndərir həmin xidmətin göndərişi əsasında TSEK-lərdə şəxslərə əlillik dərəcələri təyin edilərək mərkəzə qaytarılmışdır. O, həkim məsləhət komissiyasının üzvü deyil, ona məxsus olan hər hansı elektron imza yoxdur. Elektron imza Həkim Məsləhət Komissiyasının üzvlərinə məxsus olsa da onu sistemə həkimin nəzarəti və redaktəsi altında operator daxil edir. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropatoloq tərəfindən müayinə olunur, lazım gəldikdə isə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu Forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Hər hansı komissiya üzvünün asan imzası olmadıqda həmin Forma 88-i sistemə daxil etmək mümkün olmur. Xəstə Şahid4 da yuxarıda qeyd edilən prosdurlar tətbiq edilmişdir. Şahid4 əvvəllər tanımamışdır. Onu bir dəfə dəqiq tarixi xatırlamadığı vaxtda, 2020-ci ildə görüb müayinə etmiş və diaqnozu müəyyən edərək xəstəlik tarixinə yazmışdır. Sonra isə sənədləri göndərişin yazılması üçün həkim komissiyasına təqdim edilmişdir. Şahid4 barəsində verilmiş göndərişdə əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş “Digər xroniki osteomielit, sol qamış sümüyünün, keçirilmiş hematogen osteomieliti, əməliyyatdan sonrakı vəziyyət, qamış sümüyünün kirəçlənməsi, sol aşağı ətrafın funksiyasının kəskin dərəcədə pozulması diaqnozları xx.xx.2019-cu il tarixli Hərbi Həkim Komissiyasının qərarı, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ET Travmotologiya və Ortopediya İnstittutundan verilmiş rəylərdə öz əksini tapmışdır. Şahid4 xroniki osteomieritin kəskinləşmə dövründə diz oynağında açıcı kontraktura olmuş və buna görə aşağı ətraf qısalmışdır. Buna görə də göndərişdə həmin xəstəlik qeyd edilmişdir. Şahid4 sol qamış sümüyündə aparılmış cərrahi əməliyyat nəticəsində, həmçinin kontratura və əzələ atrofiyası hesabına digər ətrafa nisbətən qısalma ola bilər, buna görə də forma 88-də 7,0 sm qısa qeyd edilmişdir. O bir həkim kimi nəyi müəyyən etmişdir, onu da yazmışdır. Şahid4 adına tərtib edilmiş xəstənin ambulator tibbi kartasında xx.xx.2020-ci il tarixdə “HMK”-ya, “Sol qamış sümüyünün keçirilmiş osteomielitə görə keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol aşağı ətrafın kəskin funksiya pozğunluğu,” Ağırlaşma diaqnozu olaraq “sol aşağı ətrafın 7,0 sm qısalması, sol aşağı ətrafın əzələ atrofiyası, sol diz aşıq baldır oynaqlarının kontrakturası, sol aşağı ətrafın funkisiya pozğunluğu” dizaqnozu və həmin sözlər onun tərəfindən yazılmışdır. Əvvəlki 3 saylı HMK-nın ştampı ilə təsdiq olunmuşdur, orada imza çəkən HMK-nın sədri Şahid1 və aşağısında imza və “Paşayev” sözü onun tərəfindən icra edilmişdir. İmza da ona məxususdur. Şahid4 yalnız bir dəfə diaqnoz qoyulan tarixdə görüb müayinə etmiş, əvvəllər qəbulunda olmamış, onu müayinə etməmiş, ona diaqnoz qoymamış, qoyulmasında iştirak etməmiş, bundan əvvəllki təyinatlarda ona hansı diaqnozların qoyulmasından xəbəri olmamış, Şahid4 bundan əvvəl də əlillik təyinatının aparılması barədə müraciətləri olsa da imtina edilmiş, imtinanın səbəbini bilməmiş, “sol aşağı ətrafın 7,0 sm qısalması diaqnozunun bundan əvvəlki əliliyin təyinatları zamanı qoyulub qoyulmamasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs iki dəfə ailə qurduğunu, birinci arvadının öldüyünü, birinci nikahından 3 övladının olduğunu, İİ dəfə ailə qurduğunu, həmin nikahdan da 3 övladının olduğunu, ailə tərkibinin geniş olmasını, qazanc gətirənin yalnız özü olduğunu bildirmiş, heç bir təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünü çıxarılmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Sumqayıt Şəhər Tibb Mərkəzi” X13 1 nömrəli Şəhər Xəstəxanasının poliklinka şöbəsinin müdiri Arzu Bəndəliyeva tərəfindən imzalanmış ərizə ilə məhkəməyə müraciət edərək təmsil etdiyi Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X10 şəxsin Sumqayıt şəhər Tibb Mərkəzi X13 1 nömrəli Sumqayıt şəhər Xəstəxanası poliklinka şöbəsinin Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı ona qarşı heç bir iddiası və şikayətinin olmadığını bildirərək sonuncunun barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, 2007-2009-cu illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2008-ci ildə orada hərbi təlim zamanı hərbi nəqliyyat vasitəsinə minərkən sağ ayağının sürüşməsi səbəbindən sol ayağı zərbə ilə nəqliyyat vasitəsinə dəyərək zədələnmişdir. İlk əvvəl buna əhəmiyyət verməsə də sonradan sol ayağının getgedə şişdiyini görmüşdür. Buna görə Naxçıvan hərbi hospitalına göndərilmiş, orada bir müddət stasionar qaydada müalicə almış, səhhəti qaydasına düşmədiyi üçün oradan göndərişlə Bakı şəhərində yerləşən Mərkəzi Hərbi Hospitala göndərilmişdir. Mərkəzi Hərbi Hospitalda əməliyyat olmuş, bir müddət orada qalıb müalicə almışdır. Bundan sonra, səhhəti bir qədər düzəlmiş, sonradan yenə ağrıları gücləndiyi üçün Sumqayıt şəhər Travmatologiya xəstəxənasına müraciət etmişdir, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi orada stasionar qaydada müalicə almışdır. Bundan sonra, əlilliyə dair pensiya ala bilmək üçün xəstəliyi ilə əlaqədar müalicə sənədlərini Sumqayıt 3 saylı şəhər poliklinikasına təqdim etmiş, həmin vaxt Təqsirləndirilən şəxs və Şahid1 qəbulunda olmuşdur. Müayinələr Təqsirləndirilən şəxs tərəfindən aparılaraq ona diaqnoz qoyulmuşdur. Daha sonra, isə həkim məsləhət komissiyası tərəfindən onun diaqnozları qiymətləndirilmiş, həmin diaqnozların onda olması öz təsdiqini tapmışdır. Ona əlilliyə görə pensiya düşdüyünü bildirərək onu X8 göndərmişlər. X5 da yoxlanılaraq ona “Digər xroniki osteomielit, sol qamış sümüyünün keçirilmiş hematogen osteomieliti əməliyyatdan sonrakı vəziyyət. Qamış sümüyünün kirəçlənməsi, sol aşağı ətrafın funksiyasının kəskin dərəcədə pozulması əl ağacının köməyi ilə gəzir,” diaqnozu qoyulmuşdur. Bundan sonra, Elmi- Tədqiqat İnstitutunun arayışını Sumqayıt şəhəri 3 saylı poliklinikaya Təqsirləndirilən şəxs aparıb vermişdir. 2020-ci ildə onun diaqnozları həkim məsləhət komissiyası tərəfindən Forma 088-ə yerləşdirilərək Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Həmin vaxt “yalnış doldurulma” qeyd edilərək imtina cavabı gəlmiş, daha sonra ikinci dəfə müraciət etmiş, ona X4 keçməyi bildirilmiş, o da təkrarən oradan keçmiş, yenə də onun əvvəlki diaqnozları təsdiqlənmişdir. Həkim komissiyası yenidən göndərmişdir. Bundan sonra o, Tibbi Sosial Ekspert Komissiyasına getmiş, orada əyani formada müayinə edilmiş, sol ayağı ölçülmüş, diaqnozda göstərildiyi kimi 7 sm qısalıq aşkar edilməmiş və ona əlillik düşmədiyini bildirmişlər. Lakin o buna etirazını bildirsə də onun sözlərinə məhəl qoymamışlar və heç bir əsaslı müayinələr aparmayaraq əlilliyin təyinindən imtina etmişlər. O, diaqnozların yazılması ilə əlaqədar heç bir həkimə heç bir məbləğdə pul və ya başqa bir şey verməmişdir. Bundan başqa, Sumqayıt 3 saylı şəhər poliklinikasında həkim Təqsirləndirilən şəxs başqa həkimin qəbulunda olmamış, başqa həkim tanımamış və müayinə olunmamışdır. Əliliklə bağlı hər üç təyinatdan imtina olunması zamanı müraciətlərdən əvvəl həkimi də Təqsirləndirilən şəxs olmuşdur. Sonuncunun hansı tarixlərdə qəbulunda olmasını tam xatırlamamışdır. Ayağı ilə bağlı sistemli və profesional həkim müalicəsi almamışdır. Təqsirləndirilən şəxs yalnız müayinə həkimi olmuşdur. Bundan əvvəllki təyinatları zamanı da ona sonuncu təyinat aparılması üçün müraciət edilən vaxt qoyulmuş “sol aşağı ətrafın 7,0 sm qısalması diaqnozunun qoyulub qoyulmamasını bilməmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, əvvəllər Sumqayıt şəhər 3 saylı poliklinikasının baş həkimi və həkim məsləhət komissiyasının sədri olmuşdur. Şahid4 əlilliklə bağlı təqaüd ala bilməsi üçün əvvəlki 3 saylı şəhər poliklinikasına etdiyi müraciəti əsasında ona stasionar müalicə ala bilməsi üçün göndəriş verilmiş, həmin göndəriş əsasında stasionar müalicə alaraq müalicənin nəticələrini özündə əks etdirən epikrizləri poliklinikaya təqdim etmişdir. Şahid4 barəsində verilmiş göndərişdə əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş “Digər xroniki osteomielit, sol qamış sümüyünün, keçirilmiş hematogen osteomieliti, əməliyyatdan sonrakı vəziyyət, qamış sümüyünün kirəçlənməsi, sol aşağı ətrafın funksiyasının kəskin dərəcədə pozulması diaqnozları xx.xx.2019-cu il tarixli Hərbi Həkim Komissiyasının qərarı, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli ET Travmotologiya və Ortopediya İnstittutundan verilmiş rəylərdə öz əksini tapmışdır. Bundan əlavə, sonuncu göndərişdə, Şahid4 xroniki osteomieritin kəskinləşmə dövründə diz oynağında açıcı kontraktura olmuş və buna görə aşağı ətraf qısalmışdır. Buna görə də göndərişdə həmin formada qeyd edilmişdir. Müraciət edən şəxslərin diaqnozları barədə birbaşa onların həkim mütəxəssisləri, yəni müalicə həkimləri tərəfindən müayinələri aparılmış və müvafiq xəstəxanalarda göndərişlər verilir və onun əsasında qeyd olunan diaqnozları müalicə həkimi müvafiq göndərişə qeyd edir və həkim məsləhət komissiyasına təqdim edir. O, ixtisasca həkim travmatoloq, əvvəllər baş həkim olduğuna görə həkim məsləhət komissiyasının sədri olmuşdur. O, müalicə həkimlərinin təqdim etdiyi müayinələr və epiqrizləri nəzərdən keçirmiş, xəstələrin həqiqətən də epikrizlərinin, xəstələrin stasionarda olub-olmamasına baxmış, bundan sonra həmin şəxsin həkim məsləhət komissiyasında komissiyası təşkil edilmiş, o və digər həkim məsləhət komissiyasının üzvləri xəstəyə baxmış, şəxsiyyəti, həqiqətən sənədlərinin qaydasında olub-olmaması dəqiqləşdirilmişdir. Bundan sonra əgər sənədlər qaydasındadırsa komissiya üzvləri tərəfindən artıq forma 88-in yazılmasına qərar verilir. Forma 088-i poliklinikada operator vəzifəsində işləyən işçilər doldururlar. Sonradan o və digər həkim məsləhət komissiyasənın üzvləri elektron imzalarla təsdiq etmişdir. Elektron imzaların hər biri komissiya üzvlərində olur. Onun imzası özündə olmuş, Forma 88-in düzgünlüyünə baxdıqdan sonra özü imzası ilə təsdiq etmişdir. Onlar tərəfindən Forma 88-də əlilliyin təyin olunması ilə bağlı göndərişdə hər hansı təhrif edilmiş, şişirdilmiş məlumatlar, diaqnozlar əlavə edilməmişdir. Göndəriş o demək deyil ki, həmin şəxslərə hökmən əlillik təyin edilməlidir. Həmin şəxslərlə bağlı əlilliyin təyin edilməsi TSEK-nın səlahiyyətlərinə aiddir. Şahid4 da eyni qayda tətbiq edilmiş, sonuncunun həkimi Təqsirləndirilən şəxs olmuş, ona əlavə “sol aşağı ətrafın 7,0 sm qısalması diaqnozu sonuncu tərəfindən qoyulmuş, tərəfindən və həkim məsləhət komissiyasın üzləri tərəfindən Şahid4 əyani müayinə edilməmiş, yalnız tibbi sənədlərinə baxmış, Təqsirləndirilən şəxs tərəfindən qoyulmuş diaqnoz əsasında sonuncu göndərişdə “sol aşağı ətrafın 7,0 sm qısalması xəstəliyi qeyd edilərək göndərilmiş, lakin Şahid4 3-cü dəfə təyinat aparılmamışdır. Məhkəmədə Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilənləri təsdiq etmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, o həkim olmadığından xəstələrin daqnozları ilə bağlı hər hansı biliyə malik deyildir. Həkim məsləhət komissiyasının elektron imzaları mövcuddur, elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Elektron imza həkimlərə məxsus olsa da onu sistemə həkimin nəzarəti, diktəsi və redaktəsi altında o, daxil etmişdir. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropatoloq tərəfindən müayinə olunur, lazım gəldikdə isə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu Forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin Forma 88-i sistemə daxil etmək mümkün olmur. O, yalnız həkimlərin ona təqdim etdiyi diaqnozlar, epikrizdə olan və tibbi kartalarda olan məlumatları, tam hazır formada yazılmış forma 88-ə daxil etmişdir. Hər bir şəxlə bağlı məlumatlar forma 88-ə daxil edilərkən, müvafiq olaraq müalicə həkimi, həkim məsləhət komissiyasının üzvü olan həkim özü baxmış, hər gün həkim məsləhət komissiyasının üzvləri sədrlə birlikdə müzakirələr aparmış və yekun rəy verilmişdir. Bundan sonra yekurn nətəcələri o, sistemə yükləyib yadda saxlamışdır. Həkimlərin və sədrin elektron imzaları özlərində olmuş, özləri elektron imzaları vasitəsi ilə təsdiq etmişlər. Şahid4 da eyni qaydalar tətbiq edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2016-cı il tarixli, 498 saylı rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022ci il tarixli, 53-1/KEŞ nömrəli rəyindən görünür ki, Şahid4 adına adına tərtib edilmiş göndərişdə əsas xəstəlik və ağıtlaşma olaraq “Digər xroniki osteomielit; sol qamış sümüyünün keçirilmiş hematogen osteomieliti əməliyyatdan sonrakı vəziyyət; qamış sümüyünün kirəçlənməsi, Sol aşağı ətrafın funksiyasının kəskin dərəcədə pozulması, (əl ağacının köməyi ilə gəzir); sol aşağı ətrafın 7,0 sm qısalması, sol aşağı ətrafın əzələ atrofiyası” diaqnozları qeyd edilmişdir. Şahid4 Sumqayıt şəhər 3 nömrəli poliklinikada qeyd edilmiş diaqnozlar qismən düzgün olmuşdur. Belə ki, əsas diaqnozun ağırlaşmaları (sol aşağı ətrafın 7,0 sm qısalması, əzələ atrofiyası) əyani müayinəsi zamanı müəyyən edilməmişdir. Obyektiv, laborator, kliniki və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid4 qeyd olunan diaqnozla əlaqədar sonrakı adekvat müalicə və resbilitasiya nəticəsində ümumi dinamikada stabilləşmənin əldə edilməsi mümkündür. Göndərişin rəsmiləşdirilməsi zamanı diaqnozun təyin edilməsi ilə əlaqədar hiperdiaqnostikaya yol verilmişdir. Şahid4 təyin edilmiş diaqnozla əlaqədar onda qeyd edilən patofunksional pozuntular əlillik təyinatına əsas vermir. Bu da Həkim Məsləhət Komissiyasının üzvləri tərəfindən Səhiyyə sistemində mövcud olan 2012-ci il tarixli 70 saylı əmrin pozulması kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid4 adına Sumqayıt 3 saylı şəhər xəstəxanasında tərtib edilmiş xx.xx.2021 -ci il tarixli 0531003AAJG3 nömrəli göndərişdə əsas diaqnoz “Digər xroniki osteomielit, sol qamış sümüyünün keçirilmiş hematogen osteomieliti əməliyyatdan sonrakı vəziyyət; qamış sümüyünün kirəçlənməsi, Sol aşağı ətrafın funksiyasının kəskin dərəcədə pozulması, əl ağacının köməyi ilə gəzir, sol aşağı ətrafın 7,0 sm qısalması, sol aşağı ətrafın əzələ atrofiyası” kimi, ağırlaşma diaqnozu “Hərəkətin və yerişin pozulmaları sol aşağı ətrafın funksiyasının kəskin dərəcədə pozulması, əl ağacının köməyi ilə gəzir, Oynaqların kontrakturası, Sol diz və aşıq-baldır oynaqlarının kontrakturası, hərəkət həcmi 10 dərəcə, Əzələnin başqa rublikalarda təsnif olunmayan atrofiyası və üzülməsi sol aşağı ətrafın atrofiyası, ətrafların müxtəlif uzunluğu (qazanılma) sol aşağı ətrafın 7,0 sm qısalması” kimi göstərilmişdir. Eyni zamanda ağırlaşma kimi qeyd olunmuz diaqnoz həmin göndərişdə müayinə nəticələri hissəsində həkim travmatoloq-ortopedə aid olan hissədə qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid4 adına Sumqayıt 3 saylı şəhər xəstəxanasında tərtib edilmiş xəstənin ambulator tibbi kartasından görünür ki, Şahid4 barəsində 31 avqust 2020-ci il tarixdə müraciətində rəsmi sənəd olan ambulator xəstənin tibbi kartasında Sol qamış sümüyünün keçirilmiş osteomielitə görə keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət, sol aşağı ətrafın kəskin funksiya pozğunluğu,” Ağırlaşma diaqnozu olaraq “sol aşağı ətrafın 7,0 sm qısalması, sol aşağı ətrafın əzələ atrofiyası, sol diz aşıq baldır oynaqlarının kontrakturası, sol aşağı ətrafın funkisiya pozğunluğu” kimi qeyd edilmişdir. Həmin qeydlər Təqsirləndirilən şəxs tərəfindən aparılmış və imzası ilə, eləcə də həkim məsləhət komissiyasının ştampı ilə təsdiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş X3 və Ortopediya İnstitutunun 23 yanvar 2020-ci il tarixli 660/6103 nömrəli və xx.xx.2021-ci il tarixli, 201925/5669 nömrəli arayışından görünür ki, Şahid4 “Sol qamış sümüyünün keçirilmiş hemotagen osteomieliti əməliyyatından sonrakı vəziyyəti, Qamış sümüyünün kirəçlənməsi, Aşıq baldır və diz oynağının kontrakturası, əzələ atrofiyası, yerişin və funksiyanın pozulması, kəskin dərəcə” diaqnozları müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin 30 dekabr tarixli 413 nömrəli qərarından görünür ki, qərarın 2.5.10ci bəndinə əsasən “bir aşağı ətrafın 7 sm qısa olması” (M84.1, M96.0) diaqnozu 3-cü dərəcə müddətsiz əlillik təyin edilməsinə əsas verir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər 3 nömrəli Poliklinikası üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli 09 nömrəli əmrlərdən görünür ki, həmin Xəstəxananın həkim məsləhət komissiyası sədr baş həkim Şahid1, üzvlər həkim nevropatoloq Aygün Yusifova, həkim cərrah Şahid2 və həkim terapevt Telman Əsgərovdan ibarət olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər 3 nömrəli Poliklinikası üzrə qəbul edilmiş xx.xx.1995-ci il tarixli 93k nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 1995-ci ildən həmin poliklinikada həkim travmatoloq vəzifəsində işləyir. Cinayət işinin materiallarına əlavə edilmiş “Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi” barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə “Həkim məsləhət komissiyası haqqında Əsasnamə”-dən görünür ki, həmin əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim məsləhət komissiyasının tərkibinə daimi üzv kimi həkiməmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Xəstələr HMK-na şöbə müdiri, müalicə həkimi tərəfindən təqdim olunurlar. Komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafiq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (Ü35u nömrəli forma) yazılır. Cinayət işinin materiallarına məhkəmə baxışında əlavə edilmiş xx.xx.2020-ci ildə imzalanmış göndərişdən görünür ki, Şahid4 əlilik təyinatının aparılması üçün qeyd edilmiş göndərişdə əsas diaqnoz kimi “ Digər xroniki osteomielit, Sol qamış sümüyünün keçirilmiş osteomielitə görə keçirilmiş cərrahi əməliyyatdan sonrakı vəziyyət, qamış sümüyünün kirəcləşməsi, sol aşağı ətrafın əzələ atrofiyası, yerişin və funksiyasının pozulması kəskin dərəcədə diaqnozu qoyulmuşdur. Ağırlaşma diaqnozu kimi isə oynaqların kontrakturası, sol diz aşıq baldır oynaqların kontrakturası qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək müharibə əliliyi olan vətəndaşlara aid dövlət tibb müəssisələrin nəznində fəaliyyət göstərən həkim məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilən diaqnozların əlilliyin müəyyən olunması meyarlarına uyğunlaşdırılması məqsədi ilə şişirdildiyini, bəzi hallarda isə faktların saxtalaşdırıldığını göstərmişdir. Nazirlik tərəfindən verilmiş siyahıda Sumqayıt şəhər 3 nömrəli Poliklinikası da olmuşdur. Həmçinin məktubda, Dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilən əsassız göndərişlərə tibbi sosial ekspert komissiyası tərəfindən əsaslı imtina qərarlarının verilməsi cəmiyyətdə Nazirliyinin ünvanına geniş narazılığın yaranmasına səbəb olduğu qeyd edilərək toplanmış materiallara hüquqi qiymət verilməsi xahiş edilmişdir. Cinayət işində olan sübutların qiymətləndirilməsi barədə müstəntiqin xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, xx.xx.2020-ci il tarixli əmrlə həkim məsləhət komissiyasının sədri Sumqayıt 3 saylı şəhər poliklinikasının baş həkimi vəzifəsində işləmiş, hazırda Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə X10 şəxs Sumqayıt Şəhər Tibb Mərkəzi 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası X11 Poliklinika şöbəsində həkim-travmatoloq işləyən Şahid1 təyin olmuş, komissiya üzvü həkim cərrah Şahid2 olmuşdur. Həmin dövrdə Forma 088-də Şahid4la bağlı olan diaqnozu müalicə həkimi Təqsirləndirilən şəxs verdiyi rəyə və onun xəstənin tibbi kartasında gəldiyi nəticəyə uyğun olaraq təsdiq etmişlər. Buna görə də Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə X10 şəxs Sumqayıt Şəhər Tibb Mərkəzi 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası X11 Poliklinika şöbəsinin həkim travmatoloqu Şahid1 və həkim məsləhət komissiyasının üzvü Şəbnəm İmanovun əməllərində hər hansı cinayət tərkibinin əlamətləri müəyyən edilməmişdir. Göstərilənlərə əsasən həmin qərarla Şahid1, Şahid2 barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilərək iş materialına əlavə olunmuş Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinka şöbəsinin müdir əvəzi Zemfira Sanıyeva tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı “Sumqayıt Şəhər Tibb Mərkəzi” X11 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası poliklinka şöbəsinin qanunla qorunan mənafeyinə hər hansı formada zərər dəyməmiş, sonuncuya qarşı heç bir iddiaları və şikayətləri yoxdur. Məhkəmə xx.xx.2022-ci il tarixli məktubda göstərilən mövqeyə tənqidi yanaşır, çünki həmin məktub müdir əvəzi Zemfira Sanıyeva tərəfindən imzalanmaqla işdəki digər sübutlarla təkzib edilir. Məhkəmənin davamında isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 1 nömrəli Şəhər Xəstəxanasının poliklinka şöbəsinin müdiri Arzu Bəndəliyeva tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Sumqayıt Şəhər Tibb Mərkəzi” X11 1 nömrəli Sumqayıt şəhər Xəstəxanası poliklinka şöbəsinin Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı ona qarşı heç bir iddiası və şikayəti yoxdur. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin bu mövqeyini əsas götürür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsin, şahid ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də işin faktiki hallarından görünür ki, Şahid4 müayinə həkimi o olmuş, bütün müayinələr və diaqnoz onun tərəfindən qoyularaq həkim komissiyasına təqdim edilmiş, sonuncu Təqsirləndirilən şəxs başqa bir müayinə həkimi tanınamış və daim onun qəbulunda olmuş, müayinələr İ. Paşayev tərəifndən aparılmış, ümumilikdə sonuncu tərəfindən qoyulmuş diaqnozlar əsasında müxtəlif vaxtlarda 3 dəfə əlillik təyinatının aparılması üçün göndərişlər göndərilmiş, həmin iki (xx.xx.2020) göndərişlərdə Şahid4 “sol aşağı ətrafın 7,0 sm qısalması diaqnozu qoyulmamış, 2 dəfə imtina verildikdən sonra ömürlük əsassız əlilik təyinatının aparılması üçün Təqsirləndirilən şəxs tərəfindən bu məsələnin bir dəfəlik həlli və imtina verilməməsi üçün əlavə diaqnoz kimi “sol aşağı ətrafın 7,0 sm qısalması” xx.xx.2020-ci ildə xəstəlik tarxində qeyd edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əgər həqiqətən Şahid4 “sol aşağı ətrafın 7,0 sm qısalması mövcüd idisə nə üçün 2 dəfə əlillik təyinatının aparılması zamanı bu qısalıq həkimlər tərəfindən müəyyən edilməmiş, yalnız 3-cü dəfə təyinat zamanı aşkar edilmişdir. Nəzərə alsaq ki, həkim Təqsirləndirilən şəxs və eyni həkim komissiyası olmuşdur. Bu da onu göstərir ki, həmin qısalıq olmamışdır. Bu qısalığın olmaması da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyində aparılmış sonuncu təyinat zamanı əyani müayinə zamanı da aşkar edilmişdir. Təqsirləndirilən şəxs əvvəlki təyinat üçün qoyulmuş diaqnozlardan xəbəri olmadığını və Şahid4 bir dəfə sonuncu diaqnoz qoyulan tarixdə görüb müayinə etdiyini göstərsə də Şahid4 həkim kimi həmişə yalnız Təqsirləndirilən şəxs qəbulunda olaraq müayinə olunduğunu və onu tanıdığını bildirmişdir. Həmçinin Şahid4 məhkəmədəki ifadəsində xx.xx.2020-ci ildən sonra profesional və sistemli müalicə almadığını bildirmışdır. Gəlinmiş qənaət X3 və Ortopediya İnstitutunun 23 yanvar 2020-ci il tarixli 660/6103 nömrəli və xx.xx.2021-ci il tarixli, 201925/5669 nömrəli arayışları, əvvəlki iki təyinat üçün göndərilmiş göndərişlər, ekspert rəyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyində aparılmış sonuncu təyinat zamanı əyani müayinə ilə də təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək Şahid4 aid məlumatların Forma 088-ə düzgün yerləşdirilməsi, hər hansı təhrif olunmuş məlumatların yerləşdirilməməsi Şahid4 müayinə etdiyi zaman sol ayağında 7 sm qısalığın olması kimi göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə özünü müdafiə xarakteri daşımasına baxmayaraq, onun ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizalarının rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmçinin cəza təyin edərkən Təqsirləndirilən şəxs birinci arvadı öldüyünə görə ikinci dəfə ailə qurduğunu, birinci nikahdan 3 övladığının olduğunu, ikinci nikahdan da 2 övladığının olduğunu, ailə tərkibinin geniş olmasını, uşaqlarının ikisinin azyaşlı olduğunu, ailəyə qazanc gətirənin yalnız özü olduğunu nəzərə alır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin və nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X9 vardır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən tərtib edilmiş xidməti məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini xx.xx.2020-ci il tarixdə törətmiş və o, xx.xx.2022-ci il tarixdə CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Beləliklə, iş materialları ilə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs törətdiyi CMnin 313-cü maddəsində nəzərdə tutulan vəzifə saxtakarlığı cinayətinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, 11 iyun 2022-ci il tarixli 822 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 44, 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 saat hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar