Məhkəmə qərarları › İş №1(060)-274/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-274/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-274/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, X9 X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148.1-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə təqsirli bilinib həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X1 informasiya vasitələrində, internet resurslarında barəsində həqiqətə uyğun olmayan böhtan dolu məlumatlar yaymış və onu təhqir etmişdir. Belə ki, Rasim Xudaverdiyev 15 yanvar 2024-cü il tarixdə "Tik-Tok" sosial platformasında "X18" səhifəsində barəsində böhtan dolu məlumatlar yaymış, onu"dələduz" adlandıraraq təhqir etmişdir. Belə ki, həmin videoda göstərir ki„ guya o, Zəminə və Samirə adlı şəxslərlə əlbir olaraq, özlərini Rusiya Federasiyasının vətəndaşı kimi təqdim edərək, ona saxta qızıllar verib, həmin saxta qızılları müxtəlif lombardlara girov qoyaraq pul götürmüşlər. Daha sonra o bildirir ki, 2022ci ilin ortalarında Zəminə adlı şəxs onunla yaxınlıq etmiş, onların şəxsiyyət vəsiqələrinin Rusiya Federasiyasına məxsus vəsiqə olduğunu əsas gətirərək onun adına lombarda girov qismində qızıl qoyub pul götürülməsi ilə bağlı razılıq əldə edilmişdir. Bundan sonra, guya Zəminə Samirə ilə birlikdə onun adına müxtəlif lombardlara qızılları girov qoyub pullar götürülmüşdür. Bir müddətdən sonra Vüqar adlı şəxs, yəni onun da guya onlara qoşulduğunu bildirmişdir. Bundan sonra ona yenidən lombarda girov qoyulması üçün 230 qram qızıl verilmiş, həmin qızılı yoxlatdırdıqda qızılların saxta olduğu müəyyən edilmişdir. Bu barədə, hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdikdə guya zorla həmin qızıllar ondan geri alınmışdır. Bundan sonra Abşeron rayon polis idarəsinə şikayət edərək saxta qızılın onda olan 2 ədədi və lombardlarda olan qızıllarla bağlı şikayət vermişdir. Daha sonra Abşeron rayon polis idarəsində bu şikayətə baxılmadığını bildirir və "cənab nazir sizə müraciət edirəm: Mən bu dələduzlardan təzyiq görürəm, bu dələduzlar məni təhdid və təhqir edir, xahiş edirəm bu cinayətkar qrupları zərərsizləşdirəsiniz" deyir. Bundan sonra onun məhkumluq həyatı yaşadığını bildirir. Bununla bağlı bildirmək istəyir ki, Rasim Xudaverdiyevin dedikləri yalandır, o, onu tanımır, yalnız tanışı Zəminənin telefonu vasitəsi ilə danışmışdır, ondan heç vaxt qızıl-zinət əşyaları almamışdır, onunla heç bir iş birliyi olmamışdır. Bu barədə Abşeron rayon polis idarəsində də izahat verərkən bildirmişdir və Abşeron rayon polis şöbəsinin müstəntiqi Fuad Nəsirovun qəbul etdiyi 02 noyabr 2023-cü il tarixli qərarla həmin şikayət ərizəsi ilə bağlı Rasim Xudaverdiyevin dedikləri öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi Rasim Xudaverdiyev qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmamasına baxmayaraq, onun barəsində dələduz və cinayətkar ifadələrini işlədir, ona böhtan atır. Bundan sonra Rasim Xudaverdiyev yenə də, "Tik-Tok" sosial platformasında, özünə məxsus olan "r.x.yeraz" adlı səhifədə (Rasim Xudaverdiyev yeraz) də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət ünvanlamış, onu dələduz adlandıraraq təhqir etmiş və barəsində yalan məlumatlar yaymaqla ona böhtan atmış, həmin videonun şərh bölməsində isə “Atlas xanim xeyirxah ve durushdu inşandı sadece Samire qe...e zemine qe...e lez ar ooo Vüqar arvadın si...im şer atilar cammata" sözlərini yazmaqla kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Daha sonra həmin video səhifədən silindiyi üçün nə vaxt yerləşdirilməsini bilmirlər. Bunlardan əlavə Rasim Xudaverdiyev 04 fevral 2024-cü il tarixdə, "5sumqayt7" adlı səhifədə onun və tanışları Zəminə Məhərrəmova ilə X12 haqqında video paylaşaraq, həmin videoda nə vaxtsa sosial şəbəkələrdə qoyduqları şəkilləri göstərməklə onların guya dələduzluqla məşğul olduqlarını göstərməklə barəsində yalan məlumatlar yaymaqla ona və həmin şəxslərə də böhtan atmışdır. Həmin videonun sonunda "Range rover" markalı avtomobili göstərib guya həmin avtomobili dələduzluqla əldə etdiklərini göstərmişdir. Həmin linki əlavə edir: https://vt.tiktok.com/ZSFNbic7w/. Bununla da Rasim Xudaverdiyev mənim şərəf və ləyaqətini ləkələyən və nüfuzdan sala məlumatlar paylaşmaqla Azərbaycan Respublikasınn Cinayət Məcəlləsinin 147.1-ci və 148.1-ci maddələr nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə "Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma" min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Rasim Xudaverdiyevin yuxarıda göstərilən cinayət əməlləri hazırki şikayət ərizəsinə əlavə etdiyi informasiya resurslarından çıxarışlarla, həmin çıxarışların linkləri ilə, 02 noyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla və şahidlər X5 (Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 9) və X7 (Ünvanı: Bakı şəhəri, Nizami rayonu, M.Ağayev küçəsi, ev 40, mənzil 1) ifadələri ilə təsdiq edilir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindən (https://www.e- taxes.gov.az/ebyn/commersialChecker.jsp) görünür ki, "Bakunews.az" səhifəsinin rəsmi hüquqi ünvanı yoxdur. Buna görə də, X3 yaşayış yeri üzrə birinci instansiya məhkəməsi olan Sumqayıt şəhər məhkəməsinə müraciət edirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə təqsirli bilib həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 şikayətin məzmununa uyğun izahat verərək şikayətin icraata götürülməsini və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X4 şikayəti əsassız hesab etdiyini və qəbul etmədiyini bildirərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması bildirmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxsin müdafiəçisi X2 rayon prokuroru tərəfindən X3 müraciəti əsasında toplanmış material üzrə Abşeron RPİ-nin müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın xx.xx.2024-cü il tarixdə ləğv edilməklə materialın RPİ-nin istintaq şöbəsinə əlavə araşdırma aparılmasından ötrü qaytarıldığını bildirərək hazırki şikayətə baxılmasının mümkün olmadığını, eyni zamanda şikayətdə qeyd olunan məlumatların yazıldığı xəbər saytının rəsmi ünvanının Bakı şəhəri Nərimanov rayon ərazisində yerləşdiyini bildirərək şikayətin Sumqayıt şəhər Məhkəməsinə aidiyyatı olmadığını, buna görə də şikayətin icraata qəbuldan imtina edilməsini yaxud işin aidiyyatı üzrə göndərilməsini xahiş edir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—https://e-qanun.az/framework/46947 min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri).Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1- 74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) qeyd edilməlidir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi qeyd edilməlidir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd edilməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılması məhkəmələrin diqqətinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, şikayət ərizəsində qeyd olunan məlumatların yerləşdiyi sayt “Bakunews.az” müstəqil xəbər portalıdır və rəsmi saytdan göründüyü kimi “Bakunews.az” müstəqil xəbər portalının rəsmi ünvanı Bakı şəhər Nərimanov rayon, Əhməd Rəcəbli 2/18dir. Odur ki, şikayətə baxılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 cinayət məsuliyyətinə cəlb olunması barədə X14 tərəfindən xüsusi ittiham qaydasında verdiyi şikayət, X3 məlumatlar yaydığı “Bakunews.az” müstəqil xəbər portalının rəsmi ünvanı üzrə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X14 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət məhkəmə hazırlıq iclasında baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar