Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-287/2025 11.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X6, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,221 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə edib daşıyaraq saxlamış, 12 dekabr 2024-cü il tarixdə, saat 17:30-da Sumqayıt ŞPİ-nin 5-ci PBnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sülh küçəsi ilə Çerkasi küçəsinin kəsişməsində olan dayanacağın yaxınlığında saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,221 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, narkotik vasitəni Bakı şəhəri, Memar Əcəmi metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata alaraq cibində saxlamış, daha sonra polis əməkdaşları ona yaxınlaşaraq üzərinə baxış keçirmişlər və üzərindən aşkar olunmuşdur. Üzərindən aşkar olunan narkotik vasitə metamfetamin olmuş, başqa narkotik vasitə istifadə etməmiş, həmin narkotik vasitəni də çəkmək yolu ilə qəbul etmişdir. Əvvəllər narkotik vasitə istfadə etmiş, bir az ara vermiş, daha sonra yenidən başlamışdır. Saxlanılan zaman heç bir təzyiqə məruz qalmamış, etirazı və şikayəti olmamışdır. Ailəlidir, beş uşağı vardır. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, rəsmi olaraq subaydır, qeyri rəsmi nikahdan 5 azyaşlı övladları vardır. Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamışdır. xx.xx.2024-cü il tarixdə səhər radələrində 20 Yanvardan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata 01 ədəd bükümdə “patı” almış, bundan sonra həmin bükümü istifadə etmək üçün şalvarının cibinə qoymuş və bu barədə heç kimə heçnə deməmişdir. Təxminən 12 ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhər Sülh küçəsi ilə Çerkaski küçəsinin kəsişməsində yerləşən dayanacağın yaxınlığında hərəkət edən zaman polis əməkdaşlanı ona yaxınlaşıb özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar. Polis bölməsində olarkən ona 1 saylı Vəkillər bürosunun vəkillərin siyahısı təqdim olunmuş, o, həmin siyahıdan vəkil X2, bölmədə olarkən videoçəkilişlə, vəkil X5 iştirakı ilə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, bölmədə olarkən polis əməkdaşları ona üzərində olan bütün qanunsuz əşyalan təqdim etməsini təklif etmişlər. O, əynində olan açıq-göy rəngli cins şalvarının sağ yan cibində saxladığı qızılı rəngli siqaret kağıza bükülmüş kütlənin psixotrop maddə olan patı olduğunu bildirərək təqdim etmişdir. Bundan başqa üzərindən qanunsuz əşya və predmet aşkar edilməmiş, təqdim etdiyi metamfetamini səhər saatlarında 20 Yanvar ərazisindən tanımadığı şəxsdən aldığını demiş, həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və 0.32 qram müəyyən edilmişdir. Üzərindən şəxsi axtarış zamanı götürülmüş kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, məqsədinin həmin maddədən istifadə etmək olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında 20 Yanvar ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdi ki, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxs dekabr ayında bölmənin əməliyyat müvəkkili Şahid1lə birgə Sumqayıt şəhəri, Sülh küçəsində saxlanılmış, bölməyə gətirilmiş, üzərinə axtarış zamanı üzərindən bir büküm narkotik vasitə metamfetamini təqdim etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsindən görünür ki, 12 dekabr 2024-cü il tarixdə ona Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra o, dərhal rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, həmin qərar əsasında bölmə rəisi tərəfindən müvafiq əmrlə ondan, əməliyyat müvəkkili Şahid2, təhqiqatçı Fərhad Bayramovdan və KTB-nin inspektorkriminalisti Asəf Həbibovdan ibarət əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs 12 dekabr 2024-cü il tarixdə, saat 17:30-da Sumqayıt şəhəri, Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişməsində yerləşən dayanacağın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili İsməli Kazımov dəvət olunmuş, sonuncu gələdən sonra Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etmiş, daha sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən hər hansı bir maddə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddənin psixotrop maddə olan patı, yəni metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024- cü il tarixdə Bakı şəhəri, 20 Yanvar deyilən ərazidə olan zaman tanımadığı şəxsdən istifadə etmək üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş, bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər maddənin kağızı ilə birlikdə çəkisi 0,32 qram olmuş və ekspertizaya təqdim olunması məqsədi ilə kağız zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sülh küçəsi ilə Çerkassi küçəsinin kəsişməsində yerləşən dayanacağın yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 17:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs İslam oğlu 5-ci PB-nə gətirildikdən sonra inspektor-kriminalist saat 18:20-də rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı. Təqsirləndirilən şəxs İslam oğluna narkotik vasitənin gəzdirilməsində, istifadəsində, saxlanılmasında şübhəli olduğu üçün saxlanıldığı bildirilərək, hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, bildirişlə tanış oldu, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah olunaraq, buna etirazının olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs İslam oğluna hüquqlarını müdafiə edən vəkil X9 təqdim olundu, üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs İslam oğlu əynində olan açıq-göy rəngli cins şalvarının sağ yan cibində saxladığı qızılı rəngli siqaret kağıza bükülmüş kütlənin psixotrop maddə olan patı olduğunu bildirdi, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər radələrində 20 Yanvardan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını şəxsi istifadəsi üçün istifadə etdiyini üstündə gəzdirdiyini etiraf etdi. Həmin bükümü açdıqda içərisində ağ rəngli maddə aşkar olundu. Bölməyə gəldikdən sonra Təqsirləndirilən şəxs götürülmüş içərisində psixotrop vasitəyə bənzər kütlə onun öz iştirakı ilə Çin istehsalı olan elektron məişət tərəzisində çəkildi. Tərəzidə çəkilərkən qızılı rəngli siqaret kağızına bükülmüş kütlənin çəkisi 0.32 qram müəyyən edildi. Vəkil X1 Məmməd İslam oğlundan polis əməkdaşları tərəfindən ona döyülüb-döyülmədiyini, nə vaxtdan istifadə etdiyini özünə məxsus olub-olmadığını soruşduqda döyülmədiyini, özünə məxsus olduğunu şəxsi istifadəsi üçün istifadə etdiyini çoxdan istifadə etdiyini bildirdi. Üzərindən şəxsi axtarış zamanı götürülmüş kütlə Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilməsi üçün qablaşdırılaraq DİN-in 242 saylı möhürü ilə möhürləndi. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/5462 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 242” möhür əksi, “Şübhəli şəxs ..M.Məmməd...” yazıları və s. soyadlar, imzalar olan zərfədki 01 ədəd bükümdə təmiz çəkisi 0,221 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,171 qram metamfetamin qalıq qalmışdır. - şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Mirməmmədova Dəniz, xx.xx.2020-ci il təvəllüdlü Mirməmmədova Mədinə, xx.xx.2015-ci il təvəllüdlü Mirməmmədov Mirhüseyn, xx.xx.2016-cı il təvəllüdlü Mirməmmədova Aybəniz, xx.xx.2024-cü il təvəllüdlü Mirməmmədov Mirfərid adlı övladları vardır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, üzərində qəti 01 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2017-ci ildə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci amddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-166/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayon Məhkəməsinin 1(001)-166/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixə çəkilməmiş cəza müddəti 02 il 01 ay 09 gün təşkil edir. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 dekabr 2024-cü il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxsə nəyə görə saxlanıldığını izah edir. Bundan sonra şübhəli şəxsə yazılı bildiriş təqdim edilir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Daha sonra müdafiəçi özünü təqdim edir. Təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya olub-olmadığını bildirir, şübhəli şəxs Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın yan sağ cibindən 01 ədəd kağıza bükülmüş bükümü çıxardaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin «patı» olduğunu, həmin maddəni 12 dekabr 2024-cü ildə səhər saatlarında üzdən tanıdığı amma adını bilmədiyi şəxsdan “20 yanvar”metrostansiyasının yaxınlığında 10 manata əldə etdiyini, üzərində saxladığını bildirdi. Daha sonra təhqiqatçı şübhəli şəxsin üzərində şəxsi axtarış keçirdir. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi, daşınması və ya saxlanılması qanunla qadağan olunmuş başqa bir əşya aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 0,32 qram olduğu müəyyən edilir və aşkar olunmuş həmin maddə xüsusi qaydada qablaşdırılaraq möhürlənir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkili İsməli Kazımov tərəfindən ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olduğunu və özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə işgəncələrə məruz qalmadığını bildirir. Daha sonra çəkiliş dayandırılır. - Məhkəmə-narkoloji ekspertizasının 774 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Respublikaı Narkoloji Mərkəzində “F11.2” diaqnozu ilə dispanser qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən 12 dekabr 2024-cü il tarixdə aşkar olunmuş ümumi təmiz çəkisi 0,221 qram metamfetamin və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı çəkisi 0,171 qram metamfetamin təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 01 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin – metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin: - 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 02 il 02 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin: - 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş qəti cəzadan ibtidai araşdırma zamanı tutulduğu bir gün çıxılmışdır. Məhkəmə hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza hazırki cəza ilə toplandıqdan sonra çəkilmiş cəza çıxıldığı üçün əvvəlki iş üzrə saxlanıldığı 01 (bir) gün müddət və hazırki iş üzrə tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən hazırda məhkəmənin təyin ediyi vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza nəticəsində qalıq qalmış 0,171 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2016-cı il tarixdən Respublikaı Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110,00 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş №1(060)-287/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 409/2025 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 (üç) gün müddət və CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Binəqədi Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilmiş hissəsi 01 (bir) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş qəti cəzadan çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2016-cı il tarixdən Respublikaı Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza nəticəsində qalıq qalmış 0,171 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110,00 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-287/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-287/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver