Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-294/2025 21.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Ağsu rayonu Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Cəlayir kəndində daimi qeydiyyatda olmaqla Ağsu rayonu Cəfərli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixdə saat 15:50 radələrində etibarnamə əsasında B1,B, C1,C kateqoriyalı BD 081473 seriyalı sürücülük hüququ ilə idarə etdiyi «QAZ 31105 120» minik markalı, **-RU- *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Sumqayıt şəhəri 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi ilə N.Nərimanov küçəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni piyada keçidinə daxil olmuş piyadaya nəqliyyat vasitəsini dayandırmaqla yol verməli olduğu halda bu tələblərə riayət etməyib yolu sağdan sola keçən xx.xx.2018-ci il təvəllüdlü piyada Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə vuraraq sonuncunun sağ qamış sümüyü cisminin sınığı xəsarəti ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş və «Yol hərəkən haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməklə nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisəyə aidiyyatı olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” avtomobili çağırmalı, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibb müəssisəsinə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya digər hüquq mühafizə orqanlarına xəbər verməli, həmin əməkdaşların gəlməsini gözləməli olduğu halda, bunları etməyərək idarə etdiyi avtomobili dayandırmadan həmin yerdən uzaqlaşaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, yol ilə getdiyi zaman uşaq nənəsinin yanından yola qaçmış, onu vurmuşdur. 20-30 metr irəlidə avtomobili saxlamış, özünü itirmişdir. Qayıdan zaman artıq uşağı avtomobilə qoyub xəstəxanaya aparmışlar, o da avtomobili yolun kənarında saxlayıb xəstəxanaya getmişdir. Daha sonra avtomobili cərimə meydançasına aparıb polis idarəsinə getmişdir. İdarə etdiyi avtomobil özünə məxsus «QAZ 31105 120» minik markalı olmuşdur. Hadisə 13-cü mikrorayondan çıxıb 6-cı mikrorayona gedərkən baş vermişdir. 4 zolaqlı yol olmuş, o sağ zolaqla hərəkətdə olmuşdur. Avtomobili təxminən 35-40 km/saat sürətlə idarə etmişdir. Uşaq yola qaçan zaman onla avtomobilin arasında təxminən 15 metr məsafə olmuşdur. Hadisə zamanı fikirli olmuş, uşağı vurduğunu görməmişdir. Hadisədən sonra avtomobili işə düşmədiyindən başqa avtomobil ilə xəstəxanaya getmişdir. Xəstəxanada uşağın ayağının sındığını və gipsə qoyulduğunu görmüşdür. Daha sonra uşağın yaxınları ilə danışmış, xərci çəkəcəyini bildirmişdir. Həmin vaxt qardaşı və həmyerliləri xəstəxanada qalmış, o da yol polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Axşam da bazarlıq edərək zərərçəkənin yanına getmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, barışıq əldə etmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, QAZ 31105 markalı **- RU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə təxminən saat 15:50 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi ilə üzü Nəriman Nərimanov küçəsi istiqamətində yolu soldan ikinci hərəkət zolağı ilə təxminən 50-60 km sürətlə hərəkətdə olan zaman ‘‘Bank of Baku”nun yaxınlığında yerləşən piyada keçidinə təxminən 30 metr məsafə qalmış soldan, yəni Heydər Park istiqamətindən yolu piyada keçidindən “Bank of Baku" istiqamətinə keçməkdə olan bir nəfər yaşlı qadın və yanında olan azyaşlı uşağın yaşlı qadının əlindən qaçmaq istədiyini görmüş və bu zaman sürətini bir qədər azaltmışdır. Daha sonra piyada keçidinə çatmağa təxminən 5-10 metr qalmış ondan solda hərəkətdə olan markasını xatırlamadığı avtomobil anidən piyada keçidinin qarşısında tormoz edərək dayanmış, o isə artıq həmin avtomobilin bərabərliyində olan zaman həmin azyaşlı uşaq anidən yaşlı qadının əlini buraxaraq piyada keçidindən qarşı tərəfə doğru qaçmağa başlamışdır. Həmin an o, avtomobili sağa doğru meylləndirib hadisənin qarşısını almağa çalışmış, lakin bu baş tutmamış və bu an avtomobilin qabaq sol hissəsi azyaşlıya toxunmuşdur. Nəticədə azyaşlı yerə yıxılmışdır. O azyaşlı piyadanı vurduğundan qorxduğu üçün, həmçinin onu surətlə vurmadığı üçün avtomobili saxlamayıb yoluna davam elmişdir. Bu zaman sərinişini olan dostu Qəribxan qışqıraraq ondan avtomobili saxlamağını və hadisə yerinə qayıtmağını tələb etmişdir. O da hadisə yerindən 100 metrdən çox məsafədə avtomobili yolu kənarına çəkib saxlamışdır. Qəribxan dərhal avtomobildən düşmüş və onun da avtomobildən düşməyini tələb etmişdir. Qəribxanla birlikdə hadisə yerinə qayıtmışlar. Hadisə yerinə çatdıqda isə yaxınlıqdakı insanlar ona azyaşlının xəstəxanaya aparıldığını bildirmişlər. Bundan sonra təcili olaraq həmin ərazidən keçən taksi avtomobilini əl işarəsi ilə saxlatmış və daha sonra sürücüyə onu xəstəxanaya çatdırmağını xahiş etmişdir. Bundan sonra isə özünü xəstəxanaya çatdırmışdır. Xəstəxanada olan zaman DYP əməkdaşları ona yaxınlaşmışlar və onlarla birlikdə avtomobili saxladığı yerə getmişdir. Hadisə baş verən zaman spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamış, hadisə ehtiyatsızlığı səbəbindən baş vermişdir. Hadisə zamanı özü, həmçinin sərinişini Qəribxan hər hansı bir bədən xəsarəti almamışdır. Hadisənin baş verməsinə səbəb piyada keçidinə yaxınlaşan zaman avtomobilini saxlamamağı və hərəkətini davam etdirməyi olmuşdur. Uşağı piyada keçidində görəndə artıq gec olduğundan hadisənin qarşısını ala bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs valideynidir. 18 sentyabr 2024-cü il tarixdə saat 4-ə qalmış radələrdə Murad nənəsi ilə birlikdə şahmat məktəbindən çıxarkən piyada keçidində iki avtomobil saxlamış, onlar da yolu keçən zaman digər avtomobil saxlamamış və uşağı vurmuşdur. Üzərinə gəldiyini görmüş, geri qayıtmaq istəmiş, bunun üçün yerə yıxılmış və avtomobil ayağının üzərindən keçmişdir. Avtomobil vurduqdan sonra qaçmışdır, daha sonra yolu keçən başqa bir şəxs uşağı qucağına alaraq başqa avtomobil saxlatdırmış və uşağı xəstəxanaya çatdırmışdır. O, həmin gün işdə olmuş, nənəsinin deməsinə görə ətrafda olan bir neçə nəfər onu tutub xəstəxanaya gətirmişlər ki, vuranı tapmışıq. O, xəstəxanaya gedərkən artıq uşağın ayağı gipsə qoyulmuşdu. 21 gün gipsdə qaldıqdan sonra əməliyyat olunmalı olduğunu bildirmişlər, onlar da öz hesablarına uşağı əməliyyat etdirmişlər. Təqsirləndirilən şəxs ilkin tibbi yardım xərclərini və bir həftə sonrakı rentgen xərclərini çəkmiş, ondan sonrakı xərcləri özləri çəkmişlər. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmişdir, hazırda heç bir şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmışlar. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam şəkildə ödənilmiş, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ayın 18-i şahmat məktəbindən uşaqla birlikdə gələn zaman birinci piyada keçidini keçmişlər, ikinci hissədə iki avtomobil dayanıb yol vermiş, üçüncü avtomobil gəlib uşağı vurub getmişdir. Uşağı yoldan keçən zaman başqa şəxs qucağına alıb ilk öncə “Real” Tibb Mərkəzinə getmiş, orada qəbul etmədiklərindən təcili tibbi yardım xəstəxanasına getmişlər. Xəstəxanada uşağı ayağını gipsə qoymuşlar, 10 gündən sonra yoxlanmış, yaxşı olmuş, bir həftədən sonra isə sümüyün tərpəndiyini, əməliyyat olunmalı olduğunu bildirmişlər. Bundan sonra “Liman” klinikasına getmişlər. Avtomobil yüksək sürətlə hərəkət etmişdir. Artıq uşağın ayağı gipsə qoyulduqdan sonra orada olan şəxslərdən biri yaxınlaşıb uşağı vuran şəxsin Ağsudan olan bir şəxs olduğunu və onu tutub gətirdiklərini demişdir. Təqsirləndirilən şəxs təxminən hadisədən bir saat sonra xəstəxanaya gəlmişdir. Bundan başqa həmin şəxs axşam da bir dəfə xəstəxanaya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Yol ilə gedən zaman uşağın nənəsinin yanından yola qaçmış, Cahid əyləci basmış, lakin avtomobil yüklü olduğundan dayana bilməmiş, uşağa dəymişdir. Bir az qabaqda, təxminən 50-60 metr irəlidə saxlayıb hadisə yerinə gəlmişlər və uşağı artıq xəstəxanaya apardıqlarını görmüşlər. Bundan sonra Cahid xəstəxanaya getmiş, o da Cahidin yaxınlarına xəbər vermək üçün getmişdir. Avtomobili təxminən 20-30 km/saat sürətlə idarə edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 6-cı mikrorayonda dayanacaqda dayanmış, uşaq nənəsi ilə piyada zolağından yolu keçən zaman avtomobilin uşağı vurduğunu görmüş və kömək edərək uşağı xəstəxanaya aparmışlar. Həmin vaxt digər avtomobillər hərəkətsiz dayanmışdı. Avtomobil uşağı vurduqdan sonra saxlamamışdır. O, orada ola digər şəxslərin köməkliyi və avtomobili ilə uşağı xəstəxanaya çatdırmışdır. İlk öncə yaxında olan xəstəxanaya aparmışlar, orada qəbul etmədiklərindən başqa xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. - Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, həmçinin yol nəqliyyat hadisəsi baş vermiş yerin fotoşəkillləri və sxemi çəkilərək cinayət işinə əlavə edilmişdir. - 4975 saylı, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur, narkotik maddə qəbulu faktı aşkarlanmamışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - Məhkəmə-tibbi ekspertizasının 1698 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ qamış sümüyü cisminin sınığı” xəsarəti vardır. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. - Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/3391 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ- 31105 markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində, Qanuni nümayəndə onun qanuni nümayəndəsi qismində tanınmışdır. - Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus «BC» kateqoriyalı BD081473 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsindən həmin məcəllənin 263.1 və 264-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən heç bir şikayətin olmaması barədə ərizəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” - 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” - 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 264-cü maddəsinə əsasən, bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarına əsasən şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının: - 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. - 3-cü bəndində izah edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. - 4-cü bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. - 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. - 17-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-nin 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. - 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yolnəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. - 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263- 1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü özlüyündə CMnin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” - 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” - 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” - 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” - 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin onunla barışmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizəni nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, həmin maddə ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-nin 264-cü maddəsi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasını, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə dəymiş maddi ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 264-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” - 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Ağsu rayonunun hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Ağsu rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)- 294/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 419/2025 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli qərarla edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 144 (bir yüz qırx dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və qeyd olunan maddə ilə iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Ağsu rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Ağsu rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Ağsu rayonu Cəfərli kəndini tərk etməmək, Ağsu rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-294/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-294/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver