Məhkəmə qərarları › İş №1(060)-272/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-272/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-272/2024 15.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 76-cı məhəllə fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün xeyli miqdarda, 01 ədəd bükümdə, təmiz çəkisi 0,406 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 16 dekabr 2023-cü il tarixdə, saat 14:00 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən 17 saylı məktəbin yaxınlığında küçədə piyada hərəkətdə olarkən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gətirildikdən sonra 16 dekabr 2023-cü il tarixdə, saat 15:10 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd bükümdə narkotik vasitə heroin əynində olan göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan heroindən istifadə edir. 16 dekabr 2023-cü il tarixdə, saat 14:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 17 saylı məktəbin yanında piyada hərəkətdə olan zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb qollarından tutub onu hərəkətsiz vəziyyətədə gətirərək özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələri olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsi üçün 1-ci polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Öncə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etməsi təklif edilən zaman, əynidə olan şalvarın sağ cibində saxlamış olduğu 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunan maddənin narkotik vasitə olduğunu, həmin maddəni 1 gün əvvəl Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunan 1 ədəd bükülü tərəziyə qoyulub çəkilmiş və qablaşdırılmışdır. Saxlanılan zaman və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və mənəvi təzyiq edilməmişdir. Heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Əməlindən peşmandır və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında aşağıdakı şahid ifadələri dinlənilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, Sumqayıt şəhərində Rasim adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 14:00 radələrində sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən 17 saylı məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmişdir. Polis bölməsində xidməti otaqların birində videoçəkilişlə və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Öncə bölmənin təqsirləndirilən şəxsə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif etmişdir. O, əynində olan göy rəngli şalvarının sağ cibində saxlamış olduğu 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümünü təqdim etmişdir. Həmin büküm açıldıda içərisində narkotik vasitə olan heroin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin maddəni xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 20 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Rasimin üzərindən aşkar olunan həmin maddə kağız bükümlə birlikdə tərəzidə çəkilərək qablaşdırılmış, üzəri möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir.R asim Rzayev saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Digər şahid Sumqayıt ŞPİ-nin 1-cü PB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. İbtidai istintaq zamanı Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon, 17 nömrəli məktəbin yanında tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:30-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. İş materiallarında olan materialların məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli,3-16-16/2-6/6445 saylı rəyindən görünür ki. tədqiqata təqim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №125...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə; Təqsirləndirilən şəxs- imza,...imza,qablaşdırıldı: A.İsgəndərli-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,406 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli, 8331 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,356 qram narkotik vasitə olan heroin heroin maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə o, hazırkı cinayəti törədərkən məhkumluğu olan şəxs olmuşdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs məhkumluğu olan, məhkumluğu ödənilməmiş hesab olunmuş və onun əməlində cinayətlərin residivinin olması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Cinayət məcəlləsinin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirlərkən aşkar olunmuş heroinin təmiz çəkisi məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən 0,406 qram əsas götürülmüş, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,356 qram heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a əsasən (birinci Siyahı) heroinin 0,15 qram da daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşdən göründüyü kimi Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. O, həmin hökmə əsasən yaranmış məhkumluğu ödənilmədən hazırkı cinayəti törətmişdir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət Məcəlləsində göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (65.1.). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (65.2.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalından həbs edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla o, MSY-dən azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul CPM-in 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,356 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin əks olunduğu 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,356 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar