Məhkəmə qərarları › İş №1(060)-293/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-293/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-293/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt şəhər 1 Saylı Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Qubadlı rayonu, Cibikli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, publik hüquqi şəxs "Sumqayıt Tibb Mərkəzi"ndə sürücü vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, “İkinci Qarabağ” müharibəsi iştirakçısı, Cəbrayılın azad olunmasına görə” medal, “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal və “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan və ünvan 1də yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 13,882 qram çəkidə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 29.10.2021-ci il tarixdə saat 22:15-də Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən 68 saylı körpələr evi-uşaq baxçasının qarşısında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 13,882 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 29.10.2021-ci il tarixdə saat 22:15 radələrində Sumqayıt 48-ci məhəllə ərazisində yerləşən 68 saylı körpələr evi-uşaq baxçasının qarşısında olan polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlamışlar. Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqların birində videoçəkiliş aparılaraq vəkilin iştirakı ilə üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuş, o da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan qudulmuş marixuananı onlara təqdim etmişdir. Ondan həmin narkotiki haradan əldə etdiyini soruşduqda, həmin narkotik vasitə olan qurudulmuş marixuananı 28.10.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən «Sabunçu bazarı» adlanan yerin yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Aşkar olunan həmin narkotik vasitə olan qurudulmuş marixuana tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da sənədləri imza etmişdir. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. O narkamaniya xəstəliyindən əziyyət çəkmir, cəmi bir neçə dəfə marixuana çəkmişdir. Təqsirləndirilən şəxs son sözündə “İkinci Qarabağ” müharibəsi iştirakçısı olduğunu, ilk dəfə cinayət əməli törətdiyini bildirərək Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 oğlu ifadəsində bildirmişdir ki, 29.10.2021-ci il tarixdə Sumqayıt şəhərində Kərim adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 29.10.2021-ci il tarixdə, saat 22:15-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində yerləşən 68 saylı körpələr evi-uşaq baxçasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev özünü təqdim edərək, əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbudu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili təqdim etmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuş, o da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan qudulmuş marixuananı təqdim etmiş, ondan həmin narkotiki vasitə olan qurudulmuş marixuananı haradan əldə etdiyi soruşulduqda, o da həmin narkotik vasitə olan qurudulmuş marixuananı 28.10.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən «Sabunçu bazarı» adlanan yerin yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmiş, həmin vaxt onun üzərindən aşkar olunmuş narkotik vasitə olan mariuxana tərəzidə çəkilərək, qablaşdırılmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmişdir, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİnin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, polis nəfəri polis serjantı Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadələr verərək, onunla eyni xüsusatları qeyd etmişdirlər. Məhkəmə istintaqı zamanı proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş şahid və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X3 elan edilmiş ifadəsindən görünür ki, o da Şahid2, Şahid3 və Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 30.10.2021-ci il tarixli, 7/1121 nömrəli rəyində qeyd olunmuşdur ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 13,882 qram bitki məşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuannadır. Qeyd: Marixuananın təmiz çəkisi-13,882 qram, tədqiqata istifadə olundu-0,03 qram. Qalıq-13,852 qram qalmışdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14.12.2021-ci il tarixli, 5086 saylı rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan, Sumqayıt şəhər Məhkəməsinin 09.03.2022-ci il tarixli, 1(060)-293/2022 saylı qərarı ilə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 04.04.2022-ci il tarixli, 1591 saylı rəyində qeyd olunmuşdur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkamaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd diskə baxış keçirilməsi protokolundan görünür ki, 29.10.2021-ci il tarixdə Sumqayıt şəhərində Kərim adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında 29.10.2021-ci il tarixdə, saat 22:15-də Sumqayıt şəhəri 48ci məhəllə ərazisində yerləşən 68 saylı körpələr evi-uşaq baxçasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videokamera işə salınaraq üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı Pərvin Allahverdiyev ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbudu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Nail Məmmədovu təqdim edir, Kərim bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. O da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan qudulmuş marixuananı təqdim edir, ondan həmin narkotiki vasitə olan qurudulmuş marixuananı haradan əldə etdiyi soruşulduqda, o da həmin narkotik vasitə olan qurudulmuş marixuananı 28.10.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən «Sabunçu bazarı» adlanan yerin yaxınlığında olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 50 manata aldığını bildirir. Həmin vaxt onun üzərindən aşkar olunmuş narkotik vasitə olan mariuxana tərəzidə çəkilərək, qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 18.11.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər 17 saylı MKS tərəfndən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə masbət xarakterizə olunur. İş materiallarında olan İ-7126-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezienti İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan İ-6277-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezienti İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 dekabr 2020-ci il tarixli əmri ilə “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”-dən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsində sürücü vəzifəsində işləyir. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İŞ-nin baş müstəntiqi, polis mayoru Əmrah Rüstəmov tərəfindən 30 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 29 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixində saat 22:15-də Sumqayıt şəhəri, 48-ci məhəllə ərazisində yerləşən 68 saylı körpələr evi-uşaq baxçasının qarşısında saxlanılmış və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən CPM-nin 153cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işi materiallarında olan “şəxsi axtarışın keçirilməsi barədə” 29.10.2021-ci il tarixli protokoldan görünür ki, 29.10.2021-ci il tarixdə, saat 22:15-də Sumqayıt şəhəri, 48ci məhəllə ərazisində yerləşən 68 saylı körpələr evi-uşaq baxçasının qarşısında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçəninin sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açılmış və içərisində spesifik iyə malik narkotik vasitə olan qurudulmuş “mariuana”-ya bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan maddə narkotik vasitədir. Aşkar olunmuş həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Sabunçu bazarı” adlanan yerin yaxınlığınnda tanımadığı şəxsdən 50 (əlli) azn pula aldığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarında olan 17 noyabr 2021-ci il tarixli “maddi sübut kimi tanıma barədə” qərarla ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş və təhqiqatdan sonra qalmış 13,852 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarında olan 31 oktyabr 2021-ci il tarixli “təqirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 13,882 qram çəkidə narkotik vasitə olan marixuanain ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 13,852 qram marixuana üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi Dairəsi tərəfindən verilmiş 09.08.2021-ci il xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, narkoloji ekspertizanın 14.12.2021-ci il tarixli, 5086 saylı rəyini sübut kimi qəbul etmir. Belə ki, işin araşdırılan halları ilə həmin rəy üst-üstə düşmür. Təqsirləndirlən şəxs ifadəsinə əsas götürərək məhkəmə tərəfindən təyin edilmiş təkrar ekspertiza nəticəsində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olmadığı, hər hansı aslılıq yaranmadığı təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə Təqsirləndirilən şəxs əməli etiraf etməsi, əməlindən peşman olması, “İkinci Qarabağ” müharibəsi iştirakçısı olması, Cəbrayılın azad olunmasına görə” medal, “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal və “Cəsur döyüşçü” medalı ilə təltif olunması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzasında ərazi hüdudlarında kənara çıxmama və gecə saatlarında yaşayış yerinin tərk etməmə kimi qoyulan məhdudiyyətlərdə onun işlədiyi “Sumqayıt Tibb Mərkəzi”-də sürücü vəzifəsinin spesifikliyi nəzərə alınmalı, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən edilməlidir. Eyni zamanda məhkəmə “Sumqayıt Tibb Mərkəzi”-də X5 avtomobilinin sürücüsü olduğu üçün günün müxtəlif vaxtlarında, yəni gecə və gündüz saatlarında iş rejminə uyğun olaraq 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək vəzifəsi icra edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının 29-31 tarixlərində Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 13,882 qram çəkidə narkotik vasitə olan marixuanain ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 13,852 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli (iş № 1(060)- 293/2022) qərarını icra edərək, 04.02.2022-ci il tarixli 89 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə hər ay gecə saatlarında işləməsi barədə cədvəli təqdim etməklə və iş saatları nəzərə alınmaqla məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı şəhəri və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 13,882 qram çəkidə narkotik vasitə olan marixuananın ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 13,852 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89,00 (səksən doqquz) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar