Məhkəmə qərarları › İş №1(060)-279/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-279/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-279/2024 13.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İş üzrə Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi -0,520 qram olan, ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 18 yanvar 2024-cü il tarixdə saat 14:30-da Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi “Esmira” şadlıq sarayının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirilmiş və bölmədə olan xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 0,520 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə təxminən gunorta saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi “Esmira” şadlıq sarayının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİnin 2-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onun qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər və polis işçiləri ilə birlikdə 2-ci PB-nə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə 2-ci PB-nə getmiş və orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Hətta axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir narkotik vasitə, psixotorop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü təqdim etməsi təklif edilmişdir. Bununla əlaqədar o, şalvarının sol yan cibində saxladığı 1 ədəd psixotrop maddəni polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, təqdim etdiyi bükümün içərisindəki maddənin psixotrop maddə “patı” olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər radələrində Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığını, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş maddə elektron tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili X1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, satışı, üzərində gəzdirməsi və saxlaması barədə bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 18 yanvar 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmış və onunla bərabər bölmənin iki əməkdaşı da tədbirdə işritak etmək üçün saat 14 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi “Esmira” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini müşahidə etmiş və ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ona birlikdə bölməyə getmək təklif olunmuşdur. Bölmədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış baxış keçirilməmişdən öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya varsa könüllü sürətdə verməsi təklif edilmiş və o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd büküm təqdim edərək içərisində psixotrop maddə "patı" olduğunu bildirmişdir. Sorğu zamanı o, narkotik vasitəni şəxsi istifadəsi üçün Corat qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını və üstündə gəzdirdiyini etiraf etmişdir. Bundan sonra büküm açılmış və baxış keçirildikdən sonra qablaşdırılaraq çəkisi 0,66 qram olması müəyyən edilmişdir. Sonradan həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 və X2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2024-cü il tarixli 3- 16-16/2-6/333 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Ş/Ş (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,520 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 24 yanvar 2024-cü il tarixli 420 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi -0,520 qram olan, ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 18 yanvar 2024-cü il tarixdə saat 14:30-da Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi “Esmira” şadlıq sarayının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirilmiş və bölmədə olan xidməti otaqların birində onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 0,520 qram olan ağ rəngli, kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,470 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (il) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,470 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar