Məhkəmə qərarları › İş №1(060)-281/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-281/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-281/2023 26.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaq məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,631 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 26 oktyabr 2022-ci il tarixdə saat 12:45 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən Corat məscidinin yaxınlığında piyada olarkən saxlanılıb həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Subaydır, valideynləri ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 189 ünvanında yaşayır. Fərdi əməklə məşğul olub qazanc əldə edir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitə əldə edərək istifadə etmişdir. Narkotik vasitələri Sumqayıt və Bakı şəhər ərazisndə tanımadığı şəxslərdən əldə edib istifadə etmişdir. Son olaraq 25 oktyabr 2022-ci il tarixdə işləri ilə əlaqədar olaraq Bakı şəhəri, 20 Yanvar dairəsində olarkən narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsdən ona narkotik vasitə satmasını istədikdə üzərində 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroin olduğunu demiş və o ondan 10 (on) manata 01 (bir) ədəd sellofan bükümdə olan heroini almışdır. Həmin narkotik vasitəni əynindəki şalvarın sağ yan cibinə qoyub şübhə çəkməmək üçün oradan uzaqlaşaraq taksi ilə Sumqayıt şəhərinə, yaşadığı evə gəlmişdir. Həmin gün bədənində ağrılar olmadığından aldığı narkotik vasitəni şalvarının cibindən çıxarmamışdır. 26 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində bədənində ağrılar olduğundan evdən çıxıb piyada hərəkət edərək aldığı narkotik vasitəni istifadə etmək üçün sakit bir yer axdarmışdır. Belə ki, 26 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən Corat məscidinin yaxınlığında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıblar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdirərək barəsində narkotik vasitələrdən istifadə edib üzərində saxlamağında şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişlər, o qarşılıq vermədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda şalvarının sağ yan cibində saxladığı narkotik vasitə heroini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o əynindəki şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd sellofan bükümü təqdim etmiş, həmin bükümün içində narkotik vasitə heroini nəzərdə tutaraq “kakos” olduğunu demişdir. Sonradan təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Ona aid olan aşkar olunaraq götürülmüş 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmiş və həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Polis bölməsində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin ona məxsusdur, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. İcraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qərəzli münasibəti də olmamışdır. İşin mahiyyəti üzrə bildirmək istəyir ki, 26 oktyabr 2022-ci il tarixdə saat 12:45 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən Corat məscidinin yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində, barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmişlər və onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etmişlər. X2 İsayevə hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümü çıxardaraq təqdim etmiş və bükümün içində “kakos” olduğunu demişdir. Bükümün içinə təhqiqatçı tərəfindən baxıldıqda narkotik vasitə heroinin aşkar olunaraq götürülmüşdür. Kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilmiş və həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılaraq möhürlənmişdir. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu, “dünən”, yəni 25 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsində tanımadığı şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün əldə etdiyini, təxminən 5-7 ildir “kakos”dan istifadə etdiyini bildirmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini konkret olaraq haradan və ya kimdən əldə etməsi, həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid2 da ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bildirilir ki, siz qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli bilinirsiniz, ona görə də videocəkilişlə üzərinizə şəxsi axtarış aparılacaqdır, şəxsi axtarışa başlamadan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra hüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 təqdim olundu və o etiraz etmədi, eləcə də şəxsi axtarış aparıİmamışdan əvvəl Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub olmamasını soruşuldu və o heç bır etirazının olmadığını bildirdi. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, ondan üzərində olan əşyaları təqdim etməyi bildirərkən Təqsirləndirilən şəxs özü sağ əli ilə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən ağ sellofana bükülmüş 01 (bır) ədəd bükümü, eləcə də əynindəki yaşıl rəngli idman jaketin sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli təsbehi təqdim etdi. Ondan təqdim etdiyi bükümün içərisində nə olduğu soruşuldu, o həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirdi, həmin ağ sellofana bükülmüş 01 (bir) ədəd bükümün içərisinə baxarkən içərisində tünd qəhvəyi rəngdə narkotik vasiyə bənzər kütlə aşkar olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütləni haradan əldə edib, nə məqsədlə üzərində saxlaması suallarına cavab olaraq bildirdi ki, üzərindən aşkar olunmuş narkotik vasitəni bir gün əvvəl Bakı şəhəri, 20 Yanvar adlanan ərazidən tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 (on) manata aldığını, aldığı narkotik vasitəni üzərində saxlayaraq istifadə etmək üçün üzərində gəzdirdiyini bildirdi. Ramil Heybət oğlunun üzərindən aşkar edilmiş ağ selofana bükülmüş 01 (bir) ədəd bükümdəki narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək məqsədi ilə aşkar edilərək götürülmüş kütlə «AOSAİ POJKET SCALE» markalı elektron tərəzi vasitəsi ilə çəkildikdə kütlənin "0,69" olması müəyyən olunaraq «panasonik» markalı video kamera ilə görüntüsü qeydə alındı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində narkotik vasitəyə bənzər kütlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi ücün zərfə qoyularaq qablaşdırıldı və DİN-nin 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 6/6211 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs Heydət oğlunun üzərindən aşkar edilmiş..” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,631 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir Qeyd: heroinin təmiz çəkisi - 0,631 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq- 0,581 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X4" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının 23 noyabr 2022-ci il tarixli, 7085 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyaroların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,631 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,581 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,631 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,581 qram narkotik vasitə olan heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,581 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114,00 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar