Məhkəmə qərarları › İş №1(060)-288/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-288/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-288/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin binasında xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Ceyranbatan qəsəbə ərazi dairəsi, Ceyranbatan qəsəbəsi, yeni məhəlləsində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağları, Yeni Yaşayış massivi, 4 A məhəllədəki fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağları, Yeni Yaşayış massivi, 4 A məhəllədəki fərdi yaşayış evində qeyri rəsmi yaşadığı Şahid2 ilə birlikdə olarkən həyət darvazasına atılan daş səslərini və həyətdə saxladığı itin hürməsi səsini eşidib evdən çıxaraq həyətə düşüb Şahid2 rəfiqələri olan, əvvəllər tanıdığı X1, Zərərçəkmiş şəxs və X2 həyətində görüb onlardan hansı səbəbdən həyətinə gəlmələrini soruşmuş, onlar rəfiqələri Şahid2 təhvil verməsini tələb etmişlər, o buna narazılığını bildirdikdə onlar ona daş ataraq onu nalayiq söyüşlərlə söymüşlər, o atılan daşlardan yayınaraq onların həyətdən çıxmalarını tələb etmiş, lakin onlar həyətdən çıxmamışlar, bu səbəbdən də, yəni şəxsi münasibətləri zəmnində aralarında yaranmış mübahisə zamanı yaşadığı evə daxil olub evdən zavod üsulu ilə istehsal edilmiş 4,5 mm kalibrli, “Kral” modelli, “180630 14551” nömrəli sıxılmış hava təzyiqi iş prinsipinə malik, odlu, qaz silahı hesab edilməyən və təyinatı üzrə istifadəyə yararlı pnevmatik tüfəngi götürüb bir ədəd 4,5 mm kalibrli, döyüş sursatı hesab edilməyən mərmi qoyub doldurmaqla evdən çıxaraq onların həyətdən çıxmadıqlarını görüb ona bir qədər yaxın olan Zərərçəkmiş şəxs nişan alaraq qəsdən atəş açmaqla sonuncuya bel nahiyəsinin sağ yarısının cərrahi tikişə ehtiyacı olan deşilmiş-cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 il olar Sumqayıt şəhəri, Yaşıldərə bağları, Yeni Yaşayış massivi, 4 A məhəllədəki fərdi yaşayış evində Şahid2 ilə qeyri rəsmi münasibətdə olmaqla yaşayır. O, elektrik ustasıdır və dolanışığını bununla təmin edir. Ona məxsus olan 02 (iki) ədəd 4*0.5 çaplı tir və 16 kalibrli ov tüfəngi mövcuddur. 02 (iki) ədəd tiri və ov tüfəngini təxminən 2008-ci ildə o şəxsiyyət vəsiqəsi ilə Sumqayıt şəhərindəki “OVÇULAR” adlı mağazadan almış, ov tüfəngini adına 2010-cu ildə qeydiyyata salmış, onun ovçuluq vəsiqəsi də olmuş, lakin həmin vəsiqənin tarixi 2017-ci ildə bitmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19:00 radələrində birgə yaşadıqları evdə Xeyri ilə aralarında mübahisə olmuş, o əsəbləşdiyi üçün onu döymüşdür. xx.xx.2022-ci il tarixinə keçən gecə təxminən saat 02:00 radələrində Xeyri ilə yaşadıqları evin yaxınlığında yerləşən kafedə oturub yeyib-içən zaman Xeyri siqaret almaq adı ilə oradan çıxıb getmiş, lakin o orada bir neçə dəqiqə gözləsə də, Xeyri gəlməmiş, sonra çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, Xeyri onu döydüyü üçün ondan imtina edib Bakı şəhəri, Binəqədi rayonunda yerləşən «DSK» çay evini işlədən rəfiqəsi Lalənin yanına işləməyə getmişdir. O, Laləni Xeyriyə görə tanımış, bundan əvvəl bir neçə dəfə Xeyri ilə həmin kafedə olmuşdur. xx.xx.2022-ci il tarixdə o qərara gəlmişdir ki, Xeyrini evinə gətirsin və həmin gün, təxminən saat 20-21 radələrində “Niva” markalı avtomobilini idarə edərək Bakı şəhəri, Binəqədi rayonunda yerləşən «DSK» çay evinə doğru getmiş, oraya çatdıqda Xeyrini çay evinin yaxınlığındakı marketin yanında görmüş, avtomobili onun yanında saxlayıb onu avtomobilə oturmasını bildirmiş, o da avtomobilə qabaq oturacaqda oturmuş və onlar birlikdə idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Yaşıldərə bağları, Yeni Yaşayış massivi, 4 A məhəllədəki fərdi yaşayış evinə getmişlər. O avtomobili küçədə, həyət qapısının yanında saxlamış, onlar avtomobildən düşüb evə daxil olmuşlar. xx.xx.2022-ci il tarixinə keçən gecə, təxminən saat 03:00 radələrində Xeyri ilə birlikdə evdə olduğu zaman evin həyətinin qapısı uca səslə döyülmüş, sonra qapıya daş atılmış, həyətdə olan it hürdükdən sonra o bunu görüb evin qapısından həyətə çıxmış, Xeyri də onun arxasınca çıxıb pilləkənlərin yanında qalmış, həyətdə olan əvvəllər tanıdığı Xeyrinin rəfiqələri Şəbinə, Lalə və Gülər onu görüb Xeyrini onlara verməsini demişlər, o da əsəbləşib onlara «siz kimsiniz ki, gecə vaxtı mənim həyətimə daxil olubsuz» sözünü demiş, onun bu sözlərindən sonra onlar ona daş atmağa başlayıb onu nalayiq söyüşlərlə söyməyə başlamışlar, o da atılan daşlardan yayınaraq evə daxil olmuş, evə daxil olarkən onlara «görün sizin başınıza nə oyun açacağam» sözünü demişdir. O evdə saxladığı iki tir tüfəngindən biri olan, daha dəqiqə hədəfi vuran, qundağında sarğı olmayan, yeni vəziyyətdə olan “Kral Arms” markalı tir tüfəngini götürüb içərisinə bir ədəd tir qırması qoyaraq evin qapısından çıxmış, lakin onların həyətdən çıxıb getmədiklərini görüb əsəbləşərək pilləkənlərin üstündən ona bir qədər yaxın olan Lalənin bel nahiyyəsini nişan alaraq tir tüfəngindən qəsdən bir dəfə atəş açmış və Lalənin qışqırıq səsindən bilmişdir ki, hədəfi düzgün nişan alaraq atəş açmaqla ona xəsarət yetirmiş, onlar bunu görüb həyət qapısından küçəyə qaçmağa başlamışlar, Xeyrinin digər rəfiqəsi olan Şəbinə də qapıdan çölə çıxarkən ayağı qapıya çırpılaraq yerə yıxılmış, sonra ayağa qalxıb həyətdən küçəyə çıxaraq qaçıb getmişlər. Bundan sonra bir qədər sonra Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları yaşadığı ünvana gəldikdə onların onun barəsində şikayət etmələri ona məlum olmuş, o da polis bölməsinə dəvət olunduğu üçün oraya getmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə təxminən saat 03:00 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağları, Yeni Yaşayış massivi, 4 A məhəllədəki fərdi yaşayış evinin həyətində baş vermiş, təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı ümumiyyətlə odlu silahdan və ya ov tüfəngindən atəş açmamış və istifadə etməmiş, sadəcə tir tüfəndindən bir dəfə atəş açıb Laləyə bel nahiyyəsindən xəsarət yetirmiş, Lalə, Şəbinə və Gülər elə bilmişlər ki, o Xeyrini zorla yoldan qaçırıb avtomobilinə otuzduraraq evinə gətirmişdir. Onlar Xeyrini ondan almaqdan ötrü onun ünvanına gəlib həyətinə daxil olaraq onunla mübahisə edib Xeyrini onlara verməyini tələb etdikləri, həyətdən çıxmamaları və onu söyüb təhqir edərək ona və həyət qapısına daş atdıqlarlı üçün o evdən tir tüfəngi götürüb Laləyə atəş açaraq xəsarət yetirmişdir. Hadisə yerinə kənardan gələn olmamış, mübahisə və hadisə qısa müddət davam edərək onun həyətində baş vermişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və ona dəyən maddi ziyanı ödəmişdir. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun əsl adı Lalə olsa da, hamı onu Nərmin kimi çağırır. Təxminən 4 ildir o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «DSK» çay evini icarəyə götürüb işlədir. Gülər və Xeyri adlı qızlar onun rəfiqələri olmaqla onun işlətdiyi obyektdə ofisant işləyirlər. X5 kimi çağırır. Cəfəri də uzun müddətdir Xeyrinin vasitəsi ilə tanımış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Xeyri uzun müddətdir Sumqayıt şəhəri, Yaşıldərə bağlarında yaşayan Cəfər adlı şəxslə qeyri-rəsmi olaraq yaşayır. Cəfər mütəmadi olaraq Xeyrini döyərək ona işgəncələr verdiyi üçün Xeyri bir neçə dəfə onun yanından qaçaraq onun yanına gəlmiş, lakin sonradan Cəfər onu aldadaraq öz yanına aparmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Xeyri onun iş yerinə gələrək ağlayıb, Cəfərin yanından qaçdığını bildirmişdir. Həmin vaxt Xeyrinin bədəni üzərində xəsarət izləri görməsə də o, onlara Cəfərin onu döydüyünü demişdir. Xeyri həmin gündən onun yanında işləməyə başlamış və obyektin yaxınlığında yaşamağa başlamışdır. xx.xx.2022-ci il tarixdə işdə olan zaman Xeyri ona bildirmişdir ki, Cəfər Binəqədi rayonu ərazisində gəzərək onu axtarır və demişdir ki, əgər onun başına bir iş gəlsə bilsin ki, Cəfər onu evinə aparıbdır. Həmin gün təxminən saat 20-21 radələrində Xeyri çörək almaq üçün obyektin yaxınlığındakı marketə getmiş, lakin geri qayıtmadığı üçün onun mobil telefonuna dəfələrlə zəng vurmuş, o telefona cavab vermədiyi üçün Cəfərin onu qaçırdığını bilmişdir. xx.xx.2022-ci il tarixinə keçən gecə təxminən saat 01:00 radələrində o rəfiqələri Gülər və Şəbinə ilə işlətdiyi çay evində oturan zaman onlara Cəfərin Xeyrini qaçırdığını bildirmiş və belə qərara gəlmişlər ki, gedib Xeyrini Cəfərin əlindən alsınlar. Buna görə təxminən saat 03:00 radələrində onlar hər üçü bir taksi ilə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivinə getmişlər. Əvvəlcədən onun mobil telefonunda Cəfərin yaşadığı evin konumu olduğu üçün həmin konum göstərilən yerə getmişlər. Orada bir fərdi evin qarşısında Cəfərin idarə etdiyi ağ rəngli «Niva» markalı avtomaşını görüb, həmin ev olduğuna əmin olmuşlar. Onlar evin həyətinin qapısını döymüşlər, lakin qapının gec açıldığını görüb yerdən daş götürüb qapıya atmışlar, sonra qapını açıb həyətə daxil olmuşlar. Həyətdə it hürdükdən sonra Cəfər evdən çıxaraq həyətə düşmüş, onlar həyətdə Cəfəri görüb ona Xeyrini onlara verməsini demişlər, o da onlara «siz kimsiniz ki, gecə vaxtı mənim həyətimə daxil olubsuz» sözünü demiş, onlar da əsəbləşib ona daş atmağa başlayıb ona nalayiq söyüşlərlə söyməyə başlamışlar. Cəfər də atdıqları daşlardan yayınaraq evə daxil olmuş, evə daxil olarkən onlara «görün sizin başınıza nə oyun açacam» sözünü demişdir. Cəfər evdən çıxarkən əlində tüfəng olmuşdur. Cəfər onların həyətdən çıxmadıqlarını görüb pilləkənlərin üstündə tüfəngi onun üstünə tuşlamış, onlar bunu görüb qorxaraq həyətdən qaçarkən Cəfər onların arxalarınca atəş açmış, atəş nəticəsində onun belinə nə isə dəydi, o qışqırmış, Şəbinə də qapıdan çölə çıxarkən ayağı qapıya çırpılaraq yerə yıxılmış, sonra ayağa qalxaraq həyətdən küçəyə çıxıb oradan qaçıb getmişdir. Tüfəngin atəş səsini eştdikdən sonra ona məlum olmuşdur ki, həmin tüfəng tir tüfəngidir, tir tüfəngindən açılan atəş nəticəsində onun belinə qırma dəyərək xəsarət almışdır. Cəfərin tir tüfəngi ilə atdığı atəş nəticəsində o xəsarət almışdır. Sonra Şəbinə DİN-in «102» xidmətinə müraciət etmişdir. Daha sonra polis əməkdaşları olduqları yerə gəlib onları Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə aparmışlar. Hadisə xx.xx.2022-ci il tarixdə təxminən saat 03:00 radələrində Sumqayıt şəhəri, Yaşıldrə bağlar massivində yerləşən Cəfərin yaşadığı fərdi yaşayış evinin həyətində baş vermiş, təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə yerinə kənardan gələn olmamış, ona görə ki, mübahisə və hadisə qısa müddət davam etmiş və Təqsirləndirilən şəxs həyətində baş vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən maddi ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət, tələbi yoxdur. Ona görə də, məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun əsl adı Xeyri olsa da, hamı onu Gülnar kimi çağırır. Təxminən 5 ildir Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi evdə Təqsirləndirilən şəxs evində onunla qeyri rəsmi olaraq yaşayır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Onu rəfiqələri Şəbinə, Lalə və Gülərlə də tanış etmişdir. Cəfər mütəmadi olaraq yerli-yersiz birgə yaşadıqları evdə onunla mübahisələr yaradaraq onu döydüyü üçün bir neçə dəfə evdən qaçıb getmiş, lakin sonradan hər dəfə onu aldadaraq geri qaytarmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 19:00 radələrində birgə yaşadıqları evdə Cəfər yenə onunla mübahisə edib, yumruq və təpiklərlə bədəninin müxtəlif yerlərindən vurmuş, xx.xx.2022-ci il tarixinə keçən gecə təxminən saat 02:00 radələrində Cəfərlə yaşadıqları evin yaxınlığında yerləşən kafedə oturub yeyib-içən zaman siqaret almaq adı ilə oradan çıxıb, bir taksi ilə qaçaraq Bakı şəhərinə getmişdir. Oradan isə Binəqədi rayonunda «DSK» çay evini işlədən rəfiqəsi Lalənin yanına gedib, olanları ona danışmış, o Lalənin yanında işləməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə işdə olan zaman o Laləyə bildirmişdir ki, Cəfər Binəqədi rayonu ərazisində gəzərək onu axtarır və demişdir ki, «əgər mənim başıma bir iş gəlsə bil ki, Cəfər məni evinə aparıb». Həmin gün təxminən saat 20-21 radələrində o çörək almaq üçün obyektin yaxınlığındakı marketə getmiş, marketin yaxınlığında Cəfər “Niva” markalı avtomobilini saxlayıb ona yaxınlaşıb avtomobilə oturmağı və barışmağı təklif etmişdir. O da onun təklifini qəbul edib avtomobilə qabaq oturacaqda oturmuşdur. Onlar birlikdə avtomobilə Cəfərin yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən evinə getmişlər. xx.xx.2022-ci il tarixinə keçən gecə təxminən saat 03:00 radələrində olduqları evin həyətinin qapısı döyülmüş, sonra qapıya daş atılmış, həyətdə olan it hürdükdən sonra Cəfər evin qapısından həyətə çıxmış, o da evdən çıxıb pilləkənlərin yanında qalmış, həyətdə olan Şəbinə, Lalə və Gülər Cəfəri görüb ona Xeyrini onlara verməsini demişlər, o da «siz kimsiniz ki, gecə vaxtı mənim həyətimə daxil olubsuz» sözünü demiş, onlar da əsəbləşib Cəfərə daş atmağa başlamışlar və onu nalayiq söyüşlərlə söyməyə başlamışlar. Cəfər də atılan daşlardan yayınaraq evə daxil olmuş, evə daxil olarkən onlara «görün sizin başınıza nə oyun açacağam» sözünü demişdir. Cəfər evdən çıxarkən əlində tir tüfəngi olmuş, Cəfər onların həyətdən çıxmadıqlarını görüb pilləkənlərin üstündə tüfəngi onların üstünə tuşlamış, onlar bunu görüb həyətdən küçəyə qaçarkən Cəfər onların arxasınca atəş açmış, atəş nəticəsində Lalə qışqıraraq belinə nə isə dəydiyini demiş, Şəbinə də qapıdan çölə çıxarkən ayağı qapıya çırpılaraq yerə yıxılmış, sonra ayağa qalxıb həyətdən küçəyə çıxaraq qaçıb getmişlər. Cəfərin atış açdığı tüfəng tir tüfəngi olmuş, tir tüfəngindən açılan atəş nəticəsində Lalənin belinə qırma dəyərək xəsarət almışdır. Cəfər Laləyə xəsarət yetirdiyi üçün o da əsəbləşib Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə dəvət olunduqdan sonra onun barəsində şikayət ərizəsi yazmış, hazırda isə Cəfərə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmış, birlikdə yaşayırlar. Hadisə xx.xx.2022-ci il tarixdə təxminən saat 03:00 radələrində Sumqayıt şəhəri, Yaşıldrə bağlar massivində yerləşən Cəfərlə birgə yaşadıqları fərdi yaşayış evinin həyətində baş vermiş, təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə yerinə kənardan gələn olmamış, ona görə ki, mübahisə və hadisə qısa müddət davam etmiş və Təqsirləndirilən şəxs həyətində baş vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1284 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində bel nahiyyəsinin sağ yarısının cəqqahı tikişə ehtiyacı olan deşilmiş-cırılmış yarasından ibarət xəsarət aşkar olunmuşdur. Qeyd olunan xəsarət qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022ci il tarixdə tir tüfəngindən açılmış bir atəş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1615 saylı rəyindən görünür ki, «1» rəqəmi ilə işarələnmiş predmet zavod üsulu ilə istehsal edilmiş 4,5 mm kalibrli “Kral” modelli “180630 14551” nömrəli sıxılmış hava təzyiqi iş prinsipinə malik, pnevmatik tüfəngdir, odlu, qaz silahı hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Üzərində istehsal ilinə dair hər hansı işarə olmadığından istehsal ilini müəyyən etmək mümküm olmadı. “2” rəqəmi ilə işarələnmiş predmet zavod üsulu ilə istehsal edilmiş 4,5 mm kalibrli “HATSAN” modelli, “0820 24219” nömrəli sıxılmış hava təzyiqi iş prinsipinə malik, pnevmatik tüfəngdir, odlu, qaz silahı hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Üzərində istehsal ilinə dair hər hansı işarə olmadığından istehsal ilini müəyyən etmək mümkün olmadı. “3” rəqəmi ilə işarələnmiş silah - 1959-cu ildə zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJ 58” modelli , “P 0808” №-li patronluğunun uzunluğu 70 mm daxili çaxmaqlı, qoşalüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 07 (yeddi) ədəd predmet 16 kalibrli olmaqla həmin kalibrə malik yivsiz (hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə etmək üçün nəzərdə tutulan patrondur və təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd qutunun içərisində olan 37 ədəd predmet, zavod üsulu ilə hazırlanmış, pnevmatik silahlardan istifadə edilmək üçün nəzərdə tutulan, ov və idman təyinatlı 4,5 mm kalibrli mərmilərdir, istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmirlər. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə onun iş üzrə şübhəli şəxs qismində iştirakına xitam verilmiş və Sumqayıt ŞPİ-nin MSYdən azad edilmişdir. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ‘’başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 4,5 mm kalibrli “Kral” modelli “180630 14551” nömrəli sıxılmış pnevmatik tüfəng və 01 (bir) ədəd qutunun içərisində olan 37 (otuz yeddi) ədəd pnevmatik silahlardan istifadə edilmək üçün nəzərdə tutulan ov və idman təyinatlı 4,5 mm kalibrli mərmilər maddi sübüt kimi tanınmış və saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş ‘’başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 4,5 mm kalibrli “Kral” modelli “180630 14551” nömrəli sıxılmış pnevmatik tüfəng və 01 (bir) ədəd qutunun içərisində olan 37 (otuz yeddi) ədəd pnevmatik silahlardan istifadə edilmək üçün nəzərdə tutulan ov və idman təyinatlı 4,5 mm kalibrli mərmilər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 4,5 mm kalibrli “Kral” modelli “180630 14551” nömrəli sıxılmış pnevmatik tüfəng və 01 (bir) ədəd qutunun içərisində olan 37 (otuz yeddi) ədəd pnevmatik silahlardan istifadə edilmək üçün nəzərdə tutulan ov və idman təyinatlı 4,5 mm kalibrli mərmilər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar