Məhkəmə qərarları › İş №1(060)-277/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-277/2021

19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-277/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 1973-cü (xx.xx.1973--xx.xx.1973) il tarixdə Naxçıvan MR, İliç rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Beton Zavod ərazisində ev 141A-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 09 radələrində bacısına məxsus fərdi yaşayış evində qardaşı Zərərçəkmiş şəxs ona bir daha həmin ünvana gəlməməsini bildirməsi səbəbindən yaranmış mübahisə zamanı yaxasından tutub özünə tərəf çəkərək sağ qulaq nahiyyəsini dişləməklə sağ qulaq seyvanının sıyrıqları və dişlənmiş yarası, üst üst dodağın selikli qişasının əzilmiş yarası xəsarətləri yetirərək, zərəçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan Rəfael çəzaçəkmə məntəqəsində olduğu müddətdə atalarından qalan evi satdığı üçün münasibətləri pisləşmişdir. Lakin evi satarkən Rəfaelə də puldan ayırmışdır. Sonradan qardaşı yenidən cinayət törətdiyindən azadlıqdan məhrum edilmiş və 2020-ci ildə azadlığa buraxıldıqda, artıq ayrı evdə yaşamışdır. Qardaşı isə bacısı Hicran ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində ayaqyoluna getmək üçün bacısının yaşadığı Betonzavod ərazisində yerləşən fərdi yaşayış evinə getmişdir. Ayaqyoluna girib çıxdıqda qardaşı ilə rastlaşmış və qardaşı ondan ayaqyoluna nə üçün su tökmədiyini soruşmuş və bir daha həmin evə gəlməməsini demişdir. Buna görə də aralarında mübahisə yaranmış, qardaşı üzərinə gəldikdə yaxasından tutub çəkərək qulaq nahiyyəsindən dişləmiş, qulağından qan axdıqda evdən çıxıb getmişdir. Mübahisə təxminən 2-3 dəqiqə davam etmiş, orada başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxs onu vurmamış, təhqir etməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 2019-cu ildə çəzaçəkmə məntəqəsindən azadlığa buraxıldıqdan sonra Sumqayıt şəhəri, Beton Zavod ərazisi, 144 ünvanda bacısı və onun ailə üzvləri ilə birlikdə yaşayır. Qardaşı Çingiz isə atasından qalan evi sataraq özü üçün kənarda ev almış və orada yaşayır. Onunla münasibətləri yaxşı deyildir. Çingiz teztez bacısının yaşadığı ünvana gələrək, münaqişə yaratmışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə həmin ünvanda olduğu zaman təxminən saat 09 radələrində qardaşı Çingiz bacısının yaşadığı ünvana gəlmiş və ona səhər tezdən nə üçün gəldiyini soruşduqda o, “ayaqyoluna gəlmişəm” demiş və o, Çingizə “bura sənin üçün nədir” deyərək, çölə çıxartdığı zaman aralarında münaqişə yaranmışdır. Mübahisə zamanı Çingiz qəflətən onun sağ qulağını dişləmiş və qulağından qan axdığını görərək qaçıb getmişdir. Mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, həmin vaxt orada başqa heç kim olmamışdır. Mübahisə zamanı Çingizi vurmamış, təhqir etməmişdir. Qardaşı Çingiz sağ qulağını dişləsə də başqa heç bir zərbə vurmamışdır, həmin vaxt ağzında xəsarət olduğunu xatırlamır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2634 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ qulaq seyvanının sıyrıqları və dişlənmiş yarası, üst üst dodağın selikli qişasının əzilmiş yarası xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.. (i.v.13-14) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 52) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 46-48) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. (“xxxx” ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar