Məhkəmə qərarları › İş №1(060)-287/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-287/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-287/2023 09.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 440,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 31 noyabr 2022-ci il tarixdə, saat 20:35-də, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən, Yağ dəyişmə sexinin yanında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki göy rəngli gödəkçənin sağ qol hissəsinin altında saxlamış olduğu 01 ədəd şəffaf, üzərində yaşıl rəngli yazılar olan sellofana bükülmüş vəziyyətdə 440,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 20:35 radələrində, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi ərazisində yerləşən yağ dəyişmə sexinin yaxınlığında olan zaman 3 (üç) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 2-ci PBnin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi məqsədi ilə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə dəvət etmişər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmişdir. PB-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı bir daha izah olunmaqla yanaşı ona hüquq və vəzifələri barədə bildiriş, eləcə də, hüquqlarının müdafiəsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, hüquqlarının, vəkil siyahısında adı olan X4 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X4 təmin olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış başlanılmışdır. Təhqiqatçı onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, şəxsi axtarış keçirilməzdən öncə ondan üzərində daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik maddə vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynindəki göy rəngli gödəkçənin ön hissəsini açıb, gödəkçənin altında, sağ qolu tərəfində saxladığı, polietilen sellofan bağlamanı təqdim edərək, bağlamanın içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçı həmin bağlamanı açdıqda bağlamanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Ardınca təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Təhqiqatçının suallarını cavablandıraraq təqdim etdiyi qurudulmuş marixuana kütləsini Bakı şəhəri, 20 Yanvar ərazisində, tanımadığı şəxsdən öz istifadəsi üçün 70 manata aldığını, 2 il müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilərkən heç bir fiziki zor və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Təhqiqatçı onun üzərindən aşkar edilmiş 1 ədəd polietilen sellofana bükülmüş, narkotik vasitə olan qurudulmuş marexuana kütləsini büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyub çəkisini ölçdükdə kütlənin çəkisinin 0,440 kiloqram olması müəyyən edilmişdir. Bundan sonra həmin politilen sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuana kütləsi qablaşdırılmış və imzalanmışdır. Ona qarşı psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamış, tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xızı rayonu Şurabad qəsəbəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o, da əlavə edilmişdir. xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsində pusqu qurmuşdur. Onlar saat 20:35-də Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, həmin ərazidə yerləşən “Yağ dəyişmə sexi”nin yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, saxlanılan şəxsdən də, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olduğunu bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirərək, onlarla birlikdə 2-ci PB-nə getmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-də, xidməti otaqlardan birində təhqiqatçı polis baş leytenantı Ülvi Əliyev özünü təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını bildirib, hüquq və vəzifələrini bir daha izah etməklə yanaşı, hüquqlarını müdafiə etməsi məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkillərinin adlarının siyahısını ona təqdim etmişdir. Kamran Nəsirov vəkil siyahısında adı olan vəkil X1 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil İsməli Kazımov təmin edildikdən sonra Kamran Nəsirovun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Öncə təhqiqatçı Ülvi Əliyev özünü , təqdim etmiş və sonra saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildiyini izah edib, şəxsi axtarışda iştirak edən polis əməkdaşlarından, yəni o və digər xidmət yoldaşlarından özlərini təqdim etmələrini xahiş etmişdir. Onlar növbə ilə özlərini təqdim etdikdən sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçi Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili X3 təqdim etmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxsin CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonuncu bildirişlə tanış olduqdan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, şəxsi axtarış keçirilməzdən öncə üzərində daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik maddə vardırsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçənin ön hissəsini açıb, gödəkçənin altında, sağ qolu tərəfində saxladığı, polietilen sellofan bağlamanı təqdim edərək, bağlamanın içərisində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçı həmin bağlamanı açdıqda bağlamanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli, qurudulmuş ot kütləsi aşkar edilmişdir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirmiş, ancaq Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, təqdim etdiyi qurudulmuş marixuana kütləsini Bakı şəhəri, 20 Yanvar ərazisində, tanımadığı şəxsdən öz istifadəsi üçün 70 manata aldığını, 2 il müddətdir ki, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən polis bölməsinə gətirilərkən heç bir fiziki zor və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçinin suallarını da, cavablandıraraq təqdim etdiyi, qurudulmuş marixuana kütləsinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən heç bir fiziki zor və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd polietilen sellofana bükülmüş, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli qurudulmuş ot kütləsini büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyub çəkisini ölçdükdə kütlənin çəkisinin 0,440 kiloqram olması müəyyən edilmişdir. Bundan sonra həmin, politilen sellofana bükülmüş yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi məhkəmə ekspetiza mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış, təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi İsməli Kazımov tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı video çəkilişin dayandırılmasını xahiş etmiş və video çəkliş dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nın əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyniməzmunlu ifadə verdilər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:35-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsi, Yağ dəyişmə sexinin yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli gödəkçəsinin içərisindən sağ aolunun altından 01 ədəd şəffaf rəngli sellofanın içərisində şəffaf, üzərində yaşıl rəngdə yazılar olan sellofanına bükülmüş ot şəklində kütləni təqdim etmişdir. Təqdim edilmiş şəffaf sellofana bükülmüş 01 büküm narkotik vasitəyə bənzər yaşıl rəngli qurudulmuş ot şəklində kütlənin marixuanaya bənzər maddə olduğu müəyyən olunmuşdur. Soröu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddə narkotik vasitədir, həmin maddəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 70 manata almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən aman həmin bükümün içərisindəki maddə ilə birlikdə çəkisinin 455 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş bir büküm içərisindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılara Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/1256 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs o. ...” yazısı və imzalar olan 1 (bir) ədəd sellofan bağlamadakı təmiz çəkisi 440,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 440, 0 qram olan, tədqiqat zamanı aparılmış bioloji ekspertizalar nəticəsində qalıq xalis çəkisi 439,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmışdır. İş materiallarında olan Şorabad qəsəbə İƏD-nin 33 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xaraketrizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6897 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 440, 0 qram olan, tədqiqat zamanı aparılmış bioloji ekspertizalar nəticəsində qalıq xalis çəkisi 439,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və məsul saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 440,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu növ cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 439,8 qram qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 439,8 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar