Məhkəmə qərarları › İş №1(060)-274/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-274/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-274/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, orla təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6A, mənzil 60 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,286 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 20 sentyabr 2024-cü il tarixdə saat 11:50-də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Gövhər” marketin qarşısında, sağ tərəfdə saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirildikdən sonra üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,286 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddələrdən mütəmadi istifadə edir, bədənində ağrıları olduğu üçün psixotrop maddə alıb qəbul etmək qərarına gəlmiş, bu məqsədlə 20 sentyabr 2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat məbləğində pul verib 01 (bir) büküm psixotrop maddə ”patı‘ almış və şəxsi istifadəsi məqsədilə şalvarının sağ yan cibinin üstündəki kiçik cibinə qoyub üzərində saxlamışdır. Həmin gün saat 11:50-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Gövhər market”in qarşısından keçərkən, ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər və onu qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində daşımaqda, gəzdirməkdə və narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə 4-cü polis bölməsinə getmiş, PB-də xidməti otaqda polis əməkdaşları ona dövlət büdcəsi hesabına təyin edilmiş müdafiəçi dəvət etmişlər. Bundan sonra o, əynindəki cins şalvarın sağ yan cibinin üstündəki kiçik cibində gizləyib saxladığı 01 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bunun ardınca onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ 4-cü PB-nin əməliyyat müvəkkili, Şahid2 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı, 4-cü PB-nin əməliyyat müvəkkili, Şahid1 da iştirak etmişdir. 20 sentyabr 2024-cü il tarixdə saat 11:50-də Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, “Gövhər market”in qarşısında, sağ tərəfdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlirilmişdir. Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-də təhqiqatçı tərəfindən xidməti otaqda videoçəkilişlə onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da əynində olan şalvarının sağ yan cibindən 01 ədəd siqaret kağızından olan büküm çıxararaq təqdim etmişdir. Həmin bükümü açdıqda, içərisində psixotrop maddə metamfetaminə oxşar maddənin olduğu müəyyən edilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 oğlunun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11.50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 65-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2024-cü il tarixli, 6/4653 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” yazıları olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0.286 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Qeyd: Metamfetaminin təmiz çəkisi 0,286 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,236 qram qalıq qalmışdır. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6620 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 31-32 vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 20 sentyabr 2024-cü il tarixdə narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsində şübhəli şəxs qismində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Gövhər Market”in sağ tərəfində saxlanılmış və Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 4-cü PB-nin inzibati binasında, xidməti otaqda təhqiqatçı tərəfindən, dövlət hesabına hüquqlarını müdafiə edən vəkili, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs doğulduğu tarixi və yaşadığı ünvanı bildirdikdən sonra ona, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olarsa təqdim etməsinin təklif olunduğu, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız büküm çıxararaq stolun üzərinə qoyduğu, bükümün təhqiqatçı tərəfindən açıldığı və içərisində psixotrop maddə metamfetaminə oxşar kütlənin aşkar edildiyi, bundan sonra Təqsirləndirilən şəxs bükümdəki maddəni kimdən və hansı yolla əldə etdiyi soruşulduqda, sonuncunun bükümdəki maddənin psixotrop maddə “Patı" olduğunu, həmin psixotrop maddəni Sumqayıt şəhəri, Novxanı bağları massivində tanımadığı şəxsdən, şəxsi istifadəsi məqsədilə 10 manata aldığını etiraf etdiyi, təhqiqatçı içərisində psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu bükümü elektron tərəziyə qoyub çəkdikdə 0.43 qram olduğunun müəyyən edildiyi, bundan sonra həmin bükümün zərfə qoyularaq qablaşdırıldığı və möhürlənərək zərfin Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalandığı əks olunmuşdur. Cinayət işinin 71-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edilmişdir. Cinayət işinin 74-78-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 100-cü vərəqində olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini kimdən və nə vaxt əldə etməsi ilə bağlı əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin 101-ci vərəqində olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 06 fevral 2025-ci il tarixli məktubundan görünür ki, “Attenti" elektron monitorinq sistemindən əldə edilmiş məlumata əsasən məhkum Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron nəzarət vasitələri işlək vəziyyətdə olmaqla koordinatlar üzrə o, xx.xx.2024-cü il tarixdə saat 09:50dən saat 10:57-dək yaşayış yerində (Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6A, mənzil 60) olmuş, saat 10:58- də yaşayış yerini tərk edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon istiqamətində hərəkət etmiş, saat 11:28-dən saat 11:37-dək Sumqayıt şəhəri, 9-cu mikrorayon, 84 saylı binanın yaxınlığında olmuş, saat 11:38-də hərəkətə başlayaraq saat 11:50-dən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 04 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək cəzasından 1 il 02 ayını çəkmiş, çəkilməmiş cəzası isə 09 ay 26 gün təşkil edir. Cinayət işinin 103-108-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,236 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsi, səmimi peşmançılığı cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmün icrası üzrə xx.xx.2025-ci il tarixədək cəzasından 1 il 02 ayını çəkmiş, çəkilməmiş cəzası isə 09 (doqquz) ay 26 (iyirmi altı) gün təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və bu günə qədər çəkilməmiş 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 senytabr 2024-cü il tarixdən 22 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırkı hökmün qəbul edildiyi tarixdən, yəni 04 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6620 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,236 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq ona 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,236 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar