Məhkəmə qərarları › İş №1(060)-270/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-270/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-270/2024 14.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay (qəti olaraq 07 ay 28 gün) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd bükümdə təmiz çəkisi 0,308 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 28 dekabr 2023-cü il tarixdə saat 12:55 dəqiqədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Həsənağa Salayev küçəsində yerləşən “‘AL” marketin qarşısında saxlanılaraq 1-ci PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan kiçik ehtiyat cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitələrdən xüsusən də heroindən də istifadə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdən çıxaraq Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığına getmiş və orada təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə olan heroin verə biləcəyini bidirmiş, o, özü istifadə etmək üçün həmin şəxsdən 10 manata bir ədəd bükümdə heroin almış, sonra əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik ehtiyat cibinə qoymuş, sonra yaşadığı evə gəlmişdir. Daha sonra narkotik vasitədən yarısını istifadə etmiş, qalanın isə yenidən əynində olan cins şalvarın sağ kiçik ehtiyat cibinə qoymuşdur. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. 28 dekabr 2023-cü il tarixdə saat 12:55-də Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evindən çıxıb evinin yaxınlığında yerləşən “AL” marketə doğru gedən zaman həmin marketin qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir, buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş, birlikdə 1-ci PB-nə gəlmişlər. PB-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hiiqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş, bundan sonra ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, o, əynindəki qara rəngli şalvarın sağ yan kiçik ehtiyat cibindən siqaretin kağızma bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılmış, bundan başqa üzərindən əhəmiyyət kəsb edən hər hansı dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi ilə bağlı heç bir etiraz etməmiş, bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefon olmamışdır. Əməlindən peşmandır, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Sumqayıt ŞPİ-nin KTB-nin kriminlisti, polis mayoru Asəf Həbibovdan və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Elşad Məmmədovdan ibarət əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 12:55 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Salayev küçəsində yerləşən “AL” marketin qarşısında Təqsirləndirilən şəxs tərəfimizdən saxlanılmış, özlərini təqdim edərək Təqsirləndirilən şəxsn özünü təqdim etməsini təklif etmiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. İlkin nə üçün saxlanıldığını soruşduqda, onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək 1-ci PB-nə dəvət etmişlər. İlkin heç bir etirazının olmadığını bildirmiş, birlikdə 1-ci PB-nə gəlmişlər. PB-də xidməti otaqlardan birində kriminalist Asəf Həbibov videokameranı işə salmışdır. İlkinə müdafiəçi təqdim olunmuş, o, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu siqaretin kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümə baxarkən içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 20 yanvar deyilən ərazidə tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmişdir. Bundan sonra jəmin maddə qablaşdırılmış, möhürlənmişdir. Tərtib olunmuş protokolu imzaları ilə təsdiq etmişlər. Sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 12:40) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 28 dekabr 2023-cü il tarixdə, saat 12:55 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.17); 30 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 48-49) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 58-59); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi” barədə 30 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.61-62); “şəxsi axtarışın keçirilməsi haqqında” 28 dekabr 2023-cü il tarixli protokolundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə saat 12:55 dəqiqədə 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Hüseynzadənin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki şalvarın sağ yan kiçik cibindən 01 ədəd siqaret kağızı bükümü çıxardaraq təqdim etmişdir. Təqdim edilmiş bükümünün içinə təhqiqatçı tərəfindən baxıldıqda içindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, götürülmüşdür. Kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,43 qram olduğu müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə kütləsini Bakı şəhəri, 20 yanvar adlanan ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunmadığını bildirmişdir.(i.v 26-27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/6580 nömrəli 29 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,308 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v.35-39). AR Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 119 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2006- cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Seymur Şəfizadənin İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 74-75). “maddi sübut kimi tanıma haqqında” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.308 qram olan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.258 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 67). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxsun narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü tarixli, 1(060)-140/2024 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsində ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 08 ay (qəti olaraq 07 ay 28 gün) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmışdır (i.v. 79-86) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü Hüseynzadə Uğur və xx.xx.2018-ci il təvəllüdlü Hüseynzadə İlknur adlı övladları vardır. “sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 6/6580 nömrəli 29 dekabr 2023-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 119 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə aşkar olunmuş kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.258 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİnin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.95-98); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (AR Konstitusiya Məhkəməsi Plenumunun “CM-nin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “CM-nin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, İİ qrup əlil olmasını, himayəsində 02 azyaşlı övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində qeyd olunur ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə törətmiş əməl ilə bağlı xx.xx.2024-cü il tarixdə ittiham hökmü çıxmış, hazırkı cinayət əməlini isə 28 dekabr 2023-cü il tarixdə törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarını, cəzasını yüngülləşdirən halları-xüsusən himayəsində 02 azyaşlı övladının olmasını, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, CM-in 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə sonuncuya təyin olunmuş 08 ay müddətə azadlıqdan məhrumetmə cəzası bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalı, Hüseynzadənin məhkəməyədək icraat zamanı - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə münasibətdə 10 oktyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il, hazırkı iş üzrə 28 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək-ümumilikdə 04 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun hazırda Sumqayıt Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilməli, ibtidai isintaq zamanı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0.258 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun həmin məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 04 (dörd) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın, ibtidai istintaq zamanı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyi olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.258 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar