Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-292/2023 17.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1968-ci il tarixdə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Kürdəmir şəhəri, Dəmir Yol binası, ev 4-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs tanışlarının vasitəsilə sonuncunun oğlu Şahid2 Xəzər dənizində mühafizə xidmətinə işə düzəldəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən "Unibank"ın qarşısındakı parkda etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 8000 manat pulu alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əsl adı Almasdır, ikinci adı isə Arzudur və çoxları onu Arzu kimi tanıyır. Heç bir yerdə işləmir. 2021-ci ilin avqust ayının əvvəllərində tanışı Şahid1 onun mobil telefonuna zəng edərək qohumu Sakit adlı şəxsin oğlu Samiri işə düzəltmək istədiyini bildirmişdir. Şahid1 əvvəllər yaşadığı Sumqayıt şəhəri 45-ci məhəllədə qonşusu olduğu üçün tanımış, münasibətləri normal olmuşdur. Xədicəyə kiməsə iş düzəlmə lazım olsa köməklik edə biləcəyini demişdir. Xədicəyə etiraz etməyərək dediyi Samirin işə düzəlməsinə köməklik edə biləcəyini və Samiri onunla görüşdürməyini bildirmişdir. Bir neçə gündən sonra Xədicəyə zəng edərək görüşmələrini demiş, Xədicə sonradan adlarını Sakit, arvadı Raziyə və oğlu Samir bildiyi şəxslərlə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən "Unibank"ın qarşısındakı parkda görüşmüşlər. Görüş zamanı Samirə bir neçə iş təklif etmiş, Samir həmin işlərdən Xəzər dənizində mühafizə xidməti işini bəyəndiyini bildirmiş, o, Sakit və Raziyyəyə Samiri həmin işə düzəldə biləcəyini, 15 gün dənizdə olacağını, 15 gün isə evdə qalacağını, həmin işin qiymətini dəqiq bilmədiyini, öyrənib bildirəcəyini deyərək onlara mobil nömrəni verib ayrılmışlar. Bir neçə gündən sonra Raziyyəyə zəng edərək görüşmələrini demiş, Sakit, Raziyyə və Samirlə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən "Unibank"ın qarşısındkakı parkda görüşmüşlər. Söhbət zamanı Samirin Xəzər dənizində mühafizə xidməti işinə düzəlməsi üçün 8000 lazım olduğunu və 3 ay ərzində Samirin işə başlayacağını demiş, Samirin valideynləri düşünüb onunla razılaşmışlar, o, onlara pulu tez çatdırmalarını demişdir. xx.xx.2021-ci il tarixdə zəngləşib Sakit, Raziyyə, Samir və Xədicə ilə əvvəl görüşdükləri yerdə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən "Unibank"ın qarşısındakı parkda saat 18 radələrində görüşmüşlər, həmin vaxtı Sakit bir ədəd zərfin içərisində olan 8000 manat pulu ona vermiş, onlara Samirin işinin tezliklə həll olunacağını və Samirə öz CV-ni ona göndərməsini bildirmişdir. Həmin vaxtı maddi ehtiyacı olduğundan Sakitdən aldığı 8000 manat pulu öz borclarının bağlanmasına sərf etmiş, lakin bu barədə Sakitə və onların heç birinə bildirməmiş, düşünmüşdür ki, bir neçə ay ərzində pul tapıb Sakitə hissə-hissə qaytarar və Samirin dənizdə mühafizə xidmətinə işə düzəlməsi ilə bağlı heç bir iş görməmişdir. Bir müddətdən sonra Sakit və ailə üzvləri ona zəng edərək işin nə yerdə olduğunu soruşurmuşlar, onlara xəbər edəcəyini bildirmiş, bir müddət keçdikdən sonra Sakit ona zəng edərək ona verdyi 8000 manat pulu geri qaytarmağını istəmiş, lakin onun pulu olmadığı üçün məcbur olub Sakitə bəhanələr gətirmişdir. Sonradan ona məlum oldu ki, Sakit onun barədə polisə şikayət etmişdir. Xədicənin onun Sakitdən aldığı 8000 manat pulu ələ keçirməyi barədə heç bir məlumatı olmamışdır və o, Xədicəyə bu barədə bir söz deməmişdir. Xədicə sadəcə qohumlarına köməklik etmək üçün onu onlarla tanış etmişdir. Hazırda zərərçəkmişə dəymiş zərərdən 2000 manatı ödəmiş, 6000 manat qalmışdır. Əməlindən peşmandır. İki yetkinlik yaşına çatmış övladı vardır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, İİ-ci qrup 1-ci Qarabağ Müharibəsi əlilidir. 2021-ci ilin avqust ayının əvvəllərində dayısı oğlu Rafaelin arvadı Xədicə onlarda olan zaman söhbət zamanı qonşusu Arzu adlı, sonradan əsl adının Almas olduğunu bildikləri qadının hamıya yaxşı işə düzəlməsinə köməklik etdiyini bildirmiş, həmin vaxtı o, Xədicəyə işsiz olan oğlu Samirə normal şəraitli və məvacibli işə düzəlməsini istədiyini demiş və bununla bağlı Almasdan bu barədə maraqlanmasını xahiş etmişdir. Həmin gün Xədicə öz mobil telefonu ilə Almasın mobil nömrəsinə zəng edib Samirin işə düzəlməsi barədə danışmış, Almas Xədicəyə bu barədə görüşüb danışmalarını demişdir. Bir neçə gündən sonra Xədicə onlara zəng edərək Almasın onlarla və Samirlə görüşmək istədiyini demiş, o, Xədicə, arvadı Raziyə və oğlu Samir ertəsi gün Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən "Unibank"ın qarşısındakı parkda Almasla görüşmüşlər. Söhbət zamanı X10 Dənizində mühafizə xidmətinə işə düzəldəcəyini, 15 gün dənizdə işdə olacağını, 15 gün isə evdə qalacağını bildirmiş, Almasın dediyi iş onları qane etmişdir. Almas işin qiymətini dəqiq bilmədiyini, pulu kimə verəcəksə gedib onunla danışdıqdan sonra onlara konkret qiymət deyəcəyini bildirmiş, onlar mobil nömrələrini bir-birlərinə verib ayrılmışlar. Bir neçə gündən sonra Almas Raziyəyə zəng edərək görüşməli olduqlarını bildirmiş, o, Samir və Raziyə Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən "Unibank"ın qarşısındakı parkda Almasla görüşmüşlər. Görüş zamanı X10 Dənizində mühafizə xidmətinə işə düzəlmə qiymətinin 8000 manat olduğunu və 3 ay ərzində işə başlayacağını bildirdikdə onlar razılaşmışlar. Almas pulu tez çatdırmalarını demişdir. xx.xx.2021-ci il tarixdə Almasla zəngləşib danışdıqdan sonra o, Samir, Raziyə və Xədicə ilə birlikdə yenə də Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən "Unibank"ın qarşısındakı parkda Almasla həmin gün saat 18 radələrində görüşmüşlər. Həmin vaxtı o, 8000 manat pulu zərfdə Almasa vermişdir. Almas onların yanında pulu sayıb, Samirin 3 aya işinin həll olunacağını bildirmiş və Samirin CV-ni onun mobil telefonuna göndərilməsini istəmişdir. Təxminən 1 həftədən sonra Almas Raziyəyə zəng edib Samirin sənədlərinin göndərildiyini və işinin hazır olacağını bildirmişdir. Onlar da Almasa inanıb Samirin işə düzələcəyini gözləmişlər. Təxminən 2 aydan sonra Almas onlara zəng edərək sənədlərin hazır olduğunu, Samirin tezliklə işə başlayacağını bildirmişdir. Lakin həmin vaxtdan 1 ay keçdikdən sonra Almasla əlaqə saxlayan zaman, dənizdə partlayışın olduğunu və işin gecikdirildiyini bildirmişdir. Almasın dediyi vaxtda vədinə əməl etməməsi onlarda şübhə yaratdığından sonuncu barədə maraqlanmağa başlamışlar, həmin vaxtı onlara məlum olmuşdur ki, onun rəsmi adı Almasdır, lakin hamı onu Arzu adı ilə tanıyır. Bir müddətdən sonra Almasla əlaqə saxlayanda hər dəfə müxtəlif bəhanələr gətirərək vədinə əməl etmədiyi görüb pulu qaytarmağını və işin lazım olmadığını demiş, lakin Almas pulu qaytarmamış, nə də ki söz verdiyi işi yerinə yetirməyərək onu aldatmışdır. Ona görə də Almasın onu aldadılması barədə polisə şikayət etmişdir. Almasa 8000 manat pulu verən zaman yanında arvadı Raziyə, qohumu Xədicə və oğlu Samir olmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş 8000 manat zərərdən 2000 manatı ödəmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əri Rəfayılın bibisi oğludur, ailəvi münasibət saxlayaraq bir-birinin evinə gediş-gəlişi vardır. 2021-ci ilin avqust ayının əvvəllərində Sakitin evində olan zaman söhbət zamanı qonşusu Arzu adlı, sonradan əsl adının Almas bildiyi qadının hamıya yaxşı işə düzəlməsinə köməklik etdiyini bildirmiş, Alması təxminən 2 ildir ki, tanıyır, qonşu binanın sakini olmuş, söhbət zamanı Almas çoxlu şəxslərə iş tapmağa köməklik etdiyini, geniş əlaqələri olduğunu demişdir. Sakit də ona işsiz olan oğlu Samirə normal şəraitli və məvacibli iş düzəlməsini və bununla bağlı Almasdan maraqlanmağını xahiş etmiş, o, da öz mobil telefonu ilə Almasın mobil nömrəsinə zəng edib Samirin işə düzəlməsi barədə danışmış, Almas bu barədə görüşüb danışmalarını demişdir. Bir neçə gündən sonra Almas görüşmək istədiyini dedikdə, o, Sakit, arvadı Raziyə və oğlu Samir ertəsi gün Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən "Unibank"ın qarşısındakı parkda Almasla görüşmüşlər. Söhbət zamanı X10 Dənizində mühafizə xidmətinə işə düzəldəcəyini, 15 gün dənizdə işdə olacağını, 15 gün isə evdə qalacağını bildirmiş, Almasın dediyi iş Sakiti qane etmişdir. Almas işin qiymətini dəqiq bilmədiyini, pulu kimə verəcəksə gedib onunla danışdıqdan sonra onlara konkret qiymət deyəcəyini bildirmiş, onlar mobil nömrələrini bir-birlərinə verib ayrılmışlar. Bundan sonra Sakit və Almas öz aralarında yenidən görüşüb onun iştirakı olmadan söhbət etmişlər və Sakit, Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən "Unibank"ın qarşısındakı parkda 8000 manat pulu zərfin içərisində Almasa verdiyini işitmişdir. Bundan sonra Sakit və ailə üzvləri ilə əlaqə saxlayanda Samirin işi ilə bağlı maraqlanırmış, onlar deyirmişlər ki, Almas işi düzəldəcəyini söz verməsinə baxmayaraq bu günədək öz vədinə əməl etməmişdir. Sonradan onlara məlum olmuşdur ki, Arzunun əsl adı Almasdır və Almas onun qonşuluğundan Sumqayıt şəhəri 2-ci mkr ərazisinə başqa mənzilə köçmüşdür. Bundan sonra Almasla görüşüb Samirin işi barədə və ya alınmırsa pulu qaytarması barədə danışsa da, Almas hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Bir müddətdən sonra bilmişdir ki, Sakit Almas barədə şikayət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 atası Zərərçəkmiş şəxs və qohumu Şahid1 ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan qərarlardan görünür ki, xx.xx.2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2022-ci il tarixdə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15% mədləğində pul tutulmaqla 01 il 11 ay 26 gün müddətinə islah işlərinə məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndində əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-109/2020 saylı, xx.xx.2022-ci il tarixli hökmü və Sumqayıt şəhər Probasiya Şöbəsinin 21-2/3-4610 saylı, xx.xx.2022-ci il tarixli məktubu iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:50-də Sumqayıt şəhəri, 2-ci mikrorayon, 26/65 saylı evin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saat 18:50-də Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqinda ******* saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 12 iyul 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı MKS tərəfindən verilmiş 948 saylı, xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında oğlu-1997-ci il təvəllüdlü X5 və oğlu-1995-ci il təvəllüdlü X6 ilə birlikdə qeydiyyatsız, kirayə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 32.4, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15% mədləğində pul tutulmaqla 01 il 11 ay 26 gün müddətinə islah işlərinə məhkum edilmiş, Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndində əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Beləliklə Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 50-ci bəndində qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növündən nisbətən yüngül, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ cərimə cəzasına nisbətdə daha ağır cəza növü olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv - hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X3rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-292/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 086 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardımın yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-292/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-292/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver