Məhkəmə qərarları › İş №1(060)-281/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-281/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-281/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sumqayıt Texnologiyalar Parkında elektrik işləyən, əvvəllər məhkum olunmamış, ünvan 15-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə, saat 16:34-də «Covid-19» virusuna yoluxması haqqında “its.gov.az” saytından istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olmuş “sms” məlumatı aldıqdan sonra özünütəcrid müddəti ərzində yaşadığı ünvanı dəfələrlə tərk edərək atası X2 yaşadığı ünvan 1 ünvanına, həmçinin 07.12.2020-ci il tarixdə, saat 10:25-də Sumqayıt şəhəri, Şirvan yaşayış massivinə, həmin tarixdə, saat 17:11-də ünvan 6 və Sumqayıt şəhəri, 24-cü məhəllə, ev 1, keçid 38A ünvanlarına, həmin tarixdə, saat 19:30-da Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisinə getməklə xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariyagigiyena və karantin rejimini pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt Texnologiyalar Parkında elektrik işləyir. 04.12.2020-ci il tarixdə işlədiyi zavodda “COVİD 19” infeksiyası ilə bağlı orada işləyən işçilərdən, eləcə də ondan analiz üçün test nümunələri götürülmüşdür. 05.12.2020-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “COVİD 19” infeksiyasına yoluxması barədə “sms” gəlmiş, həmçinin yaşadığı ərazi üzrə sahə həkimi onunla telefon əlaqəsi saxlayaraq “COVİD 19” infeksiyasına yoluxması barədə məlumat vermişdir. O, yaşadığı ünvanda tək olduğuna və ona qulluq edən heç kimin olmadığına görə 05.12.2020-ci il tarixdən 08.12.2020-ci il tarixədək H.Zeynalabdin qəsəbəsində yaşayan atasının evində onun üçün yemək hazırlanmış, o da atasına məxsus “Mercedes” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedib oradan yeməyi götürüb yaşadığı ünvana qayıtmışdır. 08.12.2020-ci il tarixdə günorta saatlarında Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin adını bilmədiyi əməkdaşı onunla telefon əlaqəsi saxlayaraq harada olmasını soruşmuş, o da həmin əməkdaşa yemək götürmək üçün H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, 80 A ünvanında yaşayan atasının evinə getdiyini bildirmişdir. Həmin polis əməkdaşı yaşayış yerini tərk etməməyi barədə onu xəbərdar etdikdən sonra o, bir daha yaşayış yerini tərk etməmiş və həmin müddətdən sonra onun üçün yemək və dərmanı ailə üzvləri yaşadığı ünvana gətirib vermişlər. Onun “COVİD 19” infeksiyasına yoluxması barədə 05.12.2020-ci il tarixdə, saat 16:34-də istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “its.gov.az” saytından “sms” gəldikdən sonra məlumatı olmuşdur. Həmin “sms”-də yaşayış yerini tərk etməməsi barədə məlumat qeyd olunaraq məsuliyyəti barədə xəbərdar edilmişdir. Həmin gün sahə həkimi ona zəng edərək bu barədə məlumat verərək müalicəsi üçün lazımi dərmanların adlarını söyləyib həmin dərmanları qəbul etməyi tövsiyyə etmişdir. “COVİD 19” infeksiyasına yoluxduqdan sonra 05.12.2020-ci il tarixdən 08.12.2020-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə atasının yaşadığı ünvan 1 ünvanına getmiş, bir dəfə isə 07.12.2020-ci il tarixdə Sumqayıt şəhərində, yeni avtovağzalın yaxınlığında fərdi həyət evində yaşayan dostu Səxavətlə görüşmüşdür. o, “COVİD 19” infeksiyasına yoluxduqdan sonra dostu Səxavətlə görüşsə də, eləcə də atası Nayib Rəhmanovun yaşadığı ünvana getsə də, heç kimi, o cümlədən dostu Səxavəti və qeyrilərini “COVİD 19” infeksiyasına yoluxdurmamışdır. Onun istifadəsində yalnız ***-***-**-** mobil nömrəsi olmuş, həmin mobil nömrə işlək vəziyyətdə daim üzərində olmuşdur. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid bildirdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-də polis sahə rəisi vəzifəsində xidmət edir. 08.12.2020-ci il tarixdə ona təhkim edilmiş xidməti ərazidə “COVİD-19” infeksiyasına yoluxmuş şəxslərlə mobil telefon nömrələri vasitəsilə əlaqə saxlayıb yaşayış yerlərini tərk etməməsi istiqamətində profilaktiki söhbətlər apararkən həmin tarixdə günorta saatlarında ünvan 15-də qeydiyyatda olan və həmin ünvanda yaşayan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng edərək yaşayış yerində olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda yaşadığı evdə olmadığını, atasına məxsus etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi 80A ünvanında yaşayan atası Nayib Rəhmanovun evinə getdiyini bildirmişdir. O, bu barədə bölmə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə əlaqə saxlanılaraq söhbət edilərkən sonuncu 05.12.2020-ci il tarixdən 08.12.2020-ci il tarixdəkək olan müddət ərzində bir neçə dəfə yaşayış yerini tərk etdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxsla yaşayış yerini tərk etməməsi üçün profilaktiki söhbətlər aparılmış, Təqsirləndirilən şəxs məsuliyyəti barədə xəbərdar edilmiş və Təqsirləndirilən şəxs yaşayış yerinə qayıtması təmin edilərək təkrar yaşayış yerini tərk etməməsi üçün onun tərəfindən nəzarətə götürülmüşdür. İş materiallarında olan Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Səhiyyə Şöbəsi 3 nömrəli şəhər poliklinikasının 589 saylı, 21 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 05.12.2020-ci il tarixdə “COVİD 19” diaqnozu ilə evdə müayinə və müalicədədir. (i.v. 8) İş materiallarında olan Səhiyyə Nazirliyi Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin 1389 saylı, 22 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Covid-19” analizinin cavabı pozitiv olduğu üçün 05.12.2020-ci il tarixdən 19.12.2020-ci il tarixədək ambulator şəraitdə müalicə almışdır. Onunla mütəmadi əlaqə saxlanılmış, karantin müddətində evdə qalması vətəndaşa izah olunmuşdur. (i.v. 9) İş materiallarında olan Təqsirləndirilən şəxs 05 dekabr 2020-ci il tarixdə, saat 16:34də daxil olmuş “sms” məlumatında Təqsirləndirilən şəxs 04.12.2020-ci il tarixdə “COVİD 19” ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğu bildirilmiş, Təqsirləndirilən şəxs və onun ailə üzvlərindən yaşayış yerini tərk etməməsi xahiş olunmuş, Təqsirləndirilən şəxs karantin rejimini pozduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilməsi barədə xəbərdarlıq edilmişdir. (i.v. 13) İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 27) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 42) İş materiallarında olan diskdə 2 ədəd « Nömrənin __ Məxsusluq __Tarixçəsi – **********4543 _ ********* » adlı və «Zənglərin_Detallaşması_**********4539_ 555282820» adlı fayllar var. Həmin fayllardan «Nömrənin _ Məxsusluq _ Tarixçəsi _ **********4543__555282820» adlı faylı daxil olarkən ***-***-**-** mobil nömrənin Təqsirləndirilən şəxs məxsus olması görünür. Digər «Zənglərin _ Detallaşması _ **********4539_555282820» adlı fayla daxil olan zaman isə ***-***-**-** mobil nömrənin 06.12.2020-ci il tarixdə, saat 01:58:23-dən 07.12.2020-ci il, saat 08:32:34-dək ünvan 5 ünvanında, 07.12.2020-ci il tarixdə, saat 10:25:43-də Sumqayıt şəhəri, Şirvan yaşayış massivində, həmin tarixdə, saat 17:11:42-də ünvan 6 ünvanında və Sumqayıt şəhəri, 24cü məhəllə, ev 1, keçid 38A ünvanında, həmin tarixdə, saat 19:30:22-də Sumqayıt şəhəri, 3-cü mikrorayon, 19A ünvanında, həmin tarixdə, saat 20:27-də Sumqayıt TKQ, ATS 5/9 ünvanında, həmin tarixdə, saat 21:18-də Sumqayıt “Mühərrik-quraşdırma şirkəti” ərazisində, 08.12.2020-ci il tarixdə, saat 09:35-də ünvan 11 ünvanında, həmin tarixdə, saat 15:11-də ünvan 12 ünvanında, həmin tarixdə, saat 16:01-də Sumqayıt TKQ, ATS 643 ünvanında, həmin tarixdə, saat 16:46-da ünvan 12 ünvanında, 09.12.2020-ci il tarixdə, saat 12:47-də Sumqayıt şəhəri, Şirvan yaşayış massivində, həmin tarixdə, saat 18:43-dən 11.12.2020-ci il, saat 14:51-dək ünvan 12 ünvanında, 11.12.2020-ci il tarixdə, saat 16:25də Sumqayıt şəhəri, Şirvan yaşayış massivində, 11.12.2020-ci il tarixdə, saat 17:11-dən 20.12.2020-ci il tarixdə, saat 16:22-dək olan müddət ərzində ünvan 12 ünvanında yerləşən anten əhatə dairəsində olması görünür. (i.v. 45) İş materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 13 mart 2021-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 17.02.2021-ci il tarixli qərarı ilə götürülmüş 01 ədəd CD disk maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 52-55) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” 14 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.76) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsində təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydalarının 2.1-ci bəndinə əsasən yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda, vəziyyətin kəskinliyi nəzərə alınmaqla aşağıdakı müvəqqəti tədbirlər görülə bilər: xüsusi sanitar rejim: yoluxucu xəstəliyə yoluxmuş, yoluxma riski olan və ya yoluxduğu güman edilən şəxslərin və onlarla təmasda olan digər şəxslərin təcrid edilməsi və müalicəsi üçün xüsusi qaydaların tətbiqi və s. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət, inzibati Xətalar və Mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs «Covid- 19» virusuna yoluxması haqqında “its.gov.az” saytından istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olmuş “sms” məlumatı aldıqdan sonra özünütəcrid müddəti ərzində yaşadığı ünvanı dəfələrlə tərk edərək xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimini pozması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə maddi sübut olan, Sumqayıt Şəhər Məhkəməsinin 17.02.2021-ci il tarixli qərarı ilə götürülmüş 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 15 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Məhkəməsinin 17.02.2021-ci il tarixli qərarı ilə götürülmüş bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar