Məhkəmə qərarları › İş №1(060)-27/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-27/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-27/2025 05.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 döngə 3, ev 7-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, həmçinin özgənin əmlakını təkrar, xeyli miqdarda ziyan vurmaqla və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə sosial şəbəkədə ayrı-ayrı şəxsləri Polşa Respublikasına işləməyə göndərmək kimi imkanının olmasına dair yalan məlumatlar əks etdirən elan və istifadə etdiyi ***-***-**- ** saylı mobil telefon nömrəsini yerləşdirdikdən sonra, həmin mobil telefon nömrəsinə zəng edən Zərərçəkmiş şəxs ilə 2023-cü ilin avqust ayının əvvəllərində dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən X2rşısında görüşüb, sonuncunu Polşa Respublikasına işləməyə göndərəcəyi adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs ilə razılaşmaqla sövdələşib həmin vaxt qeyd olunan ünvanda aldığı 450 manat, 07 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən ünvan 3 ünvanda yerləşən «Araz market» mağazasında quraşdırılmış «MPAY» ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus 4244******** 1370 nömrəli bank kartına köçürülmüş 110 manat, 23 avqust 2023-cü il tarixdə eyni ünvanda həmin bank kartına köçürülmüş 73 manat, 30 avqust 2023-cü il tarixdə yaşadığı ünvan 4 ünvanından “pasha bank” mobil bank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs məxsus ************ 1150 nömrəli bank kartına köçürülmüş 170 manat, 11 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə 4244********1370 nömrəli bank kartına köçürülmüş 110 manat, 2023-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «Nizami» metrostansiyasının qarşısında görüşərək aldığı 750 manat, 05 oktyabr 2023-cü il tarixdə ünvan 4 ünvanından “pasha bank” mobil bank tətbiqi vasitəsilə ************1150 nömrəli bank kartına köçürülmüş 804 manat, 25 oktyabr 2023-cü il tarixdə ünvan 4 ünvanından “pasha bank” mobil bank tətbiqi vasitəsilə həmin bank kartına köçürülmüş 61 manat, 27 oktyabr 2023-cü il tarixdə ünvan 4 ünvanından “pasha bank” mobil bank tətbiqi vasitəsilə həmin bank kartına köçürülmüş 750 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3278 (üç min iki yüz yetmiş səkkiz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarını qazandıqdan sonra Polşa Respublikasına getdikdə orada bir müddət dolanışığını təmin etmək üçün bank hesabı açdırması və həmin bank hesabına müəyyən məbləğdə pul yatırmasına razı salaraq, 2023-cü ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid elektron məlumat daşıyıcısı hesab edilən 4244-4848-4710-0900 nömrəli bank kartı açdırıb, sonuncunun həmin bank kartına 2023-cü ilin oktyabr ayının sonlarında yüklədiyi 5430 manat məbləğində pulun 5420 manat məbləğini xx.xx.2023-cü il tarixdə, 10 manat məbləğini isə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində istintaqa məlum olmayan ünvanda öz mobil telefonunda açdığı tətbiq vasitəsilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib özünə məxsus “M 10” elektron pul kisəsinə köçürüb nağdlaşdırmaqla gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğluna 5430 (beş min dörd yüz otuz) manat məbləğində - xeyli miqdarda maddi ziyan vuraraq, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş M.O.Aleksandroviç ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ruhiəsəb və sair xəstəliyi yoxdur. Əvvəllər məhkum olunmamışdır. Maddi durumu zəif olduğundan 2023-cü ilin fevral ayında sosial şəbəkələrdə Polşa Respublikasında işə düzəltmə elanı görüb 055 ***-**-** saylı mobil telefon nömrəsini qeyd edib paylaşım etmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs onunla əlaqə saxlamış, onunla Bakı şəhərində Avtovağzalın yaxınlığında görüşmüş və sonuncudan ümumvətəndaş pasportunu götürmüş və Tahiri yaxın günlərdə Polşa Respublikasına getmək üçün visa alacağını deyib göndərəcəyinə söz vermişdir. Həmin işin görülməsi üçün 2000-3000 pul lazım olduğunu demişdir. Həmin yerdə Tahirdən işlərə başlanması üçün 450 manat məbləğində pul almışdır. Bundan sonra Tahirə özünə məxsus Bank Respublikaya aid 4244 4848 47501370 saylı “Neo" kart hesabını vermişdir. Tahir müxtəlif vaxtlarda onun kart hesabına hissə-hissə olmaqla 2000 manat aralığında dəqiq xatırlamadığı məbləğdə pul göndərmişdir. Həmin pulları da Bakı şəhərində müxtəlif ünvanlarda nağdlaşdırmaqla şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Tahirin ona inandığını görüb demişdir ki, visa işləri hazırdır, aviabilet üçün pul lazımdır. 2023-cü ilin sentyabr ayının son günlərində dəqiq gününü xatırlamadığı tarixdə Tahirlə Bakı şəhəri Yasamal rayonu Nizami Metrostansiyasının qarşısında görüşmüşdür. Orada Tahirdən 750 manat məbləğində pulu ona aviabilet almaq üçün almış və Tahirə məxsus pasportu özünə qaytarmışdır. Bundan sonra Tahirə demişdir ki, özünə bank hesab nömrəsi, yəni kart açılıb həmin hesaba təxminən 5000-6000 manat məbləğində pul qoyulmalıdır ki, Polşaya gedib işə başlayanadək dolanmaq üçün pulu olsun. 2023-cü ilin oktyabr ayında Tahir ilə birlikdə Bakı şəhəri Nizami Metrostansiyasının yaxınlığında yerləşən “Bank Respublikanın" filialına yaxınlaşmışlar. Orada “Bank Respublika’’ya aid Neo kart hesab kartı açılmışdır. Həmin kart hesabını açan zaman demişdir ki, ona məxsus mobil telefon nömrəsini təqdim etsinlər, sms gəldikdə məlumatı olsun. Buna görə də özünə məxsus 055 ***-**-** saylı mobil telefon nörməsini təqdim etmişlər. Bundan bir neçə gün sonra Tahir ona demişdir ki, həmin kart hesabına 5500 manat pul köçürmüşdür. O da Tahirə demişdir ki, həmin kartın hər iki üzünün şəkilini ona atsın. Tahir kartının şəkilini ona atdıqda Sumqayıt şəhərində xatırlamadığı ünvanda Tahirlə birlikdə olduğu zaman həmin kart hesabını öz mobil telefonunda tətbiq vasitəsilə yaratmış və həmin hesabı idarə etməklə 5430 manat pulu həmin zaman istifadə etdiyi 055 ***-**-** saylı nömrə altında açdığı, hazırda aktiv olmayan “M 10” hesabına yükləmişdir. Həmin pulu da Bakı şəhəri Kapital Bankın baş ofisinin qarşısında quraşdırılmış Kapital banka məxsus bankomatda nağdlaşdırıb şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs Bakıdan Polşa istiqamətində təyyarə bileti almışdır. Əməlindən peşmandır, yaxın müddətdə Zərərçəkmiş şəxs pulunu qaytaracaq. Zərərçəkmiş şəxs 8708 manat məbləğində pulu 2023-cü avqust-noyabr aylarında Tahiri Polşa Respublikasına göndərilməklə işə düzəldilməsi adı ilə almışdır. Həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin işin görülməsində ona hər hansı şəxs köməklik etməmiş, aldığı pulu da hər hansı bir şəxsə verməyib şəxsi ehtiyaclarına xərcləmişdir. Göstərilən halları, həmçinin əməlindən peşman olmasını, səhhətində problemləri olduğunu, insult keçirtdiyini, barəsində 02 ildən artıq müddət azadlıqdan məhrumetmə cəza təyin edilsə fiziki olaraq cəzanı çəkə bilməyəcəyini bildirirək barəsində daha yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs M.O.Aleksandroviçin təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2023-cü il fevral ayında internet üzərindən xatırlamadığı sosial şəbəkədə Polşa Respublikasında işə düzəltmə elanı görüb ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Özünü Oleq kimi təqdim edən şəxs ona işə düzəltmə bürosunda işlədiyini deyərək orada işlədiyini təsdiq edən sənəd göndərmişdir. Oleq ona Polşada işə düzəldəcəyi ilə əlaqədar konkret nə qədər pul verməyi ilə bağlı bir söz deməmişdir. 2023-cü ilin avqust ayının ilk həftəsində Oleqlə Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən X2rşısında görüşmüşdür. Orada özünə məxsus ümumivətəndaşlıq pasportunun surətini Oleqə vermişdir ki, onun üçün visa məsələlərini həll etsin. Elə həmin yerdə Oleqə işə başlaması üçün 450 manat məbləğində pul vermişdir. Bundan sonra 07 avqust 2023-cü il tarixdə ünvan 8 ünvanında yerləşən “Araz” marketdə quraşdırılmış Mpay ödəmə terminalından Oleqə məxsus Bank Respublikaya aid 4244 4848 4750 1370 saylı kart hesabına 110 manat, 23 avqust 2023-cü il tarixdə həmin ünvandan həmin kart hesabına 73 manat, 11 sentyabr 2023-cü il tarixdə həmin ünvandan həmin kart hesabına 110 manat pul göndərmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda olarkən Oleqə məxsus kart hesabına özünə məxsus Pasha bank hesabının mobil tətbiqindən 170 manat göndərmişdir. Bundan sonra Oleq demişdir ki, visa işləri hazırdır, aviabilet üçün pul lazımdır. O da 2023-cü ilin sentyabr ayının son günlərində dəqiq gününü xatırlamadığı tarixdə Oleqlə Bakı şəhəri Yasamal rayonu Nizami Metrostansiyasının qarşısında görüşmüşdür. Orada Oleqə 750 manat məbləğində pulu ona aviabilet alması üçün vermişdir. Oleq də pulu götürüb pasportunu qaytarmışdır. Bundan sonra Oleq demişdir ki, özünə bank hesab nömrəsi, yəni kart açılıb həmin hesaba pul qoyulmalıdır ki, Polşaya gedib işə başlayanadək dolanmaq üçün pulu olsun. 2023-cü ilin oktyabr ayını Oleq ilə birlikdə Bakı şəhəri Nizami Metrostansiyasının yaxınlığında yerləşən “Bank Respublikanın” filialına yaxınlaşmışlar. Orada "xxxx"ya aid Neo kart hesab kartı açılmışdır. Həmin kart hesabını açan zaman Oleq demişdir ki, özünə məxsus mobil telefon nömrəsini təqdim etsinlər, sms gəldikdə məlumatı olsun. Buna görə də Oleqə məxsus 055 704- 09-77 saylı mobil telefon nörməsini təqdim etmişlər. Oradan yaşadığı ünvana qayıtmışdır. xx.xx.2023cü il tarixdə yaşadığı ünvanda olarkən Oleqə məxsus kart hesabına özünə məxsus Pasha bank hesabının mobil tətbiqindən 804 manat göndərmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda olarkən Oleqə məxsus kart hesabına özünə məxsus Pasha bank hesabının mobil tətbiqindən 61 manat göndərmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda olarkən Oleqə məxsus kart hesabına özünə məxsus Pasha bank hesabının mobil tətbiqindən 750 manat göndərmişdir. Oleq ona Bakıdan Polşa istiqamətinə təyyarə biletinin aldığını bildirmişdir. Elə həmin ayda dəqiq gününü xatırlamadığı tarixdə Bank Respublikadan aldıqları Neo **********100900 nömrəli hesaba 5500 manat məbləğində pulu Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “ƏLİ94” adlı marketdə million terminalından pul köçürmüş və bu barədə Oleqə məlumat vermişdir. Oleq də demişdir ki, kartın hər iki üzünün fotoşəkilini atsın. Həmin qəbzi də ödəmədən sonra evdə bilinməməsi üçün cırıb atmışdır. Bir neçə gün sonra həmin kartı Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Bravo” marketdə bankomata daxil edəndə kart hesabında olan 5430 manat pulun olmadığını aşkar edib Oleqə zəng etdikdə Oleq demişdir ki, yəqin onun kart hesabından kimsə pulu oğurlamış, Moskva şəhərinə gedir orada araşdıracaq. Bundan sonra Oleq onun zənglərinə cavab verməmiş və müəyyən etmişdir ki, Oleq tərəfindən aldadılmışdır. Oleqə 3278 manat pulu göndərmişdir. 5430 manat pulu isə ona məxsus kart hesabından oğurlamışdır. Ona toplam olaraq 8708 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Göstərilən halların nəzərə alınmasını mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, M.O.Aleksandroviç cinayət işi üzrə şübhəli şəxs qismində tanınmış və istintaq orqanına gəlməkdən qəsdən boyun qaçırdığından barəsində axtarış elan edilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il protokoldan görünür ki, M.O.Aleksandroviç xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Cinayət işinin 85-87-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməklə həmin tarixdə təqsirləndirilən şəxs M.O.Aleksandroviç barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 65-66-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs M.O.Aleksandroviçin əməli CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin 41-42-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 tərcüməçi qismində dəvət edilmişdir. Cinayət işinin 22-28,34-cü vərəqələrində olan qəbzlər və bank çıxarışından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs M.O.Aleksandroviçə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib edilmiş tələbnamədən görünür ki, M.O.Aleksandroviç əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 96-105-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ödəmə qəbzləri və Bank Respublikaya aid hesabdan çıxarış maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materialına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, sonuncu xx.xx.2024-cü il tarixindən tutularaq müvəqqəti saxlama yerinə verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" QSC-dən əldə edilmiş məktubdan görünür ki, 2023-cü il ərzində AZAL tərəfindən Polşa Respublikası istiqamətində birbaşa uçuşlar həyata keçirilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, M.O.Aleksandroviçin xx.xx.2023-cü il tarixli X9 adlı övladı var. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə M.O.Aleksandroviç etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi, həmçinin özgənin əmlakını təkrar, xeyli miqdarda ziyan vurmaqla və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.4 maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar, xeyli miqdarda ziyan vurmaqla və elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə gizli olaraq talamaq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 178.1-ci maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs M.O.Aleksandroviçə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla M.O.Aleksandroviçin özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, himayəsində yetikinlik yaşına çatmayan övladının olması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs M.O.Aleksandroviçin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, M.O.Aleksandroviçin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4 və 178.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 17 may 2024-cü il tarixdən 19 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs M.O.Aleksandroviçə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs mülki iddiası təmin edilməli, vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 8708 (səkkiz min yeddi yüz səkkiz) manat, ödənilmiş dövlət rüsumuna görə 107.5 (yüz yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs M.O.Aleksandroviçin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə 03 (üç) il, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə Təqsirləndirilən şəxs 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdən 19 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış qəbzlər və Bank Respublikaya məxsus hesabdan çıxarış cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin. Vurulmuş maddi ziyana görə ödənilməmiş qalan 8708 (səkkiz min yeddi səkkiz) manat, ödənilmiş dövlət rüsumuna görə 107.5 (yüz yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 (yermiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar