Məhkəmə qərarları › İş №1(060)-272/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-272/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-272/2022 05.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,322 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 21:15 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsi ərazisində, “Nur” şadlıq sarayının qarşısında saxlanılmış və narkotik vasitələrin istifadəsi, üzərində gəzdirilməsi və saxlanılmasında şübhəli olduğu bildirilərək, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılmış, Polis Bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindəki 03 (üç) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlər açıldıqda ayrı-ayrılıqda təmiz çəkiləri 0,104 qram, 0,1 qram, 0,118 qram, ümumi təmiz çəkisi 0,322 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə qəbul edir. xx.xx.2021-ci il tarixdə saat 21:15-də Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində olduğu zaman polis əməkdaşları onu saxlayaraq, narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək Polis Bölməsinə aparmışlar. Polis Bölməsində xidməti otaqların birində videoçəkilişlə, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmiş və müdafiəçi təqdim edilmişdir. Buna etiraz etməmiş və üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansısa vasitə olub olmaması, vardırsa təqdim etməyi bildirildikdə o, özü əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanın içərisində olan 03 (üç) ədəd gümüşü rəngli siqaret kağızından olan bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxıldığı zaman içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu görünmüş və ondan nə olduğu soruşulduqda "heroin" olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlə olan bükümlər hər biri ayrı ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş, təhqiqatçı tərəfindən ağ zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndəriləcəyi ona izah edilmişdir. Bundan başqa üzərindən hər hanısa qanunla qadağan olunmuş vasitə aşkar edilməmişdir. Həmin bükümlərdə olan heroini Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində Gülağa adlı şəxsdən hər bükümü 05 (beş) manata olmaqla ümumilikdə 15 (on beş) manata şəxsi istifadəsi üçün almışdır. O, ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları onun üzərində saxlanıldığı yerdə baxış keçirməmişlər. Gülağa adlı şəxsin dəqiq anket məlumatlarını bilmir adının Gülağa olduğunu demiş, əvvəlcədən tanımamış, hər ikisi küçədə yaşadığına görə aralarında ünsiyyət yaranmış, nə onun nə də ki, özünün telefonu olmayıb, ondan 5-6 yaş böyük olmuş, arıq bədən quruluşlu, qara buğdayı, üzü saqqallı olmuş, bir qədər axsayaraq gəzmiş, əslən Xaçmaz rayonundan olduğu demişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa o, başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra həmin gün əməliyyat qrupunun üzvləri Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3, bölmənin kiçik inspektoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 21:15 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüş, bir qədər sonra onun Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində “Nur” şadlıq sarayının qarşısında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılacağını ona bildirilmişdir. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə mindikdən sonra 1-ci PB-nə gətirilmişdir. 1-ci PB-də Təqsirləndirilən şəxs təhqiqatçı, polis mayoru Pərvin Allahverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında şübhəli bilindiyi üçün 1-ci PB-nə gətirildiyini bildirilərək ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim etmişdir. X1 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmiş, Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd içərisində 03 (üç) ədəd gümüşü rəngli siqaret kağızından olan bükümü çıxararaq təqdim etmiş, həmin bükümlər açılaraq içərisinə baxıldığı zaman içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu görünmüş və ondan nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs "heroin" olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdidiyini bildirir. Həmin kütlə olan bükümlər hər biri ayrı ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş, təhqiqatçı tərəfindən ağ zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndəriləcəyi ona izah edilmişdir. Bundan başqa onun üzərindən hər hanısa qanunla qadağan olunmuş vasitə aşkar edilməmişdir. Həmin bükümlər ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİNnin124 nömrəli möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev əvvəlcə özünü təqdim edir. Həmin vaxt Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları Şahid3, Şahid1, Şahid2 özlərini həmin şəxsə təqdim edir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində, satılmasında və saxlanmasında şübhəli bilindiyi üçün 1-ci PB-nə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim edir. X1 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd içərisində 03 (üç) ədəd gümüşü rəngli siqaret kağızından olan bükümü çıxararaq təqdim edir. Həmin bükümlər açılaraq içərisinə baxıldığı zaman içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu görünür və ondan nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs "heroin" olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Həmin kütlə olan bükümlər hər biri ayrı ayrılıqda elektron tərəzi vasitəsilə çəkildi və birinci bükümün çəkisi 0,25 qram, ikinci bükümün çəkisi 0,25 qram, üçüncü bükümün çəisi isə 0,24 qram olması müəyyən edilir və təhqiqatçı tərəfindən ağ zərfə qoyularaq qablaşdırılır, ekspertizaya göndəriləcəyi ona izah edilir. Bundan başqa onun üzərindən hər hanısa qanunla qadağan olunmuş vasitə aşkar edilməyir. Həmin bükümlər ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırlır, DİN-nin 124 nömrəli möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 oktyabr 2021ci il tarixli, 6/4447 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar olan 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.104 qram 0,1 qram, 0.118 qram ümumi təmiz çəkiləri 0.322 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 0,322 qram, tədqiqata sərf edildi: ümumi 0,05 qram, qalıq 0,272 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 5180 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-272/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-272/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx/xx-3857 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuş və xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,272 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Qabil oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,272 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,272 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 109,90 (bir yüz doqquz manat doxsan qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Qabil oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar