Məhkəmə qərarları › İş №1(060)-281/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-281/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-281/2022 15.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Dəvəçi rayonu, Çay-Qaradaşlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şabran rayonu, Çay-Qaradaşlı kəndində qeydiyyatda olan və ünvan 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,602 qram, 0,520 qram, ümumi təmiz çəkisi 1,122 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 29 oktyabr 2021-ci il tarixdə, saat 22:15 radələrində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən avtobus dayanacağının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 02 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,602 qram, 0,520 qram, ümumi təmiz çəkisi 1,122 qram narkotik vasitə heroin əynindəki tünd yaşıl rəngli gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Corat bağları, 428 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Evinin qarşısı Sumqayıt şəhəri, 21-ci məhəllədir. Mebel ustası işləmiş, işlədiyi mebel sexi evinə bitişik yerdədir. Təxminən 7-8 il olar ki, narkotik vasitə heroindən istifadə etmişdir. 29 oktyabr 2021-ci il tarixdə, saat 22:15 radələrində işlədiyi mebel sexində olarkən sexin giriş qapısı döyülmüşdür. Qapını açmış və görmüşdür ki, gələn tanışı Şahid1dir. Şahid1lə bir qədər söhbət etdikdən sonra sexdən çölə çıxıb 21-ci məhəllə ərazisi olan avtobus dayanacağına yaxınlaşmışdır. Tural da onun arxasınca gəlmişdir. Sumqayıt şəhəri, 21-ci məhəllədə yerləşən 33 nömrəli marşrut üzrə avtobus dayanacağının yanında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə daşımaqda şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-yə aparılacağı bildirilmişdir. Həmin vaxt polis əməkdaşlarından biri onun əllərindən möhkəm tutduğuna görə üzərində olan iki bükümdə narkotik vasitə heroini kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin inzibati binasına aparılmışdır. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, da əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən iki ədəd sellofan bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmiş və həmin bükümlərin içində narkotik vasitə heroin olduğunu təhqiqatçıya demişdir. Sonradan təhqiqatçı həmin bükümləri açıb baxaraq narkotik vasitə heroin olmasını özü də aşkar etmişdir. Bundan sonra üzərində aparılan şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş iki bükümdə nakotik vasitə heroin elektron tərəzidə çəkilmiş və təxmini çəkilərinin 0,80 qram və 0,69 qram olması müəyyən edilmiş, həmin maddələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş iki büküm narkotik vasitə heroin özünə məxsus olmuş, həmin iki bükümdə olan narkotik vasitə heroini 29 oktyabr 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, “20 Yanvar dairəsi” ərazisində tanımadığı şəxsdən 30 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş iki bükümdə narkotik vasitə heroini satmaq fikri olmamış, üzərində saxlamaqda məqsədi istifadə etmək olmuşdur. Narkotik vasitə aldığı şəxsin adını və yaşadığı ünvanını bilməmiş, həmin şəxsdən narkotik vasitə alarkən ilk dəfə idi ki, onu görmüşdür. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, iki bükümdə narkotik vasitə olan heroini istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Şahid1 onun qonşusudur, uzun müddətdir ki, Turalla münasibəti olmuşdur. Tural mütəmadi olaraq onun iş yerinə gəlmiş və birlikdə söhbət etmişlər. Buna görə də, Tural həmişəki kimi 29 oktyabr 2021-ci il tarixdə, təxminən saat 22 radələrində yaşadığı ünvan 3 ünvanına bitişik olan işlədiyi mebel sexinə gəlmiş, birlikdə söhbət edə-edə yolun digər tərəfinə doğru keçib avtobus dayanacağında oturmaq istəmişlər, işlədiyi sexlə üzbəüz küçə olan yolun digər tərəfi, avtobus dayanacağının yanı 21-ci məhəllə olmuş, həmin vaxt təxminən saat 22:15 radələrində avtobus dayanacağına çatıb oturmaq istəyəndə polis əməkdaşları onlara yaxınlaşıb onu saxlamışlar. Avtobus dayanacağına siqaret çəkməyə getmişlər. Heç vaxt Şahid1 narkotik vasitə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu və himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və onların qayğısına qaldığını, ailəsinin maddi ehtiyaclarını qarşıladığını göstərərək, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, 29 oktyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması ilə bağlı icraatına əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş, sonra tədbirlə bağlı əməliyyat qrupu yaradılaraq həmin qrupa onunla yanaşı ŞPİ-nin CAŞ-nin kiçik inspektorları, polis serjantı Şahid4 və polis serjantı Şahid3 cəlb olunmuşlar. 29 oktyabr 2021-ci il tarixdə, saat 22:15 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən 33 nömrəli avtobusun dayanacağında görüb sonuncuya yaxınlaşmışlar. Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək sonuncuya hansı səbəbdən saxlandığını izah etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında, şəxsiyyəti onlara sonradan məlum olan Şahid1 da olmuşdur. Ətrafda olan şəxslərin tədbirə mane olacaqlarını nəzərə alıb Təqsirləndirilən şəxs və Şahid1 Sumqayıt şəhər Polis İdarısinə dəvət etmişlər və Polis İdarəsində xidməti otaqda Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı Elnur Qocayev tərəfindən qeydə alınan videoçəkilişlə onunla yanaşı digər polis əməkdaşları və vəkil Tahir Abbasovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin, Təqsirləndirilən şəxs da əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibindən iki ədəd sellofan bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmiş və həmin bükümlərin içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonradan həmin bükümlərə baxış zamanı içərisində narkotik vasitə heroin olması müəyyən edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki bükümdə nakotik vasitə heroin elektron tərəzidə çəkilərək təxmini çəkilərinin 0,80 qram və 0,69 qram olması müəyyən olunmuş, həmin maddələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmiş və zərf paketin üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Polis İdarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmiş, üzərindən aşkar edilərək götürülmüş iki bükümdə olan kütlələr narkotik vasitə heroindir, özünə məxsusdur, həmin iki bükümdə olan narkotik vasitə heroini 29 oktyabr 2021-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi ərazisində tanımadığı şəxsdən 30 manata almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin CAŞ-nə əməliyyat məlumatı daxil olmuş, lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin məlumat təsdiqini tapmamış, buna baxmayaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş məlumat təsdiqini tapmış, sonuncunun üzərində iki bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşüdür. Təqsirləndirilən şəxs narkotik vasitə heroini nə vaxt, harada və kimdən əldə etməsi məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Şahid1 narkotik vasitələrin qəbulu ilə məşğul olması və Təqsirləndirilən şəxs narkotik vasitə alması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” 29.10.2021-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs harada yaşadığı və təvəllüdü soruşuqlduqda, sonuncu Corat bağları, 33 nömrəli marşrutun dayanacağının yaxınlığında yaşadığını və 1980-ci il təvəllüdlü olduğunu bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılmaqla Sumqayıt ŞPİ-yə gətirildiyini deyib ona hüquq və vəzifələri barədə bildirişi təqdim edir. Sonra isə təhqiqatçı polis əməkdaşlarına da özlərini təqdim etməsi bildirilir və onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı ona hüquqlarının özünün seçdiyi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təqsirləndirilən şəxs müdafiəçiyə etirazının olub-olmaması soruşulduqda sonuncu etirazının olmadığını bildirir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif ediredir. Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibindən 2 ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim edir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğu, kimə məxsus olduğu və haradan əldə etdiyi soruşulduqda sonuncu həmin bükümlərin içərisində narkotik vasitə olduğunu, özünə məxsus olduğunu, 29.10.2021-ci il tarixdə Bakı şəhəri 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 30 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin onun üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bükümlərə baxıldıqda qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələr olması görünür. Sonra isə həmin bükümlər elektron tərəzidə çəkilərək 1-ci bükümün çəkisinin 0,80 qram, 2-ci bükümün 0,69 qram, hər iki bükümün ümumilikdə çəkisinin isə 1,49 qram olması müəyyən olunur. Bundan sonra həmin bükülülər qablaşdırılır, möhürlənir, Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki və ya mənəvi təziq göstərilib-göstərilmədiyi soruşulur, sonuncu isə ona qarşı hər hansı bir təziqin göstərilmədiyini bildirir. Sonda isə çəkiliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının 30.10.2021-ci il tarixli, 6/4822 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan bir ədəd zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,602 qram, 0,520 qram, ümumi təmiz çəkisi 1,122 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. (Qeyd: heroinin ümumi təmiz çəkisi-1,122 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq 1,022 qram.). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 08.01.2022-ci il tarixli, 76 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 10.11.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşaına çatmayan və bir azyaşlı uşaqları- 15.07.2006-cı il təvəllüdlü X2 və 10.08.2012-ci il təvəllüdlü X3 vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşl uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 29.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 31.10.2021-ci il tarixli 4(060)-567/2021 saylı qərarı ilə barəsində həbs etmənin əvvəli 29.10.201-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, eyni məhkəmənin 25.01.2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 15 gün müddətinə uzadılmış, həmin məhkəmənin 10.02.2022-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış, həmin məhkəmənin 22.02.2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs 29.10.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 09 (doqquz) ay müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut ümumi 1,022 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli (iş № 1(060)-281/2022) qərarını icra edərək, 04 fevral 2022-ci il tarixli 76/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29.10.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 09 (doqquz) ay müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan ümumi 1,022 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar