Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-282/2022 19.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241/2021 saylı, xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-68/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı ittiham sürülmüşdür ki, o, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,241 qram çəkidə psixotrop maddə olan metametamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Aygün” şadlıq evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,241 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvanında həyətdə hamamda olan zaman kiminsə onu çağırdığını eşidərək cavab vermiş, onun hamamda olduğunu deyərək ona paltarlarını geyinib hamamdan çıxmasını bildirmişlər. O, həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmiş, hamamdan çıxdıqdan sonra 3-4 nəfər olduqlarını görmüş və onlar onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Həmin vaxt atası və anası evdə olmuş, lakin onu aparmaqlarını görməmişlər və xəbərləri olmamışdır. Onu PB-nə aparan zaman onun üzərində narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən ona psixi təzyiq göstərilmiş və üzərinə narkotik vasitə qoyularaq videoçəkiliş aparılmışdır. Polis əməkdaşları ona külli miqdarda narkotik vasitəsini gəzdirməsi ilə hədələmiş və o da məcbur olub onların təklifini qəbul etmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə ona etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlaması, istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməklə, istintaq-əməliyyat qrupu yaradılmışdır. Qrup üzvü Şahid1lə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisinə getmişlər. Həmin gün saat 19:10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayonda “Aygün” şadlıq evinin yaxınlığında yerləşən 84 saylı binanın yanında bir nəfər şəxsin Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun gəldiyini görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdirlər. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olacaqlarını, orada üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədiyi üçün xidməti avtomobillə sonuncunu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqlarının birində təhqiqatçı Pərviz Babayev qanuna müəyyən edilmiş hüquq normalarına uyğun saxlanılan şəxsə hüquq və vəzifələrini izah etmiş, saxlanan şəxsi müdafiəçi ilə təmin etmiş, daha sonra üzərinə videoşəkilişlə şəxsi axtarış keçirtmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş büküm çıxardaraq təqdim etmişdir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni saxlanıldığı gün Novxanıda tanımadığı şəxsdən 10 (on) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Daha sonra təhqiqatçı Vəsmə adlı qadının saxlanıldığını, üzərindən 11 (on bir) büküm narkotik vasitə olan metamfetamin çıxdığını, sonuncunun üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamin kütləsini Fikrət adlı şəxsdən 55 (əlli beş) manata aldığını bildirməklə, “bu barədə nə deyə bilərsən?” soruşduqdan Təqsirləndirilən şəxs göstərilənləri təkzib etmiş, nə Vəsmə adlı qadına, nə də ki digər şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd büküm təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Tərtib olunmuş protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs saxlanılmamışdan öncə tanımadığını, həmin şəxsi ilk dəfədiri ki gördüyünü, düşmənçilik və ədavət münasibəti olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə ona hər hansı bir məlumat daxil olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Diskə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs PBnə gətirildikdən sonra inspektor-kriminalist İPHONE SX markalı mobil telefonun videokamerası funksyasını işə salaraq iştirakçılarla birlikdə PB-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 (bir) ədəd ağ rəngli kağıza bükülmüş maddəni təqdim edərək içərisində “şüşə” yəni, metamfetamin olduğunu bildirdi. Həmin ağ rəngli kağız açılıb içərisində baxılanda üstü ağ rəngli içərisi qara rəngdə olan bükülmüş 01 (bir) ədəd ağ rəngli kristal şəkilli olan psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olundu. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş 01 (bir) bükümdə metamfetamini xx.xx.2021-ci il tarixdə səhər saatlarında tanımadığı şəxsdən 10 (on) manata Abşeron rayonu, Novxanı bağlar massivində almış və özünə qəbul etmək məqsədilə üzərində saxlamışdır. Bundan soma şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd sarı rəngli alışqan, kağız parçaları və 01 (bir) ədəd “Attenti” markalı ayağa taxılmış elektron nəzarət qurğusunun mobil cihazı aşkar olundu və iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarıldı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd büküm Digital Pocket scale markalı elektron tərəzidə çəkildi, 0,25 qram oldu. Həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırıldı və DİN-nin 127 saylı möhürü ilə möhürləndi, zərfin üzərində müvafiq qeydlər aparıldı və imzalandı. Təqsirləndirilən şəxs Əli oğlu şifahi sorğu zamanı bildirdi ki, üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə metamfetamin özünə məxsusdur, təxminən 02 (iki) il yarımdır ki, psixotrop və narkotik maddələr qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs ondan əvvəl xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan və üzərinə şəxsi axtarış keçirilən X1 üzərindən 11 (on bir) büküm psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülməsi zamanı Vəsmə Məhərrəmova həmin bükümlərdə olan metamfetamini ondan xx.xx.2021-ci il tarixdə yaşadığı həyətə səhər saatlarında gəlib 55 (əlli beş) manat pul verərək aldığını bildirməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs bunun yalan olduğunu, Vəsmə Məhərrəmovaya heç bir şey satmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 13.11 2021-ci il tarixli 6/5027 nömrəli rəyindən görünür ki, Üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....maddə” və s. qeydlər olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,241 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,241 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 0,191qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzininin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2021-ci il tarixli 5001 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-609/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarından görünür ki, 0,241 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,191 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-68/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 21/1-468 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və Təqsirləndirilən şəxs coğrafi mövqeyinə dair elektron monitorinq sistemindən çıxarışdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19:10 radələrində ünvan 1 ünvanında olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 Sumqayıt şəhər şöbəsinin1528 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki,Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan vəsiqələrin surətlərində görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 “Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” 90 və 95 illiyi Yubileyi və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünun və Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-68/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-241/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)- 68/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 241/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. “8 noyabr Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-nin 351.2-ci maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.4-cü maddəsində isə göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,241 qram çəkidə psixotrop maddə olan metametamini əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Aygün” şadlıq evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,241 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19:10 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Aygün” şadlıq evinin yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin Bölməyə gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs onu xx.xx.2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 1 ünvanından apardıqlarının bildirmişdir. Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs ifadəsinə zidd olaraq onu Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində “Aygün” şadlıq evinin yaxınlığında saxladıqlarını bildirsələr də, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 21/1-468 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və Təqsirləndirilən şəxs coğrafi mövqeyinə dair elektron monitorinq sistemindən çıxarışdan müəyyən olunmuşdur ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 19:10 radələrində ünvan 1 ünvanında olmuşdur. İstintaq orqanı tərəfindən toplanmış sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı müdafiə etmək üçün heç bir mötəbər dəlil və sübutlar təqdim edə bilməmişdir. Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bununlada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. İş üzrə maddi sübut olan 0,191 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram çəkidə psixotrop maddə metamfetamin cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsində saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin və o təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin o dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,241 qram psixotrop maddə mütamfetamindən tədqiqatdan sonra qalıq qalmış 0,191 qram psixotrop maddə mütamfetamin həmin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-282/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-282/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver