Məhkəmə qərarları › İş №1(060)-28/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-28/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-28/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşma bağlarında fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 aprel 2023-cü il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən X2 məxsus yaşayış sahəsinə, yaşayış sahəsinin həyətinə hasardan atlanaraq qanunsuz daxil olduqdan sonra həyətdə yerləşən evin pəncərəsinə dəmir parçası ilə fiziki təzyiq göstərib açaraq evə daxil olub, oradan qiyməti 120 manat olan Çin Xalq Respublikası istehsalı, istifadə olunmuş, “Toba” markalı, 26 ölçülü 01 ədəd velosiped, qiyməti 150 manat olan Rusiya Federasiyası istehsalı, 7 litr həcmində, istifadə olunmuş 01 ədəd od samovarı, qiyməti 80 manat olan Rusiya Federasiyası istehsalı, 3 litr həcmində, istifadə olunmuş 01 ədəd od samovarı, qiyməti 150 manat olan istifadə olunmamış, “Arçelik” markalı, 6 kq maksimal tutumlu, maksimum sıxma sürəti 1000 dövr/dəqiqə olan 01 ədəd paltaryuyan maşın və qiyməti 300 manat olan istifadə olunmuş, “Artel” markalı, “UA43E11400” model, 43 düym 01 ədəd android televizor gizli olaraq götürüb talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 800 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, bəzi vaxtlar fərdi əməklə məşğul olub qazanc əldə etsə də, daha sonra iş yeri tapa bilməmişdir. Narkotik vasitə alüdəçisi olmuşdur. Qazanc əldə edə biləcəyi iş yeri tapa bilmədiyindən şəxsi təlabatını ödəmək üçün pulu olmamış və buna görə oğurluq etmək qərarına gəlmişdir. Sumqayıt şəhəri, Novxanı bağları ərazisində çoxsaylı, yaşanılmayan bağ evləri olduğunu bildiyidən rahatlıqla həmin ərazidə oğurluq edə biləcəyini bilib həmin əraziyə getmişdir. Bir neçə gün həmin ərazidə piyada hərəkət edib evləri müşahidə etməyə başlamış və həmin ərazidə olan boz-qaramtıl rəngli darvazası olan fərdi yaşayış evinə heçkimin girib-çıxmadığını görmüş, hasardan həyətə boylandıqda həyətdəki evdə də heçkimin olmadığını bilmişdir. 22 aprel 2023-cü il tarixdə, saat 23 radələrində küçədən bir dəmir parçası götürərək oğurluq məqsədi ilə həmin ünvana gəlmişdir. Yaşayış sahəsinin həyət qapısının kilidini yoxladıqda, qapı kilidli olmuş, ətrafda və yaşayış sahəsinin həyətində heç kimin olmadığını müşahidə edib, hasardan atlanaraq yaşayış sahəsinin həyətinə daxil olmuşdur. Daha sonra həyətdəki birmərtəbəli, fasadı boz rəngli evin giriş qapısına yaxınlaşmış, giriş qapısı kilidli olduğundan dəmir parçası ilə evin pəncərəsinə fiziki təzyiq göstərib açaraq oradan evə daxil olmuşdur. Evdən 01 ədəd “Artel” markalı televizoru, 01 ədəd “Arçelik” markalı paltaryuyan maşını, 02 ədəd samovarı, 01 ədəd yaşıl-qara rəngli velosipedi bir-bir evə daxil olduğu pəncərədən çıxardıb həyət qapısının yanına qoymuş, həyət qapısı içəridən əl kilidi ilə bağlandığından kilidi açmış, əşyaları çox uzaq məsafəyə daşıya bilməyəcəyindən hissə-hissə yaxınlıqdakı qamışlıq ərazidə gizlətmişdir. Növbəti gündən etibarən isə bir neçə gün ərzində oğurladığı əşyaları ayrı-ayrı vaxtlarda satmışdır. Belə ki, velosipedi Sumqayıt şəhəri bazar ərazisində tanımadığı şəxsə, samovarların hər birini ayrı-ayrı tanımadığı şəxslərə Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yaxınlığında, həmçinin televizoru birlikdə fəhləlik etdiyi zamandan tanıdığı Emin Səlimxanlıya Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər parkının yaxınlığında, paltaryuyan maşını isə dəmir yığımı ilə məşğul olduğu zamanlar tanıdığı Sərxan Bəylərova onun yaşadığı Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsində yerləşən evdə satmışdır. Ümumilikdə təxminən 350-400 manat aralığında qazanc əldə etmişdir. Əşyaların satışından əldə etdiyi qazancı şəxsi təlabatına xərcləmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdır ki, o ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Həmçinin Sumqayıt şəhəri, Novxanı bağlarında fərdi yaşayış evi vardır. Həmin evdə əksərən yay aylarında istirahət məqsədi ilə olmuşlar. Digər aylarda isə evə nəzarət məqsədi ilə getmişdir. Belə ki, Novxanı bağlarındakı ona məxsus yaşayış sahəsi yeni təmirdən çıxmışdır. Yaşayış sahəsindəki ev studio mənzil tiplidir, yəni zal ilə mətbəx bir yerdədir. Tərəflərindən əşyaların bir qismi nəzərdə tutulduğu yerdə, bir qismi isə daha sonra yerləşdirməkdən ötrü yaşayış sahəsindəki evin zal ilə mətbəx hissəsinə qoyulmuşdur. O, imkan tapdıqca həmin evə nəzarət məqsədi ilə gedərkən, həmçinin əşyaları hissə-hissə yerbəyer etmiş, lakin əşyaların bir qismi hələ də zalda topa şəkildə yığılmış vəziyyətdə imiş. Son olaraq 18 aprel 2023-cü il tarixdə həmin ünvanda olmuş və yaşayış sahəsindən nəyinsə oğurlandığını müşahidə etməmişdir. Evi tərk edərkən qapı və pəncərələrini kilidləmişdir. Lakin, 25 aprel 2023-cü il tarixdə günorta saatlarında həmin ünvana, yəni Sumqayıt şəhəri, Novxanı bağlarında yerləşən yaşayış sahəsinə gəldikdə, yaşayış sahəsindəki evin plastik materialdan olan pəncərəsinin açıq vəziyyətdə olduğunu müşahidə etmişdir. Evin giriş qapısına müdaxilə edilməmişdir. O, giriş qapısını açıb içəri daxil olduqda isə bəzi əşyaların orada olmadığını, oğurlandığını bilmiş və bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Evdən təxminən qiyməti 270 manat olan 01 ədəd Çin Xalq Respublikası istehsalı, istifadə olunmuş “Toba” markalı, 26 Ölçülü velosiped, qiyməti 400 manat olan 01 ədəd 7 litr həcmində Rusiya Federasiyası istehsalı, istifadə olunmuş od samovarı, qiyməti 200 manat olan 01 ədəd 3 litr həcmində Rusiya Federasiyası istehsalı, istifadə olunmuş od samovarı, qiyməti 800 manat olan 01 ədəd “Arçelik” markalı, istifadə olunmamış, 6 kq maksimal tutumlu, maksimum sıxma surəti 1000 dövr/dəqiq olan paltaryuyan maşın və qiyməti 550 manat olan 01 ədəd “Artel” markalı, istifadə olunmuş, “UA43H1400” model, 43 düym android televizor oğurlanmışdır. Ona məxsus əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 2220 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, evlidir, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də bəzi müddətlərdə fərdi əməklə məşğul olub ailəsinin dolanışığını təmin edir. Təqsirləndirilən şəxs ilə şəxsi tanışlığı olmamışdır. Belə ki, o, övladı ilə birlikdə evi üçün lazımı əşyalar almaqdan ötrü təxminən 2023-cü ilin aprel ayının sonlarında Sumqayıt şəhər bazarına gəlmişdir. Bir neçə əşya aldıqdan sonra övladına içki və yemək almaqdan ötrü həmin ərazidəki kafelərin birində oturmuş, həmin zaman tanımadığı və şəxsiyyəti ona daha sonra məlum olan Təqsirləndirilən şəxs ona yaxınlaşıb sürdüyü yaşıl-qara rəngli, 26 ölçülü, üzərində “Toba” yazısı olan velosipedi göstərərək həmin velosipedin özünə məxsus olduğunu və maddi imkansızlıq səbəbindən ucuz qiymətə satmaq istədiyini demişdir. Övladı uzun müddət ona velosiped almağını istəmiş, o isə maddi imkanı yaxşı olmadığından ala bilməmişdir. Təqsirləndirilən şəxs ucuz qiymətə sata biləcəyini dediyindən övladı üçün almaq qərarına gəlmiş və Təqsirləndirilən şəxs ilə həmin velosipedin 150 manat qarşılığında razılaşıb üzərində 50 manat olduğunu demişdir. Həmin pulu ona verərək yaşadığı ünvandan 100 manat götürüb verəcəyini demişdir. O, yaşadığı ünvandan 100 manat götürüb Ehtirama verərək ümumilikdə 150 manata həmin velosipedi almışdır. Velosipedin oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, evlidir, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Fərdi əməklə məşğul olub qazanc əldə edir. Bəzi müddətlərdə köməklik məqsədi ilə qardaşı Elvin Hüseynovun işlətdiyi Sumqayıt şəhərində yerləşən Karvan ticarət mərkəzində xırdavat mağazasında işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Tanışlıqları təxminən 2023-cü ilin aprel ayının sonlarında olmuşdur. Belə ki, həmin zamanadək tanımadığı, söhbətləşdikləri zaman Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs əlində tutduğu bir torbanın içində samovar ilə Karvan ticarət mərkəzinin daxilində piyada hərəkət edib, həmin samovarı satmağa çalışdığını görmüşdür. Yaşadığı ünvan üçün samovar almaq istədiyindən, ucuz qiymətə satacağı təqdirdə ondan almaq qərarına gəlmişdir. Ticarət mərkəzindən çıxdıqda, yaxınlıq ərazidə Təqsirləndirilən şəxs samovarı satmaq üçün müştəri axtarmağa davam etdiyini görmüş və Təqsirləndirilən şəxs yaxınlaşdıqda isə sonuncu əlindəki torbada saxladığı samovarı satmağı ona da təklif etmişdir. O, samovarın yaxşı vəziyyətdə olduğunu görüb, satma səbəbini soruşmuş, Təqsirləndirilən şəxs isə maddi imkanı yaxşı olmadığından özünə məxsus iki ədəd samovarı satmaq qərarına gəldiyini, həmin samovarlardan birini satdığını, digərini də ucuz qiymətə, yəni 70 manata satmaq istədiyini demişdir. O, üzərində 60 manat olduğunu və həmin pul qarşılığında samovarı ala biləcəyini demişdir. Etiram onunla razılaşdığı üçün 60 manat pulu Ehtirama verib samovarı götürmüşdür. Samovarın oğurluq yolu ilə əldə olunmasından məlumatı olmamışdır. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 63-65-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli, 9/3885 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd Çin Xalq Respublikası istehsalı, istifadə olunmuş, “Toba” markalı, 26 ölçülü velosipedin qiyməti 120 manat, 01 ədəd Rusiya Federasiyası istehsalı, istifadə olunmuş, 7 litr həcmində od samovarının qiyməti 150 manat, 01 ədəd Rusiya Federasiyası istehsalı, istifadə olunmuş, 3 litr həcmində od samovarının qiyməti 80 manat, 01 ədəd “Arçelik” markalı, istifadə olunmamış, 6 kq maksimal tutumlu, maksimum sıxma sürəti 1000 dövr/dəqiqə olan paltaryuyan maşının qiyməti 150 manat, 01 ədəd “Artel” markalı, “UA43H1400” model, istifadə olunmuş, 43 düyııı android televizorun qiyməti 300 manat olmaqla göstərilən malların 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800,00 manat müəyyən edilir. Cinayət işinin 90-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 120-125-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd “Toba” markalı velosiped, 01 ədəd “Arçelik” markalı paltaryuyan maşın, 01 ədəd “Artel” markalı televizor və 01 ədəd 3 litr həcmində od samovarı maddi sübut kimi tanınmış və həmin əşyalar cinayət işinin materialları ilə tanış olmadan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Cinayət işinin 130-cu vərəqəsində olan xx.xx.2023-cü il qəbzdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Toba” markalı velosiped, 01 ədəd “Arçelik” markalı paltaryuyan maşın, 01 ədəd “Artel” markalı televizor və 01 ədəd 3 litr həcmində od samovarı Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 96-98-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Xızı Rayon Məhkəməsinin 17 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il şərti sınaq müddəti təyin edilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ona 2000 manat cərimə cəzası təyin edilmişdir; 3) Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsinə əsasən ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1900 manat cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilmklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 02 (iki) il müddətə sınaq müddəti təyin edilmiş, 1900 manat cərimə cəzasının isə müstəqil icra edilməsi müəyyən edilmişdir; 4) Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 71.5 və 67-ci maddələrinə əsasən ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1900 manat cərimə cəzası təyin edilmiş, cərimə cəzasının müstəqil icra edilməsi müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il şərti sınaq müddəti və 1900 manat cərimə cəzasının isə müstəqil icra edilməsi qərara alınmışdır; 5) Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsinə əsasən ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1900 manat cərimə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarı ilə 01 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtında əvvəl şərti olunduqdan sonra Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyatda olmuş və xx.xx.2023-cü ildə şərti cəza çəkmə müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 7(060)-42/2024 saylı qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(003)-419/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən hökmlə ona təyin edilmiş 1900 manat cərimə cəzasından azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 1) Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən ona 2000 manat cərimə cəzası təyin edilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsinə əsasən ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1900 manat cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 02 (iki) il müddətə sınaq müddəti təyin edilmiş, 1900 manat cərimə cəzasının isə müstəqil icra edilməsi müəyyən edilmişdir; 3) Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 71.5 və 67-ci maddələrinə əsasən ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1900 manat cərimə cəzası təyin edilmiş, cərimə cəzasının müstəqil icra edilməsi müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il şərti sınaq müddəti və 1900 manat cərimə cəzasının isə müstəqil icra edilməsi qərara alınmışdır; 4) Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsinə əsasən ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1900 manat cərimə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərarı ilə 01 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyatda olmuş və xx.xx.2023-cü ildə şərti cəza çəkmə müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 7(060)-42/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli 1(003)-419/2021 nömrəli hökmü ilə təyin edilmiş 1900 manat cərimə cəzasından azad edilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilmiş, həmin cəza daha sonra iki dəfə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən digər hökmlərlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarına birləşdirilmiş, bir dəfə isə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən digər hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə toplanmışdır. Hazırda residivin müəyyən edilməsi zamanı cərimə cəzasının iki dəfə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən digər hökmlərlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarına birləşdirilməsi və hazırki iş üzrə cinayət əməli törədilərkən həmin 1900 manat cərimə cəzasının ödənilməməsi nəzərə alınmalıdır. Belə ki, müvafiq cərimə cəzasına münasibətdə amnistiya hazırki iş məhkəmənin icraatında olan zaman tətbiq edilmişdir. Yəni, hazırki iş üzrə cinayət əməli törədilən zamana qədər amnistiya tətbiq edilməmiş, şəxsin üzərində 1900 manat cərimə cəzası olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hüquqlarının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 04 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Toba” markalı velosiped, 01 ədəd “Arçelik” markalı paltaryuyan maşın, 01 ədəd “Artel” markalı televizor və 01 ədəd 3 litr həcmində od samovarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Toba” markalı velosipedin, 01 ədəd “Arçelik” markalı paltaryuyan maşının, 01 ədəd “Artel” markalı televizorun və 01 ədəd 3 litr həcmində od samovarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar