Məhkəmə qərarları › İş №1(060)-28/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-28/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-28/2025 14.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, X5, X4, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 40,728 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 13:50 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “Rəngsaz” maşın təmiri emalatxanasının yanında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib, xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan krem rəngi şalvarın sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, narkotik vasitə istifadə etməmişdir. Qardaşı tutulduğu üçün onu da, qərəzli şəkildə göstəriş əsasında tutmuşlar. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə işi olduğu üçün ASAN Xidmət mərkəzinə yaxınlaşmış, həmin vaxt üzərində olan cərimələri ödəmək üçün pulu çatmadığı üçün tanışının olduğu Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən avtomobil təmiri sexinə borc pul almaq üçün getmiş, orada olarkən pencəyini çıxarıb mobil telefonunu enerjiyə qoyaraq, sexlərin arxa tərəfində yerləşən ayaq yoluna keçmiş, bu zaman polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları ona yaxınlaşmış, narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib onu ŞPİ-nə dəvət etmişlər. Pİ-nə gələndən sonra polis əməkdaşları onu təhqir etmiş, “sən idin bizi söyən, səni külli miqdarda narkotiklə yükləyəcəyik”-deyə hədə qorxu gəlmişlər. Düşünmüşdür ki, qardaşına görə ona qarşı belə qərəzli davranırlar. Qeyd edir ki, həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Belə ki, polis əməkdaşı seyfdən narkotik vasitə olan “tiryək”i çıxardıb aliminium falqanın içərisinə qoyub ona məcbur şəkildə vermişlər. Qeyd edir ki, əvvəlcədən üzərində olan əşyalar götürülmüş, daha sonra şəxsi axtarış keçirilmişdir. Ona boynuna almasa “qadın alt paltarı geyindirib şəkilini çəkəcəklərini” demələrindən və “təziqləri” nəzərə alaraq məcbur qalıb narkotik vasitənin guya onda aşkar olunduğunu boynuna götürmüşdür. Qeyd edir ki, heç bir təqsiri olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, qardaşı barəsində cinayət işinin məhkəmə istintaqı Ağır cinayətlər məhkəməsində aparılır. Özü əvvəllər məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 12:15 radələrində tutulmuş, həmin vaxt üzərində narkotik maddə olmamışdır. Qardaşını tutan polis əməkdaşları ilə onu tutan polis əməkdaşları eyni şəxslər olmamışdır. ŞPİ-də təpiklə onun barmaqlarına və başına vurmuşlar, döyülməsi təqribən 30 dəqiqə davam etmişdir. Orada ona 48 saat ərzində buraxacaqlarını bildirmişlər. Döyülməsini vəkil görməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 13:50 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində avtomobillərin təmir sexinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu ŞPİ-nə dəvət etmişlər. ŞPİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdikdə buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra vidoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, o, əynində olan krem rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü kağız bükümün olduğu müəyyən edilmiş, büküm açıldıqda içərisinə spesifik iyə malik qara qəhvəyi rəngli karkotik vasitə olan “tiryək”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. O, həmin maddənin “qara” olduğunu, tutulmamışdan bir az əvvəl Sumqayıt şəhərinin girəcəyində tanımadığı şəxsdən 200 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmur, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zorakılıq edilməmişdir. Təhqiqatçısı tərəfindən üzərində şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları saxlanıldığı yerdə üzərinə şəxsi axtarış keçirməmişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumatı rəhbərliyə məruzə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün xx.xx.2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq etmişdir. Həmin gün əməliyyat qrupunun üzvü NMB-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat təqribən 13:50 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsində avtomobil təmir sexlərinin yaxınlığında piyada hərəkət etdiyini görmüş və ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nə aparılacağını ona bildirmişlər. Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlarla birlikdə ŞPİ-nə gəlmişdir. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videokamera ilə şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif edilmiş, o, əynində olan şalvarın cibində saxlamış olduğu 01 ədəd bükümü təqdim etmişdir. Xatırladığı qədərilə büküm açıldıqda içərisində qara qəhvəyi rəngli narkotik vasitə olan “tiryək”ə bənzər maddə olduğu müəyyən edilmişdir. Həmin maddə tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq edilməmişdir. Məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 13 radələrində Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobil servisinin qarşısında Pİ-nin digər əməkdaşı Şahid2la birlikdə saxlanılıb Pİ-nə gətirilmişdir. Onun şalvarının yan cibindən “tiryək” aşkar olunmuşdur. Rəşad onlara narkotik maddəni 200 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmiş, onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs Pİ-də heç bir təziq göstərilməmiş, polis əmədaşları tərəfindən boynuna götürməsi üçün Rəşada heç bir narkotik maddə verilməmişdir. Təqsirləndirilən şəxs Pİ-də olarkən heç bir kənar şəxs ona yaxınlaşmamışdır. Qarayev onlara “tiryək”i şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid eyni zamanda bildirmişdir ki, Rəşadın qardaşının həbsdə olması ilə bağlı məlumatı var idi. Eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxslə üzləşsə də, həmin vaxt ona heç bir təqziq edilməmişdir. O, Rəşada heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Pİ-də heç bir təziq göstərilməmiş, o, öz əməlini könüllü etiraf etmişdir. Rəşad saxlanılan zaman onun yanında kimsə olmamışdır. Bildirir ki, Pİ-nin MSY-də Təqsirləndirilən şəxslə onun arasında üzləşdirmə keçirilməmişdir. Əməliyyatçı Şahid1 Rəşadla üzləşmədə olub-olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş cinayət işinin istintaqı aparmış, müstəntiq Xanlar Həsənov məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqını özü aparmış və istintaqı yekunlaşdırdıqdan sonra həmin cinayət işini məhkəməyə təqdim etmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona Pİ-də ona işgəncə verilməsi barədə heç bir məlumat verməmişdir. Şahid eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, barəsində “həbs” qətimkan tədbiri seçildikdən sonra elə düşünmüşdür ki, ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilib, ona görə şikayət etmişdir, lakin bir daha əmin olduqdan sonra etirafedici ifadə verməklə təqsirini etiraf etmişdir. Şahid Xanlar Həsənli ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Pİ-də heç bir təzyiq göstərilməmiş, onunla heç bir şahid arasında üzləşdirmə aparılmamış, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə heç bir məlumat verməmişdir. Şahid1 təqsirləndərilən şəxslə üzləşdirməyə dəvət olunsa da, Təqsirləndirilən şəxs həmin vaxt əlavə dindirmə keçirilən zaman təqsirini etiraf etdiyindən, üzləşdirmə istintaq hərəkətinin keçirilməsinə zərurət qalmamış, Təqsirləndirilən şəxs sonuncu dəfə ifadəsi alınarkən özünü törətmiş olduğu əməldə təqsirini etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 aprel 2024-cü il tarixdə (saat 13:00) fakta görə Təqsirləndirilən şəxs barəsində bundan sonra CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 05 aprel 2024-cü il tarixdə, saat 14:15 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19); 07 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 53-54) “təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 07 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmədiyi, üzərindən aşkar olunan narkotik vasitənin onun olmadığı, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və döyüldüyü ilə bağlı ifadəsi alınmışdır (i.v. 61-62); “təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 82- 83); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-110/2024 saylı, 07 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 05 aprel 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 67-69) “şəxsi axtarışın keçirilməsi haqqında” 05 aprel 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-də, xidməti otaqların birində Sumqayıt ŞPİnin xidməti otaqların birində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnikleytenantı Səadət Qənbərov əvvəlcə özünü, daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif edilir, bu təklifdən sonra o, əynində olan krem rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd gümüşü rəngli kağız bükümü təqdim edir. Büküm açıldıqda içərisində qara-qəhvəyi rəngli karkotik vasitə olan “tiryək”ə bənzər maddə olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin tiryək olduğunu, həmin madəni tutulmamışdan bir az əvvəl Sumqayıt şəhərinin girəcəyində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 200 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Həmin maddə tərəzidə çəkildikdə, çəkisinin 41,33 qram olduğu müəyyən edilir və qablaşdırılaraq zərfin üzəri möhürlənir, iştirakçılar həmin zərfi imzalayır. (i.v 27-28). AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/1887 nömrəli rəyində göstərilmişdir ki, üzərində DİN “Zərflər üçün no-124” möhür əksi “Təqsirləndirilən şəxs aşkar edilmiş 01 büküm maddə...; şübhəli şəxs : Təqsirləndirilən şəxs - imza,- imza Qablaşdırdı: S.Qənbərov-imza” yazı əlavəasi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 40,728 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (i.v.34-38). AR Səhiyyə Nazirliyi Respublika X7 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2024-cü il tarixli, 3872 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxsda opioidlərin sui istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 109-110). “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 107) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. AR DİN BƏSİİ alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2019cu il tarixli qərarı ilə CM-nin 206.3.2-ci maddəsi 32,5, 206.2-ci maddəsinə tövsif edilmiş və cəzası qəti olaraq 08 il 06 ay azadlıqdan məhrum etmə təyin edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 97-99) CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsinin rəisi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavabdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əmədaşları tərəfindən zorakılığa məruz qalması barədə Sumqayıt şəhər məhkəməsinin məlumatı əsasında Baş prokurorluğun Xidməti araşadırmalar idarəsində aparılmış araşdırma zamanı göstərilən xüsusat təsdiqini tapmadığından material üzrə xx.xx.2024-cü il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, 6/1887 nömrəli 06 aprel 2024-cü məhkəmə-kimyəvi ekspertizasının, 3872 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, Gözəlovun üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 40,728 qram olan, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 40,628 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, sonuncunun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.117-122); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla barabər özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında təqsirləndirilən şəxs Qurban Qurbanlı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, narkotik vasitə istifadə etmədiyini, saxlanılarkən üzərində narkotik olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyü üçün həmin narkotikin ona məxsus olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Məhkəmə belə olan halda həm ibtidai istintaq və həm də məhkəmə iclasında əldə edilmiş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilməsini zəruri hesab edir. Cinayət işinin materiallarında görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə Sumqayıt ŞPİ-də təhqiqatçıya verdiyi 05 aprel 2024-cü il tarixli ilkin izahatında törətmiş olduğu cinayət əməlini etiraf etmiş, hadisənin baş vermə mexanizmini izah edərək öz imzası ilə təsdiq etmişdir. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müstəntiq tərəfindən dindirilmiş, dindirmə protokolunda o, həmin cinayət əməlini törətmədiyini, tutularkən üzərində narkotik maddə olmadığını, polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini qorxudan həmin maddənin ona məxsus olduğunu bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edildikdən və CM-nin 234.1-ci maddəsi ilə itiham ona elan edildikdən sonra dindirilmiş Təqsirləndirilən şəxs bir daha özünü elan edilmiş ittiham üzrə təqsirli bilməmiş, ona polis əməkdaşları tərəfindən təzyiq edildiyini, bu səbəbdən qorxudan şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotikin ona məxsus olduğunu bildirdiyini qeyd etmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, 14 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs dindilərkən bu dəfə törətmiş olduğu cinayət əməlini tam etiraf etmiş, narkotiki həqiqətən də şəxsi axtarış istintaq hərəkəti protokolunda qeyd edilən formada əldə etdiyini, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmadığını bildirərək öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda şikayət etməsinin səbəbi kimi barəsində CM-nin 234.4.3-cü maddə cinayət işinin istintaqının aparılmasını zənn etməsi olduğunu bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs hər dəfə müxtəlif məzmunlu ifadə verməklə istintaq orqanını çaşdırmağa çalışmışdır. Məhkəmə qeyd edir ki, qorxduğu üçün cinayət əməlini etiraf edən Təqsirləndirilən şəxs qısa müddət ərzində yəni bir gün sonra onun həmin cinayət əməlini törətmədiyini bildirməsi heç də ağlabatan görünmür. Belə olan halda o, yenidən döyülmə ehtimalının olmasını düşünərək təkarən etiraf edici ifadə verməli idi. Lakin, görünən odur ki, o qorxmamış və fərqli ifadə vermişdir. Materialları araşdırarkən müəyyən edilir ki, o, qeyd etdiyi kimi özünün polis əməkdaşları tərəfindən döyülməsi, təsir və təzyiqlərə məruz qalması barədə hər hansı orqana və məhkəməyə şikayət etməmiş, bu araşdırma yalnız onun barəsində “Həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxan məhkəmənin müraciəti əsasında Baş Prokurorluq tərəfindən həyata keçirilmiş, nəticədə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığı üçün CPM-nin 39.1.1-ci maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz ibitdai istintaq zaman verdiyi 14 may 2024-cü il tarixli ifadəsi, “şəxsi axtarış keçirilməsi barədə” istintaq hərəkətli protokolu, şahid ifadələri sübut növü kimi qəbul edilməli və ittihamın əsasını təşkil etməklə, şəxsin həmin maddə ilə təqsirli hesab edilməsi üçün sübut növü kimi qəbul edilməlidir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən tiryəkin 5 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkin çəkisinin 40,728 qram olmasını, bundan əvvəl də qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etdiyi üçün, həmçinin qaçaqmalçılıq cinayət əməli törətməsinə görə məhkum olunmasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələri qanunsuz olaraq əldə etməsini, cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 05 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 40,628 qram narkotik vasitə tiryək məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 22 (iyirmi iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 132 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 05 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 40,628 qram narkotik vasitə tiryək məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar