Məhkəmə qərarları › İş №1(060)-289/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-289/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-289/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Dəvəçi rayonu, Güləmli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şabran rayonu, Güləmli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə (qaçırma) cinayətini törətmişdir. Belə ki, o, 21 iyul 2022-ci il tarixdə saat 01:17-də işə götürənlə əmək müqaviləsi bağlamadan günəmuzd yuyucu işlədiyi Sumqayıt şəhəri 17-ci mikrorayon Niyazi küçəsində yerləşən “Nur” şadlıq sarayının sol yan tərəfində yerləşən avtomobil yuma məntəqəsinə yuyulması məqsədilə verilmiş Zərərçəkmiş şəxs məxsus 4000 manat dəyərində 2000-ci il istehsalı VAZ-21074 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə talama məqsədi olmadan, yəni, Sumqayıt şəhəri Corat qəsəbəsi F.Əmirov küçəsində yerləşən fərdi yaşayış evinə getmək məqsədilə qəsdən qanunsuz ələ keçirib idarə edərkən Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən “Qala” restoranın yaxınlığında Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq avtomobil ilə birlikdə DYPŞ-nə gətirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanında yaşamışdır. Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində “Nur” şadlıq sarayının yanındakı avtomobil yuma məntəqəsində yuyucu işləmişdir. Həmin avtomobil yuma məntəqəsini icarə əsasında işlədən Şahid2 1 ildən çox idi ki, tanımışdır. Əvvəllər də Sultanın işlətdiyi Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən Socar yanacaq doldurma məntəqəsinin həyətindəki avtomobil yuma məntəqəsində yuyucu kimi işləmişdir. 20 iyul 2022-ci il tarixdə axşam tərəfi bir nəfər şəxs VAZ-2107 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili yuma məntəqəsinə gətirərək maşını yuduzdurmaq istədiyini bildirmişdir. Həmin şəxsin hadisədən sonra Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Yusif avtomobilin açarlarını onunla birlikdə maşın yuyan Sübhana vermişdir. Növbədə başqa maşınlar olmuşdur. Yusif açarları verib getmiş, bir qədər sonra onunla birlikdə işləyən Sübhanın işi çıxmış, Sübhan getdiyini bildirib avtomobilin açarlarını ona verib həmin maşını yumağını və sahibi gəldikdən sonra təhvil verməyini xahiş etmişdir. O açarı götürmüş, növbədə olan maşınları yumuş, sonra Yusifin də avtomobilini yumuşdur. Bundan sonra yaxınlıqda olan piyvəxanaya gedərək oradan 4 bakal piyvə alaraq iş yerində həmin 4 bakal pivəni içib taksi ilə yaşadığı evə getmişdir. Həmin vaxta qədər Yusif maşının arxasınca gəlməmişdir. Coratda yaşadığı küçədə məhəllə uşaqları görüşüb söhbət etmişlər. Pivə içdikdən sonra avtomobil idarə etmək həvəsinə düşmüşdür. Ona görə də fikirləşmişdir ki, yuyucu məntəqəsinə gedib həmin VAZ-2107 markalı avtomobili götürüb idarə edib evə gətirər, səhər tezdən də maşını gətirib yerinə qoyar və avtomobilin sahibinin məlumatı olmaz. Ona görə də həyət uşaqları Vahid və Vüqara bildirmişdir ki, yuyucu məntəqəsində yuduğu maşın məntəqənin həyətində qalmışdır. Onlardan xahiş etmişdir ki, onunla birlikdə gedərək maşını götürüb evə gətirsin. Onlar da etiraz etməmişdir. Bundan sonra tanımadıqları taksi avtomobili ilə yuyucu məntəqəsinin yaxınlığına gəlmişlər. Daha sonra avtomobilin qapısını açaraq sükan arxasında oturmuşdur. Vahid qabaq sağ oturacaqda Vüqar isə arxa oturacaqda əyləşmişdir. Artıq həmin vaxtı 21 iyul 2022-ci il gecə saat 01 radələri olmuşdur. Sumqayıt şəhəri Dənizkənarı yol ilə evləri istiqamətində hərəkət edəndə Corat qəsəbəsi ərazisində yerləşən Qala restoranın yaxınlığında olan zaman X5 əməkdaşları işarə edərək idarə etdiyi avtomobili saxlamağını bildirmişlər. O da avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra yol polis əməkdaşı ondan sənədlərini istədikdə avtomobilin özünə məxsus olmadığını və avtomobil yuma məntəqəsində yuyucu işlədiyini və avtomobili yumaq üçün gətirən şəxsin maşını olduğunu bildirmişdir. Polis əməkdaşları içkili olmağını müəyyən edərək həkim narkoloq dəvət edərək sərxoş vəziyyətdə olmağını sənədləşdirmişlər. Bu barədə protokol tərtib etmişlər, o da həmin protokola imza etmişdir. Bundan sonra avtomobili DYPŞ-nin avtomobilləri saxlama duracağına yerləşdirmişlər. O isə Vüqar və Vahid ilə birlikdə yaşadıqları evə getmişdir. Səhər açıldıqdan sonra Sultan ona zəng edərək avtomobilin harada olmasını soruşmuşdur. O da axşam avtomobili yuduzdurmaq üçün verən şəxsin maşınını idarə edərək evə gedən zaman sərxoş vəziyyətdə olduğundan DYPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını və avtomobilin duracaqda olmasını bildirmişdir. Sultan ona demişdir ki, onun möbil nömrəsini maşının sahibinə verəcəkdir. Sonra avtomobilin sahibi özünü Yusif kimi təqdim edən hazırki zərərçəkmiş ona zəng eləmişdir. Yusifə vəziyyəti danışmışdır. Yusif ondan şikayət etmiş, araşdırma aparılmışdır. Avtomobili qaçırmaqda oğurlamaq və ya hansısa bir detalını dəyişdirmək məqsədi olmamışdır. Həmin vaxt yanında olan Vahid və Vüqara bildirmişdir ki, avtomobilin sahibi maşını sabah ondan götürəcəyini dediyinə görə maşını avtomobil yuma məntəqəsində qoymaq istəmədiyinə görə evinə gətirmək istəyirmiş. Vahid və Vüqar avtomobilin sahibinin maşını idarə etmək üçün ona icazə verib-vermədiyini soruşduqda onlara bildirmişdir ki, maşının sahibi özü ona bildirmişdir ki, gecə maşını götürməyə gəlməyəcək və maşını özü yuduqdan sonra evinə aparıb səhər gətirər. Vahid və Vüqar da ona etiraz etməyərək birlikdə gəlməyə razılıq vermişlər. Həmin vaxtı nə Vahid, nə də ki, Vüqar avtomobil idarə etməmişdir. Təqsirləndirilən şəxs törədiyi cinayət əməlindən peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin bir hissəsini ödədiyini, hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin qalan hissəsini ödəməyə maddi imkanının olmadığını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 9-cu mikrorayon, bina 1, mənzil 13-də kirayədə yaşayır. 20 iyul 2022-ci il tarixdə saat 17 radələrində avtomobilini Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində Nur şadlıq sarayının yan tərəfindəki avtomobil yuma məntəqəsi olan yerə gətirmişdir. Həmin vaxt başqa maşınlar da yuyulduğuna görə maşının açarlarını işçiyə verib avtomobili yumasını xahiş etmişdir. Həmin vaxtı sonradan adını bildiyi Xoşbəxt Mersedes markalı maşını yuyurdu, avtomobilin açarlarını verdiyi oğlana mobil telefon nömrəsini də vermişdir ki, avtomobil yuyulub hazır olduqdan sonra xəbər edərlər. Bundan sonra oradan çıxaraq getmişdir. Həmin günü avtomobil yuma məntəqəsindən ona zəng eləmədiklərinə, həmçinin özünün də başqa işləri olduğuna görə maşını götürmək üçün getməmişdir. Səhər açıldıqdan sonra saat 09 radələrində avtomobil yuma məntəqəsinə getsə də bağlı olduğunu görmüşdür. Bundan sonra saat 10 radələrində yenidən avtomobil yuma məntəqəsinə getmişdir. Avtomobil yuma məntəqəsi açıq olsa da maşını orada olmamışdır. Bir gün əvvəl maşının açarlarını verdiyi oğlandan maşının harada olmasını soruşduqda həmin oğlan maşının harada olmasını bilmədiyini deyərək həyəcanlanmışdır. Bundan sonra həmin oğlan oranın sahibi Sultan adlı şəxsə zəng edərək dünən yuyulmaq üçün verilən maşının məntəqədə olmadığını demişdir. Bundan sonra özü də avtomobil yuma məntəqəsinin Sultan adlı sahibinə zəng edərək maşınının avtomobil yuma məntəqəsində olmadığını bildirmişdir. Həmin şəxs maşının yuyucu tərəfindən evinə aparıldığını və saat 15:00-da məntəqəyə gələrək maşını ondan təhvil almağını xahiş etmişdir. Ona inanaraq saat 15-ə qədər gözləmişdir. Saat 15:00-da yenidən Sultana zəng edərək maşınının gətirilib gətirilmədiyini soruşmuşdur. Sultan maşının avtomobil yuma məntəqəsinə gətirilib ona təhvil verəcəyini bildirərək onu arxayın salmışdır. Həmin günü axşam saat 18 radələrinə qədər Sultana zəng etsə də o hər dəfə ona müxtəlif bəhanələr demişdir. Saat 18 radələrində Sultanın dediyindən ona məlum olmuşdur ki, axşam Xoşbəxt adlı yuyucu onun maşınını özbaşına götürüb spirtli içkinin təsiri altında idarə edən zaman yol polisi əməkdaşları tərəfindən saxlanılmış və avtomobil yol polisinin duracağına yerləşdirilmişdir. Sultandan maşınını qaytarmaqlarını bildirdikdə Sultan bunun ona heç bir aidiyyatı olmadığını bildirərək Xoşbəxtin barəsində şikayət etməyini bildirmişdir. Ona görə də DİN-nin 102 xidməti zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Həmin avtomobili 4000 manata almışdır. Həmin avtomobilin üzərində bir qədər dəyişikliklər edərək bir qədər baha qiymətə satmaq istəyirdi, lakin aldıqdan sonra avtomobilin üzərində heç bir dəyişiklik etməmişdir. Ona görə də həmin avtomobilin orta bazar qiyməti 4000 manat idi. Avtomobilinin hər hansı bir detalı götürülməmişdir. Avtomobilinin bütün detalları olduğu kimi yerində olmuşdur. Xoşbəxt adlı yuyucu oğlan avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən yol polisi əməkdaşları tərəfindən saxlanılaraq protokol tərtib edildiyindən avtomobilinə 500 manat cərimə yazılmışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənilmədiyini bildirərək sonuncunun barəsində ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yaşayır. Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən Nur şadlıq sarayının yaxınlığında yerləşən avtomobil yuma məntəqəsi vardır. Həmin avtomobil yuma məntəqəsi sənədlə qaynanası X2 məxsus olsa da həmin avtomobil yuma məntəqəsini özü işlədir. Avtomobil yuma məntəqəsində Sübhan adlı şəxs yuyucu işləyir. Təqsirləndirilən şəxsi təxminən 1 il olar ki, tanımışdır. Əvvəl də Xoşbəxt onun 13-cü mikrorayonda işlətdiyi obyektdə yuyucu işləmişdir. Təxminən 10 gün orada işlədikdən sonra həmin yerdən çıxmışdır. Bundan sonra Xoşbəxt ilə əlaqəsi olmamışdır. 20 iyul 2022-ci il tarixdə yuyucu Sübhan ona bildirmişdir ki, həmin günün səhərisi onun işləri olacaqdır. Ona görə də Xoşbəxtə zəng edərək əgər bekardısa gəlib həmin günü işləməsini bildirmişdir. Həmin günü Xoşbəxt avtomobil yuma məntəqəsəsinə gəlmişdir. Xoşbəxt avtomobil yuma məntəqəsinə gələn zaman orada olmuşdur. Bundan sonra işləri olduğuna görə getmişdir. Avtomobil yuma məntəəqəsinə videomüşahidə kamerası quraşdırmış və həmin müşahidə kameralarını öz mobil telefonuna yönləndirmişdir. Telefonla məntəqədə baş verənləri izləmişdir. 21 iyul 2022-ci il tarixdə səhər saat 09 radələrində Sübhan ona zəng edərək bir gün əvvəl yuyulma üçün məntəqəyə verilən avtomobilin yuyucu məntəqədə olmadığını və sahibinin gələrək maşını istədiyini bildirmişdir. Sübhandan bununla bağlı maraqlanan zaman Sübhan ona bildirmişdir ki, bir gün əvvəl VAZ 2107 markalı göy rəngli avomobilin sahibi maşını yuduzdurmaqdan ötrü gətirib məntəqəyə vermişdir. Həmin maşını da Xoşbəxt yumuşdur. Videomüşahidə kameralarına baxan zaman həmin avtomobilin 20 iyul 2022-ci il tarixdə saat 16:50 radələrində avtomobil yuma məntəqəsinə gəldiyini, Xoşbəxtin həmin maşını avtomobil yuma məntəqəsinin içərisinə salmasının görüntülərini görmüşdür. 21 iyul 2022-ci il tarixdə isə sat 01:17 dəqiqədə Xoşbəxtin avtomobilə minərək oradan uzaqlaşıb getdiyini görmüşdür. Ona görə də Xoşbəxətə zəng edərək maşının harada olmasını soruşduqda Xoşbəxt maşını özü ilə evlərinə apadığını bildirmişdir. Xoşbəxtə hirslənərək nə səbəbə başqasına məxsus maşını evinə apardığını soruşmuşdur. Xoşbəxt ona maşını gətirəcəyini bildirmişdir. Bundan sonra evdən çıxaraq iş yerinə gəlmişdir. Az sonra Xoşbəxt özü də yuyucu məntəqəsinə gəlmişdir. Xoşbəxtdən maşının harada olmasını soruşan zaman Xoşbət axşam həmin avtomobili yuduqdan sonra spirtli içki qəbul etdiyini, yolda gedən zaman Corat qəsəbəsi ərazisində yol polis əməkdaşlarının onu saxlayaraq avtomobili Sumqayıt ŞPİ-nin DYPB-nin avtomobilin müvəqqəti saxlama duracağına yerləşdirildiyini bildirmişdir. Həmin vaxtı avtomobilin sahibi Yusif adlı şəxs ona zəng edərək avtomobilin polis idarəsinin avtomobil saxlama duracağında saxlanıldığını və maşının çıxarılıb özünə təhvil verilməsini bildirmişdir. Bundan sonra Xoşbəxt ilə X6 Bölməsinə getmişdir. Özü polis bölməsinə girməsə də Xoşbəxt polis bölməsinə daxil olmuşdur. Lakin polis əməkdaşları maşını buraxmamışlar. Həmin vaxtı Yusif ona təkrar zəng edərək maşını istəmişdir. Yusif 102 xidmətinə zəng edərək polisə məlumat verəcəyini bildirdikdə Yusifə 102 xidmətinə zəng edərək məlumat verməsinə etiraz etmədiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Yusif avtomobilin Xoşbəxt tərəfindən qaçırılması ilə bağlı 102 xidmətinə zəng edərək məlumat vermiş və 1-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. O da bununla bağlı 1-ci Polis Bölməsinə gedərək izahat yazmışdır. 20 iyul 2022-ci il tarixdə Xoşbəxti işə çağırdığını və sonuncunun 20 iyul 2022-ci il tarixdə günortadan sonra orada işə başladığını, həmin tarixdən əvvəl Xoşbəxtin orda işləmədiyini göstərmişdir. Xoşbəxti 20 iyul 2022-ci il tarixdə məntəqənin həmin ərəfədə daimi işləyən digər yuyucusu Sübhanı əvəz etmək üçün müvəqəti çağırmışdır. Ona görə də Xoşbəxtlə arasında əmək müqaviləsi bağlamamışdır. Yusif adlı şəxsin VAZ-2107 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil avtomobil yuma məntəqəsinə gətirməsinin, eləcə Xoşbəxtin həmin avtomobilə minib getməsinin görüntülərini çıxardaraq istintaqa təqdim etmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru vəzifəsində işləyir. 21 iyul 2022-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yol patrul xidmətində olmuşdur. Corat qəsəbəsi ərazisində Koroğlu küçəsində Qala restoranının yaxınlığında göy rəngli VAZ-2107 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işiq cihazlarından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün tərəfindən saxlanılmışdır. Həmin vaxtı avtomobildə sürücüdən başqa iki nəfər şəxs olmasını görmüşdür. Sürücü özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sürücüdən sənədlərini təqdim etməsini bildirdikdə sürücü nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi həmçinin, etibarnaməsi olmadığını bildirmişdir. Sürücünün hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu müəyyən etmişdir. Sürücü özü də spirtli içki qəbul etdiyini etiraf etmişdir. Bundan sonra həmin avtomobil sürücü Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt ŞPİ-nin DYPŞ-nə gətirilərək avtomobil DYPŞ-nin avtomobillərin müvəqqəti saxlama duracağına yerləşdirilmişdir. Sürücü Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən Nur şadlıq sarayının yaxınlığında avtomobil yuma məntəqəsində yuyucu işlədiyini və idarə etdiyi avtomobili də yuyucu məntəqəsinə verilmiş avtomobil olduğunu və avtomobilin sahibinin icazəsi olmadan özbaşına götürüb idarə etdiyini bildirmişdir. Həmin vaxtı sürücünün yanında olan iki nəfər şəxs də DYPŞ-nə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həkim müayinəsindən keçirilən zaman alkoqol sərxoşluğunda olması müəyyən edilmişdir. Bununla bağlı tərəfindən Təqsirləndirilən şəxs barəsində inzibati protokol tərtib edilərək protokolun surəti Təqsirləndirilən şəxs təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş 26 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 ona məxsus olan avtomobil yuma məntəqəsinin videomüşahidə kameralarından çıxarış etdiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus VAZ-2174 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qaçırıb aparması ilə bağlı olan 8 ədəd fayldakı görüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 20 iyul 2022-ci ildə saat 16:50-də Zərərçəkmiş şəxs özünə məxsus VAZ-21074 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili avtomobil yuma məntəqəsinin qarşısına gətirərək avtomobildən düşür. Saat 17:36 dəqiqədə Təqsirləndirilən şəxs həmin avtomobili avtomobil yuma məntəqəsinin içərisinə salaraq yumağa başlayır. Saat 18:07 dəqiqədə Təqsirləndirilən şəxs qeyd olunan avtomobili yuma məntəqəsindən çıxaraaraq yuyulma üçün başqa bir avtomobili yuma məntəqəsinin içərisinə salır. Saat 23:28 dəqiqədə Təqsirləndirilən şəxs yuyucu vasitələrini məntəqənin içərisinə toplayır. Daha sonra 23:30 dəqiqədə isə avtomobil yuma məntəqəsinin dəmir qapısını bağlayır. 21 iyul 2022-ci il tarixdə saat 01:17 dəqiqədə isə Təqsirləndirilən şəxs başqa iki nəfər şəxslə birlikdə kənardan gələrək avtomobil yuma məntəqəsinin yan tərəfində dayanmış VAZ-21074 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşırlar. Təqsirləndirilən şəxs avtomobilin sükanı arxasında əyləşir. Digər şəxslərdən bir nəfəri qabaq sağ oturacaqda, digər isə arxa oturacaqda əyləşir. Daha sonra Təqsirləndirilən şəxs avtomobili işə salaraq geriyə hərəkət etdirərək asfalt yola çıxır və avtomobili idarə edərək oradan uzaqlaşır. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ-21074 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli 9/5957 saylı rəyindən görünür ki, VAZ-21074 markalı, 2000-ci il burraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yaralı avtomobilin 2022-ci ilin iyul ayına orta bazar qiyməti təxminən 4000 manat müəyyən edilir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin DYPŞ-nin 17 dekabr 2022-ci il tarixli ***- **** saylı məktubuna əlavə edilmiş qoşmadan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində AP Nö ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 21 iyul 2022-ci il tarixli 3541 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə saat 01:40-da həkim müayinəsindən keçirilən zaman alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşiman olmasını , Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs məhkəmə icraatından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki onun ilk dəfə böyük ictimai təhlükəli olmayan cinayət əməli törətdiyi, əməlindən peşimançılığı nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 02 ay 04 gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət işi üzrə maddi sübut olan VAZ-21074 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd DVD diskə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun müdafiəçisi təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 02 ay 04 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 03 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cinayət işi üzrə maddi sübut olan VAZ-21074 markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd DVD diskə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar