Məhkəmə qərarları › İş №1(060)-287/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-287/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-287/2022 28.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 25/63, mənzil 43-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə verilən ittihamda qeyd olunur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq, ümumi təmiz çəkisi 0,725 qram, 1 ədəd yaşıl rəngli sellofan kəsiyi və 9 ədəd gümüşü rəngli kağız bükümdə, 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,018 qram, 0,032 qram, 0,033 qram, 0,023 qram, 0,020 qram, 0,013 qram, ümumi təmiz çəkisi 0,139 qram bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, eləcədə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,021 qram, 0,014 qram, 0,532 qram, ümumi təmiz çəkisi 0,586 qram bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən, lakin 6 ədəd bükümdə ümumi təmiz çəkisi 0,139 qram və 4 ədəd bükümdə ümumi təmiz çəkisi 0,586 qram bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinləri əldə edib daşıyaraq üzərində saxlamış, 24 noyabr 2021-ci il tarixdə saat 20:10da Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli binanın yanında saxlanılıb 3-cü polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli və ağ rəngli zolaqlı şalvarının sol yan cibindəki “Rothmans” markalı siqaret qutusunun içərisindən həmin cəmi 10 ədəd bükümdə narkotik vasitə olan heroinlər aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir ilə yaxındır ki, narkotik vasitə olan heroin və psixotrop maddələr istifadə etmişdir. 24 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 Yanvar dairəsi yaxınlığında olduğu zaman üzdən tanıdığı, lakin adını bilmədiyi narkotik vasitə istifadəçisi olduğunu bildiyi şəxslə təsadüfən rastlaşmışdır. Həmin şəxslə söhbət edən zaman ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin şəxs də ona üzərində 10 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu və ona 25 manata sata biləcəyini demişdir. O, da həmin şəxslə razılaşıb 25 manat pul vermiş və həmin şəxs ona “Rothmans” markalı siqaret qutusu verib heroinlərin həmin qutunun içərisində olduğunu demişdir. O, qutunu açıb içərisinə baxanda 10 ədəd bükümdə heroin olduğunu görmüşdür. Bundan sonra həmin heroinləri əynində olan şalvarının cibinə qoymuşdur ki, sonra istəyəndə istifadə edər. Bakı şəhərində işlərini qurtardıqdan sonra yaşadığı Sumqayıt şəhərinə gəlmişdir. 24 noyabr 2021-ci il tarixdə təxminən saat 20 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində piyada hərəkətdə olduğu zaman 3 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 3-cü polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 3-cü polis bölməsinə gəlmişdir. Orada ona şübhəli şəxs qismində tutulacağını bildirib hüquq və vəzifələrini izah etdikdən sonra vəkillərin sihaısını təqdim etmişlər. O, da həmin siyahıdan vəkil X2 onun hüquqlarını müdafiə etməsini istəmişdir. Bundan sonra ona müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, o isə buna etiraz etməmişdir. Sonra isə videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmağa başlamışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. O, da həmin vaxt şalvarının sol yan cibinə qoymuş olduğu “Rothmans” markalı siqaret qutusunu çıxararaq polis əməkdaşlarına təqdim etmiş və siqaret qutusunun içərisində heroin olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən siqaret qutusunun içərisindəki bükülülər tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Həmçinin üzərində şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi olan “Nokia” markalı mobil telefonunu da polis əməkdaşlarına təqdim etmişdir. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, o da həmin protokola və zərfin üzərinə imza etmişdir. Həmin narkotik vasitə olan heroinləri 24 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 25 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Həmin narkotik vasitəni üzərində saxlamaqda məsədi özü istifadə etmək olmuşdur. Narkotik vasitəni satmaq və ya kiməsə vermək fikri olmamışdır. Narkotik vasitəni aldığı şəxsi üzdən tanımış, onun adını, soyadını və harada yaşamasını bilməmiş, həmin şəxsin onda telefon nömrəsi olmamışdır. Ümumiyyətlə heç vaxt narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 24 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, satması, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə bölmə rəhbərliyinin göstərişi ilə ondan, 3-cü polis bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Əlicəfər Hacızadədən ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli binanın ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Saat 20 radələrində Təqsirləndirilən şəxs həmin binanın yaxınlığı ilə piyada hərəkətdə olduğunu görüb 5-10 dəqiqə onu müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Həmin yerdə insanların intensivliyini, hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb həmin yerdə onun üzərində şəxsi axtarış aparmamışlar və bu məqsədlə onu 3-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində kriminalist Asəf Həbibovun video görüntüyə alması və müdafiəçi Fərid Əlimərdanovun iştirakı ilə təhqiqatçı Pərviz Babayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olubolmaması soruşulmuşdur. Həmiçinin Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara-ağ zolaqlı şalvarının sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusu, qara rəngli gödəkçəsinin sağ yan cibindən isə bir ədəd “Nokia” markalı mobil telefon çıxararaq təqdim etmişdir. “Rothmans” markalı siqaret qutusunun içərisinə baxıldıqda içərisində 10 ədəd bükülü olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində nə olduğu soruşulduqda isə sonuncu bükülülərin içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroinləri 24 noyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 Yanvar dairəsi yaxınlığında üzdən tanıdığı şəxsdən 25 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlər açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddələr olması müəyyən olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, həmin protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilləri X3 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti X8 və Şahid1la oxşar məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı dindirilmiş şahidlərlə məhkəmədə dindirilmiş şahidlərin ifadələri arasında hər hansı zidiyyət olmadığından, şahidlərin həri biri polis əməkdaşları olduğundan, məhkəmə proses iştirakçılarının razılığı ilə onların ifadələrinin elan edilməsi ilə kifayətlənməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 24.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid3, Şahid1, X6 və X1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.11.2021-ci il tarixli 6/5221 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №127” dairəvi möhür əksi olan, ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,018 qram, 0,032 qram, 0,033 qram, 0,023 qram, 0,020 qram, 0,013 qram, 0,019 qram, 0,021 qram, 0,014 qram, 0,532 qram, ümumi təmiz çəkisi 0,725 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təmiz çəkiləri 0,018 qram, 0,032 qram, 0,033 qram, 0,023 qram, 0,020 qram, 0,013 qram olan açıq qəhvəyi rəngli heroinlər bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təmiz çəkiləri 0,019 qram, 0,021 qram, 0,014 qram, 0,532 qram olan açıq qəhvəyi rəngli heroinlər bir-biri ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təmiz çəkiləri 0,018 qram, 0,032 qram, 0,033 qram, 0,023 qram, 0,020 qram, 0,013 qram olan heroinlər ilə təmiz çəkiləri 0,019 qram, 0,021 qram, 0,014 qram, 0,532 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. (heroinin ümumi təmiz çəkisi- 0,725 qram, tədqiqata sərf edildi-ümumi 0,05 qram, qalıq-0,675 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 04.12.2021-ci il tarixli, 4879 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metanfitaminin birgə qəbulu nəticəsində aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 06.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materillarında olan Sumayıt şəhər 6 Saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 26.11.2021-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarı ilə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün 10 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun özünün qismən etirafına və narkotik vasitənin 10 bükümdə olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həm satış, həm də istifadə etmə məqsədi ilə əldə etməsini təkzib etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 10 ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yol verilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, onun narkotik maddələrin istifadəçisi olmasını bir daha möhkəmləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 10 bükümdə olan narkotik vasitə heroinin ümumi çəkisinin 0,725 qram olması da nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs qismən əməlini etiraf etməsi və peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,675 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxsndan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli (iş № 1(060)-287/2022) qərarını icra edərək, 04.02.2022-ci il tarixli 73 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 28 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,675 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar