Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-288/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili X1, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1972-ci ildə Beyləqan rayonu, Mil qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/6, mənzil 34 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 54500,00 ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(060)-8677/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 3(060)-4187/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 14 dekabr 2020-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Rusiya Federasiyasında yaşayan dayısı Zərərçəkmiş şəxs gələcəkdə mənzil almaq məqsədilə 2011-2014-cü illər ərzində ona ümumilikdə 72000,00 ABŞ dolları məbləğində pulu saxlamaq üçün göndərmiş və 2014-cü ilin sonlarında Bakıya qayıdaraq ilk öncə ondan 5000,00 ABŞ dolları daha sonra isə qalıq 67000,00 ABŞ dollar məbləğində pulunu geri götürmüş, lakin müəyyən müddətdən sonra Zərərçəkmiş şəxs onun evində olarkən verdiyi pulu geri tələb etmiş, cavabında həmin pulu qaytardığını bildirsə də, dayısı pulun qaytarılmasını danmış, məlum olmadığı səbəbdən Zərərçəkmiş şəxs yalnız 54500,00 ABŞ dollar məbləğində pulun qaytarılması ilə bağlı məhkəmə qarşında iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(060)- 8677/2016 saylı qətnaməsinə əsasən ondan 54500,00 ABŞ dolları məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətini versə də, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanılaraq tələbin könüllü icra olunması üçün ona 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pulun qaytarılmasına dair tələbi icra edə bilməmiş, barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, əmlakına və pul vəsaitlərinə dair müvafiq təşkilatlara sorğular verilmiş, lakin adına yeganə yaşayış yeri ünvan 3 ünvanda yerlən bir otaqlı mənzilin üzərinə məhkəmə qərarı əsasında həbs qoyulmuş və həmin mənzil 40000,00 manat dəyərində qiymətləndirilərək hərracda satılması üçün yönəlmiş, lakin həmin mənzil borcun bir hissəsini təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş, icra vərəqəsi üzrə tələbi tam icra etmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 04.12.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, məhkəmə qətnaməsini icra etməməyinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə icra məmuru tərəfindən xəbərdar olunmuş, icra zamanı 1100,00 manat məbləğində qətnamə üzrə depozit hesaba ödəniş etmiş, həmçinin istintaq zamanı əlavə olaraq ümumilikdə 1400,00 manat məbləğində ödənişi təmin etmiş, istintaq dövründə qətnamə üzrə 50150,00 manat məbləğində borcu qalmış, məhkəmə istintaqı zamanı da 800 manat ödəniş etmişdir. Qətnamənin icrasından yayınması ilə bağlı məsuliyyət daşıdığını bilsə də, hazırda borcundan əlavə məbləğ ödəməyə imkanı yoxdur. Təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxsə borclu olduğu məbləği qərəzli olaraq deyil, maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini bildirərək, məhkəmədən ona cəza təyin edilərkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(060)-8677/2016 qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 54500,00 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq ona ödənilməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olmuş, icra məmuru tərəfindən icra işi başlanılaraq, borcluya icra olunması üçün könüllü müdət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən icranın yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, məcburi icra tədbirləri zamanı Təqsirləndirilən şəxs məxsus ünvan 3 ünvanda yerləşən bir otaqlı mənzilin üzərinə məhkəmə qərarı əsasında həbs qoyularaq, həmin mənzil 40000,00 manat dəyərində qiymətləndirilərək hərracda satılması üçün yönəlmiş, sonra həmin mənzil borcun bir hissəsini təmin etmək məqsədi ilə onun adına rəsmiləşdirilmiş, qətnamə üzrə qət edilmiş pul borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 04.12.2019-cu il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat miqdarında inzibati qaydada cərimə olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib qətnaməni icra etməkdən yayınmış, icra zamanı qətnamə üzrə yalnız 1000,00 manat məbləğində pul ödəmiş və qətnamə üzrə qalıq borcu 51650,00 manat təşkil etmiş, Təqsirləndirilən şəxs öz oğlu Nahid Sətdərlinin adına rəsmiləşdirdiyi Sumqayıt şəhərində yeni tikili binada olan mənzili və Sumqayıt şəhərində olan qeyri yaşşayış obyektinin olması, həmçinin kifayət qədər maddi imkanının olmasına baxmayaraq, qətnamənin icrasından qərəzli yayınaraq qalanu 51650,00 manat məbləğində pulun qaytarılmasından yayınmışdır. Borclu icra zamanı məhkəmələr qarşısında müxtəlif iddialar irəli sürərək qətnamənin icrasından yayınır, həmçinin qadın olmasını əsas gətirib məsuliyyətdən azad olunacağını güman etdir. O icra sənədi üzrə ödənilməyən borcun tam məbləğdə ödənilməsini tələb edir. Buna görə də məhkəmə istintaqı zamanı ödənilən 800 manatı hələki qəbul etməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qərarını qərəzli olaraq icra etməməsini bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt şəhəri İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı, 09.09.2016-cı il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 54500,00 ABŞ dolları məbləğində pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra idarəsinin icraatına daxil olmuş icra sənədi üzrə 08.09.2017-ci il tarixdə icraat başlanılmış, qərar və tələbin könüllü icrasına dair bildirişlər borcluya göndərilmiş, borclu Təqsirləndirilən şəxs könüllü müddət ərzində tələbi yerinə yetirməmiş, aparılan məcburi icra hərəkəti zamanı borclu Təqsirləndirilən şəxs adında Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/6, 34 saylı mənzilin olduğu müəyyən edilmiş, 02.11.2017-ci il tarixdə borclunun həmin əmlakının üzərinə həbs qoyulması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət olunmuş və məhkəmə tərəfindən mənzilin üzərinə həbs qoyularaq hərracda satılması və əldə olunan vəsaitin tələbin icrasına yönəldilməsi barədə qərardad çıxarılmış, borclu Təqsirləndirilən şəxs mülkiyyətində olan həmin mənzil açıq hərracda satılması üçün «xxxx» MMC tərəfindən 40000,00 manat məbləğində qiymətləndirilmiş, sonra həmin əmlak tələbkar Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. Borclu Təqsirləndirilən şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət edilərək izahatı alınmış, tələbkar Zərərçəkmiş şəxs 54500,00 ABŞ dolları məbləğində borcu olduğunu, adına olan mənzilin hərracda 40000,00 manata satılaraq tələbkara ödənildiyini, tərəfindən hissə-hissə olmaqla cəmi 1000 manat pul vəsaitinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin hesabına köçürüldüyünü və hazırda tələbkara 51650,00 manat borcu qaldığını, həmin borcu isə tam şəkildə deyil, ayda 100 manat olmaqla ödəyə biləcəyini bildirmişdir. İcra sənədi üzrə yaranmış borc ödənmədiyi üçün 29.11.2018-ci il tarixdə borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 5746/2018 saylı, 29.11.2018-ci il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Tələb Təqsirləndirilən şəxs tərəfindən icra olunmadığından borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 29.03.2019-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə təqdimatla müraciət edilmiş və məhkəmənin 8(060)- 267/2019 saylı, 08.04.2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və yaranmış borcu ödəmədiyinə görə borclu Təqsirləndirilən şəxs barəsində 04.12.2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-4187/2019 saylı, 04.12.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500,00 manat miqdarında inzibati cərimə edilmişdir. 15.01.2020-ci il və 27.01.2020-ci il tarixlərdə borclu Təqsirləndirilən şəxs məhkəmənin qəbul etdiyi qərarların dövlətin adından çıxarıldığı və onların icrasının məcburi olduğu, həmçinin Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının qərəzli şəkildə olaraq icra edilməməsinin borclunun cinayət məsuliyyətinə cəlb olunması üçün əsas olduğu izah edilmiş, bununla bağlı ona 10 gün müddətinə borcunu ödəməsi üçün müvafiq xəbərdarlıq və bildiriş verilməklə izahatı alınmış, lakin borclu Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə şahid qismində diridilən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8677/2016 saylı iş üzrə qəbul etdiyi 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Təqsirləndirilən şəxs 54.500 (əlli dörd min beş yüz) ABŞ dolları məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəyə mindiyi üçün 30 avqust 2017-ci il tarixdə icraya yönəldilərək, həmin tarixdə verilmiş icra vərəqəsi 08 sentyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. 08 sentyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Nizami İbrahimov tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 09.09.2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul edilərək, borclu Təqsirləndirilən şəxsa icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxsa göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt şəhər Məhkəməsinin 08.04.2019-cu il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 04.12.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. 11 mart 2020-ci il və 22.12.2020-ci il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Təqsirləndirilən şəxs bildirişlər göndərilərək məhkəmə qətnaməsi üzrə olan borcunu 10 gün müddətində ödəməyi təklif olunmuş və əks halda barəsində toplanmış materialların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün qismən etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 20.01.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirici hal kimi müəyyən etmişdir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırda Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 8/6, mənzil 34 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmaması, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınıraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli (iş № 1(060)-288/2021) qərarını icra edərək, 05 aprel 2021-ci il tarixli 370/2021 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsa Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-288/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-288/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver