Məhkəmə qərarları › İş №1(060)-295/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-295/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-295/2024 28.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonun Marlyan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 dekabr 2023-cü il tarixdə saat 18:25 radələrində “B” kateqoriyalı, AC 249330 seriyalı sürücülük hüququ olmaqla idarə etdiyi “TOYOTA PRİUS” markalı, ** DM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsininin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, nəqliyyat vasitəsini yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq sürməməli olduğu halda bunları etməyərək və həmin maddələrin tələblərinə riyayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Simurq” şadlıq evinin yaxınlığında yolu sağdan sola keçməkdə olan piyada, xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilinin qabaq ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan başın küt travması, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinə qansızına, ənsə nahiyyəsinin əzilmiş yarası, sol baldırın 1/3-nin qapalı sınığı, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilən xəsarətlər yetirib, Zərərçəkmiş şəxs almış olduğu başın küt travması nəticəsində baş beyinə qansızma ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, heç yerdə rəsmi qaydada işləmir, lakin mülkiyyətində “Toyota Prius” markalı, ** DM *** dövlət nömrə nişanlı avtomobili vardır və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaqla dolanır. Eyni zamanda 1998-ci ildən avtomobil idarə edir və xx.xx.2019-cu il tarixli AC 249330 nömrəli “B” dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18:10 radələrində H.Z.Tağıyev qəsəbəsindən iki nəfər sərnişin götürmüş, avtomobilini idarə etməklə Sumqayıt şəhəri istiqamətində gəlməyə başlamış, saat təxminən 18:25 radələrində idarə etdiyi avtomobillə Səməd Vurğun küçəsi ilə 26-lar məhəlləsi istiqamətində 65 km /saat sürəti ilə avtomobili idarə edərkən, “Simurq” şadlıq evinin yaxınlığında təxminən 40-50 metr məsafədən bir nəfər şəxsin yolu sağdan sola iti addımlarla keçmək üçün hərəkətdə olduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşanda avtomobili sola qaçırtmaq istəmişdir ki, həmin şəxsi vurmasın. Bu zaman şəxsdə avtomobildən yayınmaq üçün birazda sol istiqamətinə iti addımlarla hərəkət etməyə başlamışdır. Həmin vaxt aralarında olan çaşqınlıq səbəbindən hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi ** DM *** qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadı ilə həmin piyadanı vurmuş, vurduğu qadının baş hissəsi avtomobilin alın şüşəsinə dəydiyindən qadın yol örtüyünün üstünə yıxılmış və avtomobili dərhal saxlayıb avtomobildən enib həmin şəxsə qaçaraq yaxınlaşmaqla ətrafdakı şəxslərin köməkliyi ilə ora TTYS-dan həkim çağırmışlar. Həkimlər gəldikdən sonra həmin şəxsi həkimlərlə birlikdə xəstəxanaya aparıb yerləşdirərək, özü hadisə yerinə qayıtmış, polis əməkdaşlarıda hadisə yerinə gəlmiş və müvafiq sənədləşdirmə işləri aparılmaqla, həmin sənədlərlə imza etmişdir. Oradan polis əməkdaşları tərəfindən narkoloji dinspanserə aparıb müayinədən keçirməklə həkim tərəfindən protokol tərtib edilmiş həmin protokolu imzalamışdır. Avtomobili idarə edərkən hər hansı spirtli içki və ya narkotik vasitə və psixatrop maddə qəbul etməmiş və heç vaxt da istifadə etmir. İdarə etdiyi avtomobillə ehtiyyatsızlıqdan vurduğu şəxsin Zərərçəkmiş şəxs olmasını və o aldığı xəsarətlərdən 02 dekabr 2023-cü il tarixdə saat təxminən 5:00-da xəstaxanada ölməsini sonradan bilmişdir. Əməlindən peşmandır. O, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək əməlindən peşman olduğunu, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti və tələbi olmadığını bildirərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, mərhum Zərərçəkmiş şəxs ilə 2006-cı ildə rəsmi nigaha girməklə ailə həyatı qurmuş və həmin vaxtdan da bir evdə yaşamış və birgə nigahlarından övladları olmayıb. 01 dekabr 2023-cü il tarixdə, saat təxminən 18-30 radələrində yaşadığı evin yaxınlığında olarkən qonşularından biri zəng vuraraq həyat yoldaşı Tükəzbanın yolu keçərkən avtomaşınla vurulması və xəstəxanaya aparılması barədə məlumat vermiş, Tükəzbanın vəziyyətinin ağır olduğunu və onun yaşamağa hər hansı bir şansı olmadığını öyrənmiş, lakin səhər 05 radələrində Tükəzban aldığı bədən xəsarətlərindən xəstaxanada ölmüşdür. Bir neçə saatdan sonra Tükəzbanın meyiti tibbi ekspert tərəfindən müayinə olunduqdan sonra onu yaşadığı evin həyətinə apardıqlarını və daha sonra Sumqayıt şəhəri “Təzə qəbiristanlığında” dəfn etmişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Qeyd olunanların nəzərə alınmasını, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Firidun Məmmədov məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmiş, ərizəsində Təqsirləndirilən şəxsla barışdığını, ona dəyiş ziyanın tam şəkildə ödənildiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadğını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin TŞ-də baş təhqiqatçı vəzfəsində çalışır. xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Sumqayıt şəhər Pİ-nin məsul növbətçisi polis mayoru Elnur Cavadov Sumqayıt şəhəri S.Vurğun küçəsində “Simruq” şadlıq sarayının yaxınlığında yol nəqliyyatı hadisəsi baş verdiyini və 1968-ci il təvəlüdii Zərərçəkmiş şəxs ağır bədən xəsarətləri ilə Sumqayıt TTYX-na yerləşdirilməsi barədə məlumat vermişdir. Dərhal hadisə yerinə getmiş və yol nəqliyyatı hadisəsi törətmiş Təqsirləndirilən şəxs “Toyota Prius” marklaı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə yerində olduğunu görmüş, həmin vaxt sürücü özü yaxınlaşaraq qəza törədərək piyadanı vurduğunu və həkimlərin vasitəsi ilə yaxınlığda olan TTYX-na yerləşdirdiyini demişdir. Hadisə yerini sürücü və iki nəfər hal şahidinin iştirakı ilə müayinə edərək protokol tərtib etmiş, hadisə yerinin sxemini çəkmiş və hal şahidləri və hadisəni törədən şəxs tərəfindən sxem və protokol imzalarla təstiqlənmişdir. Sürücünü narkoloji dinspaserdən müayinədən keçirtmiş və onda hər hansı sərxoşluq əlamətləri aşkar edilməmişdir. Sürücünün izahatı alındıqdan sonra evə buraxılmış və xəsarət alan şəxs Zərərçəkmiş şəxs dindirmək üçün TTYX-na getmiş, həkimlər Zərərçəkmiş şəxs koma vəziyyətində olduğunu, vəziyyəti ağır olmaqla dindirilməsi mümkün olmadığını demişlər. xx.xx.2023-cü il tarixdə saat 5:00-da Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərindən Sumqayıt Şəhər TTYX-da ölmüş və toplamış materialı həmin gün aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); 09 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 76-77) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 09 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.86-87); “qətimkan tədbirinin seçilməsi barədə” 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 88-90); “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, Səməd Vurğun küçəsidir. Hadisə baş verən yerdə yol örtüyünün eni 3.6 metrdir, yol 6 hərəkət zolağından ibarətdir və yol örtüyünün eni 22 metrdir. Hadisə baş vermiş yerdə yol örtüyü asfaltbetondur. Bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v.7-14) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli, 6084 saylı aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. (i.v. 15-16) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı, AC 249330 nömrəli sürücülük vəsiqəsinə malikdir, vəsiqəsi xx.xx.2029-cu ilədək qüvvədədir.(i.v.23) DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus AC 249330 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur.(i.v. 60) Yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs əri X4 mərhum arvadı Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınması üçün ərizə ilə müraciət etmiş və zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v.25-27) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/3861 saylı rəyindən görünür ki, “Toyota Prius” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubilkası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Abbasov avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 65 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubilkası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 55-55) Sumqayıt şəhər MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 132 saylı rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi ekspertizasına, labarator müayinənin cavabına, ölüm haqqında qərardakı məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: Başın küt travması. Ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı. Baş beyinə qansızına. Ənsə nahiyyəsinin əzilmiş yarası. Sol baldırın yuxarı 1/3-nin qapalı sınığı. 2. Həmin xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni YNH-si zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə-adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlkəli olan AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. 3. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. (i.v.43-53) Məhkəmə istintaqı zamanı tədqiq edilən hadisə yerini əks etdirən 01 ədəd DVD-i video diskə baxış keçirilmiş, baxış zamanı müəyyən havanın qaranlıq vaxtında Sumqayıt şəhəri S.Vurğun küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Toyuta Prius” markalı avtomobil ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vurduğu və sonuncu asfalt örtüyün üzərinə yıxılması səti formada görünmüşdür. Həmin vaxt ora kənar şəxslər gəlmiş və video görüntü dayanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v. 64); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 66). “sübutların qiymətləndirilməsi haqqında” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, hadisə yerinin sxemi, Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/3861 saylı rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadəsi sübut kimi qiymətləndirilmiş, “Toyota Prius” markalı, **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin maddi sübut kimi tanınaraq, sahibi Təqsirləndirilən şəxs sərəncamında saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır (i.v. 90-94); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasıehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər AR CM-də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə anlayış verilmişdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, cinayətkarcasına özünəgüvənmə nəticəsində ehtiyatsılıqdan qeyd olunan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməklə sonuncunun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına çalışması, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını CM-nin 59.1.1, 59.1.11, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) CM-nin 60.1-ci maddəsinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları-xüsusən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. CM-nin 45.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-onların cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edilir. Ona görə də Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-“Toyota Prius” markalı, **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs sərəncamında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 66 (altmış altı) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Hökmün icrası və məhkumun cəzaçəkmə müəssisəsinə çatdırılması Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut- “Toyota Prius” markalı, **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs sərəncamında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar