Məhkəmə qərarları › İş №1(060)-294/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-294/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-294/2024 21.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs tanışlarının vasitəsilə sonuncuya borclu olan Aygün adlı qadından borcun geri qaytarılmasına köməklik edəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən ünvanda mobil tətbiq vasitəsilə onun cinayətkar niyyətindən xəbərsiz olmuş tanışı Şahid2 adına olan **********377580 nömrəli "Umico" hesab kartına göndərdiyi 1900 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs 1900 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, 2023-cü ilin may ayında “tik-tok” sosial şəbəkəsində Jalə adlı qadınla tanış olmuş və sonradan həmin vaxtı istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə Jalənin ***-***-**-** saylı nömrənin votsapı ilə yazışıb əlaqə saxlamışlar. Söhbət zamanı Jalə özünə iş axtardığını və ondan köməklik etməyini xahiş etmiş,o da Jaləyə iş tapacağını, həmçinin kimin nə problemi varsa həll edə biləcəyini, vəzifəli şəxslərlə əlaqələrinin olduğunu bildirmiş, söhbət zamanı Jalə demişdir ki, onun Natiqə adlı rəfiqəsinə Aygün adlı qadın pul borcludur, borcunu ala bilmir, o da bu işi həll edə biləcəyini, əvəllər də belə borc işləri gördüyünü və Natiqə adlı rəfiqəsi ilə onu görüşdürməyini demişdir. X2 ilə danışdığını və Natiqənin razı olduğunu deyərək Natiqənin mobil nömrəsini ona vermişdir. O, Natiqəyə zəng edib danışaraq onun borc məsələsini həll edəcəyini demişdir. Sonra o, Jalə və Natiqə Jalənin evində görüşmüşlər, Natiqə Bakı şəhərində Aygün adlı qadının ona olan 35.000 manat borcunu ala bilmədiyini demiş, o da özündən Natiqəyə demişdir ki, həmin Aygün barədə maraqlanmış, borcunu 10-15 günə geri ödətdirər, bunun müqabilində ona 2.000 manat verməlidir, pulu geri qaytarılandan sonra əlavə olaraq ona 4.000 manat verəcəkdir. Natiqə onunla razılaşmışdır. Həmin vaxtı onun maddi sıxıntıları olmuş, düşünmüşdür ki, Natiqədən 2.000 manat pul alıb problemlərimi həll edər, sonradan Natiqənin pulunu hissə-hissə qaytarar, lakin bu barədə Natiqəyə bildirməmişdir. xx.xx.2023-cü il tarixdə Natiqəyə zəng edərək pul barədə soruşmuş, həmin gün Natiqə Sumqayıt şəhərində evində olduğunu və ona 1900 manat göndərə biləcəyini demiş, o, Natiqəyə pulu deyəcəyi kart hesabına göndərməsini demişdir. Həmin gün Bakı şəhər sakini Kəmalə adlı tanışından kart nömrəsini ona verməsini və kartına onun üçün pul göndərəcəyini demiş, Kəmalə kartın şəklini ona göndərmiş, o da həmin kartın şəklini Natiqəyə göndərib Kəmalənin guya dostunun bacısı olduğunu demişdir. Həmin gün Natiqə 1900 manat pulu ona göndərdiyi hesab kartına göndərmişdir. Həmin gün 1900 manat pulu Kəmalədən aldıqdan sonra bu barədə Natiqəyə bildirərək, narahat olmamağını, 10-15 günə borc məsələsinin həll edəcəyini söyləmişdir. Həmin pulu öz maddi ehtiyaclarına sərf etmişdir. Belə ki, deyilən vaxt çatdıqdan sonra Natiqə ona zəng edərək işi ilə bağlı maraqlanırmış, o da hər dəfə Natiqəyə müxtəlif bəhanələr gətirərək möhlət istəyirmiş. Həmin müddətdə pul axtarırmış, lakin tapa bilməmişdir. Lakin bir müddətdən sonra həm Natiqə, həm də Jalə ona zəng edərək təkidlə borc işi ilə bağlı maraqlanırmışlar, sonra aralarında mübahisə düşmüş, Jalə və Natiqə onunla aqressiv danışmışlar, daha sonra onlarla əlaqəni kəsmişdir. Sonradan bilmişdir ki, Natiqə onun barədə polisə şikayət etmişdir. Natiqədən 1900 pulu özü almış və həmin puldan heç kimə verməmişdir. Həmin pulu almağını da ona heç kim deməmişdir. Natiqəyə vəd etdiyi borcun qaytarılması ilə bağlı heç kimə bir söz deməmiş və heç bir aidiyyəti orqana müraciət etməmişdir. Ümumiyyətlə o, Natiqənin dediyi Aygün adlı qadını tanımır. Jalənin onun Natiqədən aldığı 1900 manat pulu ələ keçirməyi barədə heç bir məlumatı olmamış və Jaləyə bu barədə bir söz deməmişdir. Jalə sadəcə rəfiqəsi Natiqəyə köməklik etmək üçün onu Natiqə ilə tanış etmişdir. 1900 manat pul köçürülən kartın sahibi Kəmalə Bakı şəhər sakinidir, Kəmalə ilə hazırda heç bir əlaqəsi yoxdur. Kəmalənin onun Natiqədən aldığı 1900 manat pulu ələ keçirməyi barədə heç bir məlumatı olmamışdır və Kəmaləyə bu barədə bir söz deməmişdir. Kəmaləyə sadəcə kart hesabına göndəriləcək pulun ona çatdırılmasını demişdir.Natiqə ilə aralarında pula görə mübahisələri olsa da, heç bir şeylə hədələməmiş və belə niyəti də olmamışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, özünün ona elan olunmuş ittihamda təqsirli bilir. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş, onunla barışmışdır. İş üzrə icraata xitam veriklməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Seymur adlı şəxsi 2023-cü ilin may ayında Bakı şəhərində yaşayan rəfiqəsi Jalənin vasitəsilə tanımışdır. Jalə ona demişdir ki, Seymur adlı şəxslə tanış olmuş, Seymur Jaləyə iş görən adam olduğunu, kimin nə problemi varsa həll edə biləcəyini, vəzifəli şəxslərlə sıx əlaqəsinin olduğunu bildirmişdir. Jalə də ona həmin Seymur barədə danışdıqda Seymurla onu görüşdürməyini demişdir. Belə ki, təxminən 2 il olar ki, Bakı şəhəridə Aygün adlı qadın ondan birgə iş görmək, birgə alver edib qazanc əldə etmək məqsədilə ümumilikdə 35.000 manat pul almış, lakin müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamış, bununla bağlı o, Bakı şəhərində şikayətlər vermiş, lakin Aygün hələ də pulunu qaytarmamışdır. Düşünmüşdür ki, Jalənin dediyi Seymur adlı şəxsin ona köməklik etməyə əli çatar, ona görə də Seymurla görüşmək qərarına gəlmişdir. Seymurla ilk dəfə 2023-cü ilin may ayında Jalə ilə birlikdə Bakı şəhəri Əhmədli qəsəbəsi ərazisində Jalənin evində görüşmüşlər. Seymura baş verənləri danışmış, Seymur demişdir ki, Aygünü tanıyır, bir müddət əvvəl Aygünün borclu olduğu bir nəfərə 25.000 manatı ödətdirmişdir, onun da problemini, yəni 35.000 manat pulunu 15-20 günə ödətdirəcəkdir, buna görə əvvəlcədən ona 2000 manat verilməli, pulu qaytardıqdan sonra da əlavə 4000 manat ondan alacaqdır. O, Seymurun danışığına inanıb razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ev 44, mənzil 16-da öz evində olan zaman özünün 416973******3911 nömrəli Kapital Bank kartından mobil tətbiqlə Seymurun ona fotoşəklini göndərdiyi **********377580 nömrəli hesab kartına 1900 manat pul göndərmiş, Seymurun ona göndərdiyi hesab kartı Şahid2 adlı qadının adına olmuş, o, bu barədə soruşduqda Seymur demişdir ki, dostunun bacısıdır. Lakin Seymurun dediyi vaxtda onunla əlaqə saxladıqda Seymur müxtəlif bəhanələr gətirməyə və möhlət istəməyə başlamış, daha da bir müddət keçdikdən sonra Seymurun onu aldatdığını görüb pulu qaytarmasını tələb etmiş, lakin Seymur yenə də bəhanələr gətirməyə başlamış və daha sonra onunla əlaqəni kəsmişdir. O da Seymurun onun etibarından istifadə edərək dələduzluq yolu ilə 1900 manat pulunu ələ keçirməsi ilə bağlı polisə şikayət etmişdir. Seymur onun ***-***-**-** nömrəsinə öz istifadə etdiyi ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb votsapda da ona yazmışdır. Seymura öz kapital bank kartından onun göndərdiyi Şahid2 adına olan **********377580 nömrəli hesab kartına göndərmişdir. Ona 1900 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayında “tik-tok” sosial şəbəkəsində Seymur adlı şəxslə tanış olmuş, Seymur ona iş görən adam olduğunu, kimin nə problemi varsa həll edə biləcəyini, vəzifəli şəxslərlə sıx əlaqəsinin olduğunu bildirmiş, Seymurdan nömrəsini almışdır. O da həmin vaxtı özünə uyğun iş tapmaqda ona köməklik etməsini xahiş etmişdir, Seymur narahat olmamağını, maraqlanıb deyəcəyini bildirmişdir. Söhbət zamanı Seymur kimin borc pulla bağlı probemi vardırsa köməklik edə biləcəyini demişdir. O da həmin vaxtı rəfiqəsi Natiqəyə bu barədə danışmış, Natiqə bir qadına pul verib geri ala bilmirmiş, Natiqə qərara gəlmişdirki, Seymurla görüşsünlər. O, Seymura bu barədə demiş, Seymur razılaşmışdır. Seymurla 2023-cü ilin may ayında Natiqə ilə birlikdə Bakı şəhəri Əhmədli qəsəbəsində onun yaşadığı evdə görüşmüşlər. Natiqə Seymura baş verənləri danışmış, Seymur demişdir ki, ona boclu olduğu Aygünü tanıyır, bir müddət əvvəl Aygünün borclu olduğu bir nəfərə 25.000 manatı ödətdirmişdir, Natiqəyə 35.000 manat pulunu 15-20 günə ödətdirəcəkdir, buna görə əvvəlcədən ona 2000 manat verilməli, pulu qaytardıqdan sonra da əlavə 4000 manat ondan alacaqdır. Onlar Seymurun danışığına inanmışlar və Natiqə Seymurla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Natiqənin evində olan zaman Natiqə özünün Kapital bank kartından Seymurun ona göndərdiyi hesab kartına 1900 manat pul göndərmiş, Seymurun Natiqəyə göndərdiyi hesab kartı Şahid2 adlı qadının adına olmuş, Natiqə bu barədə soruşduqda Seymur demişdir ki, dostunun bacısıdır. Lakin Seymurun dediyi vaxtda onunla əlaqə saxladıqda Seymur müxtəlif bəhanələr gətirməyə və möhlət istəməyə başlamış, daha da bir müddət keçdikdən sonra Natiqə Seymurun onu aldatdığını görüb pulu qaytarmasını tələb etmiş, o da həmçinin Seymura votsapda yazaraq Natiqənin pulunu qaytarmasını xahiş etmiş, Seymur demişdir ki, o, özündən pul tapıb Natiqəyə versin, sonra özü ona qaytarar, Seymurun bu danışıqlarından görmüşlər ki, onları aldadır. Daha sonra isə Seymur onlarla əlaqəni kəsmişdir. Natiqə də Seymur barədə şikayət etmişdir. Seymur ona heç bir məbləğdə pul verməmiş və təklif etməmişdir. Seymurun Natiqəni aldadacağını düşünməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında görüb tanımışdır. Həmin ərəfələrdə o, öz planşetini lalafo.az saytına satışa qoymuş, Seymur ilk dəfə həmin vaxtı onunla əlaqə saxlayıb planşeti almış, lakin 1-2 saatdan sonra ona zəng edərək planşetin yaddaş həcminin az olduğunu deyib planşeti qaytarmışdır. Sonra Seymur onun votsap nömrəsinin statusunda dərman reklamını görüb, dərmanla bağlı ona zəng etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Seymur ona zəng edərək öz bank kartının limiti bitdiyindən onun kartından ona göndərilən pulun çıxarılması üçün istifadə etməsini xahiş etmiş, o, etiraz etməmiş, bir insan kimi köməklik etməli olduğunu düşünmüş, Seymurla Əhmədli qəsəbəsi, Sarayevo küçəsində yerləşən "Kapital Bank" bankomatının yanında görüşmüş, öz "Umico" kartını vermiş, Seymur kartın fotoşəklini çəkib kiməsə göndərmiş və ona 1900 manat göndəriləcəyini demişdir. Təxminən 30 dəqiqədən sonra kartına 1900 manat yükləndmiş o, özü kartdan həmin pulu çıxarıb Seymura təqdim etmiş və sağollaşıb ayrılmışlar. Bundan sonra Seymurla heç bir əlaqəsi olmamışdır. Seymurun kimdən və nə məqsədlə 1900 manat alması barədə məlumatı olmamışdır və Seymur ona bu barədə deməmişdir. Ona maraqlı da deyilmiş, o, sadəcə Seymura göndərilən pulu çıxarıb özünə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 170.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 69.3, 68.2-ci maddələri tətbiq edilməklə 06 ay müddətinə azadlıqdanməhrumetmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsi ilə cəza 02 ay 28 gün təyin olunmuş və xx.xx.2011-ci ildə azad edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş 506 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizəni, nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-294/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 299 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 16 (on altı) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar