Məhkəmə qərarları › İş №1(060)-285/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-285/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-285/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Ağcabədi rayon Məhkəməsinin 1(017)-5/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 05 il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında cinayətkar niyyətindən xəbərsiz ortaq tanışı Şahid1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs sonuncunun sahibliyində və sərəncamında olan 14000 manat dəyərində “Kia Cerato” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün 36 ay ərzində, hər ay 500 manat olmaqla, ümumilikdə 18000 manat pulu ödəyəcəyinə dair yalan vəd verib aldadaraq 29 aprel 2021ci il tarixdə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən Sumqayıt şəhər 1 saylı notariat ofisində özünün şəxsiyyət vəsiqəsi üzərində olmadığından cinayətkar niyyətindən xəbərsiz qayınatası Şahid2 adına qeyd olunan avtomobili “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” səlahiyyətləri barədə 2 ay 12 gün müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qüvvədə olan baş etibarnamə alıb Zərərçəkmiş şəxs əmlak hüquqlarını və həmin avtomobili əldə etməklə, daha sonra xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər 1 saylı notariat ofisində öz adına 18 gün müddətinə, yəni xx.xx.2021-ci il tarixədək qüvvədə olan baş etibarnamə alıb xx.xx.2021-ci il tarixdə həmin avtomobili özgənin adına rəsmiləşdirərək bazar dəyərindən ucuz qiymətə, yəni 8000 manata satmış, satışından əldə edilmiş pulu öz xeyrinə yönəldib ələ keçirməklə nəticədə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 14000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirdi ki, Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, 2021-ci ilin aprel ayında Raman, Murad adlı tanışının özünə məxsus 2013-cü il istehsalı olan Kia Cerato markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini ona bildimişdir. O, idarə etdiyi və kreditdə olan 2000-ci il istehsalı olan Mersedes markalı avtomobili sataraq Muradın avtomobilini almaq istədiyini Ramana təklif etmişdir. O, Ramanla razılaşmış, lakin nəğd ödəniş və ilkin ödəniş edərək avtomobili almağa imkanı olmamışdır. Eyni zamanda o, Muradın avtomobilini ilkin ödənişsiz, müəyyən müddət ərzində hər ay ödəniş etməklə ala biləcəyini, həmçinin idarə etdiyi Mersedes markalı avtomobili də, kreditdə olduğu üçün sata bilmədiyini bildirmişdir. Bundan sonra o, Ramanla özünün idarə etdiyi və aylıq 450 manat kredit ödənişi olan Mersedes markalı avtomobilin pulunu tam ödəyib kreditdən çıxarıb satması və ona çatacaq olan 4000 manatın 1500 manatını onun avtomobilin sahibinə olan borcunu ödəməsi, 2500 manatı isə onun Muraddan alacağı avtomobilin son 5 ayının ödənişi kimi Murada ödəməsi barədə razılaşmışlar. Razılaşmalarına uyğun olaraq 2021-ci ilin yay aylarında Raman və Muradla birlikdə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən notariat ofisinə getmiş, “Kia Cerato” markalı avtomobilə dair Murad onun qaynatası Şahid2 baş etibarnamə vermişdir. Belə ki, həmin vaxt onun şəxsiyyət vəsiqəsi itdiyi üçün Murad ona etibarnamə verə bilməmiş, bu səbəbdən o, qaynatası Şahid2 həmin notariat ofisinə çağırmış və Murad Şahid2 baş etibarnamə vermişdir. Bundan sonra qaynatası Şahid2 ona həmin avtomobilə dair baş etdibarnamə vermişdir. Razılaşmalarına əsasən o, Murada 36 ay ərzində hər ay 500 manat, ümumilkdə 18000 manat ödəmək şərti ilə sözügedən avtomobili sonuncudan almışdır. Belə ki, avtomobilin dəyəri 14000 manat olsa da, o, avtomobili aylıq hissəli ödənişlə aldığı üçün ümumilkdə 18000 manat ödəmək şərti ilə avtomobili almaq barədə Muradla razılaşmışlar. Avtomobilin son 5 ayının ödənişini isə ödəməyi Raman öz öhdəsinə götürmüşdür. Bundan sonra 5-6 ay davamlı olaraq Ramanın hesab kartının balansına hər ay 500 manat pul göndərmişdir. Raman da, öz növbəsində həmin pulları Murada vermişdir. 5 ay ödəniş etdikdən sonra, pula ehtiyacı olduğu üçün sözügedən avtomobili, Bakı şəhəri ərazisində dəqiq ünvanını xatırlamadığı avtomobil salonlarının birində girov qoyaraq, aylıq 700 manat ödəmək şərti ilə 8000 manat pul götürmüşdür. Həmin avtosalonun rəhbərliyi ilə aralarında olan razılaşmaya uyğun olaraq avtomobili alqı-satqı müqaviləsi ilə avtosalonun işçilərindən birinin mülkiyyətinə keçirmişdir. Avtosalonun rəhbərliyi ona avtomobili idarə etmək hüququ verən etibarnamə vermiş və avtomobili onun özündə qalmışdır. Ancaq 1 ay ödəniş etsə də, sonradan həmin avtosalonun 700 manat aylıq ödənişini edə bilmədiyi üçün, avtomobili salona təhvil vermiş və avtomobil satışa çıxarılaraq satılmış, lakin o, Murada təxminən 3 ay ödəniş etmişdir. 2021-ci ilin oktyabr-noyabr aylarında Ramanın hesab kartının balansına 500 manat ödədikdən sonra maddi vəziyyəti pis olduğu üçün ödəniş edə bilməmişdir. Belə olan halda Murad və Raman ödəniş etməyini əks təqdirdə avtomobili qaytarmasını tələb etmişlər. O, avtomobili satdığını, lakin ödəniş etməyə davam edəcəyini bildirmişdir. Ancaq sonradan maddi vəziyyəti pisləşdiyi üçün ödəniş edə bilməmiş, həmçinin 2022-ci ilin iyul ayında əvvəllər törətdiyi dələduzluq cinayətinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün heç bir ödəniş etmək imkanı olmamışdır. Qeyd edir ki, məqsədi Kia Cerato markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili hissə-hissə ödəniş etməklə almaq olmuş, lakin maddi vəziyəti pisləşdiyi üçün və eləcə də, məhkəmənin hökmü ilə azadlıqdan məhrum olunduğu üçün ödənişləri edə bilməmişdir. Məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, qaynatası Şahid2 həmin avtomobilə dair onun adına etibarnamə verdikdən 3 ay sonra avtomobili məhz pula ehtiyacı olduğu üçün satmışdır. Avtomobili satanadək təxminən 2-3 ay ödəniş etmişdir. Əldə etdiyi pulla ətir alqı-satqısı məşğul olmağı düşünmüş, lakin borcları olduğu üçün bu işlə məşğul ola bilməmişdir. Həmin avtomobili qaynatası tərəfindən ona etibarnamə verildikdən təxminən 3 ay sonra satmaq qərarına gəlmiş və 1 həftə sonra satmışdır. Bu barədə bir neçə saytda elan yerləşdirmiş, avtomobili razılaşdığı qiymətdən 10000 manat ucuz satmışdır. Buna səbəb həmin avtomobilin əvvəllər vurulması və yenidən düzəldilməsi və mator hissəsindən nasazlığın və səsin gəlməsi olmuşdur. Lakin avtomobili satarkən bu barədə Murad Qarayaevə və Ramana məlumat verməmişdir. Satışından əldə etdiyi pulu Zərərçəkmiş şəxs ödəməmisini sonuncuya onsuz da aylıq olaraq kredit ödəyəcəyini düşünməsi olmuşdur. Avtomobildə nasazlıq aşkar etdikdən sonra onu hansı səbəbdən sahibinə qaytarmaması sualına “həmin vaxt pula ehtiyacı olması, satıb əldə etdiyi pullarla borclarını ödəməsi və aylıq olaraq Murada olan borcunu ödəyəcəyini düşünməsi” ilə izah etmişdir. Bildirir ki, 2018-ci il tarixdən tutulduğu günədək heç bir yerdə işləməmiş, müəyyən işlərlə məşğul olmaqla ailəsini dolandırmışdır. “KİA CERATTO” markalı avtomobili almaqda məqsədi məhz ölkəyə gələn əcnəbi turistlərə xidmət göstərmək olmuşdur ki, o, bu işlə məşğul ola bilməmişdir. Belə ki, yalnız həmin avtomobillə Bakı və Sumqayıt şəhərləri arasında bir müddət taksi kimi fəaliyyət göstərmişdir. Qeyd edir ki, avtomobilin satışından əldə etdiyi 8000 manata dövr etdirməklə qazanc əldə etməyə çalışsa da, bu mümkün olmamış, belə ki, onun banka və müxtəlif şəxslərə fərdi borcunun olması səbəbindən həmin borclarını ödəmiş, nəticədə əlində pul qalmamışdır. Hesab edir ki, onunla zərərçəkmiş Zərərçəkmiş şəxs arasında olan münasibətlər mülki xarakterlidir. O, dələduzluq əməli törətməmişdir. Bu səbəbdən barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünü təqsirli bilməsə də, dolayısı ilə etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs 2021ci il tarixdə Şahid1 adlı dostunun vasitəsi ilə tanımış, həmin ərəfələrdə özünə məxsus “Kia Cerato” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istəmişdir. Yaqub həmin avtomobili öz aralarında olan razılaşmaya əsasən kredit şərtləri ilə Yaquba verməsini ondan istəmiş və hər ay ona 500 manat pul verməklə ilkin ödəniş edə bilməyəcəyini demişdir. O, dostu Ramana görə Yaqubun təklifi ilə razılaşmış, həmçinin Yaqubun Ramanla dostluq etdiyindən o, Yaquba güvənərək, Yaqubun xahişi ilə sonuncunun qaynatasına həmin avtomobilə dair Sumqayıt şəhərində yerləşən notariat kontorunda baş etibarnamə vermişdir. Yaqubla həmin avtomobilin nağd qiymətinin 14000 manat olmasını razılaşsalar da, Yaqub avtomobili kredit şərtləri əsasında götürdüyündən ona ümumilikdə 18000 manat pul verməyi öhdəsinə götürmüşdür. Yaqub avtomobili ondan götürdükdən sonra hər ay 500 manat olmaqla 8 ay ona pul ödəmiş, lakin sonra Yaqub ödənişi dayandırmışdır. O, Yaqubdan ödəniş etməsini tələb etdikdə 1 ay ərzində hissəhissə olmaqla ona ümumilikdə təxminən 400 manat pul ödəmişdir. Bundan sonra Yaqub ona ödəniş etməmiş, notariat kontoruna gedərək sözügedən avtomobilə dair verdiyi etibarnaməni ləğv etdirmək istədikdə avtomobilin başqa bir şəxsə satılaraq onun mülkiyyətindən çıxarıldığını öyrənmişdir. Yaqubla əlaqə saxlayıb nə üçün avtomobili onun razılığı olmadan satdığını soruşduqda Yaqub pula ehtiyacı olduğu üçün avtomobili satdığını və ona ödəməli olduğu pulu ödəyəcəyini bildirmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs ona vururlmuş ziyanı hələ də ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və eləcə də Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıdığını qeyd edərək bildirmişdir ki, 2021-ci ilin aprel ayında Yaqub avtomobil almaq istədiyini, ona münasib qiymətə avtomobil təşkil etməsini xahiş etmişdit. O, digər tanışı Muradın özünə məxsus KİA markalı avtomobili satmaq istədiyini bildiyi üçün Yaqubla Muradı görüşdürmüş, Murad özünə məxsus “Kia Cerato” markalı, **-CE-*** dövlət nömrə nişanlı avtomobilini satmaq istədiyini bildirmişdir. Yaqub Muradın avtomobilini almaq istədiyini bildirsə də, nağd ödəniş etməyə imkanı olmadığını, kredit şərtləri əsasında avtomobili alacağını demişdir. Muradla Yaqub razılığa gəldikdən sonra Murad sözügedən avtomobili 36 ay müddətində hər ay 500 manat, ümumilkidə 18000 manat ödəmək şərti ilə Yaquba satmış, Yaqub avtomobilin aylıq 500 manatını 7-8 ay ödəsə də, sonradan Murada cəmi 300 manat ödəmişdir. Yaqub avtomobilin ödənişlərini onun kart hesabına göndərmiş, o isə, həmin pulu Murada vermişdir. Murad həmin avtomobili, Yaquba etibarnamə ilə satmış və Yaqubun qaynatasının adına etibarnamə vermişdir. Lakin Yaqub sonradan ödəniş etməyi dayndırmışdır. Murad, Yaqubdan avtomobilin ödənişlərini etməyi tələb etdikdə Yaqub maddi vəziyyəti aşağı olduğu üçün ödəniş edə bilmədiyini, bir müddət sonra ödəniş etməyə davam edəcəyini bildirmişdir. Sonradan Yaqub ödəniş etmədiyi üçün Murad, Yaquba verdiyi etibarnaməni ləğv etdirmək məqsədi ilə DYP-yə getdikdə, həmin avtomobilin başqa bir şəxsə satıldığını öyrənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram vuraraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasında işitak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra Şahid2 ibtidai istintaq zamanı ifadəsi elan edilməklə tədqiq edilmişdir. O, həmin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qızının həyat yoldaşıdır. Yaqub hal-hazırda azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, 9-saylı cəzaçəkmə müəsisəsində saxlanılır. 2021-ci ilin aprel ayının sonları Yaqub hissə-hissə ödəniş etmək şərti ilə “Kia Cerato” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, ancaq şəxsiyyət vəsiqəsini itirdiyi üçün həmin avtomobilə dair onun adına baş etibarnamə verilməsini istədiyini bildirmişdir. O, etiraz etməmiş və avtomobili satan şəxs Zərərçəkmiş şəxs “Kia Cerato” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun adına baş etibarnamə vermişdir. Ancaq qısa müddət sonra, yəni 2021-ci ilin iyun ayının əvvəlləri həmin avtomobilə dair o, Yaqubun özünə baş etibarnamə vermişdir. Yaqub bir müddət həmin aftomobili idarə etsə də, sonradan həmin avtomobili satdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” 02 iyul 2024-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs müraciət əsasında CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v.1); “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nomrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.45-46) Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 152-153); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v. 160-162 ); Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2015-ci il tarixli Fərman Cəfərov və xx.xx.2017-ci il təvəllüdlü Jasmin Cəfərova adlı övladları var. (i.v.167-168) DİN-nin BƏSİİ-dən alınan xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2019-cu il tarixdə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa o, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt Apellyasiya M əhkəməsinin qərarı ilə höküm dəyişdirilərək cəzası 4 il müddətinədək artırılmışdır. Bundan başqa o, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.4, 66.5-ci maddələri ilə təqsirli bilinərək, 4 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmiş, 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2, 178.2.4, 66.5-ci maddələri ilə təqsirli bilinərək 4 il 9 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 4 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun birinci hökmə əsasən çəkdiyi cəza qəti cəza müddətinə hesablanmaqla, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, barəsində qətimkan tədbirinin seçilməməsi azadlıqdan məhrum etmə cəzası çəkdiyi üçün nəzərə alınmışdır. (i.v. 70-113) “sübutların qiymətləndirilməsi barədə” 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə elan olunan ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, sonuncu cəza çəkdiyi üçün barəsində həbs qətimkan tədbiri seçildiyi nəzərə alınmış,Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v.187-195); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi özünün dolayısı ilə etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətinin aparılması haqqında protokollar, o cümlədən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM144-146). CM-nin 178.2.4-cü maddəsinə əsasən Dələduzluq yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədilməni nəzərdə tutur. Həmin məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli” miqdar dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Həmin qərarın 2-ci bəndində dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn, hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin qərarın 3-cü bəndində dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Təqsirləndirilən şəxs ifadəsində avtomobili Zərərçəkmiş şəxs dələduzluq niyyəti ilə əldə etmədiyini, həmin avtomobil üçün təxminən 7-8 ay müddətində ayda 500 manatdan pul ödədiyini, tutulduğu üçün Murada olan borcunu ödəyə bilmədiyini bildirməsi barədə verdiyi ifadəsinə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermiş və ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs “Kıa Ceratto” minik markalı avtomobili dələduzluq yolu ilə əldə etmək niyyəti əvvəlcədən formalaşmış, belə ki, o, Zərərçəkmiş şəxs özü barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar vermiş, şəxsiyyətinə və saləhiyyətlərinə dair məlumatları gizlədərək sözügedən cinayət əməlini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qeyd edilən avtomobilə dair etibarnamə əldə etdikdən cəmi 3 ay sonra avtomobilin sahibinə məlumat vermədən onu bazar dəyərindən aşağı, eyni zamanda zərərçəkmiş şəxslə razılaşdığı qiymətdən təxminən 1.2 dəfə ucuz qiymətə sataraq əldə etdiyi pul vəsaitini dələduzluq yolu ilə mənimsəmişdir. Təqsirləndirilən şəxs özünün də qeyd etdiyi kimi 2018-ci il tarixdən heç bir yerdə işləmədəyi halda o, Zərərçəkmiş şəxslə 36 ay ərzində aylıq 500 manat ödəyəcəyi barədə sonuncuya yalan vəd vermiş, halbuki onun həmin vaxt aylıq 500 manatı ödəməyə imkanı olmamışdır. Təqsirləndirilən şəxs barəsində ayrı-ayrı məhkəmlərin çoxlu sayda epizodlar üzrə dələduzluq cinayət əməlləri törətməsi ilə bağlı müvafiq hökmlərinin olmasını, sonuncunun hazırda cəza çəkməsini və yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxsdən şifahi qaydada ümumi 18000 manat, aylıq isə 500 manat ödəmək şərti ilə avtomobili əldə etsə də, o faktiki olaraq nə 18000 manatı, nə də ki, aylıq 500 manatı ödəmək iqtidarında olmamış, sadəcə olaraq bu üsuldan öz dələduzluq niyyətini pərdələmək və avtomobili əldə etmək üçün istifadə etmiş, əldə etdikdən sonra ilk aylarda ödəniş etsə də sonrakı aylarda həmin avtomobili bazar qiymətindən bir neçə dəfə aşağı qiymətə sataraq pul əldə etmiş, həmin puldan zərərçəkmiş şəxsə 1 manat belə ödəməmişdir. Həmçinin, maşını satarkən hazırda zərərçəkmiş şəxsə satdığı üsüldan istifadə etmiş, yəni, faktiki ona məxsus olmayan avtomobili dəyərindən ucuz 8000 manata sataraq vəsait əldə edir və yenidən aylıq ödəniş etmək şərti ilə qarşısındakı şəxsə icra edə bilməyəci vədlər verib inandırmaqla yenidən öz istifadəsində saxlamışdır. Bu da onu deməyə əsas verir ki, təqsirləndiriən şəxs maşından dələduzluq yolu ilə vəsait əldə etmək aləti kimi istifadə etmişdir. Bundan başqa məhkəmə bir halı da qeyd edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavabında “avtomobildə nasazlıq və bərpa edilmiş zədə izləri aşkar etsə də, sahibinə qaytarmamasını həmin müddətdə bankalara və fərdi şəxslərə borcu olduğu üçün sataraq borclarını ödəyini” bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs real olaraq verdiyi vədi icra edə biləcək maddi gücü olmamışdır. Çünki, özünün deməsinə görə, həmin vaxt borcları və maddi sıxıntıları olmuşdur. Sonuncunun maddi gücü olmuş olsaydı, o, öz borclarını ödəyər və banklara mövcüd olan kreditləri üzrə aylıq ödənişlərini həyata keçirmiş olardı. Bu da onu sübüt edir ki, o əvvəlcədən özündə formalaşdırdığı dələduzluq niyyətini həyata keçirmiş, bu məqsədlə maşını əldə etdikdən sonra sataraq digər borclarına yönəltmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs borclarının olduğunu bildiyi, verdiyi vədi icra edə bilməyəcəyini əvvəlcədən bilsə də, zərərçəkmiş şəxsdə özünə qarşı inam yaradaraq sonuncuya avtomobilə dəyərindən daha çox pul verəcəyinə və buna görə hər ay 500 manat verəcəyi barədə şinikləndirici vədlərlə Zərərçəkmiş şəxs avtomobilini dələduzluq yolu ilə əldə etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, aylıq 500 manat olmaqla 36 ay ərzində 18000 manata kredit şəklində əldə etməsi barədə zərərçəkmiş şəxslə razılıq əldə etmiş Təqsirləndirilən şəxs həmin avtomobildə bərpa edilmiş zədə aşkar etməsinə baxmayaraq, o cümlədən həmin avtomobilin motorunda səs və digər nasalıq aşkar etsə də, onun avtomobili mülkiyyətçi Zərərçəkmiş şəxs asanlıqla qaytara bilmək imkanı olduğu halda, o, sonuncuya bu barədə məlumat vermədən aldatma yolu ilə qaynatasına və sonradan qaynatası tərəfindən onun adına verilmiş etibarnamədən istifadə edərək həmin avtomobili özündə əvvəldən formalaşdırdığı dələduzluq niyyətini reallaşdırmaq üçün dəyərindən ucuz qiymətə satmaqla qeyd edilən cinayət əməlini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatların hər bir yoxlanılmış, lakin onun ifadəsində göstərdikləri öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə araşdırması zamanı təkzibedilməz sübitlarla müəyyən edilmişdir ki, adı çəkilən avtomobili əldə etməmişdən öncə məhz Təqsirləndirilən şəxs həmin avtomobili bir müddətdən sonra sataraq Muraq Qarayevə xeyli miqdarda ziyan vuracaqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını olmasını, himayəsində iki azyaşlı övladının olmasının CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına görə həmin məcəllənin 66.5-ci maddəsinin tələbinə görə, şəxs hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs 19-20 may 2022-ci il tarixlərdə törətmiş olduğu cinayət əməllərinə görə xx.xx.2024-cü il tarixdə barəsində ittiham hökmü çıxarılmış, hazırkı cinayət əməlini isə 2021-ci ildə törətmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyanın ödənilməməsini, zərəçəkmiş şəxsin şikayətçi olmaqla mövqeyini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 22 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində qeyd edilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən çox ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 178.2.4-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 05 il müddətə azadlıqdan məhrumetmə cəzasısı ilə əhatə etməklə sonuncuya qəti cəza təyin edilməli, cəzasının əvvəli 14 iyul 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.12.), barəsində “həbs” qətimkan tədbiri seçilməli, digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 165 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut-ödəniş qəbzləri iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməklə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 14 iyul 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin, digər cinayət işi üzrə cəza çəkməsi nəzərə alısın. Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar