Məhkəmə qərarları › İş №1(060)-276/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-276/2021

05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-276/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “xxxx” MMC-də fəhlə işləyən, məhkum olunmamış, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsindəki fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11.12.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə onu qısqanması səbəbindən yaranmış mübahisə zamanı sol əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən tutub sağ əlində olan mətbəx bıçağı ilə kürək nahiyyəsinə iki dəfə zərbə endirərək vuraraq boyun nahiyyəsinin qançırı, sol kürək nahiyyəsinin deşilmiş-kəsilmiş yaraları xəsarətləri yetirərək, zərəçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır, onunla 4 ildir ki, ailə qurmuş və birlikdə Sumqayıt şəhəri ərazisində kirayədə yaşayır. Əvvəllər münasibətləri yaxşı olmuşdur, lakin, 2020-ci ilin noyabr ayından münasibətləri pisləşmişdir. Belə ki, 11.12.2020-ci il tarixdə, saat 11 radələrində işdən evə gəldiyi zaman Natəvan onu yaxşı qarşılamış, çay vermiş, söhbət etdikləri zaman Natəvan, təxminən 20 gün əvvəl yaşadıqları məhəlləyə gəlmiş xalça satan bir nəfər şəxsin onu həyat yoldaşına oxşatdığını, buna görə də satdığı əşyaları ona kreditlə ucuz qiymətə verəcəyini dediyini bildirmiş və bu söz ona pis təsir etdiyündən, ondan nə üçün vaxtında bu barədə ona heç nə demədiyini soruşmuş və buna görə də aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə davaya çevrilmiş, əsəbi olduğundan sillə ilə onun sifət nahiyyəsindən vurmuş, daha sonra isə evin mətbəxinə gedərək, orada olan bıçağı götürərək Natəvanın olduğu otağa keçmiş, Natəvanın qorxduğu üçün üzünü divar tərəfə çevirərək dayandığını görüb bıçağı onun çiyin nahiyyəsinə iki dəfə sıxmış və onun kürəyi deşilmişdir. Natəvan belə olduğunu gördükdə “səni qısqandırmaq üçün elə dedim” demiş və o, bıçağı masanın üzərinə qoyaraq çölə çıxmışdır. Bir qədər sonra bazarlıq edərək, evə geri qayıtmış və aldıqlarını evə qoyaraq işə qayıtmışdır. Mübahisə təxminən 10 dəqiqə davam etmiş, evdə tək olmuşlar. Mübahisə zamanı Natəvan onu vurmamış, təhqir etməmişdir. Təhqiqat araşdırması zamanı Natəvan xalçasatan şəxs barəsində heç nə demədiyindən o da bu barədə heç nə bildirməmişdir. Natəvana əlavə bıçaq xəsarətləri yetirməsi üçün imkanı olsa da bunu etməmiş, o könüllü olaraq hərəkətlərini dayandırmış, kənar şəxslər onları ayırmamışdır. Arvadı xəstəxanaya müraciət etməmiş və ev şəraitində qısa müddətli müalicə olunmuşdur. Arvadını öldürmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, özünü təqsirli bildiyini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2017ci ildən ailə qurmuş, hal hazırda da birlikdə yaşayırlar. Bu evlilikdən onların iki övlaları vardır. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan Sədrəddin başqa bir qadınla münasibət qurmuş, ona həmin qadından uzaqlaşmasını desə də Sədrəddin münasibətini davam etdirmişdir. 11.12.2021-ci il tarixdə saat 12 radələrində işdən evə gəlmiş, telefonda həmin qadınla danışdığı üçün ona irad bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə davaya çevrilmiş, Sədrəddin yumruqla kürək nahiyyəsindən vurduqda o, əlləri ilə üzünü tutaraq divara tərəf çevrilmişdir. Təqsirləndirilən şəxs evin mətbəxinə gedərək, bıçaq gətirmiş, bir əli ilə onun boğaz nahiyyəsindən tutaraq bıçaqla kürəyinin bir neçə yerində asda zərbələr vurmuşdur. Kürəyini bıçaq deşdiye üçün qışqırdıqda Sədrəddin onu buraxmışdır.Sonra atasına zəng edərək, bu barədə məlumat vermişdir. Mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, həmin vaxt evdə iki azyaşlı övladlarından başqa heç kim olmamışdır. Mübahisə zamanı o, Təqsirləndirilən şəxs vurmamış, təhqir etməmişdir, Sədrəddin ona qarşı əvvəllər heç vaxt zorakı hərəkətlərə yol verməmişdir. Sədrəddin ona əlavə bıçaq xəsarəti yetirməmiş, sonuncu könüllü olaraq hərəkətlərini dayandırmış,onları ayıran şəxs olmamışdır.Ərinin ona əlavə xəsarətlər yetirməsi üçün imkanı olsa da bunu etməmişdir. Ev şəraitində qısa müddətli müalicə almış, xəsarəti ciddi olmamış və həkimə müraciət etmək səbəbi olmamışdır. Əri onu öldürmək istəməmiş, sadəcə əsəbləşdiyi üçün əri belə bir addım atmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 14.12.2020-ci il tarixli, 2593 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən:-boyun nahiyyəsinin qançırı küt əşya təsirindən; sol kürək nahiyyəsinin deşilmiş-kəsilmiş yaraları isə deşicikəsici alət (alətlər) təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni 11.12.2020-ci il tarixdə qeyd olunan nahiyyələrə müvafiq olaraq əl və bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş əlavə məhkəməkriminalistik ekspertizasının 30.12.2020-ci il tarixli3/2129 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq ksutar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığının nəzərə alınaraq sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15.02.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin 05.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 (altmı dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 19 mart 2021-ci il tarixli (iş № 1(060)-276/2021) qərarını icra edərək, 29 mart 2021-ci il tarixli 330/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 (altmı dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar