Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-289/2025 08.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştrakları ilə, xx.xx.2005-ci il tarixdə, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Tam Store” marketlər şəbəkəsində baş kassir işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 21:20 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisi ASAN xidmət mərkəzinin arxasında avtomobil qarajlarının olduğu qaranlıq dalan ərazidə zərəçəkmiş şəxsin təşəbbüsü və şəxsi münasibətlərin pozulması zəmnində Təqsirləndirilən şəxs aralarında baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs sifət, baş nahiyələrinə yumruq və təpik zərbələri ilə qəsdən vuraraq ona sol təpə-alın nahiyəsinin dərialtı hematoması, hər iki gözaltı nahiyənin və alt göz qapaqlarının qançırları, sol gözün ağlı qişasına qansızma, üst dodağın və ənsə nahiyəsinin qançırları, alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarasından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünün təqsirli olduğunu bildirərək ifadəsində Zərərçəkmiş şəxs onun bacısı Nərminə ilə Karvan Ticarət mərkəzində yerləşən “Bazarstore” marketdə işlədiyini, Kamranın bacısına yaxınlaşıb ondan xoşu gəldiyini dediyini, bacısının ona “sən evlisən, mənsə nişanlı” deyərək ondan uzaq durmasını xahiş etdiyini, daha sonra Kamranın firma işçisi olan qızla bacısına söz göndərdiyini, bacısının da Kamranın hərəkəti barədə Kamranın rəisinə və market müdiri Ömərə şikayət etdiyini, lakin Kamranın yenə də bacısını narahat etməkdə davam etdiyini, daha sonra Kamranın baldızının zəng edərək Kamranın dərman içib özünü öldürmək istədiyini bildirmişdir. Bundan sonra isə o və xalası oğlu Kamranla görüşərək söhbət edib məsələnin mahiyyətini aydınlaşdırmaq qərarına gəlmişlər. Kamran xx.xx.2025-ci il tarixdə xalası oğlu Məmmədə votsapla yazıb nəyə görə onunla görüşmək istədiklərini soruşmuş, o, da Kamrana görüşüb normal söhbət etməyi bilmişdir. Nəhayət xx.xx.2025-ci il tarixdə, axşam saat təqribən 21 radələrində xalası oğlu Məmmədlə Kamranın yaşadığı məhəlləyə getmiş, ona sms yazıb həyətdə olduqlarını söyləmişlər. Bir neçə dəqiqə sonra Kamran onların yanına gəlmişdir. Daha sonra Kamran onlara “bura məhəllədir, kənarda söhbət edək” demiş və onları bir məhəllə o tərəfdə olan qarajlar tərəfə aparmışdır. O, xalası oğlu Məmmədə gedib kənarda dayanmasını bildirmişdir. Bacısı ilə arasında nə olmasını ona izah etməsini, həmçinin onun nəyə görə bacısını narahat etməsinin səbəbini soruşmuş, Kamran da guya bacısının onunla danışmaq istədiyini, instagram hesabını bacısının ona verdiyini demişdir. Bu zaman Kamran ona şərəfsiz və nalayiq ifadələr deyərək üstünə gəlməyə başlamış, aralarında baş vermiş mübahisə zamanı o, Kamranın arxasına keçib ona fənd atıb arxası üstə yıxmış, yerdə onun sifətinə və başına yumruqla zərbələr vurmuşdur. Bu zaman onlardan uzaqda olan xalası oğlu Məmməd qaçaraq gəlib onu tutub Kamrandan kənara dartmışdır. Daha sonra isə Kamran onun ünvanına ağır nalayiq söyüşlər söydüyünə görə əsəbləşib bir dəfə də təpiklə onun sifət nahiyəsindən vurmuşdur. Məmməd onu yenə də tutub ayırmış və daha onu vurmağına imkan verməmişdir. Bundan sonra isə birlikdə oradan uzaqlaşıb getmişlər. Hazırda zərərçəkmiş şəxslə aralarında barışıq olduğunu, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını, odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində işlədiyi marketdə satıcı işləyən Nərminə adlı qızla tanış olduğunu, bu müddət ərzində onunla telefonla danışdığını, daha sonra onun nişanlı olmasını eşitdiyini, bu barədə Nərminəyə bildirdikdə özünün elə informasiya buraxdığını, əslində nişanlı olmadığını, daha sonradan Nərminənin onunla əlaqəni kəsmək istəməsini bildirmişdir. Həmçinin, ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində o, evdə olduğu zaman Məmməd ona votsap vasitəsi ilə yazıb binalarının həyətində olduğunu bildirmişdir. O da geyinib aşağı düşmüş, lakin onu həyətdə görməmiş, Məmmədə harada olması barədə mesaj yazdıqda, ona sonra gəlib söhbət edəcəklərini bildirmişlər. O isə Məmmədə axşam saat 21 radələrinədək gəlmələrini söyləmişdir. Saat 20:53-də Nərminənin qardaşı Yusif ona zəng vurub binanın girişində olduğunu bildirmiş, o da aşağı düşmüşdür. ASAN xidmətin arxasındakı qarajların yanına keçmişlər. Həmin vaxt orada üçündən başqa heç kim olmamışdır. Yusif onu təpik zərbəsi vuraraq onu yerə yıxmış, o, yerə yıxıldıqda Yusif təpiklə sifət nahiyəsindən vurmuş, daha sonra onu yerdə boğmuş, daha sonra isə yenidən sifət nahiyəsindən yumruqla zərbələr vurmuşdur. O, sifətini tutub yerdə bükülü qalmış, Yusif isə onun halının yaxşı olmadığını görüb daha onu vurmamış və xalası oğlu Məmmədlə birlikdə aralaşıb getmişlər. O da bir neçə dəqiqəyə özünə gələndən sonra evə qalxmış və vəziyyəti barədə həyat yoldaşına bildirib 102 xidmətinə zəng vurub məlumat verməsini istəmişdir. Həyat yoldaşı da 102 xidmətinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanının tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xalası qızı Nərminə “Karvan” ticarət mərkəzində yerləşən “Bazarstore” marketdə şirniyyat şöbəsində satıcı, Kamran isə həmin marketdə gözətçi işləmiş, Kamran onun nişanlı xalası qızı Nərminəyə yaxınlaşıb ondan xoşu gəldiyini, onu sevdiyini söyləmiş, Nərminə də onun evli, özünün isə nişanlı olduğunu bildirmişdir. Lakin, Kamran ondan əl çəkməyib, xalası qızını daim narahat etmişdir. Xalası oğlu Yusiflə bu məsələni biləndən sonra Kamranla söhbət edib məqsədini bilmək üçün xx.xx.2025-ci il tarixdə onun yaşadığı binanın qarşısına getmişlər və Kamran saat təxminən 21 radələrində onların yanına gəlmişdir. Həmin yer Kamranın yaşadığı məhəllə olduğuna görə oradan aralaşıb qaranlıq bir yerə qarajların yanına gəlmişlər. Oraya getməyi Kamran özü təklif etmişdir. Xalası oğlu Yusif ona bir az kənara getməyini demiş, o da onlardan 20-25 metr kənara çəkilib dayanmışdır. Yusiflə Kamran məlum məsələ ilə bağlı söhbət etmişlər. Bir xeyli söhbətdən sonra Kamran təhqiramiz ifadə işlətdiyindən Yusif badalaq verib fənd ataraq Kamranı yerə yıxıb yerdə vurmağa başlamış, o, uzaqdan Yusifin Kamranı döydüyünü görüb tez özünü çatdırmış və Yusifi dartaraq Kamrandan aralamışdır. Kamran ayağa qalxıb qaranlıq səmtə qaçmağa başlamış, o Yusifin qabağında dayanmışdır ki, Kamranın arxasınca getməsin, lakin Yusif onu kənara itələyib Kamranın arxasınca qaçmış, o da Yusifin arxasınca qaçmış və görmüşdür ki, Kamran qarşıda dalana dirənərək çöküb oturmuş və nalayiq söyüşlər söyür, ona görə Yusif Kamrana çatanda təpiklə Kamranın sifət nahiyəsindən zərbə ilə vurmuş, o isə Yusifin belini qucaqlayıb onu kənarlaşdırmağa çalışmışdır. O özü həmin vaxt qəti şəkildə Kamranı vurmamış və ona şəxsən hər hansı bir xəsarət yetirməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2025-ci ilin fevral ayından etibarən “Karvan” ticarət mərkəzində yerləşən “Bazarstore” marketdə satıcı işləyir. Zərərçəkmiş şəxs həmin marketdə nəzarətçi işləmiş, təxminən fevral ayının ortalarında Zərərçəkmiş şəxs marketdə ona yaxınlaşıb ondan xoşu gəldiyini, onunla münasibət qurmaq istədiyini bildirmiş, o isə ona nişanlı olduğunu və onunla heç bir münasibətlərinin ola bilməyəcəyini demiş və xahiş eləmişdir ki, onu narahat etməsin. Lakin, Kamran bundan sonra da bir neçə dəfə yaxınlaşıb onu sevdiyini bildirmiş, o isə ondan qəti şəkildə onu narahat etməməsini tələb etmişdir. Kamran onun mobil nömrəsini və instagram hesabını kimdənsə tapıb ona yazmış, ona hə deməsə özünü öldürəcəyini bildirmişdir. Kamranın ondan əl çəkmədiyini görüb bu barədə Kamranın rəisinə və market rəhbərliyinə məlumat vermiş, mağazanın rəhbərliyinə etdiyi maraciət əsasında Kamran barədə araşdırma aparıb onu işdən azad etmişlər. Lakin, hər hansı bir hadisə olmamasından ötrü Kamranın onu narahat etdiyini qardaşı Yusifə bildirməmişdir. Qardaşı bu məsələni xalası oğlu Məhəmməd vasitəsilə bilmiş, Məhəmmədə isə bu barədə Kamranın baldızı demişdir. Hadisədən iki gün öncə qardaşı Yusif bu məsələ barədə ondan soruşmuş, o da məcbur qalıb danışmışdır. Lakin, qardaşı Yusifin Kamranı söhbətə çağırmasından və onu döyməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə edildiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X5 Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 270 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: Sol təpə-alın nahiyəsinin dərialtı hematoması, hər iki gözaltı nahiyənin və alt göz qapaqlarının qançırları və sol gözün ağlı qişasına qansızma, üst dodağın və ənsə nahiyyəsinin qançırları, alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 28.02.25-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçnin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-289/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-289/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver