Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-288/2025 04.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Bəxtiyar qızının, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, 1987-ci il oktyabrın 19-da Özbəkistan Respublikası, Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında kirayə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs o, özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Bəxtiyar qızının etibarından sui istifadə edərək "xxxx"ın insan resursları şöbəsinə işə düzəldəcəyinə vəd verib aldadaraq xx.xx.2024-cü il tarixdə saat 12:41 dəqiqədə Zərərçəkmiş şəxs2 özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 73** **** 3658 nömrəli bank kartı vasitəsi ilə ona məxsus 5239 15** **** 3933 nömrəli bank kartına göndərdiyi 4000 manat pulu aldıqdan sonra vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Bəxtiyar qızının etibarından sui istifadə edərək aylıq kredit ödənişlərini özünün ödəyəcəyinə vəd verib aldadaraq xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 ona vermək üçün online sifariş verərək «İrşad Telecom»dan öz adına aldığı 2529,99 manat dəyərində olan «İphone 15» markalı mobil telefonun 330 manat ilkin ödənişini edib telefonu əldə etdikdən sonra həmin telefonu satmış və növbəti ayın 125 manat aylıq ödənişini ödədikdən sonra telefonun aylıq kredit ödənişlərini ödəyəcəyi ilə bağlı verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 2074,99 (iki min yetmiş dörd manat doxsan doqquz qəpik) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə onu "xxxx"ın insan resursları şöbəsinə işə düzəldəcəyinə vəd verib aldadaraq xx.xx.2024-cü il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs3 Sumqayıt şəhəri, «Bağça şəhər» yaşayış kompleksindəki yaşadığı evdə 1000 (bir min) manat, həmin gün saat 08 radələrində Sumqayıt şəhəri, «Bağça şəhər» yaşayış kompleksi ilə üzbə-üz yerləşən Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin inzibati binasının qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan Zərərçəkmiş şəxs3 nağdlaşdırdığı 2500 manat pulu aldıqdan sonra vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək onu Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə gizir kimi işə düzəldəcəyinə vəd verib aldadaraq xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 3 ünvanında sonuncunun 1000 (bir min) manat pulunu aldıqdan sonra vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən iki il olarki həyat yoldaşından rəsmi olaraq boşanmışdır. Himayəsində 2023-cü il təvəllüdlü bir qızı var. Eyni zamanda anası yataq xəstəsidir və o, da onun himayəsindədir. Belə ki, 2024-cü ilin aprel ayında tanışı Səbinə adlı qızın vasitəsi ilə Nailə adlı xanımla tanış olmuşdur. O, Nailəyə özünü polis əməkdaşı kimi təqdim etmişdir. Onlar telefonla bir müddət danışdıqdan sonra o, Nailəni "xxxx" Neft Şirkətinə işə düzəldə biləcəyini və bunun üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Nailə onunla razılaşmışdır. Nailə pulu ona vermək üçün ondan bank kartı istəmiş və o, «KapitalBank» tərəfindən verilmiş özünə məxsus 5239 1517 4780 3933 nömrəli bank kartının şəklini çəkib onun telefonuna göndərmişdir. xx.xx.2024-cü il tarixdə Nailə öz bank kratından onun kartına 4000 manat pul göndərmişdir. Həmin gün onlar Nərimanov rayonu ərazisində yerləşən «Metropark» Ticarət Mərkəzində görüşmüşlər. Orada Nailə ona öz sənədlərini vermiş və o, Nailəni inandırmışdır ki, may ayında onun işi düzələcək və o, işə başlayacaq. Təxminən bir həftədən sonra o, Nailə ilə yenidən əlaqə saxlamış və onun adına kredit verilmədiyini bidirib öz adına onun üçün «İrşad Telekom»dan kredit yolu ilə mobil telefon almasını istəmiş və Nailə də onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə onlar birlikdə yaxınlıqdakı «İrşad Telekom»a getmiş, 330 manat ilkin ödəniş etmiş və Nailənin adına rəsmiləşdirilməklə aylıq 123 manat ödəmək şərti ilə 01 ədəd «İphone 15» markalı mobil telefon almışlar. O, telefonun aylıq ödənişlərini ödəyəcəyini bildirsə də, əlində isə onun məqsədi telefonu adıqdan sonra aparıb satmaq olmuşdur. Telefonu aldıqdan sonra o, bir ay 125 manat telefonun aylıq kreditini ödəmiş, lakin sonradan telefonun aylıq ödənişlərini etməmişdir. Bundan sonra Nailə işi ilə bağlı ona zəng edib maraqlandıqda hər dəfə ona işinin düzələcəyini bildirərək onu arxayın salmışdır. Bundan sonra o, Nailə ilə əlaqəni kəsmişdir. Nailədən aldığı pulları isə öz ehtiyacları üçün xərcləmiş, telefonu isə aldıqdan sonra satmışdır. Bir müddətdən sonra onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər və Nailənin ondan şikayət etdiyini bildirmişlər. O, Nailəni aldadıb pulunu ələ keçirdiyini səmimi etiraf etmiş və bu barədə izahat vermişdir. Polis Bölməsində olarkən Nailənin pulunu hissə-hissə ödəyəcəyinə söz vermiş və bunun üçün anası Əminə Abbasovaya məxsus təqaüd kartını hər ay pul çıxarması üçün Nailəyə vermişdir. Bundan sonra onun Nailə ilə əlaqəsi olmamış və Nailənin onun anasına məxsus təqaüd kartından nə qədər pul çıxarmasından xəbəri olmamışdır. Bundan başqa o, 2024-cü ilin iyul ayına qədər Sumqayıt şəhəri, «Baxça şəhər» yaşayış kompleksində kirayədə yaşamışdır. Orada yaşadığı müddətdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 ilə tanış olmuşdur. Belə ki, Şəhanənin anası onun övladına baxmışdır. O, isə Bakı şəhərində gözəllik salonunda işləmişdir. Lakin maddi ehtiyaclarını ödəyə bilmədiyi üçün müəyyən adamlardan iş düzəltmək adıyla pul almaq qərarına gəlmiş və o, Şəhanə ilə söhbət edərkən özünü polis əməkdaşı kimi təqdim etmişdir. O, Şəhanənin heç bir yerdə işləmədiyini və işə düzəlmək istədiyini bildiyi üçün ona "xxxx" Neft Şirkətinin kadrlar şöbəsinə işə düzəldə biləcəyini bildirmiş və Şəhanə onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra Şəhanəyə bu işlə maraqlanıb işin düzəlməsi üçün nə qədər pul lazım olduğunu deyəcək. Bir gün sonra o, Şəhanə ilə görüşüb işə düzəlməsi üçün 3500 manat pul lazım olduğunu bildirmiş və Şəhanə onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində o, Şəhanənin yaşadığı evə getmiş, Şəhanə ona 1000 matan pul vermişdir. Sonra onlar «Baxça şəhər» yaşayış kompleksi ilə üzbə-üz yerləşən Gömrük İdarəsinin inzibati binasının qarşısına gəlmiş, Şəhanə orada yerləşən «Kapitalbank»a məxsus bankomatdan 2500 mant pul çıxarıb ona vermişdir. O, isə pulu ondan qəbul edib tezliklə işinin düzələcəyini bildirmişdir. Bundan sonra onlar bir neçə dəfə telefon əlaqəsi saxlamış və o, Şəhanəyə işinin tezliklə düzələcəyini bildirmişdir. Bir müddətdən sonra isə inandırıcı olsun deyə 055 693-44-17 molbil nömrəsi ilə Şəhanəyə zəng edib özünü başqa adla təqdim edib işə düzəlmək üçün CV verdiyini bildirmişdir. O, Şəhanədən aldığı pulları da öz ehtiyacları üçün xərcləmişdir. Bir müddətdən sonra isə Şəhanə ondan pulunu tələb etməyə başlamış və o, isə pulu qaytara bilmədiyi üçün Şəhanə ilə əlaqəni kəsmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 qarşı da dələduzluq edərək onun 1000 manat pulunu ələ keçirmişdir. Belə ki, o, Elvinlə «Tik-Tok» sosial şəbəkəsində tanış olmuş və ona adının Ömür olduğunu bildirib bu adla özünü təqdim etmişdir. O, Elvinə Ədliyyə Nazirliyində işlədiyini və kapitan rütbəsində olduğunu bildirmişdir. Söhbət əsnasında Elvin ona keçmiş hərbçi olduğunu, hal-hazırda işləmədiyini bildirmişdir. O, Elvinə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə gizir kimi işə düzəldə biləcəyini və bunun üçün Elvindən 2500 manat pul istəmişdir. Elvin bu qədər pulunun olmadığını, ilkin olaraq 1000 manat verə biləcəyini, qalan 1500 manatı isə işə düzəldikdən sonra verə biləcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Elvin Sumqayıt şəhərinə onun yaşadığı evə gəlmiş və ona 1000 manat pul, 04 ədəd fotoşəkil, şəxsiyyət vəsiqəsini və hərbi biletini vermişdir. O, Elvinə işinin tezliklə düzələcəyini bildirmiş və həmin axşam Elvin onlarda qalmışdır. Səhər isə onlar birlikdə Bakı şəhərinə Nərimanov rayonu ərazisinə getmiş, orada binalardan birinin blokuna girib bir neçə dəqiqədən sonra qayıtmış və onun sənədləri ilə pulu işi düzəldən adama verdiyini bildirmişdir. Lakin o, heç kimə pul vermədiyini, əslində Elvini aldatmış və onunla əlaqə saxlayacağını bildirmişdir. Sonradan Elvinlə əlaqəni kəsmiş və 1000 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Qeyd etdiyi dələduzluq əməllərini törədərkən o, tək olmuş və ona heç kim köməklik etməmişdir. O, Şəhanə və Elvinə heç bir məbləğdə pul qaytarmamışdır. Yalnız Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı ödəmək məqsədi ilə anasına məxsus təqaüd kartını ona vermiş və Nailə hər ay həmin kartdan pul çıxarmışdır. Adlarını çəkdiyi şirkət və hərbi hissədə onun heç bir tanışı olmamış, sadəcə aldatdığı şəxsləri inandırmaq üçün müxtəlif tanışlarının olduğunu, hətta polis əməkdaşı olduğunu bildirmişdir. Əslində isə o, polis əməkdaşı olmamış və kimisə işə düzəltmək üçün heç bir səlahiyyəti və tanışları olmamışdır. O, zərərçəkmiş şəxslərə vurduğu ziyandan ödəniş etmək imkanın olmadığını və məhkəmədən yayınmasına əsas da zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı qaytara bilməməsi olmuşdur. Hal-hazırda o, törətdiyi əməldən peşman olduğunu, himayəsində bir az yaşlı uşağının, həmçinin anasının yataq xəstəsi olduğunu nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, o, 2020-2023-cü illərdə Dövlət Sərhəd Xidmətinin X1 N saylı hərbi hissəsində xüsusi maşınlar qrupunun qrup komandirinin müavini vəzifəsində xidmət etmişdir. xx.xx.2023-cü il tarixdə ailə vəziyyəti ilə bağlı öz istəyi ilə xidmətdən xaric olmuş və təxminən bir il bundan əvvəl «TikTok» sosial şəbəkəsində «melis1996.192023» adlı səhifəni işlədən özünü Ömür kimi təqdim edən qadınla tanış olmuşdur. Onlar bir müddət sosial şəbəkədə yazışmış və təxminən bir neçə ay bundan əvvəl söhbət zamanı ondan harada işləməsini soruşduqda, o Ədliyyə Nazirliyində xidmət etdiyini və kapitan rütbəsində olduğunu bildirmişdir. Bundan sonra oda özünü Ömür kimi təqdim edən şəxsə əvvəllər hərbiçi olduğunu, lakin ailə vəziyyəti ilə əlaqədar öz istəyi ilə xidmətdən xaric olduğunu və hazırda hərbiyə geri qayıtmaq istədiyini bildirmişdir. Şəhanə tanışlarının çox olduğunu və onu 2500 manata "xxxx" şirkətinə mühafizəçi kimi işə düzəldəcəyini bildirmişdir. Lakin o, hərbiyə işə düzəlmək istədiyini demiş və Şəhanə bu işdə də ona köməklik edəcəyini bildirmişdir. Bundan sonra Şahənə istifadəsində olan ***-***-**-** və 055 458-47-42 nömrələrini ona vermiş və onunla əlaqə saxlamağa başlamışdır. Şəhanə 2500 manata onu Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə gizir kimi işə düzəldə biləcəyini bildirmişdir. O, deyilən məbləğə imkanı çatmadığını, lakin ilkin olaraq ona 1000 manat pul verəcəyini, qalan 1500 manat pulu isə işə düzəldikdən sonra hissə-hissə verəcəyini bildirmişdir. Şəhanə onunla razılaşmış və o, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərinə gəlmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, özünü Ömür kimi təqdim edən şəxs əslində Təqsirləndirilən şəxsdır. Şəhanə onu yaşadığı ünvan 4 ünvanına aparmışdır. Şəhanə həmin vaxt anası və azyaşlı qızı ilə birlikdə yaşamışdır. Şəhanə ona Müdafiə Nazirliyinin anketini vermiş və onun evində həmin anketi doldurmuşdur. Həmçinin Şəhanəyə 1000 manat pul, yaşayış yerindən arayış, 4 ədəd fotoşəkil, şəxsiyyət vəsiqəmi və hərbi biletini vermişdir. Həmin gün Şəhanənin evində gecələmiş və səhəri gün birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisinə getmişlər. Orada Şəhanə ona 5 mərtəbəli bir yaşayış binasının qarşısında gözləməyini bildirib, pulu və sənədləri işi düzəldən şəxsə verib-gələcəyini bildirmişdir. O, həyətdə gözləmiş və 7-8 dəqiqə sonra Şəhanə onun yanına gələrək pulu və sənədləri həmin adama verdiyini bildirmiş və ona bir həftəyə işə çıxacağını bildirmişdir. O, da həmin gün yaşadığı Goranboy rayonuna qayıtmış vəvmüətmadi olaraq Şəhanə ilə telefon əlaqəsi saxlamışdır. Lakin Şəhanə hər dəfə bir bəhanə ilə işinin düzələcəyinə onu inandırmağa çalışmış, lakin xx.xx.2024-cü il tarixdən sonra Şəhanənin hər iki mobil nömrələrinə zəng çatmadığını görüb, xx.xx.2024-cü il tarixdə Şəhanənin yaşadığı ünvana gəlmiş və məlum olmuşdur ki, Şəhanə həmin mənzildə kirayədə yaşayıb və təxminən 15 gündür ki, həmin mənzildən çıxaraq getmişdir. Həmçinin öyrənmişdir ki, Şəhanə ondan başqa bir nəfər şəxsi də işə düzəldəcəyi adı ilə aldadaraq pulunu ələ keçirmişdir. Buna görə də DİN-in «102» Xidmətinə müraciət etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs onun etibarından suiistifadə edərək xx.xx.2024-cü il tarixdə onu Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsinə gizir kimi işə düzəldəcəyi adı ilə 1000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Hal-hazıradək Təqsirləndirilən şəxs onu aldadaraq əldə etdiyi 1000 manat puldan heç bir ödəniş etməmişdir. Bu səbəbdən o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona qanun çərçivəsində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Bəxtiyar qızı ifadə verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs tanışı və qonşusı Səbinə adlı xanımın vasitəsi ilə tanımışdır. xx.xx.2024-cü il tarixdə Səbinə ilə söhbət edərkən o, Şəhanə adlı tanışı olduğunu və onu işə düzəldə biləcəyini bildirmişdir. O, Səbinədən Şəhanəni haradan tanıdığını soruşduqda o, Şəhanə ilə rəfiqə olduğunu bildirmişdir. O, Səbinədən Şəhanənin telefon nömrəsini almış və ona zəng edib tanışlıq verərək nömrəni Səbinədən aldığını bildirmişdir. Şəhanə özünü DİN-nin polis kapitanı kimi təqdim etmişdir. O, Şəhanədən işlə bağlı soruşduqda Şəhanə 4000 manat müqabilində onu DİN-nə polis əməkdaşı kimi işə düzəldə biləcəyini bildirmiş, lakin o, polis əməkdaşı olmaq istəmədiyini bildirmişdir. Bundan sonra Şəhanə onu "xxxx" şirkətinə insan resursları şöbəsinə işə düzəldə biləcəyini bildirmişdir. O, Şəhanədən bu işin əmək haqqının nə qədər olacağını soruşduqda, Şəhanə ona 1300 manat əmək haqqı alacağını bildirmişdir. O, Şəhanə ilə razılaşmış və 2-3 gündən sonra zəruri sənədləri və pulu hazırlayıb xx.xx.2024-cü il tarixdə Şəhanəyə zəng edərək pulun və sənədlərin hazır olduğunu bildirmişdir. Şəhanə onunla görüşüb pulu və sənədləri verməyi təklif etmiş, o, isə piyada olduğu üçün üzərində bu qədər pulla küçəyə çıxmaq istəmədiyini bildirib ondan pul göndərmək üçün bank kartı istəmişdir. Bundan sonra Şəhanə onun telefonuna pul göndərəcəyi bank kartının nömrəsini göndərmişdir. xx.xx.2024-cü il tarixdə o, yaşadığı evin yaxınlığındakı «Milliön» ödəmə terminalından 4000 manat nağd pulu özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7388 6663 3658 nömrəli plastik kart hesabına yükləmişdir. Bundan sonra isə həmin pulu telefonunndakı mobil tətbiq vasitəsi ilə Şəhanənin ona verdiyi 5239 1517 4780 3933 nömrəli kart hesabına göndərmişdir. Həmin gün Nərimanov rayonu ərazisində yerləşən «Metropark» Ticarət Mərkəzində Şəhanə ilə görüşüb ondan istədiyi sənədləri ona vermişdir. O, sənədləri Şəhanəyə verdikdə, Şəhanə ona sənədləşmə işləri həll olunduqdan sonra xx.xx.2024-cü il tarixdə işə başlayacağını bildirmişdir. Bundan sonra mütəmadi olaraq Şəhanə ilə əlaqə saxlamış və onun dediyi müddət çatdıqda isə Şəhanə başının qarışıq olduğunu, qısa müddətə onun işinin həll olunacağını bildirmişdir. Təxminən 6-7 may 2024-cü il tarixdə o, Şəhanə ilə yenidən görüşmüş və o, yenə də ondan narahat olmamağı, qısa müddətə işə düzəlmə məsələsini həll olunacağını bildirmişdir. Söhbət əsnasında o, telefonunun sındığını, polis əməkdaşı olduğu üçün kredit götürə bilmədiyini, ona öz adına kreditə telefon götürüb ona verməyi xahiş etmiş və aylıq ödənişinin onun tərəfindən ödəniləcəyini bildirmişdir. O, Şəhanəyə inanmış və onu aldadacağını fikirləşməmişdir. xx.xx.2024-cü il tarixdə o, online sifariş verərək «İrşad Telecom»dan kredit yolu ilə öz adına 2530 manat dəyərində «İphone 15» markalı mobil telefon alıb Şəhanəyə vermişdir. Şəhanə isə ilkin ödəniş olaraq 330 manat pul ödəniş etmişdir. Həmin telefonun 1-ci ayının ödənişini yəni, 125 manatı Şəhanə ödəmişdir. Bundan sonra o, dəfələrlə Şəhanəyə zəng edib işi ilə bağlı maraqlandıqda, Şəhanə hər dəfə bir bəhanə gətirməyə başlamışdır. Müəyyən müddət keçdikdən sonra o, Şəhanənin onu aldatdığını və heç bir iş görmədiyini görüb DİN-nin 102 xidmətinə müraciət etmişdir. Müraciəti ilə bağlı onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Orada hadisə ilə bağlı izahat vermiş və Şəhanə də Polis Bölməsinə gələrək ona qarşı dələduzluq etdiyini etiraf etmişdir. Sonra Şəhanə ona vurduğu maddi ziyanı ödəmək məqsədi ilə anası X3 məxsus təqaüd kartını hər ay pul çıxarması üçün ona vermişdir. Şəhanə bir ay ödəniş etdikdən sonra qalan ödənişləri etməmiş və bununla da Şəhanə ilə əlaqəsi kəsilmişdir. Kredit onun adına olduğundan və adına gecikmə düşməsin deyə o, məcburiyyət qarşısında həmin telefonun aylıq ödənişlərini özü etmişdir. Yəni bu müddət ərzində hər ay o, Şəhanəyə alıb verdiyi telefona görə kredit ödəmiş və bununla bağlı ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Bundan başqa o, Şəhanənin ona verdiyi təqaüd kartından hal-hazıradək 2208 manat pul çıxarmış, 3867 manat isə ödənilməmiş qalmaqdadır. Telefona görə isə ümumilikdə 1844 manat pul ödəmişdir. İttiham aktında qeyd olunmasa da Şəhanə ondan kommunal borcları ödəmək üçün müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 800 manat da əlavə pul almışdır və o, bu pulu almasını Xətai RPİ-nin 36-cı PB-də yazdığı izahatında da etiraf etmişdir. Hazırda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, o, Təqsirləndirilən şəxs ilə qonşu olmuş və qonşuluqdan münasibətləri yaranmışdır. Belə ki, anası Şəhanənin uşağına baxdığı üçün o, da Şəhanəni tanımışdır. Şəhanə onlara özünü Ədliyyə Nazirliyinin işçisi kimi təqdim etmiş və kapitan rütbəsində olduğunu, həmçinin həyat yoldaşının da Ədliyyə Nazirliyində işlədiyni və zabit olduğunu bildirmişdir. Söhbət əsnasında Şəhanə onun anasına və ona işdəmək istiyərsə normal işə düzəldə biləcəyini bildirmiş və o, Şəhanədən nə iş olduğunu və hara düzəldə biləcəyini soruşduqda Şəhanə onu Sumqayıt şəhərində mühafizə işinə, bundan başqa "xxxx"da kadrlar şöbəsinə işə düzəldə biləcəyini bildirmişdir. O, Şəhanədən bu işin necə olacağını və necə düzələcəyini soruşduqda, Şəhanə rəisi ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bir gün sonra Şəhanə ona zəng edərək bu işin düzəlməsi üçün 3500 manat pul lazım olduğunu və əlində nə qədər pul varsa verməsini, qalan pulu da onun yerinə özünün verəcəyini, işlədikdən sonra isə onun borcunu qaytarmasını təklif etmişdir. O, Şəhanəylə razılaşmamış, pulun hamısını özü verəcəyini bildirmiş və xx.xx.2024-cü il tarixdə səhər saatlarında Şəhanə onlara gəlmiş və onlar görüşmüşlər. Sumqayıt şəhəri, «Bağça şəhər» yaşayış kompleksindəki yaşadığı evdə o, Şəhanəyə 1000 manat nağd pul vermişdir. Sonra onlar Sumqayıt şəhəri, «Bağça şəhər» yaşayış kompleksi ilə üzbə-üz yerləşən Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin inzibati binasının qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatın qarşısına getmişlər. Orada atasına məxsus bank kartından 2500 manat pul çıxarıb Şəhanəyə vermiş və onunla sağollaşıb getmişdir. Bir neçə gün keçdikdən sonra o, Şəhanə ilə əlaqə saxlayıb işi ilə bağlı maraqlandıqda, Şəhanə ona bildirmişdir ki, narahat olmasın hər şey yaxşı olacaq və o, yenə də onu gözləməyə başlamışdır. xx.xx.20204-cü il tarixdə ona 055 693-44-17 mobil nömrəsindən zəng gəlmiş və zəng edən şəxs ona bildirmişdir ki, o, "xxxx"a CV vermişdir, bununla bağlı onunla əlaqə saxlayacaqlar. O, həmin şəxsə banka sənəd vermədiyini, "xxxx"a işə düzəlmək üçün CV verdiyini bildirmişdir. Sonradan bu barədə Şəhanəyə desə də o, yenə bir söz tapıb onu özünə inandırmağı bacarmış, lakin müəyyən müddət keçdikdən sonra o, Şəhanənin onu aldatdığını və heç bir iş görmədiyini görüb, artıq işə düzəlmək istəmədiyini bildirib ondan pulunu tələb etməyə başlamışdır. Şəhanə isə hər dəfə bir bəhanə gətirib pulunu qaytaracağını bildirmiş və o, bir müddət onu gözləsə də Şəhanə onun pulunu qaytarmadığı üçün ondan şikayət etmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs ona heç bir ödəniş eləməmişdir. Sonrakı iclaslarda o, ərizə göndərərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun iştirakı olmadan işə baxılmasının xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2024-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və və icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə gətirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli 1(060)-288/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə çağırışlarından yayındığına görə barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Axtarışda olanın tutulması” protokolundan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində Bakı şəhər ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə gətirilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd disk, digər Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd bank kartı və 25 vərəqdə qəbzlər və bank çıxarışları, Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd hərbi bilet iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 ona məxsus olan 01 ədəd şəxsiyyət vəsiqəsini və 01 ədəd hərbi bileti təhvil almışdır. İş materiallarında olan AZ-İ №365197 saylı “Nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, X2 nikah pozulduqdan sonra “Abbasova” soyadı verilmişdir. İş materiallarında olan AA5877273 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X4 adlı bir uşağı var. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməsi onun özünün etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxslərin ifadəsi, iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək hesab edir ki, c oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası həddi daxilində ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun himayəsində bir az yaşlı uşağının olması və ziyandan qismən ötməsidir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ümumiyyətlə ödəniş etməməsini, digər Zərərçəkmiş şəxs2 Bəxtiyar qızına vurduğu ziyandan qismən ödəniş etməsini, zərərçəkmiş şəxslərin hər üçünün təqsirləndirilən şəxsdən şikayətçi olmasını, ibtidai istintaq zamanı çağırışlardan yayınaraq gizlənməsini və sonradan tutularaq istintaqa təhvil verilməsi, həmçinin məhkəmə araşdırması zamanı məhkəmənin çağışılarından yayınması və barəsində axtarış elan edilərək tutulmasını təqsirləndirilən şəxsin məsuliyyətdən yayınması kimi qiymətləndirilir. Onun istintaqdan və məhkəmədən yayınması gələcəkdə ona təyin ediləcək azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzadan yayınmasına əsas verir. Bu səbəbdən də Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məhkəmə iclas zalından həbsə alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra, iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş 01 ədəd disk, 01 ədəd bank kartı və 25 vərəqdə qəbzlər və bank çıxarışları iş materiallarında saxlanılmalı, həmçinin Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd hərbi biletin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun məhkəmə iclas zalından tutulduğu 04 iyul 2025-ci il tarixdən hesablansın. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt Şəhər Polis İdarəsinə və Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk, 01 ədəd bank kartı və 25 vərəqdə qəbzlər və bank çıxarışları iş materiallarında saxlanılsın. Eyni zamanda Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd hərbi biletin özünə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 132 (yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-288/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-288/2025
04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver