Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-294/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 77, ev 185 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) bükümdə, təmiz çəkisi 1,299 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 21 dekabr 2021-ci il tarixdə saat 18:10-də Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 77, ev 185 ünvanının yaxınlığında saxlanılaraq polis idarəsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən 1 bükümdə, təmiz çəkisi 1,299 qram narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 21 dekabr 2021-ci il saat 18:10 radələrində yaşadığı evin yaxınlığında olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşaraq heç bir söz demədən onu döyməyə başlamışlar və ondan narkotik maddənin harada olmasını soruşmular, o, onda heç bir narkotik maddə olmadığını bildirdikdən sonra polis əməkdaşları onunla birlikdə yaşadığı evə baxış keçirmiş, oradan heç bir narkotik maddə aşkar olunmamış, sonra isə onu Sumqayıt ŞPİ-nə aparmışlar, ona orada narkotik maddə təqdim edərək bildirmişlər ki, həmin narkotik maddəni üzərinə qoymalıdır və çəkiliş zamanı həmin narkotik maddənin ona məxsus olmasını bildirməlidir. O, narkotik maddə istifadəçisi olduğu üçün onlarla razılaşmış və həmin narkotik maddəni üzərində saxlamış və çəkiliş zamanı həmin narkotik maddənin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ilkin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həqiqəti əks etdirmədiyini bildirərək göstərdi ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə almaq qərarına gəlmişdir. 21 dekabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhərində olduğu zaman Bakı şəhəri “20 Yanvar” metrosu ərazisində qismən tanıdığı adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 30 manat dəyərində bir bükümdə narkotik vasitə heroin almış və üzərində saxlamışdır. Qeyd olunan tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığında olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirmişlər, sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nə aparılacağını bildirmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynindəki şalvarının sağ yan cibindən özünə məxsus şəffaf rəngli sellofana bükülmüş bir bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, xəstə olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin NMB-nin, əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 21 dekabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-a əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid1 və Şahid3 iştirak etmişdir. 21.12.2021-ci il tarixdə saat 18:10 radələrində Təqsirləndirilən şəxs, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 77, ev 185 ünvanının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi Kərimxan Əsədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs də, əynində olan şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və əynində olan gödəkcəsindən 5 qutu “Manga” markalı siqarətləri, yaşadığı evin açarlarını və 50 qəpik pul təqdim etmişdir. Götürülmüş bükümə baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, tanımadığı şəxsdən 21.12.2021-ci il tarixdə Bakı şəhərində “20 Yanvar” metrosu ərazisində səhər saatlarında 30 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutuları, evinin açarı və 50 qəpik pulu iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və Azərbaycan Respublikası DİNnin 124 saylı möhürü ilə möhürlənmışdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütlədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun üzərinə baxış keçirilərkən nə onun, nə də ki, digər polis əməkdaşları tərəfindən sonuncuya qarşı heç bir təzyiq və ya təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 21.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2021-ci il tarixli, 6/5572 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində”...Saxlanılan (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,299 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroinin təmiz çəkisi-1,299 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-1,249 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2022-ci il tarixli, 90 saylı saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının ilkin mərhələsində verdiyi ifadəsi, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və növbəti məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə yanaşı məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, təqsirləndirilən şəxsin ilkin məhkəmə istintaqı zamanı vermiş olduğu üzərindən narkotik maddə aşkar olunmaması, polis əməkdaşları tərəfindən döyülməsi və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda və məhkəmə istintaqında təkrar vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs ilkin məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclasının ilkin mərhələsində səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 28.01.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı 28 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 23.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 23.12.2021-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,249 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli (İş № 1(060)-294/2022) qərarını icra edərək, 04 fevral 2022-ci il tarixli 74 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,249 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-294/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-294/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver