Məhkəmə qərarları › İş №1(060)-270/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-270/2022

02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-270/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2001-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində "Samux-Abşeron" su kanalın yanında Zərərçəkmiş şəxs1 ünvanına ucadan nalayıq ifadələr işlədərək, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək bıçaqla sonuncuya sol bazu oynağının arxa səthinin kəsilmişdeşilmiş yarası və sol əlin ovuc səthinin kəsilmiş yarası ilə müşayiət olunan qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 18 mikrorayon, “Məhəllə” adlı kafenin qarışısında silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə həmin kafedə müştəri kimi olan Zərərçəkmiş şəxs2 kafenin bağlanması ilə əlaqədar işçilərin xəbardarlığna etiraz etməsini bəhanə gətirərək, əsaslı səbəb olmadan nalayiq ifadələr işlətməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərməklə özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan hərəkətlər elməklə ictimai qaydanı kobud surətdə pozulması ilə müşayiət edilən hərəkətlər edib Zərərçəkmiş şəxs2 ayaq nahiyyəsindən bir dəfə təpiklə vurmaqla sonuncunu yerə yıxaraq özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs2 sol sağrı nahiyyəsindən bir dəfə vuraraq kəsilmiş yarası ilə müşayiət olunan qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs1 münasibətdə Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 2 ilə yaxındır ki tanıyır. xx.xx.2021-ci il tarixində saat 21 radələrində o, Samur-Abşeron kanalının Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxs1 görmüş, onların ümumi dostlar barədə Elmirin polisə şikayət etdiyi eşitmiş və bu səbəbdən nə üçün polisə şikayət etdiyini soruşmuşdur. Bu səbəbdən aralarında mübahisə yaranmış və o, üzərində gəzdirdiyi bıçaqla onun sol çiyin nahiyəsinə xəsarət yetirmişdir. Elmir əli ilə bıçağın tutmaq istəyəndə bıçaq onun sol əlini kəsmişdir. Bundan sonra Elmir üzünü çevirərək hadisə yerindən getmişdir. O, isə Elmirə xəsarət yetirdiyi bıçağı Samur- Abşeron kanalına atmışdır. Elmirlə aralarında olan baş vermiş dava-dalaşa səbəb Elmirin eyni zamnda onun ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Dava-dalaş bir neçə dəqiqə davam etmiş, həmin vaxt onunla Elmirdən başqa heç kəs olmamışdır. Elmir ona xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, ədalətli qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, iki ildir ki, Kamranı tanıyır. Əvvəldən yoldaşlıqları olmuşdur. Əvvəl də aralarında söz-söhbət olmuşdur, lakin davaya çevrilməmişdir. Həmin gün aralarında söz-söhbət yaranmış, Kamran bıçaqla onun sol çiyin nahiyəsindən xəsarət yetirmişdir. Kamran onu bıçaqla vurduqdan sonra aralaşmışlar və o çıxıb evə getmişdir. Dayısı Kamrandan şikayət etmişdir. 2 gün sonra barışmışlar. Mübahisə 5-10 dəqiqə davam etmişdir. Hadisə zamanı ətrafda ikisindən başqa kimsə olmamışdır. Səs-küy yaranmamış, heç kim oraya yığışmamışdır. Təqsirləndirilən şəxslə barışıq əldə etdiyi üçün ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan qərarlardan görünür ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 yüngül dərəcəli xəsarət alması faktı üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi icraata götürülmüşdür. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə istintaq ********* nömrə altında davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 4(060)-612/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət, iddiası və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli hökm dəyişdirilərək 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-215/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 453 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, X2 bədəni üzərində “sol bazu oynağın arxa səthinin kəsilmişdeşilmiş yarası. Sol əlin ovuc səthinin kəsilmiş yarası” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdirlər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nın zədə mətnəqəsinə müarciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pzoulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CMnin 221.2.1 və 221.3-cü maddələrindən həmin məcəllənin 221.3-cü maddəsinə tövsif edilməsi, həmin maddə ilə ona yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 133 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs1, Şahid2 və Zərərçəkmiş şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə Zərərçəkmiş şəxs2 münasibətdə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunduğu qənaətinə gəlmiş və Sumqayıt şəhər məhkəməsinin 1(060)-270/2022 saylı, 02 dekabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 2 il 4 ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs1 münasibətdə isə Təqsirləndirilən şəxs əməli CM-nin 221.3-cü maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif olunmalıdır. Belə ki, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı toplanmış sübutlardan görünür ki, onlar bir-birilərini qabaqcadan tanımış və dostluq münasibətində olmuşlar. Həmçinin hadisə səbəbsiz deyil, Elmirin onların ümumi dostları barədə polisə şikayət etməsi səbəbindən başlamış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Kamran üzərində gəzdirdiyi bıçaqla onun sol çiyin nahiyəsinə xəsarət yetirmiş və Elmirə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər yetirmişdir. Həmin vaxt ətrafda Kamranla Elmirdən başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər müşahidə olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli qərarında qeyd edir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Beləliklə məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə təqsirli bilinməli, zərərçəkmiş şəxslə barışdığı üçün o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışdığını və hər iksinin işin icraatına xitam verilməsi barədə xahişlərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar