Məhkəmə qərarları › İş №1(060)-275/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-275/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-275/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi Xüsusi ittiham qaydasında şikayət verən şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Xüsusi ittiham qaydasında X4 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X1 Azərbaycan Respublikasının CM-nin 147.1 və 148.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 bildirdi ki, o, yayılmış görüntülərlə bağlı “bakunews.az” xəbər portalı ilə əlaqə saxlamış, ona video görüntülərin Rasim Xudaverdiyev tərəfindən “Whatsapp” vasitəsi ilə göndərildiyini bildirmişdir. O, “bakunews.az” xəbər portalının Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərdiyini sonradan bilmişdir. Barəsində “bakunews.az” xəbər portalında təhqiredici məlumatlar paylaşıldığından hazırkı şikayətlə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 bildirdi ki, o, məlumatları “bakunews.az” xəbər portalında çalışan Mirkənan Seyidova göndərmiş, videoroliki həmin şəxs hazırlamış və həmin xəbər saytinda yayımlamışdır. Qeyd etmişdir ki, “Bakunews.az” xəbər portalının Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərdiyindən məlumat olmuşdur. Qeyd olunanlara əsasən barəsində olan xüsusi ittiham qaydasında şikayət əsassız olduğundan şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Rasim Xudaverdiyevin müdafiəçisi X6 hazırkı şikayətin Sumqayıt Şəhər Məhkəməsinə aidiyyatının olmamasını, əslində “Bakunews.az” xəbər portalının Nərimanov Rayon Məhkəməsində baxılması olduğunu, bundan başqa hazırda tərəflərin arasında mübahisə ilə bağlı Abşeron rayon prokurorluğundan araşdırma aparıldığını bildirərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 29.1-ci maddəsinə görə heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. AR CPM-nin 300-cü maddəsində məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan birinin məhz cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi təsbit edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, hazırkı işə Sumqayıt şəhər məhkəməsində baxılması “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 12-ci bəndi baxımından yolverilməzdir. Belə ki, həmin plenum qərarına əsasən: Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, şikayətçi barəsində edildiyi iddia edilən, o cümlədən X2 tərəfindən yayıldığı göstərilən məlumatların “bakunews.az” xəbər portalında da dərc edildiyi və həmin portalın hüquqi ünvanın Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2/18 ünvanı olduğu müəyyən edilmişdir. Bundan başqa şikayətçi Samirə Məmmədova ərizəsində digər məlumatların “Tik-tok” sosial şəbəkəsində nümayiş etdirildiyini bildirmişdir. Belə olan halda yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri verilmiş xüsusi ittiham qaydasında şikayət aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 29,67, 74 və 300-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə dair 1(060)-275/2024 saylı iş materialları aidiyyatı üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar