Məhkəmə qərarları › İş №1(060)-283/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-283/2021

26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-283/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1977-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, S.Almazov küçəsi, ev 57-də qeydiyyatda olmaqla, ünvan 1-da kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07.01.2021-ci il tarixdə saat 15 radələrində kirayə yaşadığı ünvan 1-da qudası Zərərçəkmiş şəxs gəlini Şahid5 onun iradəsinə zidd olaraq aparmaq istəməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı başı ilə Zərərçəkmiş şəxs burnundan bir dəfə vuraraq burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüklərinin tam yerdəyişən sınığı, burun kökünün qançırı, şişkinliyi xəsarəti yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, epilepsiya xəstəsidir və Hacıqabul rayonu, Mərkəzi xəstəxanasında qeydiyyatdadır, çox həyəcanlandıqda və əsəbləşdikdə epilepsiyası tutur. O, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Əvvəllər onlar Hacıqabul rayonunda yaşasalar da, sonradan iş olmadığından Sumqayıt şəhərinə köçərək orada kirayə qalaraq işləyirlər. Hazırda həyat yoldaşı Şahid3 çörək sexində işləyir, o, və oğlu Murad da ona kömək edirlər. Oğlu Şahid1 ilə gəlini Şahid5 2019-cu ilin yanvar ayında ailə həyatı qurmuşlar. Nilufərin nənəsi onlarla Hacıqabul rayonunda qonşu olmuş, Murad da Nilufəri orada görüb və bir-birləni istədikləri üçün onlar da Nilufəri Rasimgildən istəmişlər, sonra onlar nişanlanmışlar. Onlar həmin vaxtı toy edə bilmədikləri üçün onlardan biraz müdət vermələrini xahiş etmişlər, onlar isə tezliklə toy edilməsini, Muradla onun tez-tez telefonla danışmalarını istəməmişlər. Bir müddətdən sonra onların qızın nişanını pozmaq istədiklərini eşitmişlər, ona görə də Murad Nilufəri qaçırmış, sonradan barışdıqları üçün onlar 2019-cu ilin yanvar ayında evlənmişlər. Onlar əvvəl Hacıqabul rayonununda yaşamışlar. Onlar evləndikləri vaxt onlar Nilufərin bakirəliyinin qabaqcadan pozulmasından şübhələndikləri üçün anasıgilə zəng edərək bura gəlmələrini, həkimdən yoxlatmalarını demişlər. Onlar isə qızlarına şər atdıqlarını deyərək polisə şikayət etmişlər. Daha sonra onlar qızı Bakı şəhərində ekspertizadan keçirtmişlər və orada Nilufərin bakirəliyinin pozulmadığı, bəzi qızlarda belə olduğu deyilmişdir. Ondan sonra da onlar mehriban Hacıqabul rayonunda yaşamağa başlamışlar və 2020-ci ilin avqust ayında rayonda iş olmadığından, Sumqayıt şəhərinə köçərək burada kirayə yaşamağa başlamışlar. Onların ailədə münasibətləri normal olmuş, hərdən bir ailə daxili mübahisələri olmuş, yəni Muradla Nilufər cavan olduqlarından bir-birilə mübahisə etmişlər, lakin o və həyat yoldaşı da böyük kimi onları barışdırmışlar. Nilufər də həmişə normal olmuş, lakin anası onlara tez-tez gəldiyindən Nilufər də anası getdikdən sonra dəyişmiş və Muradla səbəbsiz yerə mübahisə etmişdir. 06.01.2021-ci il tarixdə həyat yoldaşı Aybənizlə birlikdə axşam saat 21 radələrində evə getdikdə gəlini Nilufərin sol gözünün qara olduğunu görmüşlər. Onlar nə baş verdiyini soruşduqda oğlu Murad aralarında ailə daxili mübahisə olduğunu, ona görə əsəbiləşdiyi üçün əlinin arxası ilə Nilufərin gözündən vurduğunu demişdir. O, və Aybəniz onları barışdırmışlar. X3 gözünə krem də çəkmişdir. Daha sonra onlar mehriban şəkildə oturaraq yemək yemişlər və oğlunu da vurduğuna görə danlamışlar. 07.01.2021-ci il tarixdə saat 15 radələrində qızı Gülüstan ona zəng edərək Nilufərin atasıgilin evə gəldiklərini, mübahisə yaradaraq Nilufəri aparmaq istədiklərini demişdir. O da həmin vaxtı Aybəniz evdə olduğundan çörək sexində onu əvəz edirmiş və dərhal oradan kirayə yaşadıqları evə getmişdir. O, oraya çatdıqda Rasimin, Sevincin və Nilufərin böyük qardaşı Asimin qapının bayır tərəfində dayandıqlarını görmüş, onlarla salamlaşıb evə keçmişdir. O, evə keçdikdə dəhlizdə sahə rəisi Kamranın, Aybənizin və Gülüstanın olduğunu görmüşdür. O, Kamran müəllimdən nə baş verdiyini soruşduqda o, ona Nilufərin atasıgilin Nilufəri aparmağa gəldiklərini, qızın da getmək istədiyini demişdir. O da Nilufərin getmək istədiyini bilmədiyindən ona əgər qız getmək istəyirsə getsin, lakin qızın özündən də soruşmaqlarını demişdir. Kamran müəllimlə o Nilufəri digər otaqdan çağırıb ondan getmək istəyib-istəməməyini soruşmuşlar. Nilufər də getmək istəmədiyini demişdir. O da onda atasıgilə də eyni sözləri deməsini bildirmişdir. Sonra dəhlizdə Kamran müəllim onları da içəri çağırmışdır. Orda Nilufər onlara da getmək istəmədiyini söyləmişdir. Rasim də həmin vaxtı qızına onun onu vurduğunu, burda necə qalacağını söyləmişdir. Nilufər isə atasına onu onun deyil, Muradın vurduğunu söyləmişdir. Həmin vaxt Aybəniz də Rasimə düz danışmasını, onunla bağlı yalandan danışmamasını demişdir. Rasim də Nilufərin qolundan tutaraq aparmaq istəmiş, Aybəniz də Nilufərin qolundan tutaraq Rasimə onların evindən məcburi qızı apara bilməyəcəklərini demişdir. Həmin vaxt da Rasim Aybənizin saçından yapışaraq onu itələyərək Nilufəri buraxmasını demişdir. O da onların arasına girərək onları aralaşdırmağa başlamış, həmin vaxtı da Rasimlə onun arasında mübahisə olmuş və o da Rasim həyat yoldaşını itələdiyi, saçından tutduğu üçün əsəbiləşərək sillə ilə onun sifətindən vurmuşdur. Həmin vaxtı da Rasimin arvadı Sevinc onun üstünə gələrək onun sifətinə, boynuna əl-qol ataraq cırmaqlamağa başlamış, Kamran müəllim də onları aralaşdırmağa başlamışdır. Elə həmin ərəfələrdə də onlar Nilufəri də götürüb çıxıb getmişlər. Onlar getdikdən sonra onlardan “102” xidmətinə şikayət etmişlər. Sonra onların da şikayət etdiklərini eşitmişlər. Əməlindən peşmandır. Bununla da barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır. Zərərçəkmiş və şahid ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yeririlmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi, fərdi evdə yaşayır. Qızı Ədilova X2 Murad İlham oğlu ilə 2019-cu ilin yanvar ayında ailə həyatı qurmuşlar. Ağacanovlar onun anası ilə Hacıqabul rayonunda qonşu olmuşlar. X5 istədikdə onlar əvvəlcə qızları balaca olduğu üçün vermək istəməmişlər, lakin sonra israr etdikləri üçün onları nişanlamışlar. Sonra onlar toyu gözləməyərək Nilufəri qaçırmışlar və 2019-cu ilin yanvar ayında da onların təkidləri ilə toy etmişlər. Onlar daimi Sumqayıt şəhərində yaşamışlar, lakin Ağacanovlar Hacıqabul rayonunda yaşamışlar. Onlar qızları ilə tez-tez telefon əlaqəsi saxlaya bilməmişlər. Çünki onların xasiyyəti çox pis olmuş, həmdəki qızlarının telefonu olmamışdır. Onlar ancaq Nilufər onlara kiminsə telefonu ilə yığdıqda danışa bilmişlər. Onlar Muradın tez-tez Nilufər ilə mübahisə etdiyini, yola getmədiklərini eşitmiş, hətda bununla bağlı bir neçə dəfə Hacıqabul rayonunda da polisə müraciət etmişlər. Onlar polisə müraciət etdikdən sonra onlar sakitləşmiş, yalvara-yalvara yenidən barışmışlar. Belə belə onlar mütamadi olaraq mübahisə etmişlər. Onlar qızlarından soruşduqda Nilufər onlara Muradın yaxşı olduğunu, lakin anası Aybənizin yola vermədiyini, Muradı dolduraraq evdə dava saldıqlarını demişdir. Murad özü təklikdə çox yaxşı oğlan olmuş, lakin anasının sözlərindən qızışaraq Nilufər ilə mübahisə etmişdir. 2020-ci ilin avqust ayında onlar rayonda iş olmadığından, Sumqayıta gələrək burada kirayə yaşayıb işləmək qərarına gəlmişlər. Həmdəki Muradın atası İlham Sumqayıt şəhərində təzə tikilən binalarda usta işi tapdığından buraya gəlməyi fikirləşmişlər. Onlar 2020-ci ilin sentyabr ayının əvvəlində Sumqayıta gələrək Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 5/23, mənzil 30-da kirayə qalmağa başlamışlar. Onlar burda da tez-tez mübahisə etmişlər. Nilufər rayonda olduqda onların mübahisələrindən xəbərləri gec olsa da burda yaşadıqda hər şeydən xəbərləri olmuşdur. Nilufər onlara Muradın anası Aybənizin, atası İlhamın və subay bacısı Gülüstanın onu yola vermədiklərini, onu evdə nökər kimi işlətdiklərini, Muradı yalandan öyrədərək onunla mübahisə etdiklərini demişdir. Onlara getdikdə çox vaxt onları evə buraxmamışlar. Nilufər sonradan onlara Muradın anası Aybənizin onların əli dolu gəldikləri vaxtı evə buraxacaqlarını, lakin heçnəsiz gəldikdə buraxmadıqlarını dediyini demişdir. Onlar da yeni il bayramı ərəfəsində həyat yoldaşı Şahid6 ilə onlara getdikdə onlar qapını açmayıb onları evə buraxmamışlar, guyaki evdə heçkəs olmamışdır. Nilufərin də telefonu olmadığından onlar əlaqə saxlaya bilməmişlər. Sevinc yanvar ayının 2-si özü tək birdaha əli dolu onlara getmiş və onlar qapını açaraq onu içəri buraxmışdılar. Sevinc evə gəldikdən sonra Nilufərin ona heçnə deməsinə baxmayaraq sifətindən narahat olduğunu hiss etdiyini demiş, özü də, Sevinc də çox narahatçılıq keçirmişlər. Sevinc yanvar ayının 6-də narahat olduğu üçün yenidən Nilufərgilə getmiş, evə gəldikdən sonra ona Nilufərgilin qapısını döysə də açan olmadığını, lakin Nilufərin evin eyvanından baxdığını, sol gözünün qara olduğunu gördüyünü, Nilufərdən nə oduğunu soruşduqda Nilufərin də əl-qol hərəkətləri ilə döyüldüyünü başa saldığını demişdir. O da narahat olduğu üçün 07.01.2021-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, 9-cu mkr ərazisinə baxan Kamran adlı sahə rəisinin oturduğu yeri tapmış və ona olanları danışaraq qızını həmin evdən çıxartmalarına kömək etməyini xahiş etmişdir. Sahə rəisi də ona birlikdə getmələrini, əgər hər hansı qanuna zidd hərəkət olduqda rəsmi şikayət etməsini bildirmişdir. Saat 15 radələrində oradan o, Sevinc, Kamran və böyük oğlu Asim birlikdə Nilufərgilin kirayə yaşadığı ünvan 1 ünvanına getmişlər. Onlar qapını döydükdə qapını Aybəniz açmış, həmin vaxtı onlarda Nilufər, Aybəniz, qızı Gülüstan və Murad olmuş, İlham isə evdə olmamışdır. Onlar evdə də Nilufərin gözünün qara olduğunu, lakin müxtəlif kremlər sürtərək qaranı gizlətdiyini görmüşlər. Sevinc qızına uşağı da götürməsini və evə getməsini bildirmiş, Nilufür də həmin vaxtı bezdiyini, daha burada qalmaq istəmədiyini, evə getmək istədiyini demişdir. Murad və Aybəniz də həmin vaxtı əl-ayağa düşmüş, Aybəniz tez Nilufəri başqa otağa aparmışdır. Nilufər başqa otaqdan gəldikdən sonra indi də getmək istəmədiyini söyləmişdir. Onlar da Nilufərə başqa vaxt gəlib aparmayacaqlarını, dəqiq qərar verməsini, onlarla getməyini demişlər. Nilufər də həmin vaxtı heçnə deməyərək sakit durmuşdur. Sevinc, Aybəniz və Murad da söz mübahisə etməyə başlayaraq Nilufərin getməməsini demişdir. Sahə rəisi də onları qapıdan bayıra çıxartmışdır və özünün içəridə onlarla söhbəti aydınlaşdıracağını demişdir. Onlar da həmin vaxtı qapının çöl tərəfində dayanmışlar. Kamran sonra ağsaqqal olduğundan onu da içəri çağırmışdır. O, içəridə Nilufərə onlarla getməsini demişdir. Bir neçə dəqiqə keçmişdir ki, onlar İlhamın qapını açaraq içəri keçdiyini görmüşlər. Həmin vaxtı onlar evin dəhlizində dayanmışlar. İlham içəri girən kimi sorğu sualsız onun üstünə gələrək başı ilə birdəfə möhkəm onun burnundan vurmuş və ona nalayiq sözlər deməyə başlamışdır. O da birdən olduğundan nə baş verdiyini anlamayaraq İlhamı kənarlaşdırmağa çalışmış, sahə rəisi də onları aralaşdırmağa çalışmışdır. Həmçinin də Aybəniz orada qışqıra-qışqıra nalayiq sözlər demiş, o da əsəbiləşərək əli ilə Aybənizi də kənara itələyərək bütün hər şeyin günahkarı onun olduğunu demişdir. Həmin vaxt özünün burnundan da qan açılmağa başlamış, qan gəldiyindən başı gicəllənmiş və özünü itirməyə başlamış, sahə rəisi də onu çölə çıxartmışdır. Onlarla bərabər Sevinc, Asim və Nilufər də bayıra çıxmışdır. Sahə rəisi onları 3-cü Polis Bölməsinə gətirmişdir. O, orada onlardan şikayət ərizəsi yazmışdır. Həmin vaxtı Sevincin sol gözünün altı qızardığından o nə baş verdiyini soruşduqda, sonuncu evin dəhlizində İlhamın onu vurduğu zaman ayırmaq istədikdə İlhamın sillə ilə onun sol gözündən vurduğunu demişdir. Onun orada burnundan qan açıldığından və başı gicəlləndiyindən başı özünə qarışmış və ətrafa fikir verməmişdir. Həmin vaxtı o da, Sevinc də, Nilufər də onlardan şikayət ərizəsi yazmışlar. Onlar həmin günü həm yorğun, həmdə həyəcanlı olduqlarından evə gəlmişlər və səhərsi gün, yəni 08.01.2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Məhkəmə tibbi ekspertiza mərkəzinə gələrək ekspertizadan keçmişlər. Oradan onları TTYX-na göndərmişlər, o, orada burnunu rengen elətdirmiş və Nilufərin də gözünü göz həkiminə göstərmişlər, orada onun burnunda sınıq olduğunu demişlər. Onlar həkimin verdiyi kağızları da gətirib ekspertə vermişlər. Onlar həmin günü polislərin köməyi ilə nəvəsi İlhamı da gedib onlardan götürmüşlər və həmin gündən hazıradək qızı onlarla yaşayır. Nilufər evdə onlara orada olanları ətraflı danışmış və 06.01.2021-ci il tarixdə evdə qayınatası İlhamla və qayınanası Aybənizlə olduqda onların arxalarınca danışdıqlarını və onlara cavab qaytardığı üçün İlhamın onun sifətindən, sol gözündən sillə ilə vurduğunu, sağ qolunu isə tutaraq sıxdığını, sonra Muradın da evə gəldiyini, Muradın və Gülüstanın onu İlhamın əlindən aldıqlarını, evdə onu yola vermədiklərini, həmin günü axşam saatlarında bezdiyi üçün dərman ataraq intihar etmək istədiyini, sonra qayınanasıgilin ona qatıq verdiyini demişdir. Lakin bir neçə gün əvvəl söhbət zamanı Nilufər anasına onun gözündə olan xəsarəti İlhamın deyil, Muradın yetirdiyini söyləmişdir. Onlar ondan dəqiq nə baş verdiyini soruşduqda Nilufər onlara 06.01.2021-ci il tarixdə həmişə olduğu kimi Muradın anasıyla atasının onu doldurduğunu və Muradın da evdə tək olduqları zaman onunla mübahisə etdiyini, mübahisə zamanı əsəbiləşərək sol gözündən vurduğunu bildirmişdir. Hadisə zamanı ona xəsarəti yalnız İlham yetirmiş, İlham başı ilə bir dəfə möhkəm onun burnundan vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə barışmır və onun qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şəmsəddin qızı ifadəsində göstərmişdir ki, qızı Ədilova X2 Murad İlham oğlu ilə 2019-cu ilin yanvar ayında ailə həyatı qurmuşlar. Ağacanovlar onun qayınanası ilə Hacıqabul rayonunda qonşu olmuşlar. X5 istədikdə əvvəlcə qızları balaca olduğu üçün vermək istəməmişlər, lakin sonra israr etdikləri üçün onları nişanlamışlar. Sonra onlar toyu gözləməyərək Nilufəri qaçırmışlar və 2019-cu ilin yanvar ayında da onların təkidi ilə toy etmişlər. Özləri daimi Sumqayıt şəhərində, onlar isə Hacıqabul rayonunda yaşayırdılar. Onlar qızları ilə tez-tez telefon əlaqəsi saxlaya bilməmişlər, çünki onların xasiyyəti çox pis olmuş, həmdəki qızının telefonu olmamışdır. Onlar ancaq Nilufər onlara kiminsə telefonu ilə yığdıqda danışa bilmişlər. Onlar Muradın tez-tez Nilufər ilə mübahisə etdiyini, yola getmədiklərini eşitmişlər, hətta bununla bağlı bir neçə dəfə Hacıqabul rayonunda polisə müraciət etmişlər. Onlar polisə müraciət etdikdən sonra onlar sakitləşmiş, yalvara-yalvara yenidən barışmışlar. Belə belə onlar mütamadi olaraq mübahisə etmişlər. Onlar qızlarından soruşduqda Nilufər onlara Muradın yaxşı olduğunu, lakin anası Aybənizin yola vermədiyini, Muradı dolduraraq evdə dava saldıqlarını demişdir. Murad özü təklikdə çox yaxşı oğlan olmuş, lakin anasının sözlərindən qızışaraq Nilufər ilə mübahisə etmişdir. 2020-ci ilin avqust ayında onlar rayonda iş olmadığından, Sumqayıta gələrək burada kirayə yaşayıb işləmək qərarına gəlmişlər. Həmdəki Muradın atası İlham Sumqayıt şəhərində təzə tikilən binalarda usta işi tapdığından buraya gəlməyi fikirləşmişlər. Onlar 2020-ci ilin sentyabr ayının əvvəlində Sumqayıta gələrək ünvan 1-da kirayə qalmağa başlamışlar. Onlar burda da tez-tez mübahisə etmişlər. Nilufər rayonda olduqda onların mübahisələrindən xəbərləri gec olsa da burda yaşadıqda hər şeydən xəbərləri olmuşdur. Nilufər onlara Muradın anası Aybənizin, atası İlhamın və subay bacısı Gülüstanın onu yola vermədiklərini, onu evdə nökər kimi işlətdiklərini, Muradı yalandan öyrədərək onunla mübahisə etdiklərini demişdir. Onlara getdikdə çox vaxt onları evə buraxmamışlar. Nilufər sonradan onlara Muradın anası Aybənizin onlara əli dolu gəldikləri vaxtı evə buraxacaqlarını, lakin heçnəsiz gəldikdə buraxmadıqlarını dediyini demişdir. Onlar yeni il bayramı ərəfəsində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə onlara getdikdə onlar qapını açmayıb evə buraxmamışlar, guyaki evdə heçkəs olmamış, Nilufərin də telefonu olmadığından onunla əlaqə saxlaya bilməmişlər. O, yanvar ayının 2-si özü tək birdaha əli dolu onlara getmiş və onlar qapını açaraq onu içəri buraxmışlar. Orda Nilufər ona heçnə deməsə də, onu yenə yola vermədiklərini, qızının pis olduğunu hiss etmiş, evə gəldikdən sonra Nilufərin ona heçnə deməsinə baxmayaraq sifətindən narahat olduğunu hiss etdiyini Rasimə də demiş, özü də, Rasim də çox narahatçılıq keçirmişlər. O, yanvar ayının 6-da narahat olduğu üçün yenidən Nilufərgilə getmiş, qapını döydükdə Nilufərgil qapını açmamışlar. O, sonra həyətə düşdükdən sonra onların yaşadığı evin eyvanına baxaraq orada kiminsə olub-olmadığına baxmış və Nilufərin eyvandan baxdığını görmüşdür. O, Nilufəri gördükdə onun sol gözünün qara olduğunu görüb, ona nə baş verdiyini, qapını açmasını demiş, Nilufər isə qapını aça bilmədiyini söyləmişdir. Çünki o, evdə heçkəs olmadıqda qapını aça bilməzdi. Sonra o, əl-qol hərəkətləri ilə döyüldüyünü bildirmişdir. O, oradan evə gəldikdən sonra olanları Rasimə də danışmışdır. Onlar da narahat olduqları üçün Rasim 07.01.2021-ci il tarixdə təxminən 14 radələrində Sumqayıt şəhəri, 9-cu mkr ərazisinə baxan Kamran adlı sahə rəisinin oturduğu yeri tapmış və ona olanları danışaraq qızlarını həmin evdən çıxartmalarına kömək etməyini xahiş etmişdir. Sahə rəisi də onlara birlikdə getmələrini, əgər hər hansı qanuna zidd hərəkət olduqda rəsmi şikayət etmələrini bildirmişdir. Saat 15 radələrində oradan o, Rasim, Kamran və böyük oğlu Asim birlikdə Nilufərgilin kirayə yaşadığı ünvan 1 ünvanına getmişlər. Onlar qapını döydükdə qapını Aybəniz açmış, həmin vaxt onlarda Nilufər, Aybəniz, qızı Gülüstan və Murad olmuş, İlham isə evdə olmamışdır. Onlar evdə də Nilufərin gözünün qara olduğunu, lakin müxtəlif kremlər sürtərək qaranı gizlətdiyini görmüşlər, o, qızına uşağı da götürməsini və evə getməsini bildirmiş, Nilufür də həmin vaxtı bezdiyini, daha burada qalmaq istəmədiyini, evə getmək istədiyini demişdir. Murad və Aybəniz də həmin vaxtı əl-ayağa düşmüş, Aybəniz tez Nilufəri o biri otağa aparmış, Nilufər o biri otaqdan gəldikdən sonra indi də getmək istəmədiyini söyləmişdir. Onlar da Nilufərə başqa vaxt gəlib aparmayacaqlarını, dəqiq qərar verməsini, onunla getməsini demişlər, Nilufər də həmin vaxtı heçnə deməyərək sakit durmuşdur. O, Aybəniz və Murad söz mübahisəsi etməyə başlamışlar və onlar Nilufərin getməməsini demişlər. Sahə rəisi də onları qapıdan bayıra çıxartmış və özünün içəridə onlarla söhbəti aydınlaşdıracağını demiş, onlar da həmin vaxtı qapının çöl tərəfində dayanmışlar. Kamran sonra ağsaqqal olduğundan Rasimi də içəri çağırmış, o və oğlu Asim qapının ağzında dayanmışlar. O, sol əli ilə qapının tutacağından tutaraq dayanıqda birdən İlhamın gəldiyini görmüşlər. İlham salam vermədən əliylə onun əlindən vuraraq əlini qapının kilidindən çəkmiş və içəri girmiş, həmçinin onlar da onun arxasıyca içəri girmişlər. O, içəri girən kimi sorğu sualsız Rasimin üstünə gələrək başı ilə birdəfə möhkəm onun burnundan vurmuş və ona nalayiq sözlər deməyə başlamış, Rasim də onu özündən kənarlaşdırmağa çalışmışdır. O da İlhamın Rasimi vurduğunu, ona nalayiq sözlər dediyini görüb əsəbiləşmiş və İlhamın üzərinə gedərək onun sifətindən yapışaraq sillə ilə onun sifətindən vurmuş, sonra o da onu kənara itələyərək sillə ilə onun sol gözündən vurmuşdur. Həmin vaxt Aybəniz də qışqıra-qışqıra nalayiq sözlər demiş, orada aləm birbirinə dəymişdir. O zaman sahə rəisi onları çölə çıxartmışdır. Sahə rəisi onları 3-cü Polis Bölməsinə gətirmiş, onlar orada onlardan şikayət ərizəsi yazmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi birlikdə ünvan 1 ünvanında yaşayır. Əvvəllər Hacıqabul rayonunda yaşasalar da, sonradan iş olmadığından Sumqayıt şəhərinə köçərək orada kirayə qalaraq işləmişlər. Hazırda anası Şahid3 çörək sexində işləyir, atası İlham və o, ona kömək edir. O, Şahid5 ilə 2019-cu ilin yanvar ayında ailə həyatı qurmuşdur. Nilufərin nənəsi onlarla Hacıqabul rayonunda qonşu olmuşdur. O da Nilufəri orada görüb və bir-birlərini istədikləri üçün ailəsi də Nilufəri ailəsindən istəmişlər, sonradan onlar 2019-cu ilin yanvar ayında evlənmişlər. Onlar əvvəl Hacıqabul rayonununda yaşamışlar. 2020-ci ilin avqust ayında rayonda iş olmadığından, Sumqayıt şəhərinə köçərək burada kirayə yaşamağa başlamışlar. Onların ailədə münasibətləri normal olmuş, hərdən bir ailə daxili mübahisələri olmuş, yəni onunla Nilufər bir-birləri ilə mübahisə etmişlər, lakin ailəsi onları barışdırmışdır. Nilufər də həmişə normal olmuş, lakin anası onlara tez-tez gəldiyindən Nilufər də anası getdikdən sonra dəyişmiş və onunla səbəbsiz yerə mübahisə etmişdir. 06.01.2021-ci il tarixdə atası ilə anası işə getmişdilər. Onunla Nilufər evdə olmuşlar. Nilufərə telefon qadağan etdiyi üçün o, ondan yenidən telefon istəmiş və həmdə ailəsi haqqında boş-boş danışıb, gileylənmişdir. O da ona telefon vermədiyindən o, onun üzərinə gələrək onun yaxasından tutaraq köynəyini cırmış və ona cırmaq atmağa başlamışdır. O da əsəbiləşərək onu özündən kənarlaşdırmaq istəyərkən əli onun sifətinə dəymiş və onun sağ gözü zədələnmişdir. Sonradan o, ondan üzr istəmişdir. Axşam da ailəsi evə gəldikdə nə baş verdiyini soruşduqda, o, onlara da olanları danışmış, ailəsi də onu danlamış, sonra anası Nilufərin gözünə krem də çəkmişdir. Daha sonra onlar mehriban şəkildə oturaraq yemək yemişlər. 07.01.2021-ci il tarixdə saat 15 radələrində o, bacısı Gülüstan, anası Aybəniz və Nilufər evdə olduqda birdən qapı döyülmüş, anası qapını açmışdır. Qapını açdıqda qapıda qohumları Rasimin, Sevincin, oğlu Asim və polis formasında bir nəfəri görmüşlər. Onlar içəri keçmək istədiklərindən anası da onları dəvət etmişdir. Rasimgil qapıdan girən kimi Nilufərə gözünə İlhamın vurduğunu demiş, anası da Rasimə yalan danışmamasını, Nilufərin gözünə onun vurduğunu demişdir. Həmin vaxtı Asim onlara bacısını aparmağa gəldiklərini demiş, anası da Asimə indiyə kimi harda olduğunu, hazırda bacısının yadına düşdüyünü soruşmuşdur. Asim onda əsəbiləşərək anasının üstünə gəlmiş və yumruqla anasının boğazından vuraraq onun yaxasından yapışmışdır. Bu zaman bacısı anasının yanına gələrək Asimə nə səbəbə onu vurduğunu demişdir. O da bu zaman anasına tərəf getmək istədikdə Rasim yumruqla onun boynundan, sinəsindən vuraraq onu kənara itələmişdir. Sonra sahə rəisi onları çölə çıxartmışdır. Ondan sonra bacısı atasına zəng edərək olanları demiş və təcili evə gəlməsini bildirmişdir. Ondan sonra onlar çöldə olsalar da sahə rəisi içəridə onlarla söhbət etmişdir. Biraz keçdikdən sonra atası evə gəlmiş, atası evə girdikdən sonra nə baş verdiyini soruşmuş, sahə rəisi də Nilufərin getmək istədiyini bildirmişdir. Atası da sahə rəisinə Nilufərdən soruşmasını, əgər o, istəyirsə etiraz etməyəcəyini bildirmişdir. Lakin Nilufər də getmək istəmədiyini demişdir. Atasıgil də onda Nilufərin atasıgilə də eyni sözləri deməsini bildirmişdir. Sonra dəhlizdə Kamran müəllim onları da içəri çağırmışdır. Orda Nilufər onlara da getmək istəmədiyini söyləmişdir. Rasim də həmin vaxtı qızına atasının onu vurduğunu, burda necə qalacağını söyləmişdir. Nilufər isə atasına onu atasının deyil, onun vurduğunu söyləmişdir. Həmin vaxtı anası da Rasimə düz danışmasını, atası ilə bağlı yalandan danışmamasını demişdir. Rasim də Nilufərin qolundan tutaraq aparmaq istəmişdir. Anası da Nilufərin qolundan tutaraq Rasimə onların evindən məcburi qızı apara bilməyəcəklərini demişdir. Həmin vaxt da Rasim anasının saçından və qolundan yapışaraq onu itələyərək Nilufəri buraxmasını demişdir. Atası da aralarına girərək onları aralaşdırmağa başlamışdır. Həmin vaxt da Rasimlə atasının arasında mübahisə olmuş və o da aləm bir-birinə dəydiyindən özünə başı qarışmışdır. Həmin vaxtı o, epilepsiya xəstəsi olduğundan başı gicəllənmiş və huşunu itirmişdir. Sonra özünə gəldikdə onların getdiyini görmüşdür. Sonra atasıgil də onlardan “102” xidmətinə şikayət etmişdir. Sonra onların da onlardan şikayət etdiklərini eşitmişlər. Səhərsi gün onlar uşaq anasından ayrı qalmasın deyə İlhamı da onlara vermişlər. Sonra onlar təhqiqatçının verdiyi sənədlə tibbi ekspertizadan keçmişlər. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, mübahisə 07.01.2021-ci il tarixdə saat 15 radələrində onların kirayə yaşadıqları ünvan 1 ünvanında baş vermiş, mübahisə zamanı orada o, Rasim, Şahid6, Şahid7, Şahid5, atası, anası, bacısı Gülüstan və sahə rəisi Kamran olmuş, mübahisə təxminən 15-20 dəqiqə davam etmiş, baş vermiş hadisəyə səbəb onların onun evinə gələrək Nilufəri aparmaq istəmələri, onların da Nilufəri aparmalarına etiraz etmələri olmuşdur. Hadisə zamanı ona xəsarəti Rasim yetirmiş, o, yumruqla onun sinəsindən və boynundan vuraraq kənara itələmişdir. Orada heç kəsə xəsarət yetirməmiş, yalnız 1 gün qabaq yəni 06.01.2021-ci il tarixdə mübahisə zamanı Nilufəri özündən kənarlaşdırmaq istədikdə əli Nilufərin sifətinə dəymiş və o, sol gözündən xəsarət almışdır. O, mübahisə zamanı onu özündən kənarlaşdırmaq istədikdə əli onun sifətinə dəymişdir. O, həmin vaxtı onun sol gözünə zədə dəydiyini bilmişdir. Lakin burnuna xəsarət yetirildiyi barədə məlumat yoxdur. Mübahisə zamanı orada Asim yumruqla anasının boğazından vurmuşdur. Rasim də mübahisə zamanı anasının saçından və qolundan yapışaraq onu itələmişdir. Anasına Asimin vurduğunu özü görmüşdür. Ondan başqa orada atasına da xəsarət yetirilmişdir. Beləki atasına xəsarəti Sevinc yetirmişdir. O Sevincin atasına xəsarət yetirdiyini və Rasimin anasının saçından tutduğunu başı qarışıq olduğundan, sonra da epilepsiyası tutduğundan özü görməmişdir. Lakin sonradan atası Sevincin mübahisə zamanı onun sifətindən, burnundan, boynundan cırmaq atdığını, anası da Rasimin onun saçından, qolundan tutduğunu demişdir. Zərərçəkmiş şəxs ifadəsində onun evində Nilufəri aparmaq istədiyi zaman atasının evə daxil olduğunu və dərhal da onun üstünə gələrək başı ilə birdəfə möhkəm onun burnundan vurduğunu görməmiş, sonra atasından həmin vaxtı əsəbi olduğu üçün Rasimə sillə vurduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Onlar əvvəllər Hacıqabul rayonunda yaşasalar da, sonradan iş olmadığından Sumqayıt şəhərinə köçərək burada kirayə qalaraq işləyirlər. Hazırda o, çörək sexində işləyir, həyat yoldaşı İlham və oğlu Murad da ona kömək edirlər. Oğlu Şahid1 ilə gəlini Şahid5 2019-cu ilin yanvar ayında ailə həyatı qurmuşlar. Nilufərin nənəsi onlarla Hacıqabul rayonunda qonşudur. Murad da Nilufəri orada görüb və bir-birləni istədikləri üçün onlar da Nilufəri Rasimgildən istəyib, sonra onları nişanlanmışlar. Onlar həmin vaxtı toy edə bilmədikləri üçün onlardan biraz müddət vermələrini xahiş etmişlər. Onlar isə tezliklə toy edilməsini, Muradla onun tez-tez telefonla danışmalarını istəməmişlər. Bir müddətdən sonra onların qızın nişanını pozmaq istədiklərini eşitmişlər. Ona görə də Murad Nilufəri qaçırmış, sonradan barışdıqları üçün onlar 2019-cu ilin yanvar ayında evlənmişlər. Onlar əvvəl Hacıqabul rayonununda yaşamışlar. Onlar evləndikləri vaxt onlar Nilufərin bakirəliyinin qabaqcadan pozulmasından şübhələndikləri üçün anasıgilə zəng edərək bura gəlmələrini, həkimdən yoxlatmalarını demişlər. Onlar isə onların qızlarına şər atdıqlarını deyərək polisə şikayət etmişlər. Daha sonra onlar qızı Bakı şəhərində ekspertizadan keçirtmişlər və orada Nilufərin bakirəliyinin pozulmadığı, bəzi qızlarda belə olduğu deyilmişdir. Ondan sonra da onlar mehriban Hacıqabul rayonunda yaşamağa başlamışlar və 2020-ci ilin avqust ayında rayonda iş olmadığından, Sumqayıt şəhərinə köçərək burada kirayə yaşamağa başlamışlar. Onların ailədə münasibətləri normal olmuş, hərdən bir ailə daxili mübahisələri olmuş, yəni Muradla Nilufər cavan olduqlarından bir-birilə mübahisə etmişlər, lakin o və həyat yoldaşı da böyük kimi onları barışdırmışlar. Nilufər də həmişə normal olmuş, lakin anası onlara tez-tez gəldiyindən Nilufər də anası getdikdən sonra dəyişmiş və Muradla səbəbsiz yerə mübahisə etmişdir. 06.01.2021-ci il tarixdə həyat yoldaşı İlhamla birlikdə axşam saat 21 radələrində evə getdikdə gəlini Nilufərin sol gözünün qara olduğunu görmüşlər. Onlar nə baş verdiyini soruşduqda oğlu Murad aralarında ailə daxili mübahisə olduğunu, ona görə əsəbiləşdiyi üçün əlinin arxası ilə Nilufərin gözündən vurduğunu demişdir. O və İlham onları barışdırmışlar. Sonra o, Nilufərin gözünə krem də çəkmişdir. Daha sonra onlar mehriban şəkildə oturaraq yemək yemişlər və oğlunu da vurduğuna görə danlamışlar. 07.01.2021-ci il tarixdə saat 15 radələrində o, oğlu Murad, qızı Gülüstan və Nilufər evdə olduqda birdən qapı döyülmüş, o, qapını açmışdır. Qapını açdıqda qapıda qudaları Rasimin, Sevincin, oğlu Asim və polis formasında bir nəfəri görmüşdür. Onlar içəri keçmək istədiklərindən, o da onları dəvət etmişdir. Rasimgil qapıdan girən kimi Nilufərə gözünə İlhamın vurduğunu demişdir. O da Rasimə yalan danışmamasını, Nilufərin gözünə Muradın vurduğunu demişdir. Həmin vaxtı Asim onlara bacısını aparmağa gəldiklərini demişdir. O da Asimə indiyə kimi harda olduğunu, hazırda bacısının yadına düşdüyünü soruşmuşdur. Asim də onda əsəbiləşərək onun üstünə gəlmiş və yumruqla onun boğazından vuraraq onun yaxasından yapışmışdır. Bu zaman qızı Gülüstan onun yanına gələrək Asimə nə səbəbə onu vurduğunu demişdir. Asim də bu zaman Gülüstanın saçından yapışmaq istədikdə sahə rəisi onları bayıra çıxartmışdır. Ondan sonra Gülüstan İlhama zəng edərək olanları demiş və təcili evə gəlməsini bildirmişdir. Ondan sonra onlar çöldə olsalar da sahə rəisi içəridə onlarla söhbət etmişdir. Biraz keçdikdən sonra İlham evə gəlmişdir. İlham evə girdikdən sonra nə baş verdiyini soruşmuşdur. Sahə rəisi də Nilufərin getmək istədiyini bildirmişdir. İlham da sahə rəisinə Nilufərdən soruşmasını, əgər o, istəyirsə etiraz etməyəcəyini bildirmişdir. Lakin Nilufər də getmək istəmədiyini demişdir. Onlar da onda Nilufərin atasıgilə də eyni sözləri deməsini bildirmişdir. Sonra dəhlizdə Kamran müəllim onları da içəri çağırmışdır. Orda Nilufər onlara da getmək istəmədiyini söyləmişdir. Rasim də həmin vaxtı qızına İlhamın onu vurduğunu, burda necə qalacağını söyləmişdir. Nilufər isə atasına onu İlhamın deyil, Muradın vurduğunu söyləmişdir. Həmin vaxtı o da Rasimə düz danışmasını, İlhamla bağlı yalandan danışmamasını demişdir. Rasim də Nilufərin qolundan tutaraq aparmaq istəmişdir. O da Nilufərin qolundan tutaraq Rasimə onların evlərindən məcburi qızı apara bilməyəcəklərini demişdir. Həmin vaxtı da Rasim onun saçından və qolundan yapışaraq onu itələyərək Nilufəri buraxmasını demişdir. İlham da onların aralarına girərək onları aralaşdırmağa başlamışdır. Həmin vaxt da Rasimlə İlhamın arasında mübahisə olmuş və o da aləm bir-birinə dəydiyindən özünə başı qarışmışdır. Sevinc də İlhamgilin üstünə getmişdir. Yəni hamı mübahisə etmişdir. Kamran müəllim də onları aralaşdırmağa başlamışdır. Bu vaxt oğlu Muradın yerə yıxıldığını görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26.01.2021-ci il tarixli 24 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun tənəffüsünün pozulması ilə müşayət olunmuş burun sümüklərinin tam yerdəyişən sınığı, burun kökünün qançırı, şişkinliyindən ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti bir günə qədər əvvəl olmaqla qərarda göstərilən 07.01.2021-ci il tarixdə yarana bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, 15.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 08 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 48 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar