Məhkəmə qərarları › İş №1(060)-285/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-285/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-285/2024 26.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə təqsirli bilib, həmin maddələrin sanksiyası həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 heç bir üzürlü səbəb olmadan məhkəmənin hazırlıq iclaslarına gəlməmişlər. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilmişdir ki, xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir (299.8). Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində hakim tərəfindən qəbul edilən qərarlardan biri xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır (300.1.3). Xüsusi ittiham qaydasında şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilir (302.1.8). Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır (302.2.3). “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. CPM-in 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. İş materiallarından görünür ki, rəsmi qaydada edilmiş məhkəmə çağırışlarına baxmayaraq xüsusi ittiham qaydasında şikayət verən X5 19 aprel 2024-cü il və 22 aprel 2024-cü il tarixlərə təyin olunmuş məhkəmə hazırlıq iclaslarına gəlməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsinə görə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293-cü, 302-ci və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə X4 geri qaytarılsın. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar