Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-290/2024 11.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanındaa qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs yüksək vəzifədə işləyən tanışlarının olması və həmin şəxslərin vasitəsi ilə onu işə düzəldə biləcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə, sonuncunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə İdarəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bunun müqabilində Zərərçəkmiş şəxs 2023-cü ilin mart ayında hissə-hissə 4000 (dörd min) manat, 05 aprel 2023-cü il tarixdə isə Sumqayıt şəhəri, 44-cü məhəllə ərazsində yerləşən “BazarStore” mağazasında quraşdırılmış ödəniş terminalı vasitəsi ilə istifadəsində olan “Leobank” bank kartına köçürülmə yolu ilə göndərilmiş 2500 (iki min beş yüz) manat, ümumilikdə isə 6500 (altı min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi zərər vurub dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid həyat yoldaşının qardaşıdır. Zərərçəkmiş şəxs isə Elmanın vasitəsilə tanımışdır. Orxanla 2023-cü ilin mart ayında görüşdükdə o, maliyyə ixtisası üzrə təhsili olduğundan, ixtisasına uyğun olaraq dövlət orqanlarının birində işə düzəlmək istədiyini bildirmiş, bunun üçün isə 6500 manat pulunun olduğunu bildirmişdir. Bundan sonra pula ehtiyacı olduğundan Orxandan həmin pulu alıb şəxsi ehtiyaclarına sərf etməsini, həmçinin onun sənədlərini alaraq Orxanın adından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə İdarəsinə işə düzəlmək üçün müraciət etməsini, bu müddətdə isə Orxanın işə qəbulu rəsmi qaydada mümkün olmasa, ondan alıb şəxsi ehtiyaclarına sərf etdiyi pulu geri qaytarmasını fikirləşmişdir. Bundan sonrakı müddətdə nömrəsini unutduğu bank kartının bank hesabına Orxan tərəfindən göndərilmiş pulları çıxarıb şəxsi ehtiyaclarına sərf etmiş, sonda isə Orxan işinin düzəlmədiyini bildirib verdiyi ümumilikdə 6500 manat pulu geri qaytarmağımı tələb etmiş, əks təqdirdə barəsində şikayət edəcəyini bildirmişdir. Bundan sonra Orxandan aldığı puldan bir hissəsini qaytarmışdır, borclu qaldığı pulu isə ödəyəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs ümumilikdə 6500 manat pulu onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə İdarəsinə işə düzəltmək adı ilə alıb şəxsi ehtiyaclarına sərf etmiş, ondan nağd pul almış, ancaq aradan xeyli müddət keçdiyindən hansı məbləğdə və nə vaxt pul aldığını unutmuşdur. Zərərçəkmiş şəxs hərbi biletinə manqa komandiri vəzifəsində hərbi xidmətdə qulluq etməsi barədə qeyd aparmış, bunu isə Orxanın onu işə düzəldəcəyinə inanması üçün etmiş, ancaq Zərərçəkmiş şəxs hərbi biletinə manqa komandiri vəzifəsində hərbi xidmətdə qulluq etməsi barədə qeyd aparılması üçün ondan hər hansı məbləğdə pul almamış, Orxandan onu işə düzəltmək üçün əvvəlcədən razılaşdıqları kimi cəmi 6500 manat pul almışdır. Aldığı puldan Şahid hər hansı məbləğdə pul verməmiş, Elman sadəcə Orxanla onu tanış etmiş, digər məsələlərə qarışmamış, Zərərçəkmiş şəxs özünü polis əməkdaşı kimi təqdim etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərəçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şahid təxminən 2017-ci ildən tanımış, əvvəllər onunla “Fintrend” kredit təşkilatında birlikdə işləmişdir. Sonradan başqa bir işdə işləməyə başlamış, buna baxmayaraq Elmanla əlaqəsini kəsməmiş, arada vaxt olanda onunla görüşməyə davam etmişdir. 2023-cü ilin fevarl ayında Elmanla növbəti telefon danışıqlarının birində Elman Azərbaycan Respublikası Ədliyyə Nazirliyində tanışlarının olduğunu bildirmiş, Ədliyyə Nazirliyinin Maliyyə İdarəsində onu Maliyyə departamentinin rəisinin köməkçisi kimi işə düzəltməyini təklif etmiş, bunun üçün isə ondan 6500 manat pul istəmişdir. O, Elmanın dedikləri ilə razılaşmış, ondan işə hansı formada düzələcəyini soruşduqda o, bacısının əri olan Təqsirləndirilən şəxs bu işlə məşğul olacağını bildirmiş, Rəşadı ona Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşı kimi təqdim etmişdir. Bundan sonra birlikdə Rəşadla da görüşmüş, Rəşadla görüşlərinin birində o işə düzəlməsi üçün ondan hərbi biletini istəmişdir. Rəşada hərbi biletini verdikdə o, hərbi bileti ilə tanış olmuş, hərbi biletində rütbəsinin əsgər kimi göstərildiyini bildirmiş, işə düzəlmək istəyirsə ən azından hərbi biletində rütbəsinin manqa komandiri kimi göstərilməli olduğunu demişdir. Rəşad hərbi biletinə manqa komandiri rütbəsinin yazılması üçün ilk olaraq ondan 600 manat pul istəmişdir. 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Tekilla” restoranında Rəşadla görüşdükdə ona hərbi biletini və hərbi biletinə manqa komandiri rütbəsinin yazılması üçün 600 manat pul vermiş, Rəşad isə pulu aldıqdan sonra hərbi biletinə manqa komandiri rütbəsində əsgərlikdə xidmətdə olduğunun yazılması üçün hərbi biletini xidmətdə olduğu hərbi hissəyə göndərəcəyini bildirmişdir. Bundan təxminən 15 gün sonra Rəşad hərbi biletini özünə qaytarmış, hərbi biletini nəzərdən keçirdikdə həqiqətən hərbi biletində qələmlə manqa komandiri sözlərinin yazıldığını görmüşdür. Bu barədə Rəşaddan maraqlandıqda o, xidmətdə olduğu hərbi hissədə də bununla bağlı qeydiyyat aparıldığını bildirmiş, daha sonra Rəşad artıq onun işə düzəlmək üçün işə başladığını bildirib razılaşdıqları pulu ona verməyini tələb etmişdir. Bundan sonrakı müddətdə yəni, xx.xx.2023-cü il tarixədək olan müddətdə 3400 manat pulu hissə-hissə Rəşada şəxsən vermiş və ya Elmana məxsus bank kartının bank hesabına ödəmiş, sonda qalan pulu bütövlükdə verməsini tələb etdiyi üçün sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri 44-cü məhəllə ərazisində yerləşən “BazarStore” adlı marketdə quraşdırılmış ödəniş terminalı vasitəsilə Elmana məxsus “Leobank” bank kartının bank hesabına 2500 manat pul göndərmişdir. Bundan sonra isə Rəşad və Elman danışıqlar apardıqlarını, tezliklə işin düzəlməsini təşkil edəcəklərinə söz vermişlər. Ancaq vaxt keçdikcə onlar müəyyən problemlər yarandığını bildirib əlavə vaxt istəmiş, beləcə 2023-cü ilin iyul ayının sonlarınadək vaxt uzanmış, sonda işinin alınmadığını görüb Elman və Rəşaddan aldıqları pulu geri qaytarmalarını tələb etmiş, onlar aldıqları pulu geri qaytaracaqlarına söz versələr də, vədlərinə əməl etmədiklərindən xx.xx.2023- cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 ximətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Sonra isə Binəqədi RPİ-nin 5-ci PB-nə şikayət ərizəsi yazmış, sonradan isə müraciəti əsasında toplanmış material Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilmiş, bu müddətdə, yəni 2023-cü ilin avqust ayında Elman birinci dəfə 900 manat, ikinci dəfə isə 1350 manat olmaqla ondan aldıqları puldan ümumilikdə 2250 manat pulu ona geri qaytarmışdır. Elman pulu ona məxsus bank kartının bank hesabına ödəmiş, qalan puluda ödəyəcəyinə söz versədə ancaq Elman və Rəşad ondan aldıqları pulu geri qaytarmamışlar. Şahid və Təqsirləndirilən şəxs olar hər hansı şəxsin adını çəkməsələrdə, ancaq Ədliyyə Nazirliyində işləyən yüksək vəzifəli şəxslərin vasitəsilə onu işə düzəldəcəklərini bildirmişlər. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı hər hansı tələbinin və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs bir neçə il əvvəl bank olmayan kredit təşkilatında birlikdə işləyərkən tanımış, onunla əvvəllər münasibətləri normal olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarındakı telefon danışığı zamanı Orxan ondan işə düzəlmək üçün köməklik göstərməsini xahiş etmiş, Orxan təkidlə bunu xahiş etdiyi üçün bundan sonra o, Orxanı yeznəsi Rəşadla tanış etmiş, Rəşaddan Orxana köməklik göstərməsini xahiş etmişdir. Ancaq onlar arasındakı danışıqdan, razılaşmadan məlumatsız olmuş, bir müddət sonra ilk əvvəl Rəşad, sonra isə Orxan onunla əlaqə saxlayaraq aralarında narazılıq yarandığını bildirmişdir. Bu səbəbdən Orxan və Rəşadla birlikdə görüşərək aralarındakı narazılığın səbəbini öyrənmiş, Orxan Rəşada verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Bundan sonra Rəşadla danışdıqda Rəşadın haqsız olduğunu görüb, həmçinin onlar arasında vasitəçi olduğundan pulu özünün qaytaracağını bildirmişdir. Daha sonra Orxanla danışıb razılaşaraq ona ilk əvvəl 900 manat, sonra isə 1350 manat pul ödəmiş, qalan pulu isə hissə-hissə ödəməsinə razılaşmışlar. Orxanla danışdıqda o, Rəşadın ondan 4500 manat pul aldığını bildirmiş, Orxandan hər hansı məbləğdə pul almamış, ondan pulu Rəşad almışdır. Orxan Rəşada verdiyi pulun bir qismini onun adına qeydiyyata alınmış, ancaq faktiki Rəşadın istifadəsində olan bank kartına ödəmiş, həmin kartdan istifadə etməmişdir. Bacısının əri Rəşad hər hansı dövlət qurumunda işləməmiş, hər hansı rəsmi vəzifə tutmamışdır. Cinayət işinin 71-ci vərəqəsində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 91-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan 17 yanvar 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 112-113-cü vərəqələrində olan qətimkan tədbirinin nəzərə alınmasl haqqında 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi nəzərə alınmış və o həmin tarixdə MSY-dən azad edilmişdir. Cinayət işinin 54-55-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 182.2.1, 182.2.2, 182.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 62 və 69.3-cü maddələrinə əsasən ona 02 il 03 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etriafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 25 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, həmçinin 17 yanvar 2024cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə isə 04 (dörd) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, həmçinin 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-290/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-290/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver