Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-289/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1973-cü ildə Laçın rayonunun, Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 5155,00 manat əsas borc və 30,00 ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5185,00 manat məbləğində pul vəsaitini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair Laçın Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli 2(047)-325/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli 3(012)-203/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci madəəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yenidən müddət verilərək dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 12 oktyabr 2020-ci il tarixə kimi qətnamə üzrə borcunu ödəməyərək zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2011-ci ilin ayrı-ayrı tarixlərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən müxtəlif formatlı ofis kağızlarını əldə etmiş, lakin həmin malın dəyərini razılaşdırılmış müddətdə ödəyə bilmədiyindən, həmin hüquqi şəxsin nümayəndəsi verilmiş kağızların dəyərinin tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Laçın Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(047)-325/2013 saylı qətnaməsinə əsasən ondan 5155,00 manat əsas borc və 30,00 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5185,00 manat məbləğində pul vəsaitini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün ilk olaraq Sumqayıt şəhəri üzrə İcra idarəsinə daxil olmuş, yaşayış yeri dəyişildikdən sonra icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə və 19.02.2020-ci il tarixdə icra vərəqəsi icra olunması üçün yenidən Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icra işi başlanılaraq tələbin könüllü icra olunması üçün ona 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pulun qaytarılmasına dair tələbi icra etməmiş, daha sonra barəsində məcburi icra tədbirləri həyata keçirilmiş, icra məmurunun tələblərini əməl etmədiyindən və icra vərəqəsi üzrə tələbi icra etmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati qaydada cərimə olunmuş, məhkəmə qətnaməsini icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə icra məmuru tərəfindən xəbərdar olunmuş, hazırda yaşadığı ərazidə işəmüzd reklam şirkətində işləyir, aylıq gəliri təxminən 500,00 manat təşkil edir, icra etməməsinin səbəbi cidd yanaşmaması olmuş, həmin borcu hissə-hissə ödəməyə imkanının olmasına baxmayaraq heç bir ödəniş aparmamış, yalnız istintaq zamanı qeyd olunan qətnamə üzrə cəmi 1700,00 manat məbləğində "xxxx" MMC-nin xeyrinə ödəniş etmişdir. Hal-hazırda ödəniş etməyə maddi imkanı yoxdur, işə başlayan kimi ödənişlər edəcəkdir. Ailəlidir, maddi imkanı çox pisdir, əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs göstərdi ki, Laçın Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(047)-325/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 5155,00 manat əsas borc və 30,00 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5185,00 manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, qəbul olunmuş məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi 2014-cü ildən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatında olmuş, müvafiq icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs tərəfindən qətnamə üzrə heç bir ödəniş aparılmamış, borclu tərəfindən qətnamə qərəzli olaraq icra olunmadığından icra qurumu tərəfindən cinayət işinin başlanılması üçün təqdimatla İstintaq İdarəsinə müraciət olunmuş və fakt üzrə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Qətnamə üzrə qeyd olunan məbləğdə pulun borcludan alınaraq "xxxx" MMC-yə qaytarılmasında köməklik göstərilməsini xahiş edir. Hazırda heç bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs qalan pulun alınaraq təmsil etdiyi hüquqi şəxsə verilməsində köməklik göstərilməsini və qanuni qərar verilməsini xahiş edir. Məhkəmə iclasında şahid, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Laçın Rayon Məhkəməsinin 2(047)-325/2013 saylı, 18.12.2013-cü il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 5155 manat əsas borc və 30 manat dövlət rüsumu, cəmi 5185 manat tutulub iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Göstərilən icra vərəqəsi 10.02.2014-cü il tarixdə idarənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə birlikdə borcluya göndərilmiş, onun tərəfindən icra sənədinin icrası təmin edilməmiş, eyni zamanda qətnamənin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmiş, məcburi icra tədbiri olaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Sumqayıt şəhər Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin 09.10.2014-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs çağırışlara gəlməkdən yayındığından barəsində məcburi gətirilməsi barədə 30.09.2019-cu il tarixdə təqdimat verilmiş və Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərardadı ilə təmin edilmiş, daha sonra Abşeron rayon İcra Hakimiyyəti 1 saylı Mənzil Kommunal Təsərrüfatı İstehsalat–İstismarı Təmiri Birliyi tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs Xırdalan şəhəri, 28-ci məhəllə, ev 4, mənzil 64 ünvanında yaşadığı müəyyən edildiyindən icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün 25.11.2019cu il tarixdə ərazi aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin qurumda Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində 28.01.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək Abşeron rayon Məhkəməsinə təqdim olunmuş, həmin məhkəmənin 28.01.2020-ci il tarixli qərarına əsasən borclu təqsirli bilinərək inzibati qaydada 500,00 manat məbləğində cərimə edilmiş, sonradan Təqsirləndirilən şəxs yaşayış yerini yenidən dəyişdiyindən Abşeron rayon İcra Hakimiyyəti 1 saylı Mənzil Kommunal Təsərrüfatı İstehsalat–İstismarı Təmiri Birliyi tərəfindən verilmiş 225 saylı, 18.02.2020-ci il tarixli arayışa əsasən icra vərəqəsi Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən aidiyyəti üzrə yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qaytarılmış və 04.03.2020-ci il tarixdə icraata daxil olmuş, icra sənədi üzrə icra hərəkətləri davam etdirilərək borcluya 17.04.2020-ci il tarixdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq tədqim olunmuş, icrası üçün 10 gün müddət verilmiş, lakin borclu Təqsirləndirilən şəxs qərəzli hərəkətlərini davam etdirərək məhkəmə qərarının icrasına laqeyd yanaşmış və 5185,00 manat məbləğində borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə qətnaməsinin icra olunmamasının cinayət məsuliyyətinə səbəb olması barədə borcluya dəfələrlə xəbərdarlıq təqdim olunsa da, həmin xəbərdarlıqlara borclu tərəfindən məhəl qoyulmamış və icra sənədini icra etməkdən qərəzli yayınaraq 7 (yeddi) il ərzində heç bir ödəniş etməmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən borclunun barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsini təsdiq etdi. İş materiallarında olan Laçın Rayon Məhkəməsinin 2(047)-325/2013 saylı 18 dekabr 2013-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 5155 (beş min yüz əlli beş) manat əsas borcvə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5185 (beş min yüz səksən beş) manat pulun tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.(i.v 12) İş materiallarında olan Laçın Rayon Məhkəməsinin 2(047)-325/2013 saylı 18 dekabr 2013-cü il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 5155 (beş min yüz əlli beş) manat əsas borcvə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5185 (beş min yüz səksən beş) manat pulun tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin.(i.v 13-15) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 09 oktyabr 2014-cü il tarixli qərardadının surətindən görünür ki, Laçın Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli 2(047)-325/2013 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.(i.v 25) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-587/2019 saylı 30 sentyabr 2019-cu il tarixli qərardadının surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan borclu Təqsirləndirilən şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır.(i.v 31) İş materiallaında olan Abşeron Rayon Məhkəməsinin 28.01.2020-ci il tarixli 3(012)- 203/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.(i.v 41-42) İş materiallarında olan 15 saylı Sumqayıt şəhər MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin ərazidə yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur.(i.v 48) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 07.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 98) İş materiallarında olan 02.03.2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 5185 manat borcdan 1700 manat məbləğində pulu zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ödəmişdir.(i.v 105) İş materiallarında olan 02.03.2021-ci il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 124-125) İş materiallarında olan məlumatlara əsasən Təqsirləndirilən şəxs evlidir, 10.11.2002-ci il və 24.10.2008-ci il təvəllüdlü iki uşağı var. İş materiallarında olan xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər və andlı iclasçılar cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, icra işindəki məlumatları, icra ilə bağlı görülən tədbiləri nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02.10.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXMin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Beləliklə, Təqsirləndirilən şəxsnın təqsiri tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində isə cəzanı ağırlaşdıran hallar göstərilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar himayəsində yetkinlik yaşına çaçmayan iki uşağı olması, onun müsbət xarakterizə edilməsi, Laçın rayonundan məcburi köçkün olmasıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 12 (on iki) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxsnın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxsnın üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi, blok 6, mənzil 49 ünvanını tərk etməmək, Abşeron rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-289/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-289/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver